Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 15 İyun: Azərbaycan dövlətçiliyinin xilas günü

15 İyun: Azərbaycan dövlətçiliyinin xilas günü

14.06.2022 [11:28]

Elməddin Quliyev

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri 

Azərbaycan dövlətçiliyinin xilas günü kimi tarixə yazılan 15 İyun-Milli Qurtuluş Gününə saylı günlər qalır. Hər bir tarixi gün, bayram keçirilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur, onun mahiyyətini daha dərindən dərk etməyə çağırışlar edir, qarşıdakı hədəflərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Qeyd edək ki, XX əsrin əvvəlində müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşasa da xalqımızın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı. Azərbaycan XX əsrin sonunda yenidən öz müstəqilliyinə qovuşdu. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarının quluna çevrilmələri ölkəni çətin durum qarşısında qoydu. Bu ünsürlərin əməlləri nəticəsində Azərbaycan uçurumun bir addımlığına yaxınlaşmışdı. Ölkəmiz müstəqilliyini itirmək, parçalanmaq, bir dövlət olaraq  dünya xəritəsindən  silinmək təhlükəsi ilə üz-üzə qaldı. 1992-ci ildə hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəti xalqın səbr kasasını doldurmuşdu. Digər tərəfdən həmin dövrdə Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı şəxslərin maraqlarının müdafiəçisinə çevrilməsi acı reallıq idi. Bir sözlə, Azərbaycan “Olum, ya ölüm!” dilemması qarşısında qalmışdı. Belə çətin vəziyyətdə xalq ayağa qalxaraq öz xilaskarını axtardı, zəngin dövlətçilik təcrübəsinə malik, Vətənini, torpağını canından artıq sevən, ən çətin anlarda xalqının yanında olan ümummilli lider Heydər Əliyevə üz tutdu. Ulu Öndərin xalqın təkidli tələbi ilə 9 iyun 1993-cü ildə Bakıya gəlişi bugünkü uğurlarımızın başlanğıcı oldu. Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. 15 İyun tariximizə Mİlli Qurtuluş Günü kimi yazıldı.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar fonunda özünün aydın ifadəsini tapdı. Vətənini, xalqını canından artıq sevən ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra ilk olaraq hər bir ölkənin inkişafında vacib amillərdən  olan sabitliyi və iqtisadi inkişafı təmin etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Bu mühüm amil ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan, amma 1991-1993-cü illərin xaosunun, anarxiyasının nəticəsi olaraq tərəddüdlər içərisində olan dövlətlərin, şirkətlərin  bu narahatlıqlarına son qoydu, ölkəmiz yeni dostlar, tərəfdaşlar qazanmağa başladı. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanması bütün sahələrdə uğurlara yol açdı. Həmin ilin sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı, Azərbaycanın hərtərəfli inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə yüksək önəm verməsi uzaqgörən siyasətinin göstəricisidir. Xalqımızın ən böyük istəklərindən biri öz təbii sərvətlərinin əsl sahibi olmaq və onlardan ölkəmizin, xalqımızın gələcək inkişafı üçün bəhrələnmək idi. Ümummilli lider Heydər Əiyev “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” söyləyərək 1999-cu ildə böyük uzaqgörənliklə Dövlət Neft Fondunu yaratmaqla xalqımızın bu istəyini reallığa çevirdi. Belə ki, neft gəlirlərinin düzgün idarə olunması biri-birindən əhəmiyyətli sosial-iqtisadi layihələrin uğurlu icrasını təmin edir ki, bu da öz növbəsində ölkəmizin hərtərəfli inkiafını, əhalinin sosial müdafiəsinin gücləndirilməsini şərtləndirir.

Azərbaycan bu gün Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Regional çərçivədə qurulan əməkdaşlıq əlaqələri artıq beynəlxalq miqyas alıb. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Bunlarla yanaşı, regional əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gerçəkləşdi. Artıq bu silsilənin davamı olaraq 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həmin ilin  iyun ayında əsas seqmentlərindən olan TANAP və 2020-ci il dekabr ayının 31-də TAP istifadəyə verildi. Bununla da Cənub Qaz Dəhlizi layihəsi  tam şəkildə başa çatdırıldı.

