Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Zorən müttəfiqlər

Zorən müttəfiqlər

12.01.2023 [10:56]

İranla Ermənistan arasında “swap” qaz layihəsinin reallaşması mümkün deyil

M.FEYİZLİ

Bu günlərdə Ermənistan mətbuatında bu ölkənin qonşu İranla “swap” qaz müqaviləsi imzalamaq niyyətində olduğuna dair xəbərlər tirajlanıb. “Jamestown” tədqiqatlar mərkəzi qeyd edir ki, sanksiyalar İran, Qazaxıstan və Türkmənistan arasında “swap” tipli təbii qaz müqavilələrinin imzalanmasına mane olsa da, İran bu istiqamətdə müəyyən razılaşmalara nail olub, indi isə oxşar üçtərəfli müqaviləni Ermənistanla da imzalamaq niyyətindədir. Bildirilir ki, nəzərdə tutulan layihə İran, Türkmənistan və Ermənistanı əhatə edəcək. Belə ki, İran Türkmənistandan aldığı qazın əvəzində Ermənistana özünün hasil etdiyi mavi yanacağı satacaq.

İran və Ermənistanı oxşar talelər birləşdirir

Qonşularla ədavətə və əsassız iddialara əsaslanan siyasət həyata keçirmələri İran və Ermənistan üçün ənənəvi hal alıb. Davamlı olaraq Azərbaycana və Türkiyəyə düşmənçilik mövqeyi sərgiləyən Ermənistan son vaxtlarda illər uzunu bu forpost dövlətə hərtərəfli dəstək verən Rusiyadan da incik düşdüyünü açıq jestlərlə ifadə edir. Özünü İslam dövləti adlandıran İranın isə onu əhatə edən böyük coğrafiyadakı əksər müsəlman ölkələri ilə ədavətləri getdikcə daha kəskin hal alır. Bu ölkə terrorçuluğa rəvac verməkdə, narkotik ticarətində və digər belə mənfi əməllərdə ittiham olunur. Bundan başqa, İran xeyli müddətdir ki, kollektiv Qərbin sanksiyaları altındadır və karbohidrogen resurslarını dünya bazarlarına çıxarmaqda çətinlik çəkir.

Belə bir vəziyyətdə oxşar talelər Ermənistanı və İranı zorən müttəfiqə çevirib. Necə deyərlər, taylı tayını tapar.  Hər iki ölkə regionda təcrid vəziyyətindədir. Buna görə də onlar qarşılıqlı əlaqələrinin əhatə dairəsini genişləndirməyə çalışırlar. Xatırladaq ki, İran Azərbaycanın məqsədyönlü siyasətinin nəticəsi olaraq, bütün regional layihələrdən kənarda qalan Ermənistan üçün nəfəslik qismində çıxış edir. Eyni zamanda, iki ölkə arasında sağlam zəminə əsaslanmayan əlaqələr formalaşıb. Belə ki, 44 günlük müharibədən sonra İranla-Ermənistan arasında çirkin ticarət sövdələşmələrinə aid çoxsaylı təkzibolunmaz faktlar aşkarlanıb. Məlum olub ki, İran sanksiyalar altında olan məhsullarını Ermənistan üzərindən gizli şəkildə xarici bazarlara çıxarıb. Bundan başqa, uzun illər ərzində iki ölkə arasında narkotrafik mövcud olub.

Enerji sövdələşmələri

Sanksiyalar səbəbindən enerji resurslarını Avropaya nəql edə bilməyən İran Ermənistanı bu məhsullarını reallaşdırmaq üçün bazar qismində görür. Ermənistan İranın zəngin enerji ehtiyatları üçün kiçik bazar sayılsa da, ağır iqtisadi durumda qalan cənub qonşumuz bunu da özü üçün qənimət sayır.  2022-ci ilin noyabr ayının əvvəlində iki ölkə arasında İrandan Ermənistana qaz ixracının həcminin iki dəfə artırılmasına dair saziş imzalanıb. İran Ermənistandan elektrik enerjisi idxal edir və əvəzində isə bu ölkəyə qaz satır. Yeni müqavilə imzalananadək İran Ermənistana gündəlik 1 milyon kubmetr qaz ixrac edirdi. İmzalanan sənədə əsasən, bu həcmin iki dəfə artırılması nəzərdə tutulub.

Xatırladaq ki, İrandan Ermənistana uzanan qaz kəməri 100 kilometrlik məsafəni əhatə edir. Kəmərin Ermənistan hissəsi Meğridə bitir. İki ölkə arasında bağlanan müqavilə 20 illikdir. İrandan alınan hər bir kubmetr təbii qaz üçün Ermənistan İrana 3 kilovatt-saat elektrik enerjisi verir. Boru xətti 20 dekabr 2006-da fəaliyyətə başlayıb.

Ölü doğulan layihə

İran, Ermənistan və Türkmənistan arasında “swap” qaz müqaviləsinin imzalanması ilə bağlı layihə ana bətnində doğulmamış ölən uşağa bənzəyir. Layihənin gerçəkləşməsini mümkünsüz edən bir sıra fundamental amillər sadalamaq mümkündür. Əvvəla, nəhəng qaz ehtiyatlarına malik Türkmənistan üçün kiçik Ermənistan bazarı heç bir halda cəlbedici deyil. Hazırda Türkmənistan daha böyük bazarlar axtarışındadır. Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov bu günlərdə Çinə səfəri zamanı Pekində bildirib ki, Türkmənistan-Çin boru kəməri ilə bütün istismar müddəti ərzində 350 milyard kubmetrdən çox qaz tədarük edilib. İki ölkə arasında əməkdaşlığının ən perspektivli sahələrindən biri yanacaq-energetika sektorudur. Bunu liderlər də görüş zamanı vurğulayıblar. Sərdar Berdiməhəmmədov və Çin lideri Si Tsinpin Türkmənistandan Çinə dördüncü qaz boru xəttinin tikintisini də müzakirə ediblər. Çin kimi iri iqtisadiyyata malik nəhəng ölkə ilə uğurlu qaz sövdələşmələri həyata keçirən Türkmənistan üçün kiçik Ermənistana İran üzərindən qaz nəqlini həyata keçirmək vaxt itirmək anlamına gəlir.

Üçtərəfli “swap” qaz layihəsini əngəlləyən daha bir vacib amilə diqqət çəkək. İranın Türkmənistandan daha böyük həcmdə qaz idxal etməsi üçün əvvəlcə bu ölkəyə olan 1,8 milyard dollarlıq borcunu ödəməlidir. İranın indiki ağır durumunda bu, həlli heç də asan olmayan bir məsələdir. Belə ki, son illərdə cənub qonşumuz kəskin maliyyə çatışmazlığı ilə üzləşib. Təsadüfi deyildir ki, İran Şimal-Cənub dəhlizinin bu ölkədən keçən hissəsində dəmir yolu seqmentinin inşasını tamamlamağa uzun illərdir ki, vəsait yönəldə bilmir.

Qeyd edək ki, indiyədək İranla Ermənistan arasında  bir sıra digər layihələri də həyata keçirmək mümkün olmayıb. Məsələn, Şimal-Cənub dəhlizinin Ermənistan üzərindən şaxələndirilməsi uzun illərdir ki, müzakirələrdən uzağa getmir və xam xəyal olaraq qalır.

Paylaş:
Baxılıb: 115 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31