Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / 9-cu növbədənkənar parlament seçkiləri...

9-cu növbədənkənar parlament seçkiləri...

27.09.2022 [10:23]

Hakimiyyətdə hansı siyasi qüvvələrin təmsil olunmasına baxmayaraq, İtaliyanın ölkəmizlə münasibətləri yüksək səviyyədə qalacaq

N.BAYRAMLI

İtaliyada növbədənkənar parlament seçkilərinin nəticələri məlum olub. Sentyabrın 25-də keçirilən seçkilərdə italyanlar 19-cu qanunverici orqanda parlament üzvlərini seçmək üçün səsvermə hüququndan istifadə ediblər. Bu ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, 59 milyon nəfər əhalisi olan İtaliyada 50 milyon 869 min 304 nəfər seçkidə səsvermə hüququna malikdir. Onlardan 4 milyon 741 min 790 nəfəri xaricdə yaşadığı üçün səslərini olduqları ölkələrdəki nümayəndəliklər və poçt vasitəsilə veriblər. Ölkə üzrə isə 46 milyon 127 min 514 nəfər səsvermə hüququna malikdir. Onların 51,74 faizini qadınlar, 48,26 faizini isə kişilər təşkil edir. Konstitusiyada edilən dəyişikliyə əsasən, yaşı 18-dən yuxarı olan 2 milyon 682 min 94 nəfər təkcə parlamentin aşağı palatası olan Nümayəndələr Palatasının üzvlərinə deyil, həm də yuxarı palata - Senatın üzvlərinə səs verə bilib. Bu seçkilərin daha bir xüsusiyyəti ondan ibarətdir ki, 2020-ci ildə İtaliyada keçirilən konstitusiya dəyişikliyi referendumu ilə Senat və Nümayəndələr Palatasında yerlərin sayı azaldılıb. Belə ki, 315 yerlik Senat üçün builki seçkidə yerlər 200-ə, Nümayəndələr Palatasındakı yerlərin sayı isə 630-dan 400-ə endirilib.

Xatırladaq  ki, bu, İtaliya tarixində keçirilən  9-cu növbədənkənar seçkilərdir. Ölkədə son 10 ildə vəzifədə olan altı Baş nazir seçkilərdə qələbə qazanaraq deyil, prezident tərəfindən təyin edilib. Baş nazir Mario Draqi iyulun 21-də istefa ərizəsini İtaliya Prezidenti Sercio Mattarellaya təqdim etmişdi. Sercio Mattarella isə 2023-cü ilin ilk aylarında planlaşdırılan seçkilərin cari il sentyabrın 25-də keçirilməsinə qərar vermişdi. Mario Draqinin başçılıq etdiyi geniş iştiraklı koalisiya hökuməti COVID-19 epidemiyasının yaratdığı sağlamlıq və iqtisadi böhran şəraitində milli birlik hökuməti olaraq 2021-ci il fevralın 13-də qurulmuşdu. Bu hökuməti İtaliya parlamentində təmsil olunan 10 siyasi partiya dəstəkləmişdi.

Qeyd edək ki, sentyabrın 25-də İtaliyada keçirilən növbədənkənar ümumi seçkilərdə Giorgia Meloninin rəhbərlik etdiyi ifrat sağçı “İtaliya Qardaşları” Partiyası birinci olub, “İtaliya Qardaşları”, “Liqa”, “İrəli İtaliya” və bəzi kiçik partiyalardan ibarət sağ mərkəzçi koalisiya qalib gəlib. Sağçı koalisiya parlamentin aşağı və yuxarı palatalarında hökumət qurmaq üçün çoxluğu əldə edib. 50,8 milyondan çox italiyalının səsvermə hüququna malik olduğu seçkilərdə seçici fəallığı 63,9 faiz təşkil edib. Bu, İtaliya tarixində keçirilən ümumi seçkilərdə seçici fəallığında ən aşağı göstərici kimi qeydə alınıb.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, Giorgia Meloninin rəhbərlik etdiyi ifrat sağçı “İtaliya Qardaşları” Partiyası 26 faiz səslə seçkidə qalib gəlib. Enriko Lettanın rəhbərlik etdiyi mərkəz sol alyans - “Demokrat Partiya” səslərin 19,5 faizini, Cüzeppe Kontenin lideri olduğu “Beş Ulduz Hərəkatı” 15 faizini, Matteo Salvininin rəhbərlik etdiyi “Liqa” Partiyası 9 faizini, İtaliyanın sabiq Baş naziri Silvio Berluskoninin rəhbəri olduğu “İrəli İtaliya” Partiyası 8 faizini toplayıb.

