Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Fransa Korsika əhalisinə qarşı...

Fransa Korsika əhalisinə qarşı...

21.12.2022 [10:56]

Yaranmış vəziyyət problemin BMT Təhlükəsizlik Şurasına çıxarılmasını zəruri edir

Nardar BAYRAMLI

Fransa hakimiyyətinin insan haqlarını kobud surətdə pozması beynəlxalq birliyin diqqət mərkəzində olmalıdır. Xüsusilə, Korsika əhalisinə təzyiq və güc tətbiq edilməsi ciddi narahatlıq doğurur. Bu məsələ dünən Milli Məclisin iclasında millət vəkilləri tərəfindən də  gündəmə gətirilib. Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycana dərs keçmək istəyən Fransa insan haqlarını kobud surətdə pozur: “Fransa bu gün Korsikada insanlığa qarşı siyasət aparır. Orada insanlar öz dillərində danışmaq istəyirlər. Buna cavab olaraq Fransa silah gücünə o insanları öldürür, polis vasitəsilə ağlasığmaz işgəncələr verir. Onlar öz siyasi opponentlərini həbsxanalarda öldürtdürürlər”. Fransanın Azərbaycanda erməni separatçılarını dəstəkləməsinə etiraz edən komitə sədri bu ölkəni Korsikada insan haqlarını qorumağa çağırıb. “Bu məsələni BMT-də də qaldırmaq lazımdır. Çünki Fransa BMT Təhlükəsizlik Şurasında daimi üzvdür. Artıq Azərbaycan fərqli Azərbaycandır. Biz görürdük ki, ikili standartlarla, subyektiv yanaşmalarla Azərbaycana qarşı hansı iddialar irəli sürülürdü. Bu gün isə öz ərazi bütövlüyünü bərpa etmiş, güclü, dünyaya lazım olan Azərbaycan var. Fransa bilməlidir ki, bu qeyri-qanuni addımlara öz səsimizi qaldıracağıq”-deyə S.Seyidov vurğulayıb.

Ümumiyyətlə, Korsika probleminin kökü nədən ibarətdir? Hazırda baş verənlər nə üçün yaşanır? Napoleon Bonapartın doğulduğu, dilinə və mədəniyyətinə görə Fransanın digər bölgələrindən fərqlənən, coğrafi baxımdan İtaliyaya daha yaxın olan Korsika adası bu günə qədər qaynar ictimai-siyasi proseslərə ev sahibliyi edib, mərkəzi hakimiyyətin siyasi hədəfinə çevrilib. Bu gün Fransanın 18 bölgəsindən biri sayılan, 350 min əhalisi olan ada məhdud muxtariyyəti təmin edən xüsusi regional status ilə idarə olunur. Tarixi aspektlərə gəlincə, hələ eradan əvvəl III-II əsrlərdə Roma imperiyası tərəfindən işğal edilən, VI-VIII yüzillikdə Bizansın tərkibində olan, 1347-ci ildə Genuyanın hökmranlığının bərqərar olduğu Korsikada 1729-cu ildən etibarən azadlıq hərəkatı - etirazlar, üsyanlar müşahidə olunmağa başlayıb. Məqsəd xarici qüvvələrdən xilas olaraq müstəqillik qazanmaq idi. Amma 1764-cü ildə qəbul edilmiş Kompyen konvensiyası və ondan 4 il sonra imzalanmış Versal müqaviləsinə əsasən, Korsika Fransanın tabeliyinə keçib, 1796 ildə isə tam olaraq ölkəyə birləşdirilib.

Lakin korsikalılar daim müstəqillik və ya muxtariyyət hüququnun genişləndirilməsi tələbi ilə çıxış ediblər. Bu istiqamətdə 1970-ci ildən başlayaraq fəallaşıblar, siyasi və silahlı mübarizəni davam etdiriblər. Bu prosesdə Korsikanın Milli Azadlığı Cəbhəsinin (Front de Liberation Nationale Corse) fəallığı diqqəti cəlb edir. Təşkilatın yanaşması və ya fəaliyyət fəlsəfəsi isə bu cür ifadə olunub: “Korsikalılar fransız deyillər, çünki onlar fərqli dilə, mədəniyyətə və ənənələrə sahibdirlər. Fransa dövləti Korsikanı koloniya kimi idarə etmək istəyir”. 

