Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / İranda vəziyyət...

İranda vəziyyət...

24.12.2022 [10:33]

Etirazlar güclənir, Qərbin təzyiqi artır, cənublu soydaşlarımız milli hüquqlarını bərpa etməyə çalışırlar

N.BAYRAMLI

Hazırda İranda ictimai-siyasi böhran davam etməkdədir. İnqilabdan ötən 40 ildən artıq müddət ərzində əhaliyə vədlərdən başqa bir şey verə bilməyən hakimiyyət çıxılmaz vəziyyətə düşüb. Sentyabrdan başlanan kütləvi aksiyalar isə İranın bütün şəhərlərini bürüyüb və üçüncü aydır davam edir. Əxlaq polisi tərəfindən zorakılığa məruz qalmış 22 yaşlı qızın ölümü ilə başlayan kütləvi etirazlar təkcə qadın hüquqları ilə əlaqəli deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İran dövləti xalqına xidmət etmək əvəzinə, insanlara zülm edir. Öz imkan və potensialını real dəyərləndirə bilməyən İran uzun illərdir, geosiyasi ambisiyalarla yaşayaraq bu istiqamətdə siyasət yürüdür. Nüvə proqramını həyata keçirməklə dünyada “hegemonluq” etmək iddiasındadır. Bu səbəbdən də enerji resurslarından əldə olunan gəlirlər dövlət quruculuğuna, əhalinin firavanlığına, ümumilikdə ölkənin inkişafına deyil, Yaxın Şərqdə silahlı dəstələr saxlamağa və qonşu dövlətlərin, o cümlədən Azərbaycanın daxili işlərinə qarışmağa yönəldilir. İran Suriyada, İraqda, Livanda silahlı dəstələri maliyyələşdirərək dini-ideoloji xəttini həyata keçirməyə cəhd edir. İranın bu siyasəti nəinki beynəlxalq aləm, hətta öz əhalisi tərəfindən də kəskin qınanılır.

Cənublu soydaşlarımızın haqlarının bərpası əsas məsələyə çevrilir

İran rejimi bu ölkədə yaşayan milyonlarla azərbaycanlılara qarşı da zorakılıq siyasəti yürüdür, onların milli haqlarını tapdayır. Bu da haqlı olaraq cənublu soydaşlarımızda haqlı narazılıq yaradır. Belə bir şəraitdə onların öz haqları uğrunda mübarizəsi getdikcə güclənir. Çünki hazırda rejimə qarşı aksiyalar soydaşlarımızın milli haqlarını tələb etməsi prosesinə təkan verib.

İsveçdə mühacir həyatı yaşayan Güney Azərbaycan Demokratik Partiyasının sözçüsü Mahmud Bilgin ölkəmizə səfəri zamanı  mətbuata açıqlamasında deyib ki, hazırda  Güney Azərbaycanın taleyi ilə bağlı çox önəmli və uyğun bir şərait yaranıb: “Bu cür fürsətlər bəlkə yüz ildə bir dəfə olur. Bu baxımdan Bakıda, Vətənimin bir hissəsində olmaq, burada güneyli azərbaycanlıların səsini yaymaq mənim üçün böyük iftixardır. Bu dəfə Bakıya gələndə insanlarımızda böyük bir qürur hissi, azərbaycançılıq gördüm. Bütün bunlar Güney Azərbaycana da öz təsirini göstərdi. 44 günlük Vətən müharibəsindən sonra güneylilər quzey Azərbaycanın qəhrəmanlığından təsirlənir. Düşünürəm ki, İranda yaranmış indiki şəraitdə burada yaşayan soydaşlarımızın haqlarının bərpası məsələsini birinci faktora çevirməliyik”.

Qərb rəsmi Tehrana təzyiqləri artırır

İran rejiminin insanlara qarşı zorakılığı ilə əlaqədar beynəlxalq müstəvidə də etirazlar səngimir. Bir sıra beynəlxalq təşkilatlar və dövlətlər İrandakı vəziyyətdən narahat olduqlarını bəyan ediblər. Eyni zamanda, müəyyən sanksiyaların tətbiq edilməsi də gündəmə gəlib. Sanksiyaların bir hissəsi İranın Rusiyaya hərbi yardımları ilə bağlıdır. Belə ki, İran PUA-larının Rusiya tərəfindən Ukraynaya qarşı istifadə olunduğunu təsdiq edən faktlar kifayət qədərdir. Bugünlərdə Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiya və İranın ukraynalılara  qarşı törətdikləri terrora görə birgə məsuliyyət daşıyacaqlarını deyib. “Səhərimiz dövlətimizin bir sıra bölgə və şəhərlərində, təəssüf ki, İran “Şahid”lərinin xarakterik səsi ilə korlanıb. Amma onların əksəriyyəti, xoşbəxtlikdən, təyin olunmuş hədəflərinə”, - deyə Ukrayna lideri müharibənin 299-cu günü vətəndaşlara müraciətində bildirib. Ölkə rəhbəri xatırladıb ki, 30 “Şahid” vurulub və bu, yaxşı nəticədir. “Rusiyanın istifadə etdiyi bu “Şahid”lər dronların yeni partiyasındandır. İki rejim dinc insanlara qarşı döyüşməkdə davam edir. Eybi yox, onlar buna görə birgə məsuliyyət daşıyacaqlar”, - deyə V. Zelenski vurğulayıb.