Beləliklə, Giorgia Meloninin rəhbərlik etdiyi ifrat sağçı “İtaliya Qardaşları” Partiyası, Matteo Salvininin rəhbəri olduğu “Liqa” Partiyası, Silvio Berluskoninin rəhbərlik etdiyi “İrəli İtaliya” Partiyası və bəzi kiçik partiyalardan ibarət sağ mərkəzçi koalisiya səslərin 44 faizdən çoxunu toplayıb. Koalisiya daxili razılaşmaya əsasən, ən çox səs toplayan partiya Baş nazirin namizədliyini irəli sürür. Bildirilir ki, sağ koalisiyanın yer sayı Senatda 114-126, Nümayəndələr Palatasında isə 232-252 arasında olacaq.

45 yaşlı Meloni ölkədə ilk qadın Baş nazir olmaqla yanaşı, 2008-ci ildən bəri seçki ilə vəzifəyə gələn ilk Baş nazir olacaq. Həmçinin sağçılar 2008-ci ildən bəri ilk dəfə ittifaqla hakimiyyətə gəlirlər. Qeyd edək ki, İtaliyada İkinci Dünya müharibəsindən bəri ilk dəfə seçkilərdə ifrat sağçı partiya birinci olub.

Seçkilərin nəticələrinin Azərbaycan-İtaliya münasibətlərinə təsirini  şərh edən politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirib ki, İtaliya Azərbaycanın Avropadakı etibarlı dostlarından biridir. Onun sözlərinə görə, milli, dini və mədəniyyət müxtəlifliyi baxımından bizim Avropada dostlarımız çox deyil: “Buna əsas səbəb erməni lobbisinin Avropadakı fəaliyyətidir. Amma  İtaliya Azərbaycanın Avropada ən əsas tərəfdaşlarından biridir. İtaliya Avropada ölkəmizin birinci ticarət tərəfdaşıdır. Bundan əlavə, ölkəmizin enerji siyasətində də İtaliya vacib yer tutur. Azərbaycan qazının Avropaya ixracında İtaliyanın rolunu görürük. Eyni zamanda, Mərkəzi Asiyanın təbii resurslarının Azərbaycandan keçməklə Avropaya daşınmasında da İtaliya vacib tərəfdaşlarımız sırasındadır. Yəni  xarici siyasətimizdə belə genişmiqyaslı strateji tərəfdaşlar çox deyil. Bu fikir İtaliya üçün də keçərlidir. Münasibətlərimizin səviyyəsi və bunu zəruri edən amillər onu deməyə əsas verir ki, İtaliyada hakimiyyətdə hansı siyasi qüvvələrin təmsil olunmasına baxmayaraq, ölkəmizlə münasibətlər həmişə yüksək səviyyədə olacaq”.

Politoloq qeyd edib ki, ötən illər ərzində iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edib. Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələr və təşkil olunan tədbirlər mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə verib. Eləcə də, Heydər Əliyev Fondunun Vatikanda dini və mədəniyyət nümunələrinin qorunmasında rolu rəsmi Roma tərəfindən həmişə yüksək qiymətləndirilir. İki ölkənin dini və mədəni müxtəlifliyinin olmasına baxmayaraq, bu fakt müsəlman dünyasının modern nümunəsi kimi Azərbaycana olan etibarın ifadəsidir. Eyni zamanda, İtaliya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında fəal iştirak edir. Azərbaycan bəyan etmişdi ki, bu işlərə dost ölkələr dəvət olunacaq. İtaliya da məhz belə dostlarımızdandır.

Parlament seçkilərində ifrat sağçı partiyanın birincilik qazanmasına gəlincə, Y.Hacıyeva deyib ki, milli təmayüllü qrupların  seçkilərdə uğur qazanmasının əsasları var. Bu əsaslar ondan ibarətdir ki,  liberallardan fərq­li olaraq milli mühafizəkar qruplar milli  dəyərlərin qorunmasına önəm verirlər. Dəyişən, qloballaşan dünyada milli kimliyi qorumaq çox vacibdir. Seçkilərdə milliyyətçi qrupların uğurlarının əsasında da bu amil dayanır.

Paylaş:
Baxılıb: 242 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30