Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Qara dəniz səmasında ilk toqquşma...

Qara dəniz səmasında ilk toqquşma...

17.03.2023 [10:44]

ABŞ ilə Rusiya üz-üzə

Pentaqonun bəyanatı: Qara dəniz heç kimə məxsus deyil...

Rusiya ilə Qərb arasında gedən “soyuq müharibə”də yeni hadisələr nəzərə çarpmaqdadır. Ukrayna müharibəsi fonunda NATO-nun anti-Rusiya planı üzərində işlədiyi sirr deyil - Rusiya isə münaqişənin sərhədlərinin genişləndirilməsində maraqlı görünmür. Bu baxımdan, müharibə müstəvisində atılan addımlar, müşahidə olunan toqquşmalar böyük səs-küyə səbəb olur. Məsələn, sonuncu dron-qırıcı toqquşması kimi...

Pentaqon təsdiqləyib...

Qeyd edək ki, martın 14-də Rusiya qırıcı təyyarəsi Qara dəniz üzərində ABŞ-a məxsus dronla toqquşub. Bu barədə ABŞ ordusu məlumat yayıb. Bildirilib ki, Rusiyaya məxsus iki qırıcı təyyarə beynəlxalq hava məkanında gündəlik missiyasında olan ABŞ dronunun qarşısını kəsməyə çalışıb. ABŞ-ın Avropa komandanlığının məlumatında bildirilib ki, “rusların təhlükəli və qeyri-peşəkar davranışları” dronla qırıcı təyyarələrdən birinin toqquşmasına səbəb olub. Məlumatda qeyd olunub ki, ABŞ və müttəfiqləri sözügedən ərazidə əməliyyatlarına davam edəcək.

Məsələ ilə bağlı Pentaqon “Fox News”a faktı təsdiqləyib. Bildirilib ki, Rusiya qırıcısı ilə Qara dəniz üzərində toqquşan dron ABŞ istiehsalı olan “MQ-9 Reaper” dronudur. Toqquşmadan sonra dron Krım yaxınlığında Qara dənizə düşüb. İnsidentdə iştirak edən qırıcı təyyarənin isə Krıma doğru hərəkət etdiyi daha sonra orada eniş etdiyi bildirilib

Vurulan dron Niderlanda məxsus olub?

Məsələ qısa zamanda həm Qərb, həm də Rusiya mətbuatının əsas gündəminə çevrilib. Məsələn, “France-Presse” agentliyinin Qərb hərbçiləri arasında olan mənbələrindən biri deyib ki, “nəsə baş verdi, amma pilotsuz təyyarənin vurulması ilə bağlı heç bir təsdiqimiz yoxdur. İstintaq aparılır”. Eyni zamanda, dronun ABŞ istehsalı olduğu məlum olsa da, hansı dövlətə məxsus olması, daha doğrusu Ukraynaya hansı ölkə tərəfindən təqdim edilməsi məlum deyil. Xatırladaq ki, “MQ-9 Reaper” ABŞ və müttəfiqlərinin, ümumilikdə, NATO-nun aparıcı dövlətlərinin silahlı qüvvələri tərəfindən istifadə olunur. Dron, eyni zamanda, müntəzəm olaraq Qara dəniz üzərindəki səmalarda müşahidə missiyası həyata keçirir. Dronun Ukraynaya hansı yolla gəlməsində isə oxlar Niderlanda “tuşlanır”. Çünki bundan əvvəl də Niderlanda Müdafiə Nazirliyi pilotsuz təyyarələri, onları aşkar etmək üçün radarlar, həmçinin minalardan təmizləmək üçün dəniz minaaxtaran gəmilərini Ukraynaya göndərdiyini bəyan etmişdi. Rəsmi Amsterdam isə hələlik bu iddiaları təkzib etməyib...

Rusiya təkzib edir - təmas olmayıb...

KİV-in Rusiya ordusundan aldığı qeyri-rəsmi rəyə görə bu pilotsuz təyyarələr Krımda Rusiya hərbi obyektlərinin və Qara dəniz donanmasının kəşfiyyatını aparırmış - dronun uçuş marşrutu adətən dənizin Krımın cənubundan keçən hissəsini və Rusiya dəniz sərhədini əhatə edir. Rusiya Federasiyasının Müdafiə nazirliyinin rəsmi məlumatında isə bildirilir ki, rus qırıcıları drona qarşı hava-desant silahlarından istifadə etməyib və “pilotsuz uçuş aparatı ilə təmasda olmayıb”. Müdafiə Nazirliyinin məlumatına görə, dronun düşməsi “kəskin manevr nəticəsində” baş verib ki, bu da hündürlüyün itirilməsinə və suyun səthi ilə toqquşmaya səbəb olub.

ABŞ Hərbi Hava Qüvvələrinin komandanı general Ceyms Hekker isə bildirib ki, “MQ-9” dronu beynəlxalq hava məkanında adi əməliyyatlar həyata keçirən zaman Rusiya təyyarəsi tərəfindən vurulub. Onun sözlərinə görə, beynəlxalq qanunlara uyğun olaraq, ABŞ və müttəfiqlərinin təyyarələri beynəlxalq hava məkanında uçuşlarını davam etdirəcək. Ağ Evdən bildirilib ki, hadisə ilə bağlı ABŞ prezidenti Co Bayden məlumatlandırılıb.