Ölkəmizin iqtisadi imkanlarının genişlənməsi digər sahələrdə də mühüm addımların atılmasını təmin etdi. Azərbaycanda  demokratik təsisatların inkişafı istiqamətində mühüm addımlar atıldı. 1995-ci il 12 noyabrda Milli Konstitusiyamız qəbul olundu. Demokrtatiyanın vacib atributları olan insan hüquqlarının qorunması, azad mətbuatın formalaşması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri tədbirlər görüldü və uğurlu nəticələr bugünkü reallıqlarımızda özünün aydın mənzərəsini yaradır. Bu baxımdan ki, 1993-2003-cü illərdə yaradılan möhkəm təməl Azərbaycanın hər bir sahədə uğurlu inkişafına geniş şərait yaradır.

Ümummilli Lider düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yardı. Ulu öndər Heydər Əliyevin  xarici ölkələrə elə bir səfəri yox idi ki, artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsindən bəhs olunmasın, mahiyyəti faktlar əsasında dünya ictimaiyyətinə çatdırılmasın. Bir mühüm məqamı da qeyd etməliyik ki, ulu öndər Heydər Əliyev diasporu bir dövlətin xaricdə varlığı kimi önə çəkərək diaspor quruculuğunu dövlət siyasətinin əsas tərkib hissəsinə çevirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal-azərbaycançılıq ideologiyası əsasında birliyi, həmrəliyi növbəti uğurlarımızda öz sözünü dedi.

Ümummilli Lider  sülh danışıqlarını cəsarətlə aparmaq üçün  güclü, qüdrətli ordunun olmasını qarşıya mühüm vəzifə kimi qoydu və bu istiqamətdə mühüm addımlar atıldı. O zaman yaradılan möhkəm təməl Azərbaycan Ordusunun hazırda dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşmasına, 44 günlük Vətən müharibəsində tarix yazmasına yol açdı.

Dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən günlərlə, aylarla danışmaq olar. Onun fəaliyyətinin hər bir sahəsi bir tədqiqat mövzusudur. Ulu Öndərin fəaliyyətini özündə ehtiva edən neçə-neçə kitablar çap olunub. Hər bir yeni nəşr gələcək nəsillərin Ümummilli Liderin irsinin öyrənilməsində zəngin mənbə rolu oynayacaq.

Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirən, milyonların partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. YAP-ın yaradılması da Azərbaycanın həyatında dönüş nöqtəsidir. Yeni Azərbaycan Partiyası xalqın istəyi, zamanın tələbi əsasında yaradılaraq qət etdiyi bu 30 ildə sözlə əməl birliyini, monolitliyini qorudu, Azərbaycanın davamlı inkişafına, yeni-yeni hədəflərin reallığa çevrilməsinə öz töhfələrini verir. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizlə yanaşı, Yeni Azərbaycan Partiyasının həyatında da yeni inkişaf mərhələsinin əsasını qoydu. Son 18 ildən artıq dövrdə YAP Heydər Əliyev siyasətinin müdrik davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, yeni təşəbbüsləri, qəbul etdiyi qərarları ilə milyonların sevgisini və rəğbətini qazanır.

2003-cü ildən başlanan yol və əldə edilən uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir. Ümummilli Lider 2003-cü ildə Azərbaycanın gələcək inkişafı üçün inamın və etimadın növbəti ünvanını göstərməklə özünün sona çatdıra bilmədiyi işlərin, layihələrin uğurlu icrasını təmin etdi. Dövlət başçısı cənab İlham Əliyev ilk gündən Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirdi və bunu əməli fəaliyyətində təsdiqləyir.

Milli Qurtuluşdan başlanan yol xalqımızı tarixi Zəfər  gününə qədər apardı. Bu Qələbə cənab İlham Əliyevin Prezidentliyinin 17 ilinin məhz torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırlıq işlərinə həsr olunduğunu təsdiqlədi. Azərbaycan daha da gücləndi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. 44 günlük Vətən Müharibəsi xalqımızın torpaq, yurd sevgisinin də dünyaya təqdimatı oldu. Bu gün Qarabağımız, Şuşamız azaddır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edir.

Xalqımız iki ilə yaxındır ki, tarixi günləri, bayramları ikiqat bayram edir. Artıq torpaqlarımız işğaldan azad edilib, milli qürurumuz, kimliyimiz özümüzə qayıdıb, xalqımızın alnı açıq, üzü ağdır. İşğaldan azad edilmiş bütün torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və birinci Mehriban xanım Əliyevanın bu torpaqlara hər səfəri soydaşlarımızın Böyük Qayıdışını daha da yaxınlaşdırır.   

