Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Dinamik əməkdaşlıq formulu

Dinamik əməkdaşlıq formulu

02.05.2024 [19:24]

Azərbaycan Prezidentinin Almaniyaya işgüzar səfəri zamanı keçirilən görüşlər böyük əməkdaşlıq potensialından daha səmərəli istifadə olunmasına imkan yaradacaq.

Hazırda Avropada enerjiyə yaranan ciddi tələbat fonunda Azərbaycan beynəlxalq layihələrinin əhatəsini genişləndirir, resurslarını artırır və daha da önə çıxır. Bu isə ölkəmizin beynəlxalq nüfuzunu artırır, dünyada söz sahibinə çevirir. Almaniya ilə getdikcə dərinləşən və gələcəyə hesablanan hərtərəfli əlaqələr də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ilə Almaniya arasında son illər iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur. İki ölkə arasında ticarət dövriyyəsinin artması fonunda sərmayə qoyuluşlarında da yüksəliş var.

Aprelin 26-da Prezident İlham Əliyev Almaniyaya işgüzar səfəri çərçivəsində Berlin şəhərində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib. Eyni zamanda, Azərbaycan Liderinin Almaniya Federal Kansleri Olaf Şolts ilə ikitərəfli görüşü olub. Azərbaycan və Almaniya rəhbərləri görüşdən sonra birgə mətbuat konfransında çıxış edərək jurnalistlərin suallarını cavablandırıblar. Azərbaycanın dövlət başçısının, həmçinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşü olub.

Bu, son 14 ay ərzində Prezident İlham Əliyevin Almaniyaya dördüncü səfəridir. Ötən ilin martında Berlində, iki ay əvvəl Münxendə Kansler ilə görüşdüyünü xatırladan dövlət başçısı bildirib: “İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir”.

Regional təhlükəsizliyə gəldikdə, Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev xatırladıb ki, cənab Kanslerin dəvətilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşüblər. Almaniyanın xarici işlər naziri xanım Berbok da öz dəstəyini göstərib. Növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atılacaq.

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Dövlət başçısı deyib: “Bizim komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-un ev sahibliyini etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir”.

Dövlət başçımızın bu səfəri sübut etdi ki, Avropa İttifaqının (Aİ) əsas iqtisadi lokomotivi olan Almaniya Azərbaycanla əlaqələrə xüsusi önəm verir.Azərbaycan Aİ-yə daxil olan bütün dövlətlərlə inkişaf etmiş ikitərəfli əlaqələrə malikdir. İkitərəfli əlaqələrin yüksək səviyyədə olduğu ölkələr arasında ilk sıralarda Almaniya dayanır. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada, 22 sentyabr 1992-ci ildə isə Almaniyanın ölkəmizdə səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.

Hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Bunlardan “Simens”, “Ferrosstal”, “İnterselekt”, “Mersedes Bens” kimi iri şirkətlər Azərbaycanda uğurlu biznes fəaliyyəti göstərirlər. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 350-400 milyon avro təşkil edir. Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir. Azərbaycan və Almaniya arasında bağlanan gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında 25 avqust 2004 tarixli, Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında Maliyyə Əməkdaşlığı haqqında, İqtisadi İnkişaf Nazirliyi və Almaniya İnkişaf Bankı arasında “Kreditlərin Zəmanəti Fondu”nun yaradılması üçün maliyyə yardımı ayrılması haqqında Maliyyələşdirmə Müqaviləsi, həmin Müqaviləyə dair Xüsusi Razılaşma, Həvalə Müqaviləsi və Mübahisələrin Münsiflər Məhkəməsində araşdırılması haqqında 14 avqust 2006 tarixli müqavilələr iqtisadi münasibətlərin möhkəmləndirilməsinə xidmət edir.

Almaniya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir. XIX əsrdə bir sıra alman tayfaları Azərbaycan ərazisinə köçmüş, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynamışlar. Hazırda da Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir.

Rəsmi Berlin Avropa İttifaqında iqtisadi münasibətlərin, xarici siyasətin formalaşmasında əsas rol oynayır. Hazırda Avropa İttifaqında digər bir güc mərkəzi hesab olunan Fransa, onun idarə etdiyi bəzi qüvvələr və BENİLÜKS ölkələri Azərbaycanla əməkdaşlığın əleyhinə çıxış edirlər. Buna baxmayaraq, Almaniya Avropada həmişə söz sahibi olmuş və hətta siyasi maraqları zaman-zaman Fransa ilə toqquşmuş ölkə kimi Parisin hegemonluğunu rədd edir. Almaniya rəhbərliyi, rəsmi dairələri Fransanın Azərbaycana qarşı qarayaxma kampaniyasından narazıdırlar. Onlar Fransanın destruktiv fəaliyyətini, Cənubi Qafqazda ayrıcı xətlər yaratmaq siyasətini rədd edirlər. Almaniya praqmatik siyasət yürüdən bir ölkə kimiAzərbaycan Prezidenti İlham Əliyevlə dialoq təşkil edərək Fransaya göstərdi ki, Azərbaycan kimi önəmli bir ölkə ilə münasibətlərini Yelisey sarayındakı legiona görə qurmayacaq.

Göründüyü kimi, Azərbaycan regional güc kimi artıq özünü təsdiq edib. Avropa da bu reallığı zamanla qəbul etməyə məcbur olacaq. Almaniya ilə Azərbaycan arasında yüksək səviyyəli görüşlər, rəsmi Berlinin ölkəmizə verdiyi əhəmiyyəti ifadə etməsi bunu bir daha sübut edir.

Meydanəli Yolçiyev,

YAP Daşkəsən rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Mədəniyyət

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Analitik

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31