Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın yeni neft strategiyasının başlanğıc tarixi

Azərbaycanın yeni neft strategiyasının başlanğıc tarixi

09.09.2009 [09:27]

ümummilli lider Heydər Əliyev 15 il əvvəl “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla respublikamızın inkişafında yeni mərhələnin əsasını qoyub
Sentyabrın 20-də Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial həyatında ən mühüm tarixi hadisənin - “Əsrin müqaviləsi”nin imzalanmasının 15 illiyi tamam olur. Respublikamızın yeni neft strategiyasının əsasının qoyulduğu bu tarixi gün Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, ölkəmizin milli təhlükəsizliyinin və müstəqilliyinin təminatına çevrilən mühüm faktor kimi qiymətləndirilir. ümummilli lider Heydər Əliyev 15 il əvvəl bu tarixi sazişin gerçəkləşməsinə nail olmaqla Azərbaycanın davamlı inkişafının əsasını qoyub. Ulu öndər “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi və siyasi təhlükəsizliyinin möhkəmlənməsinə, ölkəmizin regionda mövqeyinin güclənməsinə dərin təməllər yaratmış olub. Bu gün də davam etdirilən Ulu öndərin müəllifi olduğu enerji konsepsiyası respublikamızda bütün iqtisadi sahələrin inkişafı üçün əhəmiyyətli zəmin yaradıb, əhalinin sosial vəziyyətinin yüksəlməsi üçün yeni imkanlar açmaqdadır.
“Əsrin müqaviləsi”nin imzalanmasından xeyli müddət ötsə də bu tarixi hadisənin mahiyyətini dərindən təhlil etdikdə çətin bir şəraitdə və gərgin əziyyət hesabına reallaşan sazişin imzalanmasındakı fədakarlığına və əvəzsiz xidmətlərinə görə dahi şəxsiyyət Heydər Əliyevin müdrikliyinə bir daha heyran olursan. Həmin dövrdəki ictimai-siyasi vəziyyəti nəzərdən keçirdikdə dünyanın ən nəhəng neft kompaniyalarını Azərbaycana cəlb etməyin nə dərəcədə çətin olmasını izah etməyə ehtiyac yoxdur. AXC-Müsavat hakimiyyəti ölkəmizə qarşı elə bir inamsızlıq sindromu yaratmışdı ki, əcnəbi iş adamları Azərbaycanı qeyri-sabit, təhlükəli və investisiya fəaliyyəti üçün əlverişsiz respublika kimi təsəvvür edirdilər. Bu dövrdə heç bir xarici şirkət risk edərək ölkəmizdə layihə həyata keçirmək istəmirdi. Xüsusilə də neft və yanacaq sektoru kimi ən cəlbedici sahəyə əcnəbi sərmayədarlar kapital yatırmağa risk edirdilər. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə təminat verilməyəcəyindən qorxurdular. Xarici neft şirkətlərində yaranmış bu cür psixoloji baryeri dağıtmaq, Azərbaycanda əlverişli investisiya mühitinin yaradılmasını sübut etmək, yatırılan bütün sərmayələrin qorunmasına təminat vermək asan iş deyildi. Amma bunu Heydər Əliyev kimi dahi şəxsiyyət, unikal idarəetmə qabiliyyətinə malik dövlət xadimi bacardı. Ulu öndər Heydər Əliyev dünyanın ən nəhəng neft və qaz kompaniyalarını inandırdı ki, Azərbaycana sərmayə qoymaqla ən yaxın zamanda bütün investorlar böyük fayda əldə edə biləcəklər. ümummilli liderin gərgin zəhməti öz bəhrəsini verdi və yeni neft strategiyasının əsası qoyuldu. Bütün bu nailiyyətlər məhz Heydər Əliyevin qətiyyəti sayəsində mümkün oldu. Xarici neft kompaniyaları tam əminliklə Heydər Əliyevə olan dərin inam sayəsində işə başladılar. Xarici sərmayəçilər üçün ən etibarlı və ən böyük təminat məhz Heydər Əliyev şəxsiyyətinə olan inam, etibar və hörmət idi.