Qısa təhlil əsasında tariximizə Milli Qurtuluş Günü kimi yazılan 15 iyun 1993-cü ildən bizləri ayıran 29 illik zamanın Azərbaycanın həyatında hansı möhtəşəm uğurlarla yadda qaldığını görürük. Bu gün böyük fəxr və qürur hissi ilə “Gözün aydın, Azərbaycan! Gözün aydın, Azərbaycan xalqı! Zəfəriniz mübarək!” deyirik. 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı bu gün belə möhtəşəm uğurlardan bəhs etməyimiz xəyal olardı. Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkünsüz idi. Dahi şəxsiyyət qayıdışı ilə Azərbaycanı yenidən qurdu. İldən-ilə güclənən, qüdrətlənən dövlətimiz daim dəyişməz mövqeyini ən yüksək tribunalardan bəyan etdi, ərazi bütövlüyümüzün danışıqlar mövzusu olmadığını bildirdi. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi sayəsində yazılan Zəfər tarixi fonunda bütün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. 28 il yurd həsrəti, torpaq sevgisi ilə yaşayan xalqımız üçün bundan böyük xoşbəxtlik ola bilməz. 30 ilə yaxın düşmən tapdağı altında qalan həmin ərazilərimiz bu gün tarixi sahiblərinə qovuşduqları üçün sevinclidir, qürurludur. Mənfur düşməndən təmizlənmiş cənnət Qarabağımızda artıq yeni həyat başlayıb. Mədəniyyət paytaxtımız Şuşa hər gün bir mühüm tədbirə ev sahibliyi edir. Dünya azərbaycanlılarını bir araya gətirən Şuşa onlara  bu tarixi şəhərimizin reallıqlarını görmək imkanı qazandırdı. Qarabağın döyünən ürəyi Şuşada, Cıdır düzündə 28 ildən sonra Novruz tonqallarının alovlanması, “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin ənənəsinin bərpası, bu məkandan muğamlarımızın səslənməsi, birliyimizin, həmrəyliyimizin sayəsində Şuşamızın diplomatik mərkəzə çevrilərək Azərbaycanın xarici siyasət uğurlarına öz töhfələrini verməsi və sıralamaqla bitib-tükənməyən digər uğurlarımız Milli Qurtuluşun real nəticələridir.

Ötən il ilk dəfə olaraq Milli Qurtuluş Gününü Zəfər ruhunda azad Şuşamızda qeyd etdik. Dost, qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Qarabağımıza ilk səfər edən dövlət başçısı oldu. Məhz Milli Qurtuluş Günündə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanması  dünyaya  ünvanlanmış mesaj oldu. Şuşada qoşa dalğalanan  Azərbaycan və Türkiyə  bayraqları  ölkələrimizin birliyinin təqdimatı kimi dəyərləndirildi. Bir daha sübut olundu ki, Azərbaycan və Türkiyə hər zaman bir yerdədirlər.

Mİlli Qurtuluş Gününü yaradan, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan ulu öndər Heydər Əliyev daim xalqımızın qəlbində yaşayacaq. Ümummilli lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, onun müzəffər davamçısı cənab İlham Əliyev torpaqlarımızın xilaskarı kimi yazdı. Azərbaycan xalqı əbəs yerə beynəlxalq qurumların hesabatlarında ən xoşbəxt xalqlar arasında qərarlaşmayıb. Milli Qurtuluşdan başlanan inkişaf yolu ölkəmizə bundan sonra da möhtəşəm uğurlar qazandıracaq, Azərbaycanın liderliyini təmin edəcək.

Yenilməz, məğrur, tarixinə sahib çıxan Azərbaycan xalqı, Zəfər sevincli Milli Qurtuluş Günün mübarək! Bu tarixi günün hazırda bütün bölgələrdə, o cümlədən azad Qarabağda, Şuşada qeyd olunmasının yaratdığı hissləri sözlə ifadə etmək mümkün deyil. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə  əminliklə qeyd etdiyi  “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərinin davamı olaraq  Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” bəyan etməsi hər bir hədəfə çatmaq üçün böyük potensialımızın, ən əsası ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətimizin mövcudluğunun təsdiqidir. Məhz bu reallıqlar  və gələcəklə bağlı aydın hədəflər “Qurtuluş bizə nə verdi” sualının ümumiləşdirilmiş cavabıdır.

Paylaş:
Baxılıb: 119 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31