Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / İrana qarşı beşinci sanksiyalar paketi qüvvədə

İrana qarşı beşinci sanksiyalar paketi qüvvədə

23.02.2023 [10:39]

İran rejiminin həyata keçirdiyi mühafizəkar və təhdid məzmunlu siyasət həm ölkə daxilində ikrahla qarşılanır, həm də beynəlxalq miqyasda ciddi tənqid olunur. Ölkədə rejimə qarşı etirazlar getdikcə genişlənir. Deyə bilərik ki, mollakratiya hakimiyyətinin ideoloji əsasları sarsılıb. Eyni zamanda, beynəlxalq miqyasda İrana qarşı koalisiya formalaşıb. Bu koalisiyada ABŞ başda olmaqla Avropa İttifaqı (Aİ) ölkələri yer alırlar. Bu günlərdə Aİ ölkələrinin xarici işlər nazirləri İrana qarşı yeni sanksiyalar paketini qəbul edib.

Sanksiyalar məngənəsində boğulan İran

Aİ-nin İrana qarşı elan etdiyi yeni sanksiyalar paketi sayca beşincidir. Mollakratiya rejimi artıq uzun illərdir ki, apardığı mühafizəkar və təhdid siyasətinin girovuna çevrilib və sanksiyalar məngənəsində boğulur. Əsasən ABŞ-ın ssenariləri əsasında reallaşdırlan bu sanksiyalar müxtəlif səbəblərlə əlaqələndirilir. Zaman-zaman maraqlı dairələr tərəfindən İranda insan haqlarının, ifadə azadlığının məhdudlaşdırıldığı gündəmə gətirilir. Sanksiyalar bu məhdudiyyətlərdən geri dönməni təmin etmək üçün məcburi qaydada əl atılan bir vasitədir.

İran, həmçinin uzun müddətdir ki, nüvə fəaliyyətinə görə Qərbdən gələn genişmiqyaslı sanksiyalarla üzləşib. ABŞ İranın nüvə proqramını qlobal təhlükəsizliyə təhdid kimi dəyərləndirir. Qonşu dövlət isə proqramın reallaşdırılmasının onun üçün hədəf olduğunu bildirir. Nüvə proqramına görə tətbiq olunan sanksiyalar əsas etibarı ilə qonşu dövlətin neft ixracının məhdudlaşdırılmasını əhatə edir. Xatırladaq ki, Birləşmiş Ştatlar  müxtəlif iddialar səsləndirərək Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılmış geniş miqyaslı sanksiyaları bərpa etdi. Təbii ki, ixracdan gələn neft gəlirlərinin azalması İran iqtisadiyyatına özünün mənfi  təsirlərini göstərir.

Son vaxtlarda İrandan Rusiyaya müxtəlif növ silahların, o cümlədən pilotsuz uçuş aparatlarının, kamikadze dronların satılmasını təsdiqləyən faktlar da İranı yenidən kollektiv Qərbin sanksiyalarının ünvanına çevirib. Bununla bağlı müzakirələr Ukraynada, o cümlədən də Kiyev şəhərində yaşanan son hadisələrin fonunda gündəmə gəlib. Ukraynaya edilən hücumlarda dronlardan geniş istifadə olunur. Ukrayna Müdafiə Nazirliyi bu hücumları İranın Təyyarə İstehsalat Sənayesi Şirkəti (HESA) tərəfindən buraxılan “Şahd-136” tipli kamikadze pilotsuz təyyarələrin həyata keçirdiyini açıqlayıb. İran Rusiyaya, həmçinin “Fath-110” və “Zülfqar” raketləri də tədarük etməyə hazırlaşır. Bu ballistik raketlər uzaqmənzillidir (300 və 700 kilometr məsafə). İranın Rusiya, həminin 2400 kilometrə qədər məsafədəki hədəfləri vuran onlarla “Mohajer-6” və “Şahd-136” kamikadze - tədarük etməyə hazırlaşdığı iddia olunur.

