Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Ukrayna müasir müdafiə kompleksləri əldə edə biləcəkmi?

Ukrayna müasir müdafiə kompleksləri əldə edə biləcəkmi?

22.12.2022 [10:44]

İsrailin tərəddüdü, ABŞ-ın təzyiqləri, Avropanın “dekorativ” ordusu

Murad KÖHNƏQALA

Bir müddət bundan öncə Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk ölkəsinin şəhərləri və hərbi obyektlərini raket hücumlarından qorumaq məqsədilə “Dəmir günbəz” müdafiə kompleksini almaq istədikləri haqda açıqlama vermişdi. Səfir: “İsrailin hərbi-texniki dəstəyinə ehtiyacımız var. Bizə “Dəmir günbəz” lazımdır. Bu bizə dinc vətəndaşlarımızı Rusiyanın raket hücumlarından xilas etməyə imkan verəcək”, - söyləmişdi.

Həmin açıqlamadan az sonra Ukraynanın müdafiə naziri Aleksey Reznikov bunları demişdi: ““Dəmir günbəz”i Ukraynanın indiki vəziyyəti üçün uyğun bilmirik, çünki o, qanadlı və ballistik raketlərdən qorumaq iqtidarında deyil”.

Bu yaxınlarda isə İsrail Müdafiə Qüvvələrinin rəhbərliyi bəyan etdi ki, “Dəmir günbəz” özünümüdafiə sisteminin yaxın zamanlarda Ukraynaya verilməsi gözlənilmir. Səbəb kimi də günbəzin hətta fövqəladə vəziyyətdə belə özünü qorumaq üçün kifayət qədər batareyasının olmadığı göstərildi.

Bu bəyanatın ardından Vaşinqtondan gələn alternativ təklif gecikmədi. Amerikalıların fikrincə, İsrail Ukraynanı daha təkmil, daha güclü hücum-müdafiə sistemləri olan “Barak” və “Spider” zenit-raket kompleksləri ilə təmin edə bilər.

“Barak” və “Spider” gəlir!

Gəmi əsaslı hava hücumundan müdafiə sistemi olan “Barak” hazırda İsrail donanması tərəfindən Aralıq dənizindəki qaz yataqlarını qorumaq üçün istifadə olunur. Keçən ilin iyul ayında “Barak” “Hizbullah”ın buraxdığı pilotsuz təyyarələri uğurla vurmuşdu. İki ay bundan əvvəl isə İranın dəstəklədiyi Yəmən husi üsyançılarının pilotsuz təyyarələrinin hücumuna məruz qalmış Birləşmiş Ərəb Əmirliklərinin İsrail hökuməti  tərəfindən “Barak” və “Spider” zenit-raket kompleksləri ilə təmin edildiyi barədə Qərb mətbuatı məlumat yaymışdı.

Ötən ay Parisdə açılan “Eurosatory” müdafiə sərgisində İsrail “Dəmir günbəz”in daha təkmil variantını nümayiş etdirmişdi. İsrailin yenilənmiş arsenalında “Spayder” hava hücumundan müdafiə sistemi və “Dəmir günbəz”in daha mobil versiyası olan “I-Dome” sistemləri də var. İsrail Ukraynadakı müharibəyə açıq işarə edərək “Dəmir günbəz”in daha asan yerləşdirilən və daşınan bu cür müasir variantına ehtiyac olacağını bəyan edib.

Ordunun texnoloji müharibəyə hazırlığı

ABŞ mətbuatının ötən həftə yazdığı kimi, Bayden administrasiyası Ukraynanı “Patriot” zenit-raket kompleksləri ilə təchiz etmək qərarını müzakirəyə çıxarıb və bu plan yaxın zamanlarda baş tutmaq üzrədir. Lakin israilli mütəxəssislər həmin komplekslərin 1991-ci ildə Körfəz Müharibəsində Amerikanın İsrail ordusuna dəstək kimi göndərdiyini xatırladaraq bu istehsalların praktiki faydasının az olması haqda mülahizələr yürüdüblər. O vaxtdan bəri xeyli təkmilləşdirilməsinə baxmayaraq, mütəxəssislər “Patriot”ların ən müasir silahların at oynatdığı Rusiya-Ukrayna müharibəsində o qədər də fayda verməyəcəyini düşünürlər. Onların fikrincə, hava hücumundan müdafiə sistemləri etibarlı və son dərəcə müasir olmalıdır. Bu cür silahların yüksək effektivliyindən əlavə, ordudakı döyüş ekipajları, silah mütəxəssisləri öz bilgilərini mütəmadi olaraq təkmilləşdirməli, son dərəcə hazırlıqlı olmalıdırlar. Öyrənməyi tələb edən bu cür hazırlıqlar isə çox vaxt aparır. Yəni, qarşıda Rusiya və Ukraynanın timsalında ən müasir texnologiyaların müharibəsi  gözlənir. İndiki dövr amerikalıların 1980-ci illərdə sovet təyyarələri ilə döyüşmək üçün əfqan mücahidlərinə verdiyi “Stinqer” raketlərinin dövrü deyil.

