Ata qətlinin sirri
14.08.2024 [11:37]
Fyodor Dostoyevskinin “Karamazov qardaşları” romanı haqqında
Bütün dəlil-sübutlar Mityanın əleyhinədir. İvan ata qətlində əli olduğunu hiss elədiyinə görə ağır sarsıntı keçirir, ağlını itirmək dərəcəsinə çatır, gözünə görünən şeytanla söhbətləşir. Ona yaxşı məlumdur ki, atasını Smerdyakov öldürüb, hələ faciə baş verməmişdən o bunun belə olacağını bilirdi. İvan ögey qardaşının daxmasına baş vurur, ondan məsələyə aydınlıq gətirməsini istəyir. Smerdyakov tərəddüdə varmadan cinayətini boynuna alır, Fyodor Pavloviçin kabinetindən götürdüyü üç min rublu İvana verir. Ancaq bunu da deyir ki, qətli tək törətməyib, İvan da bu cinayətə ortaqdır. Onun “əgər Allah yoxsa, hər şey məqbuldur” tezisi lakeyi bu amansız qətli törətməyə təhrik eləyib. Üstəlik, onun İvana sətiraltı ifadələrlə qandırdığı mətləbi qulaqardına vuranda İvan artıq atasının qətlinə fərman vermişdi. Odur ki, ağıllı qardaş zalım qardaşın əməlinə birbaşa şərikdir.
Gecə Smerdyakov özünü asır. Bu, İvanın işini daha da çətinləşdirir. Dmitrini təmizə çıxarmaq, demək olar, artıq mümkün deyil. İvan məhkəmədə Smerdyakovun etirafını səsləndirib ondan aldığı pulu dəlil kimi təqdim eləsə də, onun xəstəhal olması, hallüsinasiyaya qapılması hakimləri inandırmağa əngəl törədir. Üstəlik, Katerina İvanovnanın məhkəməyə göstərdiyi bir məktub (həmin məktubda sərxoş Dmitri Karamazov atasını öldürmək istədiyini açıq mətnlə yazmışdı) məsələyə son nöqtəni qoyur. Katya bununla həm Mityadan, həm də Qruşenkadan qisasını alır. Fəqət Dmitri özü də özünü təmizə çıxarmağa bir o qədər can atmır, qəlbini didən günah duyğusu şiddətlə cəza tələb eləyir. Axı o, atasını öldürməyibsə də, bunu arzulayıb, özü də möhkəm, sidq-ürəkdən arzulayıb (İvan məhkəməyə verdiyi ifadəsində elə belə də deyir: kim atasının ölümünü istəməyib?.. Nəzərə alın ki, bu əsər yazılanda Freyd hələ öz nəzəriyyəsindən xəbərsiz gənc həkim idi, Kafka isə heç dünyaya gəlməmişdi). Yalnız bu cəza Mityanın ömrünü təzələyib onu dinc həyata qovuşdura bilər.
Artıq hər bir Karamazovun yeri aydın görünür: Fyodor Pavloviç qara torpağın altında, Dmitri soyuq zindanda, İvan işığı öləzimiş beyninin zülmət labirintində, Smerdyakov isti cəhənnəmdə, Alyoşa isə başına toplanmış on iki növcavanla (İsa Məsihin on iki həvarisinə işarədir), on iki saf, təmiz ruhla işıqlı yeni həyatın astanasında. Karamazovları ailəlikcə tora salmış şeytanın tələsindən yalnız Alyoşa salamat çıxır. Tanrıya söykənən kəsə İblisin dişi batmır.
