Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 77 il öncə bu gün

77 il öncə bu gün

06.01.2023 [10:28]

Cənubi Azərbaycanda ana dilimiz dövlət dili elan edilmişdi...

N.BAYRAMLI

Bu gün İran rejimi bu ölkədə yaşayan onmilyonlarla soydaşımızı milli haqlarından məhrum edib. Bunlardan ən əsası isə soydaşlarımızın öz ana dilində təhsil ala bilməməsidir. Yaxın tariximizdə bu və ya digər səbəblərdən İranda yaşayan azərbaycanlılar öz haqları uğrunda mübarizə aparmış və bəzi hallarda öz məqsədlərinə nail olmuşdular. Bu sırada İkinci Dünya müharibəsindən az sonra baş verənlər də diqqəti cəlb edir. Belə ki, müharibənin başlanması Böyük Britaniya ilə yanaşı SSRİ hərbi hissələrinin Almaniyanın əlaltısına çevrilən şah rejiminin hökm sürdüyü İrana daxil olmasına səbəb oldu. Bu fakt eyni zamanda, Rza şahın başçılıq etdiyi istibdad rejiminin süqutuna gətirib çıxardı. Bir tərəfdən xarici müdaxilə, digər tərəfdən mövcud rejimin yıxılması İrandakı soydaşlarımızın milli haqları uğrunda mübarizəsini daha da gücləndirdi.

Keçmişdə olduğu kimi, Cənubi Azərbaycan yenə də Ümumiran demokratik hərəkatlarının əsas mərkəzlərindən birinə çevrildi. 1941-ci ilin sentyabr-oktyabr aylarından burada geniş xalq kütlələrinin mitinq və yığıncaqları, nümayişləri genişləndi. 1942-1944-cü illərdə Azərbaycandakı demokratik hərəkatda əvvəllər heç vaxt geniş təzahür etməmiş bir xüsusiyyət ön plana çıxmağa başladı və bütün hərəkata yeni məzmun gətirdi. Bu, milli şüurun misilsiz dərəcədə inkişafı demək idi.

Cənubi Azərbaycanda milli mədəniyyətin inkişaf etdirilməsində Şimali Azərbaycanın təsiri həlledici əhəmiyyətə malik oldu. Bu təsir özünü, ilk növbədə, Şimali və Cənubi Azərbaycan ziyalılarının, mədəniyyət xadimlərinin canlı yaradıcılıq əlaqələri və əməkdaşlığı formasında büruzə verirdi.

Güney Azərbaycanda bu milli azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökumətinin yaranması ilə nəticələndi. Şah hökumətinin Təbrizdəki qoşun hissələri dekabrın 12-də fədailərə təslim oldu. Seyid Cəfər Pişəvərinin başçılığı ilə təşkil olunan 21 Azər hərəkatı 12 dekabr 1945-ci ildə Təbrizdə  Azərbaycan Milli Hökumətinin qurulduğunu elan etdi. O dövrdə Azərbaycan Milli Məclisi xalqın azadlığını qorumaq üçün Milli Hökumətə geniş səlahiyyət verdi.

10 maddədən ibarət qərarda nələr vardı?

Milli Hökumətin 6 yanvar 1946-cı il tarixli iclasının qərarı ilə Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Bu gün həmin qərarın verilməsindən 77 il ötür. 10 maddədən ibarət qərara əsasən bütün dövlət orqanlarında və idarələrdə, məktəblərdə tədris, nəşriyyat işləri Azərbaycan dilində aparılmalı idi. Azərbaycanlı olmayanlara bu dili öyrənib ondan istifadə etmək üçün şərait yaradılır, dövlət dilini öyrənmək üçün möhlət verilirdi. Cənubi Azərbaycanda yaşayan milli azlıqlara da öz dillərində tədris və ondan sərbəst istifadə etmək hüququ verilirdi. Bununla yanaşı, dövlət dilinin öyrənilməsi də onlara vətəndaşlıq borcu kimi həvalə edilirdi. Seyid Cəfər Pişəvəri ana dilinin təhsil-tədris müəssisələrində işlədilməsinə, bu sahədə mövcud olan problemlərin tez bir zamanda aradan qaldırılmasına xüsusi diqqət yetirirdi. Onun Maarif Nazirliyinə ünvanladığı sərəncamında qeyd olunurdu ki, bütün milli və dövlət məktəblərində təlim və tərbiyənin Azərbaycan dilində aparılması üçün hazırlıq işləri görülsün. Bu məqsədlə Maarif Nazirliyinin tərkibində dərsliklər hazırlayan şöbə yaradıldı. Sərəncama əsasən, alimlər, təcrübəli müəllimlər və məktəb rəhbərləri bu prosesə cəlb edilmişdi. Eləcə də, Azərbaycan dilində nəşr olunacaq dərsliklər nəzarət komissiyasının rəhbərliyi ilə hazırlanmalı idi. Əlifbadan əlavə, ədəbiyyat, tarix, hesab, fizika, coğrafiya və s. fənlər üzrə də kitablar nəşr edildi. Bütün milli və dövlət məktəb rəhbərlərinə tapşırılmışdı ki, Azərbaycan dilində dərsliklər hazırlanana qədər mövcud dərsliklərdən istifadə etməklə tədrisi ana dilində aparsınlar. Sərəncamda dərsliklərin nəşri üçün maliyyənin ayrılması və digər məsələlər də əksini tapırdı. Bu sərəncamın həyata keçirilməsi üçün xüsusi komissiya yaradılmışdı. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, uzun illər tədrisi ana dilində aparmaq imkanından məhrum edilmiş azərbaycanlı müəllimlərin çoxu milli dildə kitabların nəşrini gözləmədən Maarif Nazirliyinin razılığı ilə mövcud fars dilindəki dərsliklər əsasında dərsləri Azərbaycan dilində tədris etməyə başlamışdılar. Həmin dövrdə 7 cilddən ibarət “Ana dili” metodik dərs vəsaiti hazırlandı ki, sonrakı dövrlərdə də gizli şəkildə olsa da bu vəsaitdən Azərbaycan dilini öyrənmək üçün istifadə edilirdi.