Mütəxəssislərin və siyasi şərhçilərin fikrincə, bu müharibə tezliklə bitməyəcək, ona görə Ukrayna hərbçilərinin təlim keçməyə, oxuyub öyrənməyə kifayət qədər vaxtı var. Müharibə bölgələrindən xəbər gəlir ki, Ukrayna ordusu artıq yeni silah növlərinin mənimsəməsində hiss olunacaq dərəcədə peşəkarlıq nümayiş etdirir.

Son dönəmlər İsrail hökuməti Ukraynaya silah verməkdən imtina etdiyinə görə Amerika və Ukraynanın təzyiqlərinə müqavimət göstərməli olub. İsrail hökuməti indiyədək Kiyevə yalnız müdafiə təyinatlı və mülki texnika göndərməyə üstünlük vermiş, Ukraynaya rusları məhv etmək üçün kütləvi qırğın silahlarının verilməyəcəyini bildirmişdi. Lakin amerikalılar İsrailin bu iddialarına cavab olaraq deyirlər ki, “Barak” və “Spider” raketdən müdafiə sistemləri insan qırğını üçün yox, dronlarla mübarizə aparmaq və müvafiq olaraq insanların həyatını xilas etmək üçün istifadə olunacaq.

Ukrayna silahlı qüvvələri Rusiya ordusunun istifadə elədiyi İran pilotsuz təyyarələrinin 50%-ni vurduğunu iddia edir. Kiyev rəsmilərinin fikrincə, İsrail indiyədək ukraynalılarla razılığa gəlsəydi, bu rəqəmi yüz faizə qədər yüksəldə bilərdilər.

Avropa Birliyinə xəbərdarlıq: gözlənilən rus təhlükəsi

ABŞ-ın fikrincə, Rusiyadan gələn təhlükəni önləmək marağında olan Avropa ölkələri də İsrailin Ukraynaya müasir silah dəstəyi göstərməsi üçün hərəkətə keçməli, Təl-Əvivi müvafiq qərar qəbul etməyə razı salmalıdırlar. Eyni zamanda Qərb dövlətləri də hava hücumundan müdafiə sistemlərinin istehsalı və tədarükü üçün öz ölkələrinin imkanlarını İsrailə açıq saxlamalıdırlar.

Avropanın Rusiya-Ukrayna müharibəsinə passiv münasibət bəslədiyini düşünən Vaşinqton son aylarda “Hetz-3” zenit-raket sistemlərinin Almaniyaya satışını xeyli əngəllədi. Qeyd edək ki, həmin sistemlərin yaradılmasında amerikalılar almanlara kömək göstərdiyi üçün ABŞ bununla bağlı sövdələşmələrə veto qoymaq hüququna malikdir. Yeri gəlmişkən, açıq etiraf etməsə də, ABŞ bu cür hüquqlardan Amerika şirkətlərinin kommersiya maraqlarını qorumaq üçün öz müttəfiqlərinə qarşı təzyiq rıçağı kimi tez-tez yararlanır.

İndiki məqamda Qərbin müdafiə sənayesini təhdid edən genişmiqyaslı böhran artıq arxa plana keçir. Son vaxtlar Yaxın və Orta Şərqdə alovlanan müharibələr yüksək texnologiya ölkələri üçün yeni növ silahların istehsalını aktuallaşdırır. ABŞ ekspertlərinin fikrincə, SSRİ və Şərq blokunun dağılması ilə əlaqədar dünyada dini ekstremizm təhlükəsi artmağa başlayandan əksər Avropa ölkələri adi silahların (tank və artilleriyadan tutmuş hava hücumundan müdafiə sistemlərinə qədər) alınmasına sanballı xərc qoymaq haqda düşünməyiblər. Onlar bu müddətdə bütün diqqəti yalnız ölkə daxilində baş verə biləcək terrorizmə qarşı mübarizəyə yönəldiblər.

