Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Analitik / Avropa Bakıya böyük ümidlərlə baxır

Avropa Bakıya böyük ümidlərlə baxır

29.04.2022 [10:15]

Azərbaycanın isə “qoca qitə”yə qaz nəqlini artırmaq üçün kifayət qədər ehtiyatları var

Taleh AĞAVERDİYEV

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan neftlə yanaşı, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Avropaya qaz ixrac edir. Mövcud yeni geosiyasi reallıqlarda ölkəmizin Avropa enerji bazarında mövqeyi möhkəmlənir.

Moskvanın Qərb sanksiyalarına reaksiyası fonunda Rusiya qazından hədsiz dərəcədə asılı olan Avropa onu əvəz edəcək alternativ axtarır. Və ölkəmiz bu reallıq fonunda bir çox ölkələr üçün qaz təchizatı sahəsində alternativ kimi dəyərləndirilir.

Aprelin 27-də “Qazprom” rublla ödəniş etməkdən imtina edən Bolqarıstan və Polşaya qaz tədarükünü tamamilə dayandırıb. Polşa uzun müddətdir ki, Rusiya qazından imtina etməyə hazırlaşırdı və bu qərar ölkəyə o qədər də təsir etməyəcək. Lakin Bolqarıstan qaza olan tələbatının 90%-dən çoxunu Rusiyadan idxal hesabına təmin edir ki, bu da ildə təxminən 3 milyard kubmetr təşkil edir. Və buna görə də indi ölkənin bütün ümidləri alternativ olaraq Azərbaycana bağlanıb. “Qazprom”un verdiyi qərardan sonra baş nazir Kirill Petkov bildirib ki, Bolqarıstan Azərbaycan qazını 2022-ci ilin sentyabrında Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə almağı gözləyir. Onun sözlərinə görə, Bolqarıstan üçün bu, aşağı qiymətlər və daha çox enerji müstəqilliyi deməkdir.

Xatırladaq ki, Bolqarıstan ildə bir milyard kubmetr qazın tədarükünə dair müqavilə çərçivəsində IGB vasitəsilə Azərbaycan qazına çıxış əldə edəcək. Eyni zamanda, artıq mart ayında Bolqarıstanın energetika naziri bəyan edib ki, ölkə Rusiyadan gələn qaz kəmərinin bağlanacağı təqdirdə əlavə həcmdə təbii qazın tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparmaq niyyətindədir. Qeyd edək ki, IGB -nin ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək və onu 5 milyard kubmetrə çatdırmaq mümkündür.

İnterkonnektorun tikintisi 2020-ci ildə başa çatdırılmalı idi. 2020-ci ildə Azərbaycan qazının Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Avropaya nəqli və yekun (hələlik yekun-red.) məntəqənin Bolqarıstanın olacağı planlaşdırılırdı. Azərbaycan qazı bu ölkənin tələbatının dörddəbirini təmin etməli idi. Bununla belə, tikinti hələ də başa çatmayıb, nəticədə Bolqarıstan müqavilədə nəzərdə tutulan qaz həcminin yalnız üçdəbirini alternativ marşrutla alır. Ölkənin energetika naziri Aleksandr Nikolovun sözlərinə görə, IGB-nin tikintisinin gecikdirilməsi səbəbindən Bolqarıstan hər gün 750 min avro itirir, Sofiyanın isə son bir ildə itirilmiş mənfəəti 250 milyon avrodan çox olub. Mövcud vəziyyət qalmaqala və “Bulgargaz” şirkətinin direktorlar şurasının üzvlərinin işdən çıxarılmasına səbəb olub.

Ötən ilin payızında baş verən ciddi enerji böhranı və Ukraynadakı vəziyyətlə bağlı yaranan problemlər çoxlarını məsələyə daha ciddi baxmağa vadar etdi. Buna görə də bu gün IGB üzrə son iş tam sürətlə gedir. IGB tikinti müqaviləsi üzrə podratçı olan AVAX şirkətinin nümayəndəsinin verdiyi məlumata görə, işlərin 90-95%-i tamamlanıb. Azərbaycanla alternativ marşrut üzrə müqavilənin müddəti 2022-ci il iyunun 30-da başa çatır, ona görə də interkonnektor iyulun 1-dək istifadəyə verilməlidir.

Bolqarıstandan başqa, Azərbaycana digər Avropa ölkələrindən də qaz idxalı ilə bağlı müraciətlər daxil olur. Axı Rusiya Bolqarıstan və Polşadan sonra rublla ödəniş etməkdən imtina edən istənilən ölkəyə qazı hər an kəsə bilər. Təsadüfi deyil ki, Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq aprelin 27-də bildirdi ki, alman şirkətləri Cənub Qaz Dəhlizinin imkanlarının genişləndirilməsinə töhfə verə bilər. Onun sözlərinə görə, Almaniyanın Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünü təşkil etmək niyyəti var. O qeyd edib ki, Almaniyanın “Uniper” enerji şirkəti hökumətdən zəmanət alıb və SOCAR ilə fəal əməkdaşlıq edir. Bundan əvvəl Niderlandın Azərbaycandakı səfiri Pauline Eizeman da bildirmişdi ki, Hollandiya Aİ-nin Azərbaycandan qaz tədarükünü artırmaq istəyini dəstəkləyir.

Ötən ilin payızında Avropa İttifaqının ümumi maraq layihələrinin Beşinci Siyahısı açıqlanıb. Buraya 20 qaz layihəsi daxildir, onlardan üçü Azərbaycan qazı ilə bağlıdır. Bu, IGB-dən əlavə, Rumıniya-Macarıstan dəhlizində (ROHU/BRUA) klasterin tutumunun artırılması layihəsidir. Hansı ki bu ölkələrə Azərbaycan qazına çıxış imkanı verəcək. Və Bolqarıstan-Serbiya interkonnektorudur.

