Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Saakaşvili Gürcüstana “mane” ola bilər

Saakaşvili Gürcüstana “mane” ola bilər

29.12.2022 [10:50]

Avropa Parlamenti eks-prezidentlə bağlı şərt qoydu

Gürcüstanın Avropa İttifaqına üzvlük məsələsi reallaşmaya bilər. Buna səbəb bir müddət öncə həbs edilən keçmiş prezident Mixail Saakaşvilinin vəziyyətidir. Belə ki, Avropa Parlamentinin üzvü Yatsek Sariuş-Volski Gürcüstanın Avropa İttifaqına daxil olması məsələsinin birbaşa eks-prezident Mixail Saakaşvilinin işi ilə bağlı olduğunu söyləyib. O bildirib ki, Saakaşvilinin işi ilə Gürcüstanın Avropa İttifaqına daxil olması arasında paralellər prinsipial əhəmiyyət kəsb edir. Bunlar bir-birindən ayrılmazdır. Saxlanılan eks-prezident həbsxanada ölərsə, Avropa Parlamenti heç vaxt Gürcüstanın Avropa İttifaqına daxil olmasını dəstəkləməyəcək.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski də Gürcüstan hakimiyyətini Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini müalicə üçün xaricə köçürməyə çağırıb. Ukrayna mətbuatının xəbərinə görə “Gürcü arzusu” partiyası son hadisələrdə rəsmi Kiyevi suçlamaqdan çəkinməyib. Hakim partiya funksionerlərinin iddiasına görə, Saakaşvilinin vətəninə geri qayıdışı əslində Ukraynanın “xüsusi əməliyyatı olub” və bununla ukraynalılar rəsmi Tiflisi müharibəyə cəlb etmək istəyiblər. Gürcü rəsmilərinin bu iddiasına Ukrayna Xarici işlər nazirliyi cavab verərək “rəsmi Kiyevin heç vaxt Gürcüstanın daxili işlərinə qarışmadığını və qarışmağı planlaşdırmadığını” bildirib. Ukrayna diplomatik idarəsinin fikrincə, “Gürcüstan hakimiyyəti daxili siyasi məqsədləri naminə Ukraynadakı müharibə mövzusu ətrafında spekulyasiyalar aparır”.

Saakaşvilinin hakimiyyətə gətirilməsində xarici faktorların rolu...

Maraqldır ki, Saakaşvilinin həbsi Gürcüstanla bağlı Aİ-nin verəcəyi qərara hansı çərçivədə təsir göstərə bilər? Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, vaxtilə Mixail Saakaşvilinin hakimiyyətə gəldiyi dövrə nəzər saldıqda, bu məsələdə xarici qüvvələrin rolu açıq şəkildə ortaya çıxır. Hətta Açıq Cəmiyyət Fondunun rəhbəri Corc Soros dəfələrlə özünün müsahibələrində Saakaşvilinin hakimiyyətə gətirilməsində özünün QHT şəbəkəsinin və maliyyəsinin rolunu etiraf etmişdi: “Həmin dövrdə Saakaşvili müəyyən addımları ilə yadda qaldı, sistemdə bir sıra yeniliklər yaratdı. Amma korrupsiya faktları tam aradan qaldırılmadı. Hətta günü bu gün Saakaşvilinin hakimiyyətdə olduğu dövrdə hakim komandada təmsil olunmuş bəzi şəxslərin məhkəmələri davam edir. Ortada gözardı edilə bilməyəcək məhkəmə prosesləri mövcuddur. Hətta Saakaşvilinin dövründə hakimiyyətin yüksək eşalonunun nümayəndəsi korrupsiya faktına görə Avropa İnsan Haqları məhkəməsinə müraciət də etmişdi. Avropa İnsan Haqları məhkəməsi isə Saakaşvilinin dövründəki hakim komandanın bir siması haqqında məhz korrupsiya faktına - başqasının mülkiyyətinin ələ keçirilməsi faktına görə qərar da çıxarıb”.