ümummilli liderin həddindən artıq gərgin əməyinin, qətiyyətinin və əzmkarlığının nəticəsində baş tutan yeni neft müqaviləsi Azərbaycanın həyatında tamamilə yeni mənzərənin açılmasına səbəb oldu. Respublikamızın müstəqilliyinin əsaslarının möhkəmlənməsində strateji əhəmiyyət daşıyan və regionda söz sahibinə çevrilməsinə səbəb olan “Əsrin müqaviləsi”nin imzalanmasını xatırlayarkən Ulu öndər Heydər Əliyev deyirdi: “Bu, xəyal deyil, əfsanə deyil, üç dəniz - Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi birləşəcəkdir”. Sözügedən neft müqaviləsi respublikamızın enerji siyasətinə yeni komponentlərin əlavə olunmasına zəmin yaratdı və Azərbaycan dünyanın neft və qaz mərkəzinə çevrilməyə başladı. Respublikamızın dünya iqtisadiyyatına inteqrasiya olunması, ən nəhəng şirkətlərlə sıx təmasların yaradılması və dünyanın aparıcı dövlətləri ilə tərəfdaşlıq münasibətlərinin qurulmasının təməl prinsipləri “Əsrin müqaviləsi”nin fundamental əsaslarına söykənir.
Ulu öndər Heydər Əliyevin ağır və gərgin zəhmət hesabına imzalanmasına nail olduğu “Əsrin müqaviləsi”nin həyata keçirilməsindən sonra qarşıda digər çətin sınaqlar dururdu. Neft müqavilələrinin imzalanması hələ hər şey demək deyildi, neftin dünya bazarına nəqli üçün boru kəmərinin çəkilməsini qətiləşdirmək vacib idi. Ulu öndər Azərbaycanın enerji siyasətinin əsas hədəflərindən biri kimi yanacağın Şərq-Qərb marşrutları ilə nəqlini nəzərdə tuturdu. Buna görə də, Heydər Əliyev Qərb istiqamətində etibarlı və təhlükəsizlik dəhlizinin yaradılması üçün ciddi səylər göstərirdi. ümummilli lider Heydər Əliyev Azərbaycanın Xəzər dənizindəki sektorundan çıxarılacaq neftin Gürcüstan və Türkiyə vasitəsilə dünya bazarlarına nəqlini nəzərdə tutan layihənin - Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsini vacib hesab edirdi. Həmin dövrdə siyasi və iqtisadi təzyiqlərin olmasına baxmayaraq, dahi şəxsiyyət qəti addımlar atmağa qərar verməklə əzmkarlığını nümayiş etdirdi.
Onu da qeyd edək ki, “Əsrin müqaviləsi”nin imzalandığı dövrdə respublikamıza xarici təsirlər olduğu kimi BTC-nin çəkilməsi ilə bağlı işlərə başlanılanda da bu cür müdaxilələr mövcud idi. Ulu öndərin təklif etdiyi Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişinə həmin dövrdə mane olmaq istəyənlər bu ixrac marşrutunun reallaşmasını istəmirdilər. Hətta həmin qüvvələr Avropa dövlətlərində bir sıra yüksəkvəzifəli hökumət üzvlərini və iri maliyyə qurumlarının rəhbərlərini də bu layihənin perspektivsizliyinə inandırmağa çalışırdılar. Bunun nəticəsi idi ki, həmin dövrdə bəzi Qərb ölkələrində layihə ilə bağlı müəyyən tərəddüd yaranmışdı, beynəlxalq maliyyə institutları layihənin baş tutacağına inanmırmış kimi vəsait ayırmaqda qəti qərar verə bilmirdi. Bütün bu kimi faktorlar BTC-yə olan inamı azaltmış olurdu. Lakin Ulu öndər Heydər Əliyevin dərin dünya görüşü və qətiyyəti layihənin reallaşmasına olan inamı artırırdı. ümummilli lider Heydər Əliyev başladığı işin möhtəşəm sonluqla başa çatacağına əmin olduğundan xarici təsirlərə, müxtəlif qurumların tərəddüdlərinə əhəmiyyət vermirdi və hər dəfə uğurlu nəticələrə səbəb olan addımlar atırdı.
