Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / İranı nələr gözləyir?

İranı nələr gözləyir?

23.12.2022 [10:44]

İranda yaşayan azərbaycanlılar XX əsrdə dörd dəfə azadlıq mübarizəsi aparıblar

Azadlıq hərəkatları, azadlıq tələbləri...

İrandakı daxili vəziyyət günü-gündən kəskin hal alır. Sentyabrın 16-da Məhsa Əmininin öldürülməsi ilə start götürən etiraz aksiyaları daha geniş formada davam etməkdədir. Belə ki, İranın Buşehr, Qum, Həştgerd, Həmədan, Rəşt, İlam, Tehran, Məşhəd  və bir sıra şəhərlərində etiraz aksiyaları daha da alovlanıb. Etirazlarda “İnflyasiya və bahalıq xalqın canını alıb”, “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”, “Xameneyi qatildir, rəhbərliyi batildir” və digər şüarlar səsləndirilib. İranda fəallar dekabrın 19, 20 və 21-də xalqı üç günlük etiraz aksiyalarına qatılmağa çağırıb. Bu səbəbdən gecə saatlarında yüzlərlə insan İranın küçələrinə çıxıb. Hökumət mitinqlərdən görüntülərin yayılmasının qarşısını almaq üçün interneti kəsib.

Molla rejimi həmçinin haqsızlığa qarşı etiraz edənlərə sərt davranışları ilə diqqət çəkir. “Human Rights Activists News Agency”nin məlumatında bildirilir ki, etirazlarda öldürülənlərin sayı 506 nəfərdir. Onlardan 69-u uşaqdır, 66-sı hökumət qüvvəsidir. İndiyədək 18.457 nəfər həbs edilib ki, bunlardan da 4003-nün şəxsiyyəti və saxlanma yeri müəyyənləşdirilib. Məlumatda qeyd edilib ki, həbs olunanaların 652-si tələbədir. Bu günədək 1194 aksiya keçirilib. 161 Şəhər və 144 universitet aksiyalarda iştirak edib.

Paytaxt Tehranda da etiraz aksiyaları səngimir. Məsələn, Tehran metrosunun İnqilab stansiyasının önündə “Diktatora ölüm” və “Siyasi məhbuslar azad edilməlidir” şüarları səsləndirən etirazçılar hökumətə qarşı aksiya keçirib. Neft şəhərciyində əhali etiraz məqsədilə küçələrdə tonqallar yandıraraq barrikadalar qurub.

Kərəcdə isə İranda hökumət əleyhinə ümumxalq etirazlarının davam etdirilməsi çağırışlarına müsbət cavab verən vətəndaşlar Qolşəhr məhəlləsində küçələrə axışaraq “Diktatora ölüm olsun”, “İnflyasiya və bahalıq xalqın canını alıb”- deyə şüarlar səsləndiriblər. Rəşt şəhərində də molla rejiminə qarşı etiraz aksiyası keçirilib. Qum şəhərində Qasım Süleymaninin şəkli yandırılıb. Həmədanda xalqa divan tutan yarımhərbi və radikal “Bəsic” qüvvələrinin bazası yandırılıb. Buşehr şəhərində isə etirazçı gənclər elmi-dini hövzənin binasına Molotov kokteylləri ilə od vurublar.

Etirazların genişlənməsinə baxmayaraq, molla rejimi insan haqlarını tapdalayan qərarlarından da geri çəkilmir. İran rejimi etnik bəluc uşaqlar - 15 yaşlı Məhəmməd Rəxşani və 16 yaşlı Əli Rəxşani barəsində ölüm hökmü çıxarıb.

İranda yaşayan bütün xalqların hüquq və azadlıqları ilə bağlı ciddi problemləri mövcuddur