Avropa Parlamentinin belə bir səlahiyyəti yoxdur

Y.Hacıyeva bildirib ki, paralel olaraq həmin dövrdə Gürcüstan transmilli korporasiyaların faktiki oylağına çevrilmişdi. Saakaşvilinin dövründə infrastrukturların inkişafı, yeni şəhərlərin salınması, xüsusilə Batumun yenidən inşası və həmin limanın azad iqtisadi zona elan edilməsi yaddaqalan hadisələrdən idi. “Həmin ərazidə bir sıra transmilli korporasiyalar fəaliyyətə başladı. Bir sözlə, Saakaşvilinin dövründə Qərb maliyyəsi aktiv olaraq Gürcüstana gəldi və Gürcüstanda sıravi vətəndaşların və dövlətin resurslarında təmsil olunmağa başladı. Başqa sözlə, Saakaşvilinin dövründə dövlət resurslarının kənar qüvvələr tərəfindən ələ keçirilməsi prosesinə start verildi. Bu gün də həm müxalifətdə, həm də hakimiyyətdə olan şəxslərin Saakaşviliyə qarşı əsas iradı ölkənin limanlarını xaricilərə investisiya müqabilində peşkəş etməsi faktıdır”, - deyən politoloq eks-prezidentin hazırda həbsxanadakı vəziyyətinin də məlum olduğunu önə çəkib. Onun sözlərinə görə, Saakaşvili sıravi gürcü vətəndaşının yaddaşında dövlətin resurslarını xaricilərə verən, həmçinin dövlətin ərazilərinin itirilməsində müstəsna xidməti olan, müharibəni başlayan və uduzan prezident kimi qalıb. Bu gün isə artıq Saakaşvili ilə bağlı qlobal piar proseslərinin aparılmasını izləməkdəyik: “Soros şəbəkəsi post-sovet ölkələrində həbsdə olan şəxslərlə bağlı belə bir ssenari həyata keçirib. Bu ssenari Ukraynada Timoşenko üzərindən oynanılıb. O da həbsxanadan çıxarkən əlil arabasında çıxmışdı, amma 20 gün sonra sərbəst hərəkətlər etdi. Onunla bağlı da guya həbsxanada zəhərlənməsi, öldürülməsinə cəhd göstərilməsi kimi kampaniyalar aparılırdı. İndi də həmin kampaniya Saakaşvilinin üzərindən aparılır. Fikrimcə, Saakaşvili ilə bağlı aparılan kampaniya da müsbət nəticələnəcək”.

Avropa Parlamentinin üzvünün məlum bəyanatına gəldikdə isə, Y.Hacıyeva bildirib ki, AP-nin Aİ-yə üzv seçilməklə bağlı qərar verilməsi prosesində hər hansı bir səlahiyyəti yoxdur, sadəcə tövsiyə edə bilər. “Bundan əlavə qəbuldan sonra müəyyən tövsiyə və ya təəssüf bildirə bilər. Avropa Parlamenti adından göründüyü kimi siyasi institutdur. Yəni, birbaşa Aİ-nin genişlənməsi ilə bağlı addımlarda qərar verən institusional mərkəz deyil”, - deyə Y.Hacıyeva əlavə edib.

Saakaşvilinin eks-prezident kimi hansı hüquqları var?

Bəs, Mixail Saakaşvili Gürcüstanın eks-prezidenti kimi hansı hüquqlardan istifadə edə bilər? Xatırladaq ki, Azərbaycanda 2012-ci ildə eks-prezidentlərlə bağlı qanun qəbul edilib. Qanun Konstitusiyanın 107-ci maddəsi ilə vəzifəsindən azad edilmiş prezidentlər istisna olmaqla, əvvəllər prezident olmuş şəxslərə şamil edilir. Qanunla sabiq prezidentlərə və onun ailə üzvlərinə bir sıra imtiyazlar verilib. 12 maddədən ibarət qanunda göstərilir ki, keçmiş prezident və onun həyat yoldaşı Baş Prokurorun razılığı olmadan cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə, tutula, barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala bilməz. Lakin keçmiş prezident və onun həyat yoldaşı cinayət başında yaxalanarsa, tutula bilər.

Bununla bağlı açıqlamasında isə Y.Hacıyeva bildirib ki, Gürcüstanda eks-prezidentlərlə bağlı xüsusi bir qanun yoxdur. Amma Gürcüstanda zamanında dövlət məmuru olmuş şəxsin ictimai iştirakçılığı ilə bağlı qanun mövcuddur: “Bu qanunun bəzi bəndləri zamanında prezident və ya nazir olmuş, məmur olmuş şəxsləri də əhatə edir. Orada tanınan imtiyazlar belə cinayət faktı olduğu halda toxunulmazlıq hüququ vermir. Saakaşvilinin haqqında açılan cinayət işi də vəzifə səlahiyyətlərini aşması ilə bağlıdır. Bu mənada onun toxunulmazlığı məsələsi gündəmə gətirilə bilməz. Məhkəmə real faktların üzərindən aparılır. Fikrimcə, aparılan piar, yaradılan səs-küy də bu faktların üzə çıxmasının qarşısını almağa xidmət edir”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31