Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Romada Ankara-Vaşinqton təmasları...

Romada Ankara-Vaşinqton təmasları...

02.11.2021 [10:02]

Türkiyə və ABŞ liderlərinin görüşü nə ilə yadda qaldı, hansı nəticəyə gəlməyə əsas verir?

 

İtaliyanın “Böyük iyirmiliyə” (G20) sədrliyi çərçivəsində Romada keçirilən G20 ölkələrinin liderlərinin ikigünlük sammiti maraqlı məqamlarla yadda qalıb. Dünya mediasının və siyasi analitiklərin diqqət mərkəzində olan məsələlərdən biri ayrı-ayrı ölkə liderlərinin görüşü olub. Xüsusilə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Baydenin görüşünə böyük maraq göstərilib. Məlumata əsasən, təxminən 1 saat 10 dəqiqə davam edən görüşdə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişafı üçün birgə mexanizmin yaradılması barədə razılıq əldə olunub. Prezidentlər ikitərəfli ticarət həcminin artırılması üçün birgə atılacaq addımları da müzakirə ediblər. NATO müttəfiqliyi və strateji tərəfdaşlıq məsələlərinin də əsas müzakirə mövzusu olduğu görüşdə iqlim dəyişikliyi ilə bağlı atılan birgə addımlardan məmnunluq ifadə olunub. Ağ Ev görüşdə Co Baydenin konstruktiv münasibətləri davam etdirməyi, əməkdaşlıq sahələrini genişləndirməyi və fikir ayrılıqlarını effektiv idarə etmək istəyini vurğuladığını açıqlayıb.

Bildirilib ki, ABŞ Prezidenti Türkiyənin NATO-nun Əfqanıstandakı missiyasına 20 ilə yaxın müddətdə verdiyi töhfələrə görə minnətdarlığını ifadə edib. Liderlər Suriyadakı siyasi prosesləri, Əfqanıstana humanitar yardımın çatdırılmasını, Liviyadakı seçkiləri, Şərqi Aralıq dənizindəki vəziyyəti və Cənubi Qafqazda diplomatik səyləri müzakirə ediblər.

Ümumiyyətlə, müasir dünya siyasətinin inkişaf dinamikası və gələcəyinə təsir edən strateji amillərdən biri güc mərkəzləri arasındakı regional əməkdaşlıqdır. Bu kontekstdə regional və qlobal siyasətin konturlarını müəyyənləşdirən strateji faktor kimi ABŞ-Türkiyə əməkdaşlığı xüsusi qeyd edilməlidir. Bu iki ölkə arasında işbirliyinin gücləndirilməsi regional və qlobal təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edir. Siyasi ekspertlər bu iki dövlətin regional təhlükəsizlik kontekstində əməkdaşlığın möhkəmləndirilməsi yolunu seçməsini ən məqbul strateji seçim kimi dəyərləndirirlər. Əsas müzakirə olunan məsələ isə yeni dünya nizamında Türkiyə ilə ABŞ-ın əməkdaşlığının regional təhlükəsizliyin təmin olunması istiqamətində vəd etdiyi mümkün nəticələrdir. Bu nəticələri müəyyənləşdirmək üçün isə hər iki ölkənin geostrateji maraqları, statusu və fəaliyyət mexanizminə ayrıca diqqət yetirmək lazımdır.

Beləliklə, Türkiyə faktiki olaraq Avrasiyada Qafqaza, Yaxın və Orta Şərqə, eyni zamanda, şimala açılan dəhliz kimi çıxış edir. Bu dövlətin Aralıq dənizi sahilində yerləşməsi və Qara dənizdə söz sahibi olması onun geostrateji əhəmiyyətini yetərincə artırır. Özəlliklə də, XXI əsrin qlobal məsələsi olan enerji təhlükəsizliyi baxımından Türkiyə Qərb üçün müstəsna geo­strateji əhəmiyyətə malikdir. Digər tərəfdən, Türkiyənin NATO ölkəsi olması faktoru da ABŞ və digər Qərb ölkələri üçün önəmlidir.

ABŞ müasir dünya siyasətinin başlıca geosiyasi konturlarını müəyyənləşdirən güc mərkəzlərindən biridir, buna görə də bu ölkə ilə əməkdaşlıq həm çoxtərəfli münasibətlərin inkişafı, həm də geostrateji işbirliyi platformalarında təmsil olunmaq baxımından əhəmiyyətlidir. Qeyd edək ki, Romada iki ölkə prezidentinin görüşünü şərh edən ekspertlər Türkiyə və ABŞ-ın  iştirakı ilə regionda yeni geosiyasi əməkdaşlıq platformasının formalaşdırılmasının strateji zərurət olduğunu bildirirlər.

Bunlarla yanaşı, qalib Azərbaycanın yaratdığı yeni geostrateji reallıqlar fonunda Cənubi Qafqaz regionu da ABŞ və Türkiyənin çoxşaxəli, faydalı əməkdaşlıq məkanlarından biri olmaq potensialına malikdir. Nəzərə almaq lazımdır ki, postmüharibə dövründə bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı faktor kimi çıxış edir. Birləşmiş Ştatlar da öz fəallığı ilə Azərbaycanla Türkiyənin birgə təşəbbüsləri əsasında geostrateji baxımdan yenidən dizayn olunan Cənubi Qafqaz regionunda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunmasına töhfə verə bilər.  Bu, regionda çoxşaxəli qarşılıqlı-faydalı işbirliyinin dərinləşməsində, strateji inteqrasiyanın daha intensiv xarakter almasında mühüm amilə çevrilə bilər.

Nəticə etibarilə, Türkiyə-ABŞ əməkdaşlığı Avrasiyanın geosiyasi perspektivi üçün mühüm əhəmiyyət kəsb edir. Hər halda, ABŞ-Türkiyə münasibətlərinin inkişafının həm hər iki ölkənin, həm də Avrasiyanın perspektivi naminə konkret nəticələr verməsi üçün, ilk növbədə, tərəflərin strateji maraqları təmin olunmalıdır. Diplomatik təmasların birgə geostrateji fəaliyyətə necə təsir edəcəyini isə zaman göstərəcək.

Nurlan QƏLƏNDƏRLİ

Paylaş
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31