Pulsuz təhsil

Azərbaycan Milli Hökuməti vacib məsələlərdən biri olan elm və təhsilin inkişafı üçün savadsızlıqla mübarizə şüarı altında xüsusi kurslar təşkil etmişdi, məktəblərin sayı artırılmışdı. Güney Azərbaycanın hər tərəfində ümumilikdə 3800 savadsızlığı ləğvetmə kursu açılmışdı. Milli Hökumət tərəfindən kəndlərdə 2000-dən yuxarı, şəhərlərdə isə 500-ə yaxın ibtidai və orta məktəb yaradıldı. Təhsilin pulsuz olması haqqında Milli Hökumət tərəfindən qərar qəbul edildi. Azərbaycan Milli Hökumətinin fəaliyyəti dövründə Təbriz şəhərində dəmir yolu mütəxəssisləri hazırlamaq üçün texnikum, kənd təsərrüfatı mütəxəssisləri hazırlamaq üçün kurs, qısamüddətli tibb işçiləri, feldşerlik və mamalıq məktəbləri təşkil olundu. Siyasi, ədliyyə və idarəçilik sahələri üzrə kadrların hazırlanması məqsədilə üç aylıq siyasi kurslar, hüquq məktəbi açıldı. 1946-cı il mart ayının 15-də Təbriz şəhərində orta hərbi məktəb yaradıldı, polis işçiləri hazırlamaq üçün Daxili İşlər İdarəsinin nəzdində xüsusi kurslar təşkil edildi.

Təbrizdə ilk milli universitet

6 yanvar 1946-cı ildə Milli Hökumət həm də Təbrizdə Azərbaycan Dövlət Universitetinin yaradılması haqqında qərar qəbul edib. Bu qərara uyğun olaraq həmin ilin iyun ayında Təbrizdə ilk milli universitet açılıb. İlk vaxtlar universitetin üç fakültəsi - tibb, kənd təsərrüfatı və pedoqoji fakültələr fəaliyyət göstərib. Pedaqoji fakültədə tarix, dil, ədəbiyyat, fəlsəfə, hüquq, fizika, riyaziyyat və biologiya ixtisasları tədris olunurdu. 1946-cı il mart ayının 28-də isə Təbrizdə Azərbaycan Dövlət Teatrı yarandı. Ərdəbil, Astara, Marağa və digər şəhərlərdə də teatr binaları tikildi. Yeni kinoteatrların açılması ilə yanaşı, köhnələrinin nizama salınması, teatr binalarının, eləcə də, qədim abidələrin təmiri kimi mədəni işlərin görülməsi üçün Azərbaycan Milli Hökuməti büdcədən 14 milyon 22 min 300 tümən pul ayrılmasını təsdiq etdi. 1946-cı il aprel ayının 7-də Azərbaycan radio stansiyası açıldı, Radio Komitəsi yaradıldı. Həmin ilin iyul ayının 5-də Behzad adına İncəsənət Muzeyi, oktyabr ayının 3-də isə Azərbaycan Milli Orkestri (filarmoniya) açıldı.

Bütövlükdə, bir il ərzində Cənubi Azərbaycanda ana dilində çox sayda dərslik, siyasi, tarixi və ədəbi kitablar da çap olundu, əlliyə qədər qəzet və jurnal nəşr edildi. Təbriz şəhərində Ali İncəsənət və Rəssamlıq Məktəbi açıldı, Azərbaycan Rəssamlar və Heykəltəraşlar Cəmiyyəti təşkil olundu. Sərdari-milli Səttarxana və Salari-milli Bağırxana heykəllər, Şeyx Məhəmməd Xiyabaniyə abidə qoyuldu. Azərbaycan Milli Hökumətinin 6 fevral 1946-cı il tarixli iclasının qərarına əsasən, milli azadlığı əldə etmək və xalq hakimiyyəti qurmaqda iştirak edən 20 min nəfərdən çox fədaiyə “21 Azər” medalı verildi.

Lakin Milli Hökuməti bütün planlarını icra edə bilmədi. Cəmi bir il sonra şah rejiminin qoşunları Təbrizə hücum edərək  Cənubi Azərbaycanı yenidən işğal etdi. Azərbaycan Milli Hökumətinin ömrü uzun olmasa da, bu hökumətin yaranması və fəaliyyəti Azərbaycanın güneyində milli azadlıq hərəkatının sonrakı mərhələdə inkişafına ciddi təkan verdi.

Paylaş:
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Bir əsr, 32 il...

02 Fevral 11:00

Xəbər lenti

Regionda birinci...

02 Fevral 10:59

Xarici siyasət

Analitik

Xəbər lenti

Siyasət

Gündəm

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28