Ancaq hazırda Ukraynada gedən müharibələri müşahidə edən Avropa ölkələri öz hərbi xərclərini artırmaq niyyətini danmaqdan uzaqdır. Ukraynanı müasir silahla təchiz etmək arzusunda olan ABŞ və Avropa paralel olaraq öz müdafiə istehsalını da genişləndirmək istəyirlər. Bu, təkcə Rusiyanın aqressiv hərəkətləri ilə yox, həm də ABŞ və Çin arasında artan gərginlik fonunda müdafiə tədbirlərinin qaçılmazlığı ilə bağlıdır. 

“Nyu-York Tayms”ın ötən həftə yazdığına görə, NATO üzvü olan bəzi Avropa ölkələri də effektiv müdafiə qabiliyyəti olmayan, dekorativ xarakter daşıyan “miniatür ordularını” gücləndirmək istəyirlər. Məlumdur ki, Ukrayna müharibəsinin bir gününə sərf olunan sursatın dəyəri keçmiş Əfqanıstan müharibəsinin bir ayı üçün çəkilən texniki xərclərə bərabərdir. Bu, ixrac həcmi ildən-ilə artan İsrail müdafiə sənayesi üçün yeni imkanlar yaradır.

“Kirpi oxu”

Keçən həftə İsrail Müdafiə Nazirliyi “Elbit” konserni tərəfindən istehsal olunan “Kirpi oxu” adlı aktiv tank mühafizə sistemi sınaqlarının uğurla başa çatması barədə hesabat dərc edib. Həmin mühafizə sistemi İsrailin müdafiə xidmətinə məxsus tankları, zirehli transportyorları və D-9 “Caterpillar” buldozerlərini tank əleyhinə raketlərdən qorumaq üçün nəzərdə tutulub.

İsrail Müdafiə Nazirliyinin rəhbərliyi zirehli texnika üçün əlavə mühafizə sistemini təmin etməli olan bu layihənin həyata keçirilməsi perspektivlərinə çox inamlı yanaşır. Əlavə olaraq, “Rafael” konserni tərəfindən “Küləyə qarşı” zirehinin aktiv müdafiə sistemləri də istehsal olunur.

Bu layihələrin həyata keçirilməsinə illər əvvəl çox ciddi problemlər yaradılmış, istehsal prosesi dondurulmuşdu. Lakin təxminən on iki il bundan əvvəl “Haaretz” nəşri İsrail Müdafiə Nazirliyinin “Kirpi oxu” sisteminin inkişafını dondurmaq qərarını tənqid edən bir araşdırma dərc elədi. O vaxtlar bu işlə Hərbi Sənaye Konserni məşğul olurdu. Həmin məqalənin dərcindən sonra sistem, demək olar, tamamilə “Elbit” konserni tərəfindən alındı və onun bir hissəsinə çevrildi. Hazırda “Kirpi oxu” sistemi mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilsə də, Müdafiə Nazirliyi sonralar “Küləyə qarşı” kompleksinin istehsalına daha çox diqqət yetirdi.

Aktiv tank mühafizəsinin satış həcmi, o cümlədən ixrac xərcləri yüz milyonlarla dollar təşkil edir. “Kirpi oxu” müdafiə kompleksinin isə daha çox “Pələng” zirehli personal daşıyıcılarında quraşdırılmasına qərar verilib.

Məğlubiyyətin verdiyi uğurlu dərs 

Xatırladaq ki, 2014-cü ildə keçirilmiş əməliyyat zamanı Qəzza şəhərinin şərq məhəlləsində baş verən uğursuz döyüş İsrailin hərb texnologiyasında və döyüş sferasında vəziyyəti dəyişdi. Həmin döyüşlər zamanı İsrailin M-113 zirehli transportyoru HƏMAS silahlıları tərəfindən vurulmuşdu. Nəticədə Colan briqadasının altı əsgəri həlak olmuş, bir əsgər isə itkin düşmüşdü. Bundan sonra İsrail hərbi rəhbərliyi yüngül zirehli texnikanın qorunmasının zəruriliyi qənaətinə gəldi, ardınca yüngül döyüş texnikası və hərbi personalın müdafiəsini təmin edən komplekslərin istehsalına başlandı.

Hazırda Avropa ölkələrinin öz ordularının döyüş potensialını artırmaq arzusunda olduğunu nəzərə alsaq, İsrailin bu sahədə nailiyyətlərini dünya bazarına asanlıqla çıxaracağını iddia edə bilərik.

Paylaş:
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28