Ulu öndərin Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişinə dair şirkətin yaradılması barədə Sərəncamı layihə ilə bağlı işlərin sürətlənməsinə təkan vermiş oldu. Az müddət sonra ümummilli lider dünyanın aparıcı ölkələri ilə bu kəmərin çəkilişi üçün siyasi qərarın verilməsinə nail oldu. 1999-cu ilin noyabrında ATƏT-in İstanbul Zirvə toplantısı çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri və ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası sazişin imzalanması bu məsələnin də həllinə nöqtə qoydu və Azərbaycanın region üçün aparıcı dövlətə çevrilməsini şərtləndirmiş oldu. Onu da qeyd etmək lazımdır ki, BTC-nin reallaşmasında Amerika hökumətinin dəstəyi də xüsusi əhəmiyyətə malikdir. Amerika Birləşmiş Ştatları hökumətinin yaxından dəstəyi layihənin həyata vəsiqə almasında olduqca mühüm rol oynayıb.
BTC-nin ən həlledici mərhələlərindən biri kəmərin təməlinin qoyulması ilə bağlıdır. 2002-ci il sentyabrın 18-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin, ABŞ-ın energetika nazirinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. Təxminən üç il sonra, 2005-ci il mayın 25-də kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi və boru xəttinə ilk neft vuruldu. Həmin ilin oktyabrında isə kəmərin Gürcüstan hissəsi istifadəyə verildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. Rəsmi açılış gününədək - iyulun 13-dək artıq Ceyhan limanından 4,8 milyon barel Azərbaycan nefti yüklənmiş 7 tanker yola salınmışdı.
Göründüyü kimi, BTC həddindən artıq gərgin əməyin və qətiyyətin nəticəsində reallaşıb. Bu kəmərin çəkilişi üçün olduqca çox ağır işlər görülüb. ABŞ-ın və xarici şirkətlərin səylərinə baxmayaraq, Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsi yalnız Ulu öndər Heydər Əliyevin rəşadəti hesabına mümkün oldu. ümummilli lider Heydər Əliyevin böyük siyasi bacarığı, müdrikliyi, uzaqgörənliyi və əzmkarlığı nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri gerçəyə çevrildi.
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsi ilə enerji strategiyası yeni eraya qədəm qoymuş oldu. Türkiyənin Ceyhan limanından dünya bazarlarına nəql olunan Azərbaycan neftinin ixracının başlanması XXI əsrin ən böyük hadisəsi idi. BTC-nin reallaşması Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində və sabitliyin təminatında əhəmiyyətli faktor rolunu oynamaqla yanaşı, bölgənin təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb etdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə yol açmaqla bərabər, yeni enerji dəhlizləri üçün açar rolunu oynadı. Heydər Əliyevin şah əsəri olan BTC Azərbaycana xarici sərmayələrin axınına və investorların ölkəmizə inamının tamamilə möhkəmlənməsinə baza yaratdı. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətə başlaması bölgədə gedən prosesləri sürətləndirdi və yeni enerji dəhlizlərinin əsasının qoyulmasına yol açdı. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi, yeni enerji marşrutlarının çəkilişi istiqamətində səylərin gücləndirilməsi Heydər Əliyevin əsasını qoyduğu enerji siyasətinin məntiqi davamıdır.
BTC kəməri ilə ildə 50 milyon ton, yəni, gün ərzində 1 milyon barel Azərbaycan nefti nəql etmək mümkündür. Qazaxıstanın BTC-yə qoşulması və öz neftini həmin kəmər vasitəsilə dünya bazarlarına çıxarmaq niyyəti daha çox neft ixracına zərurət yaradır. Eyni zamanda, Türkmənistanın da BTC ilə neft nəql etməsi istisna olunmur. Bu məqsədlə layihənin səhmdarları BTC-nin genişləndirilməsi üçün işlərə başlayıb. Kəmər genişləndirildikdən sonra BTC ilə gün ərzində 1,3 milyon barel neft nəql etmək mümkünləşəcək. BTC-nin dünya üçün əhəmiyyəti artır və nəticədə Azərbaycanın bölgədə nüfuzu möhkəmlənir. Bu isə Azərbaycanın, həm neft-qaz hasil edən ölkə kimi, eyni zamanda, tranzit ölkə kimi dünyanın karbohidrogen ehtiyatları ilə təminatında əsas dövlət olmaqla yanaşı, regionun təhlükəsizliyinin geniş formatının yaradılmasına səbəb olmaqdadır.
ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1184 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31