Qərb isə İrana növbəti dəfə xəbərdarlıq edib. Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel İranın xarici işlər naziri ilə görüşdə Tehranın Rusiyaya hərbi dəstəyinin dayandırılması barədə xəbərdarlıq edib. Borrel bu barədə tvitter hesabında yazıb: “İran-Avropa İttifaqı münasibətlərinin pisləşməsi fonunda İranın xarici işlər naziri ilə İordaniyada zəruri görüşümüz oldu. Rusiyaya hərbi dəstəyin və İranda daxili repressiyaların dərhal dayandırılmasının vacibliyini vurğuladım. Biz kommunikasiya kanallarını açıq saxlamaq və Vyana danışıqları əsasında Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası ilə bağlı razılaşdıq”.

Proseslər Cənubi Qafqaza necə təsir edəcək?

Böyük Britaniyanın baş naziri Rişi Sunak isə deyib ki, Britaniya hökuməti İranın düşmənçilik fəaliyyətinin qarşısını almaq üçün daha çox vaxt sərf edəcək. Rişi Sunak İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinə bildirib ki, o, Tehran hökumətinin iranlı etirazçılara münasibəti, nüvə proqramı və regionda sabitliyi pozan digər hərəkətlərindən get-gedə daha çox narahatlıq hiss edir. Böyük Britaniyanın baş naziri İranda davam edən etirazlarla bağlı suala cavab olaraq deyib ki, “İrandakı etirazlardan aldığımız mesaj çox aydındır, İran xalqı hökumətdən razı deyil. Biz isə İran xalqının yanındayıq”. Sunak daha sonra Tehran hökumətinin İrandakı etirazçıları susdurmaq davranışını “iyrənc” adlandırıb: “Rusiya və Ukrayna yeni ildə bir nömrəli xarici siyasət problemimiz olaraq qalsa da, mən İranın davranışından getdikcə daha çox narahat oluram”.

Qərbin İrana növbəti xəbərdarlığı Cənubi Qafqaz regionuna necə təsir edə bilər? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, İrandakı etiraz aksiyalarına beynəlxalq dəstək artmaqdadır. Belə bir şəraitdə, etirazların dayanması ehtimalı azdır. İş burasındadır ki, İran rejimi etirazlardan nəticə çıxarıb xalqın tələblərini yerinə yetirmək əvəzinə, özünün zorakılıq siyasətini davam etdirir. Belə olan halda isə etirazların dayanmasından söhbət gedə bilməz. Onun sözlərinə görə, rəsmi Tehranın Ukraynada müharibə aparan Rusiyaya silah verməsi də beynəlxalq birlik tərəfindən kəskin etirazlarla qarşılanır. Bu səbəbdən də, Tehran rejiminə qarşı sanksiyaların sayı artmaqdadır.

Politoloq qeyd edib ki,  beynəlxalq birliyin həm şimal, həm də cənub qonşumuza qarşı sərt təpkisi Azərbaycanda diqqətlə izlənilir. Ölkəmizin qonşuluq siyasəti səmimilik, xoş niyyət və beynəlxalq hüquq normalarına əsaslanır. Respublikamızın hansısa bir qonşu dövlətlə konfliktə girmək kimi bir niyyəti yoxdur. Məhz belə bir ardıcıl xarici siyasət kursunun məntiqi nəticəsidir ki, respublikamız müstəqillik tarixində Ermənistan istisna olmaqla bütün qonşularla yüksəksəviyyəli münasibətlər qurmağa nail olub. Azərbaycanın irəli sürdüyü təşəbbüslər bütövlükdə Cənubi Qafqazın, Xəzər hövzəsi regionunun inkişafını, burada sağlam əməkdaşlıq konfiqurasiyasının formalaşmasını hədəfləyir. İndiyədək Azərbaycanın moderatorluğu ilə reallaşdırılan bir sıra enerji və nəqliyyat layihələri ölkəmizin mənafeyinə xidmət etməklə yanaşı, həm də regional və qlobal əhəmiyyət daşıyır. Ölkəmiz bu layihələri əsasən qonşu dövlətlərlə sıx əməkdaşlıq şəraitində reallaşdırmağa nail olub. “Lakin təəssüf ki, son zamanlar İran ölkəmizə qarşı xoş olmayan münasibət göstərməkdədir. Rəsmi Tehranın Zəngəzur dəhlizinə mane olmaq cəhdləri, sərhədlərimizdə təhdid xarakterli hərbi təlimlər keçirməsi buna sübutdur. Eləcə də, Rusiya 10 noyabr birgə bəyanatı imzalayan Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etmir. Bütün bunların fonunda Azərbaycan milli maraqlara uyğun siyasət həyata keçirir. Hər hansı təhdid və təzyiq bizi yolumuzdan çəkindirə bilməz. Biz beynəlxalq birliyin, xüsusilə Qərbin  İran və Rusiyaya qarşı münasibətini də yaxşı bilirik. Tərəflərin bir-birilə ciddi problemləri var. Təbii ki, problemlər regionumuza da müəyyən təsirlər göstərə bilər. Buna görə də, Azərbaycan dövləti təhlükəsizlik amilinə hər zaman böyük önəm verir. Əslində, dövlətimiz Cənubi Qafqazı sülh və əməkdaşlıq bölgəsi kimi görmək istəyir və bu yöndə fəal siyasət həyata keçirir. Amma bizdən asılı olmayan səbəblərə görə təhlükəsizliyimizə təhdid yaranarsa, lazımi addımlar atmağa da hazırıq. Bu yöndə Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsinin bir sıra müddəalarının yerinə yetirilməsi gündəmə gələ bilər”, - deyə həmsöhbətimiz söyləyib.

Paylaş:
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Siyasət

Yeni detallar...

08 Fevral 10:14

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Analitik

Xarici siyasət

Analitik

Xəbər lenti

Siyasət

İtirən Fransadır...

07 Fevral 10:31

Gündəm

Gələcəyə doğru...

07 Fevral 10:23  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28