Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Putinin “nüvə portfeli” dünyanın sonunu gətirə bilərmi?

Putinin “nüvə portfeli” dünyanın sonunu gətirə bilərmi?

31.03.2023 [10:40]

Rusiya prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahları yerləşdirmək planlarını açıqlayıb. Onun bu hərəkəti, əslində, Ukraynaya hərbi dəstəyi artıran Qərbə xəbərdarlıq kimi də başa düşülə bilər. Putin deyib ki, onu bu addımı atmağa vadar edən tükənmiş uran tərkibli  mərmiləri Ukraynaya ötürən Böyük Britaniya olub. Rusiya prezidenti əlavə edib ki, onların bu addımı ABŞ-la bağladıqları nüvə silahının yayılmaması haqqında sazişi  pozmayacaq.

Taktiki nüvə silahları haqqında

Taktiki nüvə silahları döyüş zamanı istifadə üçün nəzərdə tutulan çevik silahlardır. Bu silahlar uzaqmənzilli raketlərə quraşdırılan güclü nüvə başlıqları ilə müqayisədə qısamənzillidir və aşağı məhsuldarlığa malikdir. Taktiki nüvə silahları barədə danışan Putin qeyd edib ki, Rusiya Belarusa göndərdiyi sursatı nəzarətdə saxlamağı  planlaşdırır. Silahların yerləşdiriləcəyi anbarların hazırlanması iyulun 1-nə qədər tamamlanacaq.

Putin Belarusda saxlanacaq nüvə silahlarının sayı ilə bağlı konkret rəqəm açıqlamayıb. Kreml rəhbəri onu da bildirib ki, Rusiya taktiki nüvə silahlarını Belarusda yerləşdirməklə öz nüvə silahlarını Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyədə yerləşdirmiş ABŞ-dan nümunə götürüb.

Putin Rusiyanın dövlət televiziyasına müsahibəsində nüvə silahları məsələsi ilə bağlı ABŞ-dan örnək götürdüklərini belə izah edib: “Biz onların onilliklər ərzində etdiklərini indi edirik. Nüvə silahlarımızı müttəfiqimiz olan bir neçə  ölkədə yerləşdiririk, buraxılış platformaları və təlim ekipajları hazırlayırıq. Biz də ABŞ kimi eyni şeyi edəcəyik”.

Maraqlıdır ki, ABŞ Dövlət Departamentindən Putinin məlum çıxışına xüsusi reaksiya verilməyib. Zənn etmək olar ki, Bayden administrasiyası Putinin açıqlamasından çox da narahat deyil. Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Vatson isə Putinin məlum açıqlamasından doğacaq nəticələri ABŞ rəsmilərinin izlədiyini bildirərkən belə deyib: “Biz öz strateji nüvə mövqeyimizə yenidən baxmaq üçün heç bir səbəb görmürük. O cümlədən Rusiyanın da nüvə silahından istifadə etməyə hazırlaşdığına dair hər hansı əlamət müşahidə etməmişik. Ümumilikdə isə biz NATO alyansının kollektiv müdafiəsinə sadiqik”.

ABŞ sözçüsünün bu açıqlamasına baxmayaraq, siyasi ekspertlər Rusiya nüvə silahlarının Belarusa daşınmasının Ukrayna müharibəsini daha da qızışdıracağını düşünürlər. Məsələ orasındadır ki, bu silahlar təkcə Ukraynanı nəzarətə götürməklə məhdudlaşmayacaq. Rusiya hərbi arsenalının Belarusa daşınması həm də Polşa, Litva, Latviya kimi NATO üzvü olan ölkələri də təhdid altında saxlamağa hesablanıb.

Rusiyanın hərbi arsenalına nələr daxildir

Rəsmi məlumatlara görə, Sovet İttifaqından miras qalmış silahlara sahib çıxan Rusiya dünyada ən böyük nüvə başlığı ehtiyatına malikdir. Amerika Alimləri Federasiyasının məlumatında bildirilir ki, Putin 2022-ci ilə qədər təxminən 5977, ABŞ prezidenti Co Bayden isə 5428 belə döyüş başlığına nəzarət edir.

