Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / İsveç fundamental dəyişikliklər astanasında

İsveç fundamental dəyişikliklər astanasında

27.12.2022 [10:11]

Türkiyənin tələbi Stokholm üçün Konstitusiya dəyişikliyini aktuallaşdırdı

“Bu ilin iyununda baş tutmuş NATO-nun Madrid Zirvəsində əldə edilmiş razılaşmalar üzrə fəaliyyətə start verilib. Belə ki, Türkiyə, İsveç və Norveç arasında bağlanan Anlaşma Memorandumunun müddəaları təmin olunacaq. Beləliklə, İsveç terrorçuların ekstradisiyası ilə bağlı verdiyi sözü tutacaq”.

Bu fikirləri İsveç xarici işlər naziri Tobias Billström deyib. Nazir Türkiyə ilə imzaladıqları anlaşma çərçivəsində ölkəsinin qanunlarında dəyişikliklər etməyə başladıqlarını bildirib. “Məhkəmələrin müstəqilliyi o demək deyil ki, biz başqa qurumlarla əməkdaşlıq edə bilmərik”, - deyə Billström prokurorluq və hüquq-mühafizə orqanları ilə əməkdaşlığa işarə edib. Onun sözlərinə görə, kəşfiyyat məlumatlarının mübadiləsi İsveçin işini asanlaşdıracaq.

Qurumlararası əməkdaşlığın önəminə diqqət çəkən Billström deyib: “Üçtərəfli müqavilədə yer alan hər şeyi İsveç konstitusiyası və qanunları çərçivəsində son hərfinə qədər yerinə yetirəcəyik”. İsveçin baş diplomatı PKK-nın beynəlxalq aləmdə terror təşkilatı kimi tanındığını vurğulayıb: “Müstəqil məhkəmə sistemi öz işini görür. Təhlükəsizlik qüvvələri də PKK kimi terror təşkilatlarına qarşı mübarizə aparır. İsveçin etmək istədiyi məhz budur. Xarici işlər naziri olandan bəri dəfələrlə demişəm: yeni hökumət PKK-ya qarşı müdrik siyasət həyata keçirəcək. Bunun arxasındayıq”.

Billström FETÖ, PKK və digər terror təşkilatlarının üzvləri ilə bağlı dəlil və sənədlər əldə edilən kimi hüquqi addımların atılacağını vurğulayaraq, indiyədək 3 nəfərin Türkiyəyə ekstradisiya edildiyini bildirib. Üçtərəfli müqavilənin imzalanmasından sonra qanunlarda edilən dəyişikliklər haqda danışan Billström konstitusiyaya edilən dəyişikliyin yanvarın 1-dən qüvvəyə minəcəyini açıqlayıb: “Konstitusiyanın müvafiq maddəsini terror təşkilatına qoşulmağı, onu dəstəkləməyi və ya gücləndirməyi cinayət edəcək formada dəyişirik. Martın 7-də parlamentə təqdim edəcəyimiz qanun layihəsi ilə İsveç Cinayət Məcəlləsində də dəyişiklik edəcəyik. Torpaqlarımızda terror fəaliyyətinin təbliği və terror təşkilatlarının bayraqlarının dalğalanması cinayət sayılacaq”.

Billström İsveçin üçtərəfli anlaşma çərçivəsində Türkiyəyə verdiyi vədləri addım-addım yerinə yetirdiyini deyib: “Konstitusiyaya dəyişiklik etmək heç bir ölkə üçün asan məsələ deyil. Amma biz bunu ona görə edirik ki, terrorla mübarizə imkanlarımızı təkmilləşdirməyə sadiqik”.

“Madrid düyünü” açılmaq üzrədir...

Əslində bu problem İsveçdə yaşayan Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü Bülənt Keneşin Türkiyəyə ekstradisiyası tələbinin rədd edilməsi ilə aktuallaşmışdı. Bəlli olduğu kimi, İsveç Ali Məhkəməsindən verilən açıqlamada ekstradisiya tələbinin yerinə yetirilməsi üçün şübhəlinin 1 il və ya daha çox müddətə azadlıqdan məhrum edilməsinin lazım olduğu və Keneş üçün belə bir durumun olmadığı bildirilmişdi. Prezident Rəcəb Tayyib Ərdoğan isə noyabrın 9-da İsveç Baş naziri Ulf Kristersson ilə görüşündə Bülent Keneşin təhvil verilməsinin Türkiyə üçün böyük önəm kəsb etdiyini demişdi.

Prosesin inkişafının məcrasının bu qədər kəskin dəyişməsi, İsveçin hətta Konstitusiya dəyişikliiyni belə istisna etməməsi mühüm bir faktı növbəti dəfə təsdiqləiyr - artıq qlobal aktora çevrilmiş Türkiyə ən yüksək səviyyədə öz maraqlarını qorumaq əzmindədir. NATO kimi mühüm bir təşkilatın genişlənməsi ilə bağlı məsələ məhz Türkiyənin iradəsinə əsaslanır. Təbii ki, indiki halda İsveçin atdığı addım razılaşmanın yerinə yetirilməsinə “hazırlıq prosesi” kimi dəyərləndirilməlidir və bu addımın atılması həm də digər faktorlarla əsaslandırılmalıdır. Türkiyənin qətiyyəti İsveçin NATO yolunu bağlayırdı və rəsmi Stokholm artıq çıxılmaz vəziyyətdə idi.

İsveç NATO dəyərlərinə sadiqliyini sübut etməyə çalışır

İsveçin XİN rəhbəri öz açıqlamasında bu addımların Türkiyə ilə əl-ələ atıldığını da vurğulayıb. O, xarici işlər naziri Çavuşoğlunun da bunu yüksək qiymətləndirdiyini minnətdarlıqla ifadə edib. Billström konstitusiya və qanunlara edilən dəyişikliklərin Türkiyənin bir çox narahatlığını aradan qaldıracağına diqqət çəkib: “Türkiyə terrorun maliyyələşdirilməsindən narahatdır. İsveç ərazisindən PKK kimi terror təşkilatlarına dəstək toplamaq üçün istifadə edilməsi ilə bağlı narahatlıqları var. Qanuni dəyişikliklərlə bunlar daha da çətinləşəcək. Ona görə də biz bu qanunları qəbul edirik”.

Qeyd edildiyi kimi, Türkiyənin və bu ölkənin Prezidentinin məsələ ilə bağlı mövqeyinin qətiliyi İsveçi PKK və ya FETÖ-yə münasibətdə yeni bir siyasət yürütməsini şərtləndirdi. Bir müddət öncə baş tutmuş “Səfirlər Konfransı”ndakı çıxışında prezident Ərdoğan bildirmişdi ki, küçələrində PKK-çıların dolaşdığı dövlətlərin üzvlüyü NATO-nun müdafiə etdiyi dəyərlərə xələl gətirəcək. Göründüyü kimi, NATO dəyərlərinə “yaxın olduğunu” göstərmək üçün İsveç fundamental dəyişikliklər astanasındadır. Bu fakt həm də Türkiyənin bu gün dünyanın hərbi nizamının tənzimlənməsində rol onayan ölkə olmasını növbəti dəfə əsaslı şəkildə sübuta yetirir.

PƏRVİZ

Paylaş:
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28