Ukrayna Avropa İttifaqına qəbul ediləcəkmi?
02.02.2023 [10:56]
Ürək-dirək, şirin vədlər, ritorik dəstək...
Murad Köhnəqala
Ukraynanın baş naziri Denis Şmıqal qarşıdan gələn iki il ərzində ölkəsinin Avropa İttifaqı üzvlüyünə nail olmaq planlarını açıqlayıb. Baş nazir bu mövzunu fevralın 3-də Kiyevdə keçiriləcək tarixi Aİ-Ukrayna sammitində Avropa liderləri ilə müzakirə edəcək. “Bizim qarşıdakı iki il ərzində Avropa İttifaqına daxil olmaq üçün çox iddialı planlarımız var. Ümid edirik ki, bu il, yəni, 2023-cü ildə biz artıq üzvlük öncəsi danışıqların hazırlıq mərhələsini uğurla başa vura biləcəyik”, - deyə Şmıqal yerli mediaya müsahibəsində bildirib.
Bəs Avropa İttifaqı bu barədə nə düşünür? Ümumi mənzərə Aİ rəhbərliyinin Kiyevin istəyini ritorik şəkildə dəstəklədiyini göstərir. Nümunə kimi Aİ prezidenti Şarl Mişelin yanvar ayında Kiyevə gözlənilməz səfərini və səfər zamanı Ukraynaya ürək-dirək məzmunlu çıxışını göstərə bilərik. Şarl Mişel həmin çıxışında Ukraynanın İttifaqa doğru inamla yol gəldiyi barədə, hətta bir gün Ukrayna parlamentinin Avropa Parlamentinə sədrlik edəcəyi arzusu ilə geniş nitq söyləmişdi. Onun çıxışından sitat: “Ukrayna Avropa İttifaqıdır, Avropa İttifaqı isə Ukraynadır. Bu üzvlüyü mümkün qədər tez reallaşdırmaq üçün əlimizdən gələn bütün imkanları səfərbər etməliyik”.
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen isə indidən Ukraynanın istisnasız olaraq Aİ-nin hər cür dəstəyindən istifadə etdiyini bildirib. Fon der Lyayen ötən həftə Almaniyanın Düsseldorf şəhərində Xristian Demokrat İttifaqı partiyasının tədbirində Avropa Komissiyasının mövqeyini qəti şəkildə ifadə edib: “Biz konkret olaraq “amma”lar və “əgər”lərsiz Ukraynanın tərəfindəyik. Hazırda Ukrayna ortaq dəyərlərimiz uğrunda mübarizə aparır, beynəlxalq hüququn təmin olunması, demokratik prinsiplərin qalib gəlməsi üçün savaşır. Məhz buna görə də Ukrayna bu müharibədə qalib gəlməlidir”.
Bütün bu çıxışlara və ritorik dəstəyə baxmayaraq, Ukrayna prezidenti Vladimir Zelenski ilə yaxın vaxtlarda gözlənilən görüşdə Şarl Mişel və Ursula Fon der Lyayen böyük ehtimalla ukraynalı tərəfdaşlarının gözləntilərini müəyyən çərçivəyə salmağa, limitləməyə çalışacaqlar.
Görünür, Aİ ölkələri müharibə şəraitində olan Ukraynanı birliyə qəbul etməyə tələsmirlər. Fransa prezidenti Emmanuel Makronun təbirincə desək, “Ukraynanın Aİ-yə daxil olması üçün yəqin ki, onilliklər lazım olacaq”. Hətta ötən iyun sammitində Ukraynanın namizədliyini dəstəkləyən İttifaq liderləri də etiraf ediblər ki, ölkənin quruma faktiki qoşulması üçün ən azı bir neçə il keçməlidir. Serbiya, Çernoqoriya kimi namizəd ölkələr uzun illərdir, Türkiyə isə on illərdən bəri İttifaqa qəbul olunmasını gözləyir.