Epiloqda İvanla Katerinanı bir yerdə görürük - su axıb çuxurunu tapıb. Onlar Dmitrini qaçırmaq üçün birlikdə plan qururlar, qaçış baş tutsa, Mitya ilə Qruşenka okeanın o tayına adlayıb Amerikada yeni həyata başlayacaqlar. Fəqət bu planın həyata keçib-keçmədiyini biz heç zaman bilməyəcəyik. Romanın nəzərdə tutulmuş davamını yazmağa Dostoyevskiyə əcəl möhlət vermədi. Aleksey Karamazovun əlil, həm də ərköyün qız Liza Xoxlakova ilə evlənib-evlənmədiyindən də heç vədə xəbər tutmayacağıq. Bir məsələ aydındır ki, Alyoşanın Lizaya sevgisi cismani, eqoistik bağlılıq deyil, şəfqət, mərhəmət üstündə köklənmiş altruistik xristian məhəbbətidir. Erkən (bunu deyəndə əlli yaşına qədər yazdıqlarını nəzərdə tuturam) Tolstoydan fərqli olaraq Dostoyevskinin əsərlərində saf, işıqlı, duru sevgiyə, isterikadan, sadizmdən, mazoxizmdən, cürbəcür patoloji hallardan arınmış pak məhəbbətə rast gəlmək müşkül işdir. Zənnimcə, o pak dediyimiz sevgi haradasa sadizmlə mazoxizmin arasından, insan instinktinin bu iki qütbünün kölgəsi, ləkəsi düşməyən neytral zonadan keçir. Dostoyevski (eləcə də əllidən sonrakı Tolstoy) üçün belə bir zonanın var olduğu mənə həmişə şübhəli görünüb...
****
Karamazovların hər biri rus xalqının bətnindən düşmüş tipaj olsa da, Karamazov ailəsinə külli bəşərin modeli kimi baxılmalıdır. Dostoyevski qardaşların timsalında başlıca insan tiplərini yaradıb.
Dmitri Karamazov irrasional, impulsiv tipdir, onun varlığı başdan-ayağa instinktlərdən hörülmüş ehtiras yumağıdır. Başqa sözlə, Mitya bədəni, cismin istəklərini təmsil eləyir. Smerdyakov da onunla bir cəbhədədir, sadəcə o, instinktlərin Dmitri kimi pozitiv yox, neqativ qütbündə qərar tutub. Smerdyakov Mityanın astar üzüdür. Əgər Dmitri Karamazovu müsbət emosiyalar, yaşamaq instinkti (Eros) hərəkətə gətirirsə, Pavel Smerdyakovu mənfi emosiyalar, ölüm instinkti (Tanatos) idarə eləyir. Təsadüfi deyil ki, Fyodor Pavloviç Karamazov o biri (qanuni) övladlarına yox, məhz ona atasının adını qoyub, yəni Smerdyakov bir növ ölülər səltənətinin dirilər aləmindəki nümayəndəsidir. Atanın ölümü məhz onun əlindən olur. Mityanın ehtiraslarını qaynama dərəcəsinə çatdıran da, ona ata qətlinin parolunu verən də odur. Bir sözlə, Mitya ilə Smerdyakov romanda cismani-bioloji varlığın bir-birini stimullaşdıran iki üzünü, iki qütbünü təmsil eləyirlər: həyat-ölüm, ehtiras-qorxu, güc-zəiflik, sağlamlıq-xəstəlik... Ona görə də Dmitri rəqabətdə olduğu atasının ölümünü arzulayır, ancaq atanı Smerdyakov öldürür.
İvan Karamazov rasional, düşünən tipdir, əsərdə o, ağılın timsalıdır. Skeptik İvanın ağlı tam da yalın ağıl deyil, haqqa, ədalətə dərin şübhə bəsləməsi ucbatından bu ağıl qaranlıq instinktlər səltənəti, yalan, riya fabriki üçün əlverişli, maraqlı tərəfdaşa çevrilir. Smerdyakov məhz onun təhrikiylə qətl törədir, Dmitri nişanlısını məhz ona peşkəş verir. Ancaq Alyoşa ilə o heç cür yollaşa bilmir. Alyoşanın əqidəsi, inamı, imanı ona tam yabançıdır. İvan imansız ağıldır, quru məntiq, inamsız bilikdir. İnamsız biliksə qəlbindən ayrı düşmüş kəsik başdır. İvana elə gəlir ağılla, məntiqlə hər şeyi izah eləmək olar, di gəl, onun güvəndiyi məntiq sonda özünü də, doğmalarını da faciəyə, fəlakətə sürükləyir.
