Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Metsolanın korrupsiya “macəraları”

Metsolanın korrupsiya “macəraları”

07.09.2024 [07:45]

Özünü insan hüquqlarının və demokratiyanın “keşikçisi” kimi təqdim edən Avropa Parlamentinin əslində korrupsiya yuvası olması heç kimə sirr deyil. Bu barədə Avropa mətbuatı da dəfələrlə məlumatlar yayıb, qurumun rəhbər şəxsləri, eləcə də deputatları istintaqa cəlb olunublar.

Əri Roberta Metsolanın statusundan sui-istifadə edir

Qeyd edək ki, Avropa Parlamentində deputatlar bir aydan sonra yenidən fəaliyyətə başlayacaqlar. Avropa Parlamentinin yeni sədri üçün bu başlanğıcın mürəkkəb olacağı bildirilir. “Politico” nəşrinin yazdığına görə, müxtəlif rəsmi səfərlərdə Ukko Metsola Avropa Parlamentinin sədri olan həyat yoldaşı Roberta Metsolanı müşayiət edib. Hətta Brüsseldəki evlərində təşkil olunmuş bütün qəbullarda o da iştirak edib. Ukko Metsola dünyanın ikinci ən böyük kruiz gəmi şirkəti olan “Royal Caribean” qrupunun əsas Avropa lobbiçisi olub. “Politico” bildirir ki, U.Metsola heç bir qaydanı pozmasa da, bəzi avropalı deputatlar onun tərəfindən şəffaflığın olmamasını bildiriblər. Avropalı deputatlar onun Avropa Parlamentinin sədri olan arvadının nüfuzundan istifadə edərək, şirkətinin ekoloji keçidini maliyyələşdirmək üçün Avropa fondlarından istifadə etməyə çalışdığını deyirlər.

“Politico” tərəfindən sorğu-sual edilən Roberta Metsolanın ətrafındakı insanlar, eləcə də əri Ukko Metsola hər hansı maraq toqquşması olduğunu inkar ediblər. Metsolalar iki fəaliyyətləri arasında böyük sədd qurduqlarını deyiblər. Ancaq hələ də “Qatargate” tərəfindən travmaya məruz qalan Avropa Parlamentində Roberta Metsolanın işə başlayanda gözlənilməz risklərlə üzləşəcəyi bildirilir.

Ümumiyyətlə, adı illərdir ki, müxtəlif korrupsiya qalmaqallarında hallanan Avropa Parlamenti vaxtaşırı olaraq bu mövzuda gündəmə gəlir. Hələ bu ilin may ayında Belçika federal prokurorunun bəyanatına görə, polis Avropa Parlamentində “Russiagate” işi ilə bağlı axtarış aparıb. Brüsseldəki iqamətgahda, eləcə də Avropa Parlamentinin Strasburq və Brüsseldəki ofislərində aparılan axtarışların motivi də bəlli olub - bu axtarışlar “Avropanın Səsi” internet saytında Rusiya təbliğatını daha da irəlilətmək üçün Avropa Parlamentinin deputatlarına müraciət edildiyi və onlara pul ödənildiyi iddia edilən “Russiagate işi” ilə bağlı idi. Avropa Parlamentinin müvafiq əməkdaşının bu məsələdə rol oynadığına dair şübhələr var idi.

AP korrupsiya yuvasıdır

Bu kimi ittihamlar və iddialar Avropa Parlamentinə qarşı ilk dəfə sanksiyalaşdırılmır. Son bir neçə ildə AP ilə bağlı bir sıra korrupsiya, rüşvət, erməni lobbisinin dəstəyi və stimullaşdırılması ilə bağlı faktlar ortaya çıxıb. Məsələn, 2022-ci ilin dekabrında AP olduqca ağır bir korrupsiya qalmaqalı ilə çalxalandı. Dünyada beynəlxalq anti-korrupsiya gününün qeyd edildiyi bir  tarixdə - dekabrın 9-da  Belçika polisi AP-də fəaliyyət göstərən korrupsiya şəbəkəsini ifşa edərək onun bir neçə üzvünü həbs etdi. Saxlanılanlar arasında AP-nin vitse-prezidenti, yunanıstanlı deputat Eva Kailinin olması isə sensasiya idi. Belçikanın federal müstəntiqləri Kaili də daxil olmaqla, saxlanılanları rüşvət qismində külli miqdarda pul və müxtəlif bahalı hədiyyələr almaqla körfəz ölkələrindən birinin (Qərb mediası daha sonra bu ölkənin Qətər olduğu açıqladı) xeyrinə qanunsuz lobbiçilik etməkdə, AP-də qəbul edilən qərarlara təsir etməyə çalışmaqda ittiham etdi. İşlə əlaqədar Brüsseldəki 16 müxtəlif nöqtədə həyata keçirilmiş axtarışlar nəticəsində 600 min avro nağd pul aşkarlandı. Bir həftə ərzində aparılan axtarışlar zamanı isə çamadan və portfellərdə 1,5 milyon avrodan çox nağd pul tapıldı. Müstəntiqlər bildirdilər ki, sözügedən korrupsiya şəbəkəsi bir neçə aydır, həmin Körfəz ölkəsinin xeyrinə AP-nin müxtəlif iqtisadi və siyasi qərarlarına təsir etməyə çalışıb.

