Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Rusiya-Ukrayna cəbhəsində nə baş verir?

Rusiya-Ukrayna cəbhəsində nə baş verir?

15.09.2022 [11:05]

Son günlər Rusiya-Ukrayna müharibəsində Ukrayna ordusu böyük üstünlük qazanıb. Belə ki, ordu şərq istiqamətində bir sıra əraziləri geri alıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin  məlumatına görə, rus qoşunları  Xerson ətrafında öz qruplaşmalarını gücləndirməyə çalışırlar.

Bu da “kadırovçular”ın 4-cü batalyonunun dislokasiyası hesabına edilir. “Amma bu bölmələr əhəmiyyətli dərəcədə komplektləşdirilməyib, şəxsi heyətin böyük hissəsi isə Rusiya Federasiyasının ən kasıb bölgələrindədir. Digər tərəfdən, Rusiya Federasiyasında hərbi hissələr bölmələrin Ukraynaya göndərilməsini ləğv edirlər. Buna səbəb  isə şəxsi heyətin döyüş fəaliyyətində iştirakdan kütləvi surətdə imtina etməsidir” - deyə məlumatda bildirilir.

Eyni zamanda, Ukrayna ordusunun son günlər Rusiya hərbçilərindən azad etdiyi yaşayış məntəqələrinin adları açıqlanıb. Buraya Balakleya, Kupyansk,  İzyum şəhərləri də daxildir. Bundan başqa,  Ukrayna döyüşçüləri şəhər tipli Şevçenkove qəsəbəsinin işğaldan azad olunduğunu təsdiqləyiblər. Artıq  Ukrayna Prezidenti Volodimir Zelenski İzyum şəhərinə gedib. Rusiya ordusu Luqansk vilayətinin Kremennaya şəhərini də tərk edib. Bu barədə isə vilayətin hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib. S.Qayday deyib ki, Luqansk vilayətinin işğaldan azad edilməsi Kremennaya və Svatovo şəhərlərindən başlayacaq.

Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xarkov vilayətində uğurlu hücumdan sonra Donetsk və Luqansk vilayətlərində də tədricən irəliləməyə başlayıb. Bölgənin şimal-qərb hissəsində hücum həyata keçirilib, Donetsk vilayətinin Svyataqorsk şəhəri artıq nəzarətə götürülüb. Cənubdakı Xerson şəhəri yaxınlığında gözlənilən irəliləyişlər isə beynəlxalq ictimaiyyətin də diqqətindədir. Ekspertlərin fikrincə, Rusiya təcrübəli əsgərlərinin bir qismini Xersonun müdafiəsinə yönəldib. Ukrayna ordusunun cənub komandanlığının sözçüsü Nataliya Qumenyuk bildirib ki, Ukrayna şərqdə ərazi əldə etməklə yanaşı, cənubda da eyni şəkildə uğur qazanıb.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar isə qeyd edib ki, Ukrayna hərbçiləri ölkənin cənubunda və şərqində 6 min kvadrat kilometr ərazini azad edib. Bu isə o deməkdir ki, Ukrayna hərbçiləri Xarkov vilayətinin bütün ərazisini, eləcə də Donetsk vilayətinin bir neçə yaşayış məntəqəsini geri alıb. Bundan əlavə, son günlər Ukrayna Xerson vilayətinin bir sıra yaşayış məntəqələrinə nəzarəti bərpa edib. Hərbi ekspertlər Xarkovun tam azad edilməsi faktını müharibənin gedişində ukraynalıların xeyrinə dönüş nöqtəsi kimi dəyərləndirirlər.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) də Ukrayna ordusunun son günlər uğurlu əməliyyatlar keçirdiyini təsdiqləyib: “Rusiya qoşunlarının uğursuzluqları davam edir. Bu onların nizamsız hərəkətinin göstəricisidir”. ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu isə hesab edir ki, Ukrayna rəhbərliyi cənubdakı zərbələri müzakirə edərək Xarkov bölgəsində gerçəkləşdirdiyi hərbi taktikası ilə rusları çaşdırdı: “Ukrayna müharibənin gedişatını öz xeyrinə çevirdi. Kiyev böyük hərbi əməliyyatın yerini və xarakterini getdikcə daha çox diktə edəcək və Rusiya Ukraynanın artan fiziki və psixoloji təzyiqinə qeyri-adekvat cavab verəcək”.

 Rusiya Müdafiə Nazirliyi də qoşunların Xarkov bölgəsindən tamamilə geri çəkildiyini etiraf edib. Amma nazirlik bu addımı “yenidən qruplaşma” kimi xarakterizə edib. Bütün bunların fonunda Rusiya ordusu Xarkov şəhərinə və digər ərazilərə raket hücumunu intensivləşdirib. Bunun nəticəsində bir sıra yaşayış məntəqələrinin elektrik enerjisi və su təminatında ciddi problemlər yaranıb. Bundan başqa, Ukraynanın “Enerqoatom” Dövlət Nüvə Enerjisi Şirkəti Zaporojye Atom Elektrik Stansiyasında işləyən sonuncu reaktorun fəaliyyətini dayandırdığını bildirib. Qurumdan verilən açıqlamada bölgədəki qarşıdurmalar səbəbindən Zaporojya AES-in Ukrayna şəbəkəsi ilə bütün əlaqələrinin zədələndiyi vurğulanıb. Sentyabrın 11-i səhər saatlarında stansiyada elektrik enerjisinin bərpa olunduğu və stansiyada işləyən yeganə reaktorun fəaliyyətinin dayandırılması və soyutma sisteminə keçirilməsinin qərara alındığı bildirilib. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bazar günü stansiyada sonuncu reaktorun dayandığını təsdiqləyib.

Onu da qeyd edək ki, indiki halda tərəflər arasında diplomatik danışıqların bərpa olunması da real görünmür. Ukrayna Prezidenti Zelenski Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ölkəsinin Ukrayna ilə sülh danışıqlarından imtina etmədiyi barədə fikrinə cavab olaraq deyib ki, hazırkı şərtlərlə Rusiya ilə danışıqların aparılması mümkün deyil. “Rusiya Ukrayna ilə ultimatum dili ilə danışmağa çalışıb. Mən onların konstruktiv olmaq istəyini görmürəm. Bu mənim prinsipimdir, ultimatum verənlərlə danışmıram. Ukrayna tərəfi sona qədər mübarizə aparacaq və Rusiya ilə Ukrayna arasında saziş yalnız rus qoşunlarının Ukrayna ərazilərindən çıxarılmasından sonra bağlana bilər”, - deyə dövlət başçısı bəyan edib.

Beləliklə, indiki halda Rusiya-Ukrayna müharibəsində üstünlük Ukrayna ordusundadır. Son günlər rəsmi Kiyevin cəbhədə uğurlar qazanmasında Qərbdən verilən silahlar əsas rol oynayır. Proseslər isə göstərir ki, bu müharibənin sonu hələ görünmür.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 146 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sabah yağış yağacaq

06 Oktyabr 12:40

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

06 Oktyabr 10:19

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31