İndiyə qədər beynəlxalq müqavilələrə əsasən Rusiya təxminən 1500 döyüş başlığını istismardan çıxarıb, lakin onların hələ də yararlı olduğu güman edilir. 2889 döyüş başlığı isə hələ də ehtiyatdadır. Onlardan 588-i yerləşdirilmiş strateji döyüş başlığıdır (Qeyd edək ki, ABŞ-da 1644 strateji nüvə başlığı yerləşdirilib). “Atom Alimləri Bülleteni”nin (Bulletin of the Atomic Scientists) məlumatına görə, Rusiyadakı aktiv nüvə başlıqlarının 812-si quruda yerləşən ballistik raketlərdə, 576-sı sualtı qayıqlarda quraşdırılan ballistik raketlərdə, təxminən 200-ü isə ağır bombardmançı bazalarda yerləşdirilib.

Amerika Alimlər Federasiyasının məlumatına görə, Çində 350, Fransada 290, İngiltərədə 225 döyüş başlığı var. Soyuq müharibə illərində Sovet İttifaqının arsenalında 40.000 nüvə başlığı, ABŞ-ın arsenalında isə 30.000-ə yaxın döyüş başlığı ehtiyatı vardı.

Rusiyada 400-ə yaxın nüvə başlığı olan ICBM var. “Atom Alimləri Bülleteni” bu ICBM-ların 1185 döyüş başlığı daşıya biləcəyini ehtimal edir. Şimal qonşumuzun bundan başqa, 800-ə qədər döyüş başlığı daşıya bilən nüvə silahlı on sualtı qayığa da var. Rusiya nüvə bombardmançılarının sayı isə 60-70 arasındadır.

Nüvə silahının işə salınması

Rusiyanın nüvə doktrinasına görə, ölkəyə məxsus strateji və qeyri-strateji nüvə silahlarının istifadəsi ilə bağlı yekun qərarı Rusiya prezidenti verir. Başqa sözlə, “Çeget” adlandırılan nüvə çamadanı daim prezidentin nəzarətindədir. Rusiyada bu portfelin həm müdafiə naziri Sergey Şoyquda, həm də baş qərargah rəisi Valeri Gerasimovda olduğu güman edilir. Portfel ölkə prezidentini ali hərbi rəhbərlik, “Kazbek” elektron idarəetmə şəbəkəsi və raket qoşunları ilə birləşdirən əlaqə vasitəsidir.

Əgər Rusiya strateji nüvə hücumu təhlükəsi ilə üzləşdiyini güman etsə, prezident bu rabitə sistemi vasitəsilə Baş Qərargah Komandanlığına və nüvə kodlarına sahib olan ehtiyat birliklərə nüvə silahının birbaşa işə salınması barədə əmr göndərə bilər. Ölkəyə nüvə hücumu təsdiqlənərsə, Putin “Ölü əl” və ya “Perimetr” adlanan son şans sistemini, nüvə zərbələrindən avtomatik qorunmaq üçün kütləvi cavab kompleksini işə sala bilər. Bununla da adi bir kompüter vasitəsilə dünyanın sonu çata bilər.

Belarusun mövqeyinə gəlincə, Putin bildirib ki, Aleksandr Lukaşenko çoxdandır NATO blokunun əksinə olaraq nüvə silahının yenidən öz ölkəsində yerləşdirilməsini istəyir. Putin onu da qeyd edib ki, ötən il Rusiya həm də Belarus hərbi təyyarələrinin nüvə başlıqları daşımaq üçün təkmilləşdirilməsinə kömək edib. Onun sözlərinə görə, artıq on belə təyyarə uçuşa hazırdır və nüvə başlıqları Rusiyanın ötən il Belarusa verdiyi yaxınmənzilli “İsgəndər” raketləri ilə də buraxıla bilər.

Göründüyü kimi, dünyada ən çox nüvə başlığına sahib olan Rusiya bəşəriyyətin qara kabusuna çevrilməkdə davam edir. Şimal qonşumuzun əsas rəqibi olan ABŞ isə Rusiya ilə ən azı yaxın müddət ərzində açıq şəkildə üz-üzə gəlmək niyyətində görünmür. Hətta Qara dənizdə ABŞ-a məxsus PUA-nın Rusiya qırıcısı tərəfindən vurulması belə ABŞ-ın öz rəqibinə qarşı təmkinli davranışını pozmadı. Bəzi siyasi şərhçilər isə düşünürlər ki, Rusiyanın dünyada nüvə lideri olması fikri şişirdilmiş və ABŞ tərəfindən dövriyyəyə buraxılmışdır.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31