Aleksey Karamazov da irrasional tipdir, ancaq sözün ruhani mənasında. Alyoşa təkcə Tanrıya, İsa Məsihə, mürşidi Zosimaya yox, bütün insanlara inanır. Onun varlığı başdan-başa inamdan, intuisiyadan, sevgidən yoğrulub. Hamını sevdiyinə, hamıya inandığına görə hamı da onu sevib ona inanır. O, xarakterindən asılı olmayaraq hər kəsin sahilinə asanlıqla yan alır, şəfqətinin, düzlüyünün hesabına hamıyla asan dil tapır. Hər kəs dərdini ona söyləyir, sirrini ona açır. Romanda bütün personajları bir-birinə bağlayan tək fiqur Alyoşadır, müəllif əsərin baş qəhrəmanı rolunu ona tapşırıb. Alyoşa yalan bilmir, o, doğrudan, həqiqətdən başqa nəsə danışa bilməz. Alyoşa bədənindən, ağlından cüda düşmüş saf ruhdur. Bədən ondan ötrü artıq yükdür, ağılsa ona gərək deyil, çünki ən körpə ruh da ən qocaman ağıldan çox bilir, ondan müdrikdir. Tanrının bir nüsxəsi kimi ruhun biliyə ehtiyacı yoxdur, çünki ruh özlüyündə mütləq biliyin özüdür. Bilmək ağılın ehtiyacıdır. Könül istəsə belə səhv eləyə, əyri yolla gedə bilməz. Ruhun səhvə yol vermək, yanlış yola düşmək imkanı, mexanizmi yoxdur.
Əgər İvan kiçik qardaşı Alyoşayla ittifaqa girsəydi, bu izdivacdan möcüzələr doğulardı. Qardaşlarından fərqli olaraq Alyoşanın bioloji atadan başqa mənəvi atası da var. Hər kimin timsalında zühura gəlir gəlsin, bu ata Göylər sahibi - Tanrı atadır (İsa Məsih deyirdi ki, ruh ruhdan, bədən bədəndən törəyir; yəni mənim bədənim dülgər Yusifin, ruhum Allahın oğludur). Alyoşanın bu dünyanın heç nəyində gözü yoxdur - nə pulunda, nə varında, nə mülkü, nə qadınında. Ona görə də bütün bunlar özü ona can atır. Qardaşların hərəsi bir səbəbdən sıradan çıxandan sonra ata mülkü, şübhəsiz, ona - atasının bir çöpündə belə gözü olmayan oğula qalmalıdır. Beləcə, heç nəyi olmayan xeyir sonda hər şeyə sahib çıxır, hər şeyi olan şər isə axırda lüt qalır. Xeyir şəri yenməyi diləməsə də, şər xeyirə yenilir, özü də demək olar ki, könüllü yenilir.
Heç nəyə tamahı keçməyən Alyoşa Karamazovun yalnız insanda gözü var. Alyoşa könül ovçusudur (İncildə İsa peyğəmbər həvarilərinə belə deyir: “Ardımca gəlin, mən sizi insan ovçularına çevirəcəyəm”). Bu ov sonunda onu ilahi həzzin zirvəsinə - peyğəmbərlik mərtəbəsinə qaldıracaq...
(Yeri gəlmişkən: Şah İsmayıl Xətayi də könül ovçusuydu. Onun məqsədi səltənətləri, dövlətləri almaq yox, insanları, ürəkləri, beyinləri fəth eləmək idi. Torpaq işğalı əsas niyyəti olsaydı, vassalı sayılan dövlətlərin ərazisini də öz səltənətinə qatardı. Ancaq bildiyimiz kimi, belə olmayıb, Şah İsmayıl yalnız ona meydan oxuyan, düşmən kəsilən hökmdarlarla savaşıb. Çətin gündə Səfəvilərin yardımına möhtac qalan, ona rəğbət bəsləyən Sultan Babur, Sultan Hüseyn Bayqara kimi irili-xırdalı neçə padşah öz səltənətini sərbəst idarə eləyib. Sufilər yoldaşı, dərvişlər dədəsi Xətayinin mahir könül ovçuluğunun nəticəsində, könül oxunun hədəfə dəyməsi sayəsində qonşu məmləkətlərdən qızılbaş dövləti ərazisinə insan axını vardı. Ənəlhəq hikmətinə, insanı ucaldan zehniyyətə qənim kəsilmiş xanədanlar, hökmdarlar məhz bu işğaldan qorxurdular, məhz bunun qarşısını almaq üçün ən imansız kafirlə də birləşməyə hazır idilər).