2023-cü ilin əvvəlində isə AP ilə bağlı daha bir fakt üzə çıxdı - belə ki, Avropa Parlamentinin spikerinin vəzifələrindən biri bu təşkilatın üzvlərinin bahalı otellərdə, dəbdəbəli restoranlarda keçirdikləri vaxt, təyyarələrdə biznes-salonlarda uçuşlar, şou proqramlarına və idman yarışlarına VIP-lojalarda tamaşa etmək xərclərinin kənar şəxslər tərəfindən ödənilməsi barədə təhqiqat aparmaq və bu barədə hesabatlar təqdim etməmiş Avroparlament deputatlarının cəzalandırılması haqda qərar qəbul etməkdən ibarətdir. Almaniya mediasının məlumatında isə bildirilirdi ki, AP sədri Roberta Metsolanın əri ilə birlikdə Fransanın təmtəraqlı otelində keçirdiyi gecənin xərcinin Şərab İstehsalçıları Assosiasiyası tərəfindən ödənilməsi haqda məlumat verməyib. Bu barədə söz-söhbət çox olsa da, nəticədə spikerə heç bir sanksiya tətbiq edilmədi. Onun Avropa Parlamentinin spikeri vəzifəsində işi üçün şərab istehsalının nə dərəcədə zəruri olması aydın olmasa da, məsələdə spikerin ərinin rolu, ümumiyyətlə, tapmacaya çevrildi. Təbii ki, mühüm qalmaqallardan biri kimi yadda qalan hadisə qısa zamanda “ört-basdır edildi”.

Metsola yenidən sədr seçilsə də...

Metsola ilə bağlı qalmaqaldan cəmisi günlər ötdükdə - 2023-cü ilin martın sonu, aprelin əvvəlində isə Belçika polisi və alman müstəntiqləri Almaniyada başladılan istintaq çərçivəsində sağ mərkəzçi Avropa Xalq Partiyasının Brüsseldəki qərargahında yoxlama apardılar. Hansı ki, Avropa Xalq Partiyası Avropa Parlamentində ən böyük fraksiya sayılır və üzvləri ən çox yerə sahibdirlər. İstintaqla bağlı əlavə məlumat verilməsə də, “Thueringer Allgemeine” qəzeti mənbələrə istinadən bildirmişdi ki, yoxlama Almaniya Xristian Demokratlar Partiyasının lideri Mario Foyqtun 2019-cu il Avropa seçkilərində EPP-nin seçki kampaniyasındakı korrupsiya qalmaqalı ilə əlaqədardır. İstintaq Foyqtun kampaniya zamanı müqavilə bağladığı bir internet şirkətindən mükafat alması ilə bağlı iddiaları araşdırır. Maraqlıdır ki, Avropa Xalq Partiyasının üzvləri arasında Avropa Parlamentinin sədri Robert Metsola da yer alır.

Xatırladaq ki, maltalı siyasətçi Roberta Metsola bu ilin iyul ayında ikinci müddətə Avropa Parlamentinin  sədri seçilib. Metsolanın namizədliyinə 562 avropalı parlamentari səs verib. Bütün hallarda baş verənlər Avropa Parlamentinin korrupsiya yuvası olaraq qalmaqda davam etdiyini göstərir. İkinci dönəmdə də Metsolanın yeni “macəraları”nın baş verəcəyi istisna deyil.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

4 il əvvəl, 4 oktyabrda...

04 Oktyabr 08:18  

Dünya

Dünya

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31