Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / İran son 7 gündə...

İran son 7 gündə...

08.03.2023 [11:35]

Ötən il sentyabrın 13-də gənc Məhsa Əmininin İranın əxlaq polisi tərəfindən hicab qaydalarını pozma ittihamı ilə həbsə alınmasından və məhbəsdə öldürülməsindən sonra İranda bu ölkənin siyasi hakimiyyətinə qarşı başlayan etirazlar səngimək bilmir. 1979-cu ildə qurulan rejimin banilərinin və indiki hakimiyyətin təmsilçilərinin portretlərinin etirazçılar tərəfindən yandırılması və yaxud ayaqlar altına atılaraq tapdalanması ona dəlalət edir ki, artıq mollakratiyanın ideoloji əsasları sarsılıb. Bu günlərdə ölkədən ziddiyyətli xəbərlər gəlir. Genişlənən etirazlar fonunda hakimiyyətin çaşqınlığı aydın şəkildə hiss olunur. Rejim özünün siyasi ömrünü uzatmaqdan ötrü müxtəlif çabalamalar sərgiləyir. Bir tərəfdən etirazçılara qəzəb püskürülür, basqılar edilir, digər tərfdən isə hakimiyyət diqqəti daxili gərginlikdən yayındırmaqdan ötrü müxtəlif səpkili manipulyasiyalara əl atır.

Qadınların ayağına gələn rejim

İranda kütləvi hal alan hazırkı etirazlar qadın hərəkatı fonunda alovlandığı kimi, hakimiyyət də öz qəzəbini ilk növbədə zərif cinsin təmsilçilərinə qarşı yönəldib. Ölkədə öz hüquqları uğrunda mübarizə aparan və bütün cəmiyyəti də arxasınca ayağa qaldıran qadınlara qarşı

qisasalma əməliyyatları ən müxtəlif formalarda həyata keçirilir. İndiyədək başqalarına da görk olsun deyə bir neçə qadının edamı reallaşdırılıb. Qadınlar repressiyalar tətbiq edilməklə qorxudulur və ən müxtəlif bəhanələrlə həbsə alınırlar. Məhbəsdə isə onları fiziki təzyiqlərlə yanaşı, həm də mənəvi işgəncələr gözləyir. Həbsxana divarları arasında siyasi fəal qadınların güc strukturlarının maskalı əməkdaşları tərəfindən ələ salınmaları və zorlanmaları faktları artıb. Həbs müddəti bitən gənc qızlar həbsxanalarda üzləşdikləri belə faktlar barədə KİV-ə tükürpədici müsahibələr verirlər.

İran rejimi hər bir vəchlə ona nail olmaq istəyir ki, ölkədə qadınlar qapalı həyat sürsünlər, təhsildən, ictimai həyatdan kənarda qalsınlar. Bu məqsədlə rejimin əl atdığı çirkin vasitələrdən biri də təhsil ocaqlarında qızların kütləvi şəkildə zəhərlənməsidir. KİV-də bununla bağlı kədərli statistika dərc olunur. Ötən ilin noyabrından bəri İranda ən azı 700-ə yaxın qızın zəhərləndiyi müəyyən edilib. Zəhərlənənlərin böyük əksəriyyəti məktəbli qızlardır. Hələlik zəhərlənənlər arasında ölənlər olmasa da, onlarla yeniyetmə qız tənəffüs problemi, ürəkbulanma, başgicəllənmə və halsızlıq kimi simptomlarla xəstəxanalara yerləşdiriliblər. İranın dini mərkəzi sayılan Qum şəhəri qızların kütləvi zəhərlənməsinin episentri sayılır. İlk zəhərlənmə hadisəsi 30 noyabr 2022-ci il tarixində Qumdakı Nur Texniki Liseyində qeydə alınıb. Bəhs olunan hadisə zamanı 18 şagird xəstəxanaya yerləşdirilib. Bundan sonra Qumda və ölkənin digər bölgələrində oxşar hadisələr daha bir neçə dəfə təkrarlanıb. Bütövlükdə, İranın 31 vilayətinin 10-da 30-dan çox məktəb və universitetdə qızların zəhərlənməsi halları baş verib.

