Heydər Əliyev
yeni azerbaycan logo

Tehran-43...

06.01.2023 [10:39]

Yaxud Tehran 43 ildən sonra

Mübariz FEYİZLİ

İxrac olunan inqilablar günümüzün reallıqlarındandır. Biz son vaxtlarda ayrı-ayrı yaxın və yaxud uzaq ölkələrdə “rəngli inqilablar”ın şahidi olmuşuq. Bu inqilabların ssenariləri adətən müxtəlif güc mərkəzlərinin mətbəxlərində hazırlanaraq hədəf ölkələrə yönəldilir. Təbii ki, bu ssenarilərdə alt qatlardakı gizli və qərəzli məqsədlər milli ruhlu və yaxud, əsasən, gənclərə hesablanan çağırışlarla maskalanır. Nəticədə, idarə olunan xaosların, inqilabların nəticəsi olaraq ölkələrin, xalqların taleyi dəyişir. Nəticələri ümumiləşdirsək, deyə bilərik ki, hansı adla adlandırılmasından, necə təqdim edilməsindən asılı olmayaraq inqilablar heç də həmişə ümidləri doğrultmayıb, əksinə cəmiyyətlərdə böyük məyusluq yaradıb. Ancaq inqilablar yaşayan ölkələrdə insanlar keçmiş əyyamların xiffətini çəksələr də, heç də həmişə geri dönüş baş vermir və yaxud bu proses çox əzablı, məşəqqətli, dağıdıcı keçir. Qonşu İranda olduğu kimi.

İranı dəyişən inqilab

İranda son inqilab 43 il bundan əvvəl - 1979-cu ildə yaşanıb. İran inqilabının ilhamvericisi Ayətullah Ruhulla Xomeyni idi. O, inqilab ərəfəsində Fransanın paytaxtı Parisin 39 km qərbində yerləşən Neauphle-Le-Chateau kəndində sürgün həyatı yaşayırdı. Ancaq Ayətullah nə qədər sürgün həyatı yaşasa da, burada ona İran şahı Məhəmməd Rza Pəhləviyə qarşı üsyana çağırış kasetləri yazdırmasına imkan yaradılırdı. Bu kasetlər isə sonradan İrana göndərilərək kütlələr arasında yayılırdı. Ayətullah Ruhulla Xomeyninin ifadə etdiyi çağırışlar İranda milyonlarla insanın ürəyindən, necə deyərlər, tikan çıxarırdı. Hər küncdə-bucaqda, hər evdə dinlənilən kasetlərdə nələr ifadə olunmurdu? Kasetlərdə məqsədlər ümumiləşdirilmiş şəkildə göstərilirdi. O cümlədən despotizmə son verilməsi istənilirdi. Rza Pəhləvinin ABŞ-a satıldığı iddia olunurdu. Vəd verilirdi ki, ölkədə mənəvi mühit təmizlənəcək, milli maraqlar qorunacaq. Ölkənin xaricdən iqtisadi, hərbi asılılığına son qoyulacaq. Sosial məzmunlu islahatlar aparılacaq və s. Bu çağırışlar vətənpərvər insanların milli hisslərinə hesablanmışdı və onları rejimə qarşı etirazlara çıxmağa ruhlandırırdı. Etirazların miqyası genişlənərək bütün ölkəni əhatə etmişdi. Elə bir ab-hava yaranmışdı ki, artıq Xomeyni inqilabçı qüvvələri bilavasitə daxildən idarə edə bilərdi. Beləliklə, şah rejimi çökdü və Ayətullahın sürgün həyatı başa çatdı. O, 1979-cu il fevralın 1-də AirFrance hava yollarına aid “Boing 747” təyyarəsi ilə Parisdən Tehrana gəldi. Onu hava limanında, sözün əsl mənasında, insan seli qarşıladı.

Həmin tarixdən artıq 43 il ötür. Ötən dövrdə İranın və iranlıların taleyində çox şeyin müsbətə doğru dəyişdiyini demək çətindir. İllər ötdükcə verilən vədlərin sabun köpüyündən başqa bir şey olmadığı üzə çıxdı. İllüziyalar tez dağıldı. Ölkədə hər hansı bir iqtisadi çiçəklənmədən, yenilməz ordunun qurulmasından söhbət belə gedə bilməz. İranın yeni rejiminin qurduğu dini dövlətin apardığı siyasət  bu ölkənin beynəlxalq aləmdən əhəmiyyətli dərəcədə təcrid edilməsi ilə nəticələnib. Bu gün İran ABŞ-ın, Avropa İttifaqının, ayrı-ayrı digər dövlətlərin ağır sanksiyaları altındadır. Zəngin resurslara malik ölkə enerji məhsullarını xarici bazarlara məhdud həcmlərdə çıxarmaq imkanına malikdir və bu nəfəslik getdikcə daralır. Bunun nəticəsi olaraq iqtisadi fəallıq aşağı düşür, işsizlik artır və insanlar sosial ehtiyaclarını qarşılamaqda çətinlik çəkirlər.

