Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Finlandiya təhdidi böyüyür...

Finlandiya təhdidi böyüyür...

07.04.2023 [11:04]

Rusiyanın nüvə başlıqları ABŞ-ın açıq hədəfinə çevrilə bilər

Kremlin “nüvə ritorikası” reallaşacaqmı?

Skandinaviya yarımadasının Rusiya ilə iki sərhəd dövlətindən birinin -  Finlandiyanın NATO-ya tamhüquqlu üzv olması yeni “Şimal müharibəsi”nə yol aça bilər. Avroatlantik Alyansın Şərqə doğru genişlənməsini həzm etməyən və bunu “qırmızı xətt” adlandıran Rusiya artıq diqqətini soyuq qütbə tərəf döndərir. Kreml açıq şəkildə Finlandiyaya yandırılan “yaşıl işıq”dan narazıdır. Bunu həm dövlət, həm də qeyri-rəsmi diplomatik mənbələrin dili ilə ifadə edir. Maraqlıdır ki, Finlandiyanın Alyans ölkəsi olmasının ardından səslənən bəyanatlarda hədəf olaraq rəsmi Helsinki göstərilmir - bütün aqressiya NATO və qurumun aparıcı üzvlərinə yönəlib. Kremlin səslənən təhdidlərini hələlik susqunluqla dinləyən rəsmi Helsinki də cavab hüququnu NATO-ya “buraxıb”.

Şimal sularında təhlükə...

Alyansın rəsmi Helsinkini “isti qarşılama mərasimi” 83 ildən sonra Finlandiyanı, 301 illik fasilədən sonra isə İsveçi Rusiya ilə qarşı-qarşıya gətirə bilər. Artıq aylardır ki, Kremli fərqli istiqamətlərdən hərbi qarşıdurmaya cəlb etmək uğrunda mübarizə aparan NATO üçün isə bu, yeni bir fürsətdir. Hətta Alyansın “Rusiya ilə açıq qarşıdurmaya getməyəcəyik” bəyanatına baxmayaraq, müharibə qaçılmaz hala gələ bilər. NATO-nun “soyuq sular”da patronajlığı əldə etmək üçün Moskvanı tam zərərsizləşdirmə istiqamətində addımlar atdığı tam şəkildə ortadadır. Başqa sözlə, Yaponiya və Skandinaviyanı anti-Rusiya koalisiyasına qoşmaqla Qərb Moskva ətrafındakı çəmbəri tam daraldır.

Finlandiyanın NATO ölkəsi olması Rusiyanın “nüvə ritorikası”na da mənfi təsir göstərən amillərdəndir. İndiyə qədər Kremlin özünün əsas nüvə başlığı arsenalını Şimal sularında saxladığı bəlli olsa da, dəqiq oriyentirlər, koordinatlar bilinmirdi. Amma bundan sonra NATO “donanması” da Şimal sularına yol alacaq - beləliklə də, Rusiyanın bütün gizli nöqtələri açıq hədəfə çevriləcək. Rusiyanın bu qədər böyük təhlükə qarşısında susacağı inandırıcı görünmür...

Rusiyanın diqqəti ABŞ-dadır...

Təsadüfi deyil ki, artıq Rusiyanın siyasi rəhbərliyi okeanın qarşı tərəfinə yönəlik iddialarını səsləndirir. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fikrincə, Rusiya və ABŞ müharibənin qaynar mərhələsindədir. XİN rəhbəri bunu Vaşinqton?? Kiyevi silahla təmin etməsi ilə əlaqələndirib: “Biz həqiqətən də müharibənin qaynar mərhələsindəyik, çünki ukraynalılar ilk növbədə Amerika silahları ilə vuruşurlar”, - deyə nazir bildirib.

Prezident Putinin münasibəti isə daha qətidir - o bildirib ki, Rusiya və ABŞ arasında münasibətlər dərin böhran içərisindədir. Onun sözlərinə görə, indi dünyada vəziyyət asan deyil: “Çoxlu ziddiyyətlər var. Rusiya istisnasız olaraq bütün ölkələrlə konstruktiv tərəfdaşlığa açıqdır. Biz özümüzü təcrid etmək fikrində deyilik”. Putin bildirib ki, Rusiya heç bir ölkəyə qarşı qərəzli deyil.

Beləliklə, Kreml baş verənlərin Vaşinqtonun planı olduğunu bildiyini qarşı tərəfə “çatdırır”. Mərkəzi Avropada olduğu kimi, Şimalda da döyüşdən qaçmayacağını nümayiş etdirən Moskva üçün bu arzuolunmaz nəticələrə yol aça bilər. Çünki Rusiyanın əsas güvəndiyi silahlar, raketlər və başlıqlar məhz şimal sularında üzən sualtı qayıqlarda saxlanılır. NATO-nun Finlandiyaya gəlməsi isə nüvə qarşıdurmasını yenidən aktuallaşdıra bilər.