Bəs korsikalıların tələbləri nədir? Fransada 2017-ci ilin dekabrında keçirilən regional seçkilərdə millətçilər qələbə qazandılar. Bundan sonra Korsika məsələsi ilə əlaqədar danışıqların yenidən aktiv fazaya keçməsi müşahidə edildi. Millətçi kəsim ilk növbədə Fransa hakimiyyətinin qarşısına konkret bir tələb qoydu: Korsika dilinə Fransız dili ilə eyni statusun verilməsi çağırışına görə siyasi məhbusa çevrilmiş fəalların azadlığa buraxılması. İqtidarın cavabı isə konkret oldu: “Yox!”. Korsikalıların mübarizəsinin ön sıralarında olan İvan Kolonnanın öldürülməsinə görə iki həftə davam edən kütləvi iğtişaşlarda təxminən 70 nəfərin xəsarət alması, polisin etirazçılara qarşı güc tətbiq etməsi isə korsikalıların daha kəskin mövqe tutmasına zəmin yaratdı. İndi tələblər daha sərt ifadə olunur, üslub və ritorika dəyişikliyi müşahidə edilir. Fransanın ən yoxsul bölgəsi olan Korsikanın əhalisi müstəqillik verilməsi və ya muxtariyyətin genişləndirilməsi, siyasi məhbuslara amnistiya verilməsini tələb edir. Tələblər sırasına Fransa konstitusiyasında Korsika üçün xüsusi yer ayrılması, “Korsika dili”nin Fransa konstitusiyasında rəsmi dil kimi təsbit olunması, Korsikada yalnız ada sakinlərinin mülk sahibi olmasına icazə verilməsi də daxildir.

Paradoksal hal odur ki, korsikalıları ölkəni parçalamaqda ittiham edən Fransa hakimiyyəti dünyanın bir sıra bölgələrində separatizmə dəstək verir. 2020-ci ilin noyabrın 25-də Fransa Senatı tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnamə qəbul olunub. Bu yaxınlarda Fransa Senatı və Milli Assambleyası da Qarabağdakı erməni separatçılarına dəstək xarakterli sənədlər qəbul edib. Fransada son prezident seçkilərində namizəd olmuş “Respublikaçılar” partiyasının nümayəndəsi Valeri Pekresin Qarabağa qanunsuz səfəri də bunu təsdiqləyir. Hələ bu azmış kimi bu yaxınlarda Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan Fransaya səfər etdi və Parisdə çox “isti” qarşılandı. Bütün bunlar Fransanın separatizm amilindən öz siyasi məqsədləri üçün istifadə etdiyini təsdiqləyir. 

Son günlər isə Fransanın Korsikadakı əməlləri bu ölkənin  əvvəlki illərdə törətdiyi bəşəri cinayətləri təkrarlamaqda davam etdiyini göstərir. Hazırda Fransa hüquq-mühafizə orqanları tərəfindən antiterror əməliyyatları adı altında repressiv tədbirlər həyata keçirilir. Azad Korsika Partiyasının onlarla üzvü isə terrorçu ittihamı ilə həbs olunub. Bütün bunların fonunda bir sıra ekspertlər hesab edirlər ki, Fransa hökumətinin Korsikadakı repressiya siyasətinə son qoyulmalı, məsələ beynəlxalq birliyin diqqət mərkəzində olmalıdır. O cümlədən, Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Korsikaya müvafiq faktaraşdırıcı missiya göndərməli və oradakı vəziyyəti dəqiq öyrənərək yekun hesabat hazırlamalıdır. Eyni zamanda, Korsikada yaranmış vəziyyət məsələnin  BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınmasını da zəruri edir. Doğrudur, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququndan istifadə edərək bunu əngəlləməyə çalışa bilər. Lakin bu ölkənin həmin statusundan monopoliya kimi istifadəsinə də son qoyulmalıdır.

Paylaş:
Baxılıb: 104 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28