*****
Bir az da dərinə getsək, Karamazov qardaşları elə bir bütöv adamdır. Hər qardaş ayrıca götürülmüş fərdin bir atributudur. Alyoşa bu fərdin könlü, İvan ağlı, Dmitri ilə Smerdyakov isə canıdır. Ruh beyində, bədəndə idarəçiliyi ələ ala bilməyəndə insan adlı kosmik gəmi fəzada fəlakətə uğrayır - Karamazov ailəsinin fəlakəti kimi. Ağıl da fanidir, can da fanidir. Sona yenə yalın könül, çılpaq ruh qalır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 Sentyabr 16:26
YAP xəbərləri
09 Sentyabr 16:24
Dünya
09 Sentyabr 16:21
Mədəniyyət
09 Sentyabr 16:19
İdman
09 Sentyabr 16:16
Siyasət
09 Sentyabr 16:15
Dünya
09 Sentyabr 16:08
Siyasət
09 Sentyabr 16:06
Hərbi
09 Sentyabr 15:52
İdman
09 Sentyabr 15:38
Elm
09 Sentyabr 15:27
Xəbər lenti
09 Sentyabr 15:26
Dünya
09 Sentyabr 15:24
Dünya
09 Sentyabr 15:21
İdman
09 Sentyabr 15:09
Siyasət
09 Sentyabr 15:07
Xəbər lenti
09 Sentyabr 14:59
Dünya
09 Sentyabr 14:51
Elm
09 Sentyabr 14:49
Sosial
09 Sentyabr 14:46
Dünya
09 Sentyabr 14:45
Xəbər lenti
09 Sentyabr 14:35
Siyasət
09 Sentyabr 14:31
Sosial
09 Sentyabr 13:55
Sosial
09 Sentyabr 13:09
Siyasət
09 Sentyabr 12:34
İqtisadiyyat
09 Sentyabr 12:28
Elm
09 Sentyabr 12:27
Gündəm
09 Sentyabr 12:03
Siyasət
09 Sentyabr 11:53
Gündəm
09 Sentyabr 11:46
Elm
09 Sentyabr 11:34
Dünya
09 Sentyabr 11:26
Sosial
09 Sentyabr 11:19
Sosial
09 Sentyabr 11:17
Sosial
09 Sentyabr 10:41
Sosial
09 Sentyabr 10:32
Sosial
09 Sentyabr 10:29
YAP xəbərləri
09 Sentyabr 09:57
Sosial
09 Sentyabr 09:55
Sosial
09 Sentyabr 09:52
Turizm
09 Sentyabr 09:49
Dünya
09 Sentyabr 09:43
Sosial
09 Sentyabr 09:41
Sosial
09 Sentyabr 09:40
İqtisadiyyat
09 Sentyabr 09:36
Dünya
09 Sentyabr 09:28
Sosial
09 Sentyabr 09:27
İdman
09 Sentyabr 08:38
Dünya
09 Sentyabr 00:00
Mədəniyyət
08 Sentyabr 23:45
Dünya
08 Sentyabr 23:35
Hadisə
08 Sentyabr 23:20
Hadisə
08 Sentyabr 23:00
İdman
08 Sentyabr 22:35
Dünya
08 Sentyabr 22:30
İdman
08 Sentyabr 22:20
İdman
08 Sentyabr 22:00
Xəbər lenti
08 Sentyabr 21:27
İdman
08 Sentyabr 20:35
Sosial
08 Sentyabr 19:33
Sosial
08 Sentyabr 18:11
Elm
08 Sentyabr 17:37
İdman
08 Sentyabr 16:15
Sosial
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 14:54
Sosial
08 Sentyabr 13:43
Sosial
08 Sentyabr 12:11
Dünya
08 Sentyabr 11:37
Sosial
08 Sentyabr 11:06