NATO hədə ritorikasına keçdi

Qeyd etdiyimiz kimi NATO-nun yeni üzvü Finlandiya bu “müharibə ritorikası”na qarışmır - prosesi kənardan izləyir. NATO rəhbərliyi isə martın sonunda baş tutan Demokratiya Sammitindən sonra yeni yol xəritəsi ilə hərəkət edəcəyini hər kəsə “izah edir”. Məsələn, dünənə qədər Ukraynada “sülhün vacibliyindən” danışan, müharibənin hər iki tərəf üçün ağır nəticələrindən bəhs edən NATO Baş katibi Yens Stoltenberq Alyansın xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən iclasının ikinci günündə etdiyi çıxışı zamanı Prezident Putinin sülhə yox, daha böyük müharibəyə hazırlaşdığını deyib. O bildirib ki, NATO öz təhlükəsizlik imkanlarını gücləndirməyə, Ukraynaya yardım göstərməyə və Rusiyanın təzyiqi altında olan digər tərəfdaşlarına dəstək verməyə davam edəcək: “Mən dünən Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə danışdım. Biz qərara gəldik ki, NATO müttəfiqləri Ukraynaya dəstəyi davam etdirsin və artırsın. Məqsədimiz Ukraynanın qalib gəlməsidir”.

Baş katib NATO-nun Moldova, Gürcüstan və Bosniya və Herseqovina da daxil olmaqla, Rusiyadan təzyiq hiss edən digər tərəfdaşlarını da dəstəkləyəcəyini bildirsə də, əsas istiqamətin şimal olduğu hər kəsə bəllidir - çünki bu gün nə Moldova, nə də digər adıçəkilən dövlətlər açıq hədəf deyillər. Amma Finlandiya artıq NATO üzvü olmaqla açıq hədəfə çevrilib. Çünki Helsinkinin Alyans üzvlüyünə qəbulu Kremlin “sərhəddimdə NATO ölkəsi olmasın” prinsipinin pozulması deməkdir...

Yeni namizəd ABŞ-ın maraqlaına cavab vermir - Fon der Lyayenə qarşı ittifaq

Bəlli olduğu kimi NATO baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti başa çatmaqdadır. Qeyd edək ki, Stoltenberq 2023-cü ilin sentyabrında başa çatacaq səlahiyyət müddətini uzatmaq niyyətində deyil. O, 9 ilə yaxındır ki, baş katibdir və artıq üç dəfə mandatını yeniləyib. Stoltenberqi kimin əvəz edəcəyi olduqca böyük maraq kəsb edir və bununla bağlı artıq bir ildir ki, müzakirələr səngimir. Bu dövr ərzində istər Yaxın Şərqdə baş verənlər, istər Avropadakı fikir ayrılıqları, istərsə də Rusiya - NATO münasibətləri əsas aktuallığı daşıyacaq. Yəni, anqlosakson ittifaqı ilə avrosentristlərin mübarizəsinin qarşıdakı mərhələdə böyük ehtimalını nəzərə alsaq, ABŞ-ın Mərkəzi Avropadan olan namizədə “hə” deyəcəyini gözləmək olmaz. Əksinə, Qərbi Avropa, konkret olaraq Britaniya nümayəndəsi Vaşinqton üçün məqbul sayılacaq. Təsadüfi deyil ki, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin sentyabr ayında Yens Stoltenberqin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar NATO-nun Baş katibi postu uğrunda mübarizəyə qoşulması rəsmi Vaşinqton üçün məqbul sayılmır. NATO üzvü olan bəzi ölkələr, əsasən də Mərkəzi Avropa ölkələri Ursula Fon der Lyayenin artıq oktyabr ayından alyansa rəhbərlik etməsini istəyir. Halbuki onun Avropa Komissiyasının sədri postundakı səlahiyyət müddəti 2024-cü ildə bitəcək. Ekspertlərin fikrincə, bu təyinat çox böyük ehtimalla ABŞ-Böyük Britaniya ittifaqının müqaviməti ilə üzləşəcək. London üzv ölkələrin diqqətini 2013-2019-cu illərdə Almaniyanın müdafiə naziri işlədiyi dövrlərdə Ursula Fon der Lyayenin uğurlu olmayan fəaliyyətinə yönəltməyə çalışacaq.

Analitiklər alyansın baş katibi postuna digər namizədlər arasında Estoniyanın baş naziri Kaya Kallası, Kanadanın baş nazirinin müavini və maliyyə naziri Xristia Frilandı və Böyük Britaniyanın müdafiə naziri Ben Uollesi və keçmiş baş nazir Boris Consonu görürlər.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 481 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30