Göründüyü kimi, İranın molla rejimi etirazçıların səsini dinləməkdənsə repressiv addımlar atmağa üstünlük verir. Bu isə daxili etirazlarla yanaşı, beynəlxalq aləmin də təzyiqlərinin artmasına yol açır. Bu gün dünyanın aparıcı beynəlxalq təsisatları İranda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı həyəcan siqnalı səsləndirir. Məsələ ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, İranda yalnız azərbaycanlılarla bağlı deyil, digər xalqların da hüquq və azadlıqları ilə bağlı ciddi problemlər mövcuddur. Ekspertin sözlərinə görə, ölkədə 90-dan artıq dil və ləhcədə danışan 70 milyondan çox əhali yaşayır: “Problemli məqam ondan ibarətdir ki, İran cəmiyyətinin çoxmillətli quruluşu və bu etnik qrupların qanuni hüquqları çox vaxt həm islahatçı, həm də mühafizəkar hökumətlər tərəfindən diqqətdən kənarda qalıb. Azlıqların əksəriyyəti (türk, ərəb, kürd, bəluc, türkmənlər) hakim elita tərəfindən qorunan və ya İran cəmiyyətində tam qəbul olunmasına çalışılan vahid İran kimliyini qəbul etməyiblər. Halbuki bu etnik qruplar siyasi səhnədə müəyyənedici rola, faktora malik olan qruplardır. Bura həm də din-məzhəb faktorları da (sünni, bəhai, ortodoks şiə cərəyanları və s.) əlavə etmək olar”.

V.Zifəroğlunun fikrincə, İrandakı etnik münasibətlər və onların istər daxili, istərsə də regional əhəmiyyətə malik təsirləri, ölkənin dini və etnik quruluşu tarixi kontekst nəzərə alınmadan izah oluna bilməz. Amma çox vaxt bu vacib məqamlar gözardı edilir, ciddi qəbul olunmur. “Hazırda İran cəmiyyəti bir çox sahələrdə, əsasən də sosial, iqtisadi sahələrdə ciddi problemlərlə qarşı-qarşıyadır. İqtisadi sanksiyalar öz təsirini göstərir. Cəmiyyət isə problemləri həll etməyə ümid verən alternativ siyasi gücün olmadığını bilir. İranda sağ və sol ideologiyaların iflası iranlı kimliyinin də sorğulanmasına səbəb olub. Çünki bu ideologiyalar Pəhləvilər dövründən etibarən fars kimliyi üzərində formalaşmış iranlılıq kimliyinin əsasında yaranıb. Bütün bunlar isə nəticə etibarı ilə etnik kimliklərin ön plana çıxaraq siyasiləşməsinə səbəb olub”, - deyə V.Zifəroğlu əlavə edib.

Güneyli soydaşlarımız azadlıq mübarizələri ilə tarix yazıblar

Azərbaycanlıların azadlıq mübarizələri isə hər zaman İran rejimləri üçün “qorxulu yuxu” olub. Bu mübarizələr isə həm humanitar - dil, məktəb tələbləri ilə, həm də siyasi - müstəqillik və ya ən azından muxtariyyət tələbləri ilə spesifik olub. Bu məsələyə də toxunan V.Zifəroğlu bildirib ki, XX əsrdə mərkəzi Təbriz olmaqla Güney Azərbaycanda dörd böyük hərəkət və onların hər birinin də ciddi nəticələri olub. Lakin bu milli-azadlıq hərəkatlarının hər biri qəddarlıqla yatırılıb: “1908-ci ildə Təbrizdə baş verən üsyan Şahənşah Məhəmməd Əlinin taxtdan əl çəkməsinin səbəblərindən biri olur və müəyyən fasilələrlə davam edir. 1910-cu ilin 7 avqustunda şah qoşunları və Tehranın milliyətcə erməni olan daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə üsyanın əsas rəhbərlərindən olan Səttərxana Atabəy parkında hücum edirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Səttar xanın qoşunlarına Tehrandan çıxmağa imkan verilmir. Aldığı güllə yarasından sonra əsir düşən Səttar xana Təbrizə geri dönməyə icazə verilmir. Uzun müddət yataq xəstəsi olan Səttarxan 1914-cü il noyabrın 16-da Tehranda dünyasını dəyişir. Üsyanın digər rəhbərlərindən Bağır xan isə Birinci Dünya müharibəsi başlandıqdan sonra Qum şəhərində yaradılmış Milli Müdafiə Komitəsi (1915), Kirmanşahda və Qəsri - Şirində təşkil edilmiş Milli Müvəqqəti hökumət (1916) tərəfdarlarına qoşulur. O, Qəsri-Şirinlə Kirmanşah arasındakı bir kənddə kürd irticaçıları tərəfindən öldürülür. 1920-ci ilin aprelində Azərbaycan Demokrat Partiyasının rəhbərliyi ilə Təbrizdə yenidən üsyan başlayır. Milli tələblərlə başlayan bu üsyan tez bir zamanda nəticələrini verir. Məktəblərdə Azərbaycan dilində tədris də daxil olmaqla, milli hökumət qurulur, Azadistan  - Güney Azərbaycanın rəsmi adı kimi elan edilir. Tehran 1920-ci ilin sentyabrında Təbrizə nəzarəti çətinliklə də olsa bərpa edir - yenə də rus kazaklarının hərbi hissələri sayəsində. Təbriz sonadək müqavimət göstərir. Üsyançılar, o cümlədən üsyanın əsas rəhbərlərindən biri və ideoloqu Şeyx Məhəmməd Xiyabani qəhrəmancasına şəhid olur. Üçüncü ciddi hərəkat 1945-ci il 21 azər hərəkatıdır ki, ümumiyyətlə, müasir Azərbaycan tarixinin ən parlaq, ən şanlı səhifələrindəndir. Faktiki olaraq bir il müddətində ciddi nəticələrə və islahatlara səbəb olan bu hərəkat da olduqca böyük zorakılıqla yatırılır, minlərlə soydaşımız qətlə yetirilir. Seyid Cəfər Pişəvəri və silahdaşlarının acılı taleyi və müəmmalı qətli barədə də hər birimiz məlumatlıyıq. Və sonuncu - 1979-cu ilin fevralında Güney Azərbaycan əhalisinin kütləvi nümayişi başlayır. İran hakimiyyəti Təbrizə nəzarəti, demək olar ki, bir sutka ərzində tamamilə itirir. Küçələrə çıxan insanlara qarşı ordu hissələri, o cümlədən tanklardan istifadə edilir. 500-ə yaxın insan qətlə yetirilir. Və bu üsyan yatırılsa da, tezliklə Pəhləvi rejiminin devrilməsinə təkan verir. Lakin proses dayanmır. İslam inqilabından sonra yeni bir hərəkat başlayır. İran İslam İnqilabından sonra Azərbaycan üçün muxtariyyət tələb edən türklər və ölkədə yaşayan digər qeyri-fars etnik qruplar Ayətulla Xomeyninin qurduğu dövlətə qarşı nümayişlər təşkil edirlər”.