İran inqilabının yaratdığı ən böyük məyusluq insan haqları ilə bağlıdır. Şah Rza Pəhləvinin despotizminə yox deyən cəmiyyət daha sərt qadağalarla üzləşib. Xüsusilə də qadınlar bu qadağalardan daha çox əziyyət çəkirlər. Son hadisələrədək onlara evdən kənarda baş örtüyü qadağaları tətbiq edilib. Saçlarını baş örtüyü altında tam gizlətməyənləri və yaxud hicab geyinməklə əlaqəli digər qaydaları pozanları əxlaq polisinin tətbiq etdiyi cəzalar gözləyirdi. Rejim repressiyaları gücləndirməklə insanların diqqətini daxili və xarici siyasətdəki uğursuzluqlardan yayındırmağa çalışırdı.

Fəqət, repressiv rejimin ömrünü nə qədər uzatmaq mümkün olacaqdı? Ümumiyyətlə, internet əsrində belə məhdudiyyətlərlə dövlət idarəçiliyini həyata keçirmək mümkündürmü? Rejimin öz ömrünü uzatmaq üçün mühafizəkarlığını gücləndirməsi cəmiyyətdə etirazlar doğururdu. Bu etirazlar ilk növbədə insanların şüurunda, daxilində baş qaldırırdı. Getdikcə daha çox yəqinlik hasil olurdu ki, dəyişən dünyada İran da yeniliklərə açıq olmalıdır.

Qığılcımın alova çevrilməsi üçün zəruri olan məqam yetişdi. 13 sentyabr 2022-ci il İranın tarixində yeni bir səhifənin açıldığı gün kimi qalacaq. Həmin tarixdə İranın əxlaq polisi hicab qaydalarını pozma ittihamı ilə gənc  Məhsa Əminini həbsə aldı. Əxlaq polisi indiyədək saysız-hesabsız  belə həbslər həyata keçirmişdi. 22 yaşlı gəncin həbsi də heç nə ilə diqqəti çəkməyəcəkdi. Ancaq bu həbs İranın molla rejimi üçün bir əcəl həbsinə çevrildi. Məhsa Əmini həbsə alınandan üç gün sonra dünyasını dəyişdi. Hakimiyyəti ciddi-cəhdlə təkzib etsə də, cəmiyyət “gənc qadının fiziki zorakılığın qurbanına çevrildiyi” qənaəti ilə etirazlara başladı. Artıq həmin tarixdən üç aydan çox vaxt ötsə də, etirazlar səngimək bilmir. Etiraz dalğaları ölkənin əksər bölgələrini bürüyüb, bu gün bütün İran çalxalanır. Rejimin gah bu, gah da digər məkanlarda repressiyalar tətbiq etməsi, hətta silahları işə salması nəticə vermir. Mollakratiya iğtişaş ocaqlarından birini söndürür, bir ünvanda mitinqləri dağıdır, kimləri isə həbsə alır, sonradan məlum olur ki, yeni ünvanlarda yeni etiraz dalğaları daha izdihamlı şəkildə baş qaldırıb.

İranda hicab qadağalarına son?

Bu, bir həqiqətdir ki, 43 il ərzində sosial-iqtisadi sahədə uğurlar qazana bilməyən İran rejimi öz mövcudluğunu bir tərəfdən qadağaları sərtləşdirməklə, digər tərəfdən də ideoloji təbliğatı gücləndirməklə qorumağa çalışıb. İğtişaşlar sübut edir ki, həyatları ağırlaşan insanlar qadağalardan qorxmurlar. Eyni zamanda, dini zəmində ideoloji təbliğatın da daha bir işə yaramadığını müşahidə edirik. İğtişaşlar zamanı etirazçıların rejimin banilərinin və ideoloqlarının portretlərini yandırmaları, təhqir edilmələri ondan xəbər verir ki, artıq İranda mollakratiya yaşamaq qabiliyyətini tamam itirib. Rejimin ümid bəslədiyi kultlar belə nifrət ünvanına çevrilib.

Belə bir şəraitdə mollakratiya etirazçıların tələblərinə qarşılıq verməyə hazır olduğu görüntüsü yaratmağa cəhdlər göstərir. Bu günlərdə İrandan rejimin hicab qadağalarını yumşaltması ilə bağlı xəbərlər gəlib. Bu barədə ölkənin ali dini rəhbəri Əli Xamenei mədəni, ictimai və elmi sahələrdə fəaliyyət göstərən bir qrup qadınla görüşü zamanı danışıb. Onun sözlərinə görə, İranda tələb edildiyi kimi, hicabla saçlarını tam örtməyən qadınları dinsizlikdə və inqilaba qarşı olmaqda ittiham etmək olmaz. “Hicab İslamdan doğan zəruri şəriət məsələsidir və şəriətin vacib buyurduğu hökmdür. Hicabın vacibliyinə dair heç bir şəkk və şübhə yoxdur. Amma hicab taxmayanları dinsizlikdə və inqilab düşməni olmaqda ittiham etmək olmaz. Hamımız çatışmayan cəhətlərə sahibik, bunları mümkün olduğu qədər aradan qaldırmalıyıq. Hicabı düzgün geyinməyən qadınlar yenə də bizim qızlarımızdır”, - deyə Xamenei bildirib.

İndiyədək hicab qadağaları İran rejiminin dayaq sütunlarından birini təşkil edirdi. Mollakratiya dayaq sütunlarını baltalamaqla, indiyədək göz bəbəyi kimi qoruduğu dəyərlərindən geri çəkilməklə özünün siyasi ölümünü daha da yaxınlaşdırmırmı?

Paylaş:
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28