Qızların kütləvi şəkildə zəhərlənməsi ölkə boyunca etirazları daha da coşdurub. Tehranda və digər şəhərlərində tələbə qızların zəhərlənməsi ilə bağlı etiraz aksiyalarının martın ilk günlərində davam etdiyi bildirilir. Valideynlərin Təhsil Nazirliyinin qarşısında və məktəblərin önündə təşkil etdikləri etiraz aksiyaları hakimiyyət əleyhinə nümayişlərə çevrilib. Onlar inqilab keşikçilərini İŞİD terrorçuları adlandıran şüarlar səsləndiriblər. Hazırda paytaxt Tehranla yanaşı, İsfahan və Rəşt şəhərlərində minlərlə insanın qatıldığı aksiyalar davam edir. Aksiyalarda İran rejimindən qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması və əxlaq polisinin ləğv edilməsi tələb olunur.

İran rejimi indiyədək and-aman edirdi ki, ölkə üzrə qızların zəhərlənməsində hər hansı bir siyasi niyyət olmayıb. Ancaq getdikcə artan valideyn etirazları və aşkarlanan faktlar fonunda hakimiyyət cidanı çuvalda gizlədə bilmədi. Bu günlərdə İranın təhsil və təlim naziri Yusuf Nuri qız şagirdlərin zəhərlənməsinə görə üzr istəyib. Nuri məsələ ilə bağlı dövlət komissiyasının yaradıldığını və hadisənin araşdırıldığını bildirib. İranlı nazir qızların təhsil aldığı məktəblərdə distant təhsilin aparılması məsələsinə münasibət bildirərkən qeyd edib ki, hələlik bu məsələ ilə bağlı qərar yoxdur.

Bəsic bazası yandırıldı

Rejimin etirazları repressiyalar, kütləvi həbslər tətbiq etməklə səngitməyə çalışması əks effekt verir. Ölkədə insanların güc strukturlarına qarşı qəzəbi son həddə çatıb. Bunun təsdiqi olaraq aksiyalarda güc strukturlarının törətdikləri əməlləri pisləyən şüarlar səsləndirilir. Bu günlərdə polis zorakılığından bezən etirazçılar Zəncanda Bəsic bazasını yandırıblar. Bazanın yandırılmasını əks etdirən video sosial şəbəkələrdə yayılıb və çoxsaylı izləyici marağına səbəb olub.

Qeyd edək ki, Bəsic rejim tərəfindən 1979-cu ilin noyabr ayında yaradılmış paramilitarist könüllü milis təşkilatıdır. Təşkilatın rəsmi adı Bəsic Müqavimət Qüvvəsidir. Bu təşkilat birbaşa ölkənin dini liderindən əmr alır. Hazırda Bəsic rəsmi dini mərasimlərin, sosial xidmətin təşkili və müxalif toplaşmaların yatırılması kimi fəaliyyətlər də daxil olmaqla daxili təhlükəsizlik qoşunlarının yardımçı qoşunu kimi fəaliyyət göstərir.

Bəsic bazasının yandırılması da təsadüfi deyil. Bu qurum İranda etirazların yatırılmasında ən qəddar metodların tətbiqinə əl atmaqdan çəkinmir. Elə buna görə də etirazçılar Bəsic qüvvələrinə öz nifrətlərini gizlətmirlər.