Bir çox ekspertlər Brüsselin Kiyev qarşısında xüsusi məsuliyyət daşıdığı barədə fikirlər səsləndirirlər; çünki yaxın keçmişdə Ukraynanın eks-prezidenti Viktor Yanukoviç Rusiyanın göstərişiylə Aİ ilə siyasi və iqtisadi assosiasiya sazişindən çıxmaq qərarı verəndə bu qərar Ukrayna vətəndaşlarının narazılığı ilə qarşılanmışdı. O zaman Yanukoviçin bu addımı xalqın küçələrə tökülməsi və 2014-cü ildə Maydan hərəkatının alovlanması ilə nəticələnmişdi. Bəzi ekspertlərin fikrincə, bugünkü müharibənin özülü də məhz həmin etirazlar zamanı qoyulub.
Ukrayna nədən Aİ üçün arzuolunmaz sayılır?
Hazırda Ukraynanın Aİ-dəki yaxın müttəfiqləri, məsələn, Polşa və Baltikyanı ölkələr Kiyevin İttifaqa üzv olma cəhdlərini var qüvvələri ilə dəstəkləyir, Ukraynanı ümumi düşmənə dirəniş göstərən demokratiya savaşçısı kimi təqdim edirlər. Ancaq Qərbi Avropa ölkələri bu məsələdə daha ehtiyatlı davranış sərgiləyir. 45 milyon nəfərdən çox əhalisi olan Ukraynanın və İttifaqın üzvü, 38 milyonluq Polşanın Avropa İttifaqında siyasi qüvvə kimi Almaniyaya rəqib ola biləcəyi ehtimalı da nəzərdən qaçırılmır. Avropa mediasında Ukraynanın Aİ büdcəsinə ağır xərc və yersiz gərginlik gətirəcəyi ilə bağlı məqamlara da vaxtaşırı eyham vurulur.
ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Ukrayna İqtisadiyyatını Bərpa Komissiyasının baş vitse-prezidenti və direktoru Daniel Runde Avropa İttifaqının bu məsələyə ikibaşlı yanaşmasını kəskin tənqid edib: “Bəzi Aİ ölkələri Ukraynanın İttifaqa qoşulmasını istəmir. Onların bəhanəsi əsasən Ukraynanın ərazi və əhali baxımından böyüklüyü, eyni zamanda, guya onlarla “ortaq dəyərləri paylaşmaması”dır. “Ortaq dəyərlər” dedikdə isə Ukrayna əhalisinin dindar və mühafizəkar olması barədə iddialar, eləcə də, bütün Aİ-n? doldura biləcək çox ucuz işçi qüvvəsi nəzərdə tutulur”.
Rundenin xatırlatmasına görə, eyni arqumentlər vaxtilə İspaniya və Polşaya qarşı da irəli sürülmüşdü: “Lakin zamanla bu ölkələrin hər ikisi zənginləşdi. İndi iqtisadi və sosial imkanlarını Aİ-yə üzv dövlətlərlə bölüşən hər iki dövlət İttifaqın çiçəklənməsinə əsas töhfə verən üzvlər sırasındadır”, - deyə ABŞ rəsmisi bildirib.
Ortaq dəyər kimi xristianlıq amilinə gəldikdə, qeyd etmək lazımdır ki, Qərbi Avropa ölkələrinin əhalisi əsasən katolik olduğundan pravoslav ukraynalılara qarşı dini təəssübkeşlik baxımından çox da həssas deyil.
Aİ-nin müharibə zonasında ilk sammitindən gözləntilər
Hazırda gözlər Kiyevə dikilib. Cümə günü Ukrayna paytaxtında keçiriləcək Aİ sammiti aktiv müharibə zonasında baş tutan ilk İttifaq toplantısı kimi tarixə düşəcək.