BRUA qaz kəməri Azərbaycan qazını Türkiyə və Yunanıstan vasitəsilə Şərqi və gələcəkdə Qərbi Avropa ölkələrinə çatdıracaq. Bolqarıstan-Serbiya interkonnektorunun 2023-cü ildə istismara verilməsi planlaşdırılır. O, Serbiyanı Cənub Qaz Dəhlizi və digər mənbələrlə birləşdirəcək.

Azərbaycan qazının Rumıniyaya tədarükü bu ilin yayında başlaya bilər. IGB-nin tikintisinin nə qədər tez başa çatmasından asılıdır. İnterkonnektor təhvil verildikdən sonra BRUA boru kəmərinə birləşdiriləcək. BRUA qaz kəməri Rumıniya-Bolqarıstan interkonnektoru ilə birlikdə Cənub Qaz Dəhlizi, Mərkəzi Avropa və Balkanları əlaqələndirən mühüm halqadır.

Rusiyanın simasında bir təchizatçıdan tamamilə asılı olan Serbiya 2023-cü ilin sentyabrından Azərbaycandan təbii qaz almağa başlamağı planlaşdırır. Baş nazirin müavini, dağ-mədən və energetika naziri Zorana Mixayloviçin bir qədər əvvəl bildirdiyi kimi, qaz tədarükünü Serbiyanı Bolqarıstanla birləşdirəcək Niş-Dimitrovqrad qaz kəməri sayəsində artırmaq mümkün olacaq. Onun başa çatdırılması gələn il planlaşdırılır.

Moldova, İsveçrə və Avstriya da Azərbaycan qazına böyük maraq göstərib.

Beləliklə, Cənub Qaz Dəhlizi Bolqarıstanı və onun qaz nəqli sistemini Mərkəzi və Cənub-Şərqi Avropanın bütün regionu üçün alternativ mənbələrdən qaz təchizatı infrastrukturunun mühüm hissəsinə çevirəcək. Bundan əlavə, qeyd edək ki, Avropa Komissiyası 2030-cu ilə qədər Rusiyanın enerji daşıyıcılarının tamamilə dayandırılması üçün ümumi plan hazırlayıb ki, bu da digər məsələlərlə yanaşı, Azərbaycan, Əlcəzair və Norveçdən boru kəməri qazının tədarükünün 10 milyard artırılmasını da ehtiva edir.

Cənub Qaz Dəhlizi artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. İtaliyada dəfələrlə qeyd olunub ki, enerji qiymətlərinin kəskin artması nəticəsində yaranmış böhrandan ölkənin uğurla çıxmasına məhz Azərbaycan qazı kömək edib. Xatırladaq ki, Azərbaycan İtaliyaya neft tədarükündə birinci, qaz tədarükündə isə üçüncü yerdədir. Gələcəkdə Albaniya, Monteneqro, Bosniya və Herseqovina və Xorvatiya istehlakçıları da TAP-ın şimal qoluna çevriləcək İon-Adriatik boru kəməri (2025-ci ildə istifadəyə verilməlidir) vasitəsilə Azərbaycan qazından istifadə edə biləcəklər.

Aİ Bakıya böyük ümidlərlə baxır. Azərbaycanın isə Avropaya qaz nəqlini artırmaq üçün kifayət qədər ehtiyatları var. Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir ki, bu da kifayət qədər böyük həcmdir.

Artıq 2023-cü ildə Avropa bazarlarına 11 milyard kubmetr qazın tədarükü gözlənilir. TAP boru kəmərinin ötürmə qabiliyyətini ildə 10 milyard kubmetrdən 20 milyard kubmetr qaza çatdırmaq olar. Azərbaycan qazının əsas istehlakçılarından biri olan Türkiyədən keçən Trans-Anadolu boru kəmərinin (TANAP) ötürmə qabiliyyəti yaxın illərdə 16 milyarddan 31 milyard kubmetrə yüksələ bilər. Bundan əlavə, Azərbaycanda bərpa olunan enerji sektoru sürətlə inkişaf edir ki, bu da gələcəkdə təbii qazın əlavə həcmlərini ixraca buraxmağa imkan verəcək. Bütövlükdə, ölkədə qaz hasilatı artacaq. Proqnozlara görə, 2023-cü ildə 48 milyard kubmetrə yaxın, 2024-cü ildə 49 milyard kubmetr, 2025-ci ildə isə 50 milyard kubmetrə yaxın qaz hasil ediləcək. Yəni Azərbaycanın Avropaya qaz ixracatçısı kimi rolu daha da artacaq. Mərkəzi Asiya qazının Transxəzər qaz kəməri (layihəsi hələ işlənməkdə olan) vasitəsilə Azərbaycan ərazisindən nəqli imkanları da var.

Azərbaycan qazı məsələsinin yalnız indi, baş verən hadisələrlə bağlı aktuallaşdığını düşünmək yanlışdır. Avropalı istehlakçılar Ukrayna böhranından çox əvvəl alternativlər və diversifikasiya haqqında düşünməyə başlamışdılar. Bu, Avropanın enerji təhlükəsizliyi məsələsinin aktuallığından irəli gəlirdi.

Niyə məhz Azərbaycanı seçdiklərini başa düşmək asandır. Əvvəla, ölkəmiz Avropaya qədər uzanan ixrac neft kəməri çəkərək böyük layihələri reallaşdırmağa qadir olduğunu göstərdi. İkincisi, Bakı öz öhdəliklərinə hər zaman sadiq qalan etibarlı tərəfdaşdır.

Paylaş:
Baxılıb: 359 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Sosial

Çadradan səmaya

21 May 12:21  

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31