Nüvə silahı istehsalına imkan verilməməlidir

İran beynəlxalq təzyiqlərə məhəl qoymayaraq nüvə proqramını gizli şəkildə inkişaf etdirir. Ölkədəki  nüvə obyektlərində təftiş keçirən beynəlxalq müfəttişlər bir neçə gün bundan əvvəl 84 faiz zənginləşdirilmiş uran aşkar ediblər. Bu faktı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin özləri də təsdiqləyiblər. Bu o anlama gəlir ki, İran uranın dərin zənginləşdirilməsinə nail olub və nüvə silahı istehsalına çox yaxındır.

Gözlənildiyi kimi, İranın nüvə silahı istehsalında son mərhələyə qədəm qoyması bütün dünyada böyük narahatlıq yaradıb. Bu günlərdə İsrailin, ABŞ-ın, ayrı-ayrı Avropa ölkələrinin yüksəksəviyyəli rəsmilərindən İranın, nəhayət, dayandırılması ilə bağlı çağırışlar eşidilir. Bu narahatlıqlar başadüşüləndir. Çünki İran terroru dəstəkləyən ölkədir. Belə rejimlərin kütləvi qırğın silahına malik olması bütün region üçün böyük təhdidlər yaradır. Əlavə edək ki, hazırda bu ölkə bir sıra qonşu dövlətlərlə münaqişə vəziyyətindədir.

Beynəlxalq səviyyədə artan narahatlıqlar fonunda Beynəlxalq Atom Enerjisi Agentliyi hərəkətə keçib. Qurumun baş direktoru Rafael Qrossi İranın nüvə obyektlərinin monitorinqi üçün kameralar və digər avadanlıqlar quraşdırmağa hazır olduğunu təsdiqləyib. O, bu barədə Vyanada keçirdiyi mətbuat konfransında bildirib. Qurum rəsmisi,  həmçinin agentliyin 83.7% zənginləşdirilmiş uran hissəciklərinin aşkar edildiyi İranın Fordo zavodunda 50% daha çox yoxlama təşkil edəcəyini bildirib. Qrossi əlavə edib ki, Tehrana səfəri zamanı bir çox məsələlər, xüsusən də insanların məlumat əldə etmək, vacib yerlərə və konkret materiallara çıxışı ilə bağlı razılıq əldə olunub. “Düşünürəm ki, məni eşitdilər. Ümid edirəm ki, tezliklə nəticələri görəcəyik”, - deyə o bildirib.

Əfqanıstana açılan atəş...

ABŞ-ın Əfqanıstan üzrə sabiq xüsusi elçisi Zalmay Xəlilzad İranı “Əl-Qaidə” şəbəkəsinin mərkəzi adlandırıb. Zalmay Xəlilzad bu fikri TOLOnews telekanalına müsahibəsində səsləndirib. “Bir vaxtlar Əfqanıstan “Əl-Qaidə” şəbəkəsinin fəaliyyət mərkəzi idi. İndi bunu İran edir”, - deyə o bildirib. Sabiq elçi ABŞ Prezidenti Cozef Bayden administrasiyasını İrana qarşı əlavə sanksiyalar tətbiq etməyə və Tehranı beynəlxalq arenada təcrid etməyə çağırıb.

İran rejimi hazırda diqqəti daxili etirazlardan yayındırmaq üçün qonşu dövlətlərlə, o cümlədən də Əfqanıstanla münaqişə ocaqları yaratmağa çalışır. Bazar günü İran sərhədçiləri Əfqanıstanın Nimroz əyalətinin inzibati mərkəzi Zaranc şəhərinə artilleriya hücumu edib, nəticədə bir taliban yaraqlısı ağır yaralanıb, yaşayış binası dağıdılıb. Bu barədə Əfqanıstanın “Haşt-e Subh” qəzeti Zarancdakı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, İranla həmsərhəd olan bu əyalətdə Taliban təhlükəsizlik qüvvələrinin qərargahı da atəşə tutulub. Münaqişənin başa çatdığı deyilsə də, səbəbləri haqqında məlumat yoxdur.

MÜBARİZ

Paylaş:
Baxılıb: 448 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30