Zelenski hökuməti (baş nazir səviyyəsində) Ukraynanın bu həftə içində konkret sahələrdə “əsaslı irəliləyiş” əldə edə biləcəyinə ümidlidir. Ukrayna hakimiyyəti Kiyev sammitinin ölkənin Aİ-yə istiqamət götürdüyü yolda əsaslı irəliləyişə təkan verəcəyini düşünür. Buraya məhsul ixracatı üçün vizasız rejim haqqında saziş, Ukrayna ixrac məhsullarına gömrük rüsumlarının daha bir il müddətinə dayandırılması, SEPA ödəniş sxeminə (Vahid Avro Ödəniş Sahəsi) qoşulmanın sürətləndirilməsi, Ukraynanın Aİ mobil rouminq zonasına daxil edilməsi kimi proseslər aiddir.
Korrupsiya qalmaqalları AB-yə gedən yolu bağlaya bilər
Bütün bu plan və ehtimallarla birgə Ukraynanın Aİ-yə daxil olmasında əsas maneələrdən biri hələ də aradan götürülməmiş qalır. Söhbət korrupsiya ilə mübarizədən gedir. Əvvəlki yazılarımızda Ukraynada yüksək rütbəli dövlət məmurlarının korrupsiya qalmaqalları nəticəsində istefaya göndərilməsi barədə yazmışdıq. Dövlət satınalmalarındakı korrupsiya faktları hazırda Aİ-yə üzvlük yolunda ciddi-cəhdlə çalışan Ukrayna hakimiyyəti üçün başağrısına çevrilib.
Doğrudur, Şmıqal bu istefaları Zelenski hökumətinin korrupsiya ilə mübarizəsində ciddi uğur kimi qiymətləndirir. O, yanvar ayı ərzində korrupsioner məmurların ildırım sürəti ilə işdən çıxarılmasını hakim komandanın “korrupsiyaya qarşı sıfır dözümlülüyü” ilə əlaqələndirir. Sitat: “Əlbəttə, Ukraynada korrupsiya dünən yaranmayıb, amma biz onun kökünü kəsəcəyimizə əminik”.
Şmıqal “Politiko”ya müsahibəsində bunu da bildirib ki, hökumət Avropa Komissiyasının və Avropa İttifaqının məsləhətçi orqanı olan Venesiya Komissiyasının tələblərini yerinə yetirmək üçün ölkənin Konstitusiya Məhkəməsi ilə bağlı son qanunvericiliyinə yenidən baxmağa da hazırdır.
Şübhəsiz, Kiyev sammitini Moskva da yaxından izləyəcək. Toplantıda Rusiyaya yönəlik yeni mesajların veriləcəyi gözlənilir. Ümumilikdə Kiyev sammiti Ukraynanın üzvlük məsələsini həll edə biləcəkmi? Avropa Birliyi verdiyi vədləri yerinə yetirəcəkmi? Hazırda Ukrayna ictimaiyyətini düşündürən əsas suallar bunlardır.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
22 Mart 19:57

Xəbər lenti
22 Mart 17:19

Maraqlı
22 Mart 13:28

Xəbər lenti
22 Mart 12:51

İqtisadiyyat
22 Mart 10:06

Xəbər lenti
22 Mart 09:40

Xəbər lenti
21 Mart 22:40

Dünya
21 Mart 22:30

Xəbər lenti
21 Mart 22:08

Xəbər lenti
21 Mart 20:00

Gündəm
21 Mart 19:16

Xəbər lenti
21 Mart 18:55

Xəbər lenti
21 Mart 17:26

Xəbər lenti
21 Mart 15:23

Siyasət
21 Mart 14:27

Xəbər lenti
21 Mart 13:58

Xəbər lenti
21 Mart 12:17

Xəbər lenti
21 Mart 10:45

Xəbər lenti
21 Mart 10:44

Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31

Gündəm
18 Mart 12:25

Turizm
18 Mart 12:00

Xarici siyasət
18 Mart 11:30

Analitik
18 Mart 11:15

MEDİA
18 Mart 11:00

Siyasət
18 Mart 10:55

Xəbər lenti
18 Mart 10:47

Xəbər lenti
18 Mart 10:37

Siyasət
18 Mart 10:35