Rusiya və NATO bölgəyə hərbi texnika yerləşdirir...

Bəzi xarici ekspertlər isə baş verənləri Ukrayna “cəbhəsi” açılan gündən bəri ABŞ ilə Rusiya arasında ilk toqquşma adlandırıb. “The Guardian”ın beynəlxalq əlaqələr şöbəsinin redaktoru Julian Borger və jurnalist Peter Sauer bununla bağlı məqalədə bildiriblər ki, toqquşma gələcəkdə daha da artma ehtimalı olan oxşar hadisələrin təhlükəsinin anonsu ola bilər. Rusiya və NATO qüvvələri bölgəyə getdikcə daha çox hərbi texnika yerləşdirir.

Rusiya isə pilotsuz təyyarənin Qara dəniz üzərində sadəcə, “uçma” ehtimalını istisna edir - KİV dronun “kəşfiyyat missiyasının bir hissəsi kimi tapşırıqları” yerinə yetirdiyinə əmindir. Rusiya KİV-lərinin fikrincə, dron əslində Krım yarımadasında casusluq edirmiş və bu fakt hətta Qərbdə də inkar olunmur. “Reuters”in jurnalistləri Fil Stüart, İdris Əli və Yelena Harmaş isə Birləşmiş Ştatların Ukrayna ordusuna kömək etmək üçün bölgədə müntəzəm kəşfiyyat uçuşları həyata keçirdiyini yazıb.

Təxribat, yoxsa qəsd - Böyük Britaniya ABŞ-ı dəstəklədi...

Baş verənlər diplomatik müstəvidə də birmənalı qarşılanmayıb. Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının rəhbəri Anatoli Antonov ABŞ-a məxsus pilotsuz təyyarənin Qara dəniz üzərində görünməsini təxribat adlandırıb. “ABŞ ordusunun sərhədlərimizə yaxın ərazidə qəbuledilməz fəaliyyəti narahatlıq doğurur. Onlar Kiyev rejiminin silahlı qüvvələrimizə və ərazimizə zərbə endirmək üçün istifadə etdiyi kəşfiyyat məlumatlarını toplayır”, - Antonov bildirib.

Pentaqonun sözçüsü Con Kirbi isə Amerika pilotsuz təyyarəsinin beynəlxalq sularda fəaliyyət göstərdiyini vurğulayıb. “ABŞ beynəlxalq sular üzərində beynəlxalq hava məkanında fəaliyyətini davam etdirəcək. Qara dəniz heç kimə məxsus deyil”, - deyə Kirbi əlavə edib.

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles də ABŞ-ı dəstəkləyib. Yaponiyaya səfəri zamanı o, Moskvanı beynəlxalq hava məkanına “hörmət” etməyə çağırıb.

103-ü qaldı...

Qeyd edək ki, Qara dəniz sularına qərq olmuş “MQ-9 Reaper” (ilk adı RQ-9 Predator B) “General Atomics Aeronautical Systems” tərəfindən ABŞ Hərbi Hava Qüvvələri, ABŞ Hərbi Donanması və Kral Hərbi Hava Qüvvələri üçün yaradılmış PUA-dır. “MQ-9” ilk zərbəçi PUA sayılır və onun turbopərvanəsi motorun saatda 250 knot sürət yığmasını və 40.000 feet hündürlüyə çıxmasını təmin edir. “MQ-9 Reaper” UAV-nin uçuş müddəti 20 saat təşkil edir. Dron 1.5 ton ağırlığında sursat daşımaq qabiliyyətinə malikdir. “General Atomics MQ-1” Predator PUA-larının baza modeli əsasında yaradılmış olan “General Atomics MQ-9 Reaper” PUA-larından cəmisi 104 ədəd istehsal edilib. Bu dronların istifadəçiləri isə Böyük Britaniya, ABŞ, İtaliya, Fransa və Niderlanddır. Ümumi xüsusiyyətlərinə gəldikdə isə, ekipajsız idarə edilən dronun uzunluğu11 m (36 ft 1 İnç), hündürlüyü 3.81 m-dir (12 ft 6 in). Qanad eni: 20 m (65 ft 7 in), boş ağırlığı 2,223 kq (4,901 fund), maksimum yükgötürmə qabiliyyəti isə 4,760 kq-dır (10,494 lb). Dronun performansı da yüksək göstəricilərə malikdir. Belə ki, maksimum sürəti 482 km/saat (300 mil/saat; 260 knot) olan dronun kreyser sürəti:313 km/saatdır. Havada qalma müddəti: 14 saat (tam yüklü vəziyətdə) olan “MQ-9”-un əməliyyat hündürlüyü 7.500 m-dir. Dron “Hava-Hava”, “Hava-Yer” tipli, Hellfire döyüş raketləri və GBU-12 Lazer Başlıqlı Bombalar daşıyır. Drona GPS izləyici də qoşulub.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31