Xarici faktorlar da var...

1979-cu ildə Amerika mətbuatı Azərbaycan üçün muxtariyyət tələb edən türklərin İslam İnqilabına qarşı böyük təhdid təşkil etdiyini vurğulayırlar. Az sonra Təbrizə Güney Azərbaycanın digər şəhərləri də qoşulur. V. Zifəroğlu bildirib ki, nəticədə, Tehran danışıqlara getmək məcburiyyətində qalır. Həmin dövrün qərb mətbuatı yazır ki, Təbriz və Qum şəhərlərində keçirilən üst səviyyəli toplantılardan sonra Ayətulla Xomeyni hökuməti sülhün bərpası, eləcə də türkdilli Azərbaycan bölgəsi üçün muxtariyyət tələblərinin həlli istiqamətində aparılan səylərdə “irəliləyiş” olduğunu elan edir. “Lakin bütün bu sözlər vəd olaraq qalır. Bir ilə yaxın davam edən qarşıdurmadan sonra Şəriətmədarinin minlərcə tərəfdarı həbs edilir, edam maşını yenidən işə düşür və Şeyxin özü isə ömrünün sonlarınadək ev məhbusu olur. Gördüyümüz kimi, azadlıq hərəkatları, azadlıq tələbləri hər zaman öz aktuallığını qoruyub”, - deyə V.Zifəroğlu bildirib. Onun sözlərinə görə, hazırki situasiyada İrandakı daxili gərginliklərin ölkənin siyasi gələcəyi üçün hansı perspektivləri vəd etməsini proqnozlaşdırmaq çətindir. Eyni zamanda, bu məsələyə yalnız İranın daxilində gedən proseslər əsasında yanaşmaq da doğru olmaz. Çünki İranla bağlı vəziyyəti mürəkkəbləşdirən faktorlar yalnız daxili məqamlarla deyil, eyni zamanda xarici faktorlarla da bağlıdır. Və gedişat onu göstərir ki, proseslər səngimir, əksinə, davam etməkdədir.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Bir əsr, 32 il...

02 Fevral 11:00

Xəbər lenti

Regionda birinci...

02 Fevral 10:59

Xarici siyasət

Analitik

Xəbər lenti

Siyasət

Gündəm

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28