Geniş müzakirələrə yol açan bu kimi faktlar kollektiv Qərb üçün İranı yeni sanksiyalarla cəzalandırmaqdan ötrü daha bir fürsət oldu. Kollektiv Qərb, həmçinin İranda baş verən son hadisələr fonunda bu ölkənin informasiya nazirinə, əxlaq polisinə və digər yüksək vəzifəli məmurlarına qarşı sanksiyalar tətbiq edib. 2023-cü ilin əvvəlindən Avropa İttifaqı insan hüquqlarını pozduğuna görə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) sanksiya tətbiq edib. Bu barədə Aİ-nin rəsmi jurnalında məlumat dərc olunub. Bildirilib ki, “qara siyahı”ya, həmçinin İrana bağlı 18 fiziki və 19 hüquqi şəxs, o cümlədən idman və gənclər naziri Seyid Həmid Hazaveh Səccadi, asayişin təmin edilməsi qərargahının rəhbəri Seyid Mohammed Saleh Haşimi Qolpayeqani, Sənəndəcin (Kürdüstan əyaləti) başçısı Həsən Əsgəri, İran Hüquq-Mühafizə Qüvvələri, həmçinin “Radis Vira Tejarat Co.” şirkəti daxil edilib.

İnsan haqlarının pozulması narazılıqlar yaradır

13 sentyabr 2022-ci il tarixindən İranın həyatı yeni məcraya istiqamətlənib desək, əsl həqiqəti ifadə etmiş olarıq. Həmin tarixdə İranın əxlaq polisi hicab qaydalarını pozma ittihamı ilə gənc Məhsa Əminini həbsə aldı. Məhsa Əmini həbsə alınandan üç gün sonra dünyasını dəyişdi. Hakimiyyət ciddi-cəhdlə təkzib etsə də, cəmiyyət “gənc qadının fiziki zorakılığın qurbanına çevrildiyi” qənaəti ilə etirazlara başladı. Artıq həmin tarixdən beş aydan çox vaxt ötsə də, etirazlar səngimək bilmir. Etirazlar dalğası ölkənin əksər bölgələrini bürüyüb, bu gün bütün İran çalxalanır. Rejimin gah bu, gah da digər məkanlarda repressiyalar tətbiq etməsi, hətta silahları işə salması nəticə vermir. Mollakratiya iğtişaş ocaqlarından birini söndürür, bir ünvanda mitinqləri dağıdır, kimləri isə həbsə alır, sonradan məlum olur ki, yeni ünvanlarda yeni etiraz dalğaları daha izdihamlı şəkildə baş qaldırıb.

Bütün bunların fonunda Aİ mollakratiya rejimini daha sərt şəkildə cəzalandırmaq üçün bu ölkəyə qarşı sanksiyaların əhatə dairəsini daha da genişləndirib. Elan olunan yeni sanksiyalar paketinə əsasən, Aİ ölkələri İranın irşad və mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili və təhsil naziri Yusuf Nuri də daxil olmaqla 32 şəxs və 2 təşkilata sanksiya tətbiq edəcək. Sanksiyalar siyahısına olanların aktivlərinin dondurulması, Aİ ölkələrinə səfərlərinin qadağan edilməsi, bu şəxslər və təşkilatların maliyyələşdirilməsinin qarşısının alınması daxildir.

Siyahıda iki nazirlə yanaşı, bəzi deputatlar, polis qüvvələri və ədliyyə orqanlarının üzvləri, bəzi həbsxanaların məsul şəxsləri, İran İnqilabı Keşikçiləri Korpusu, Hüquq Mühafizəsinə Yardım Fondu və Elm və Sosial Tədqiqatlar İnstitutunun rəsmiləri də var. Bütövlükdə, son qərarla İrana qarşı sanksiya siyahısında olan şəxslərin sayı 196-ya, təşkilatların sayı isə 33-ə yüksəlib.

Digər tərəfdən, Aİ xarici işlər nazirlərinin toplantısı ilə paralel şəkildə, Belçikanın paytaxtı Brüsseldə bir çox Avropa ölkəsindən olan iranlı müxaliflər də nümayiş keçiriblər. Şimal Vağzalına toplaşan minlərlə insan Aİ qurumlarının yerləşdiyi Şuman meydanına doğru yürüş edib. İranda M.Əmininin ölümündən sonra başlayan nümayişlərə müdaxiləyə və nümayişçilərə verilən cəzalara etiraz edən nümayişçilər Aİ-dən İran İnqilab Keşikçiləri Ordusunun “terror təşkilatları siyahısı”na salınmasını tələb ediblər.

MÜBARİZ

Paylaş:
Baxılıb: 183 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Xarici siyasət

50 illik qadağa

02 İyun 10:42

Gündəm

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30