Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Lerikdə inkişaf çox sürətlə gedir

Lerikdə inkişaf çox sürətlə gedir

26.06.2010 [09:49]

Dövlətimizin başçısı İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində Lerik rayonunda da olub
Azərbaycan Prezidenti İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində dünən Lerik rayonuna gəlib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edildiyi rayonlardan biri də Lerikdir. 2010-cu ilin birinci rübündə 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı, adambaşına düşən gəlir xeyli artıb. ümumi məhsul buraxılışının həcmində ötən ilə nisbətən 2,7 faiz, pərakəndə əmtəə dövriyyəsində 7,5 faiz, pullu xidmətdə 17,5 faiz, təmir-tikinti işlərində isə 11 faiz artım qeydə alınıb. Rayonda kənd təsərrüfatı sahəsində də mühüm uğurlar əldə edilib. Əhalinin sosial şəraitinin daha da yaxşılaşdırılması üçün rayonda mühüm işlər görülüb, sahibkarlığa göstərilən diqqət nəticəsində yeni müəssisələr istifadəyə verilib, işsizlik xeyli azalıb. Lerik şəhərində yaşayan 1321 ailənin mənzilinə Prezident İlham Əliyevin göstərişi ilə 2007-ci ildə qaz xətti çəkilib. Bu bölgənin turizm üçün böyük potensiala malik olması da diqqətdən kənarda qalmayıb. Lənkəran-Lerik yolu boyunca yeni istirahət mərkəzləri inşa edilib. Dövlətimizin başçısı əvvəlcə Heydər Əliyev meydanında Ulu öndərin abidəsini ziyarət edib. Prezident İlham Əliyev Heydər Əliyev meydanında aparılmış tikinti işləri ilə tanış olub. Məlumat verilib ki, 8200 kvadratmetr sahəni əhatə edən meydan yenidən qurulub, işıqlanma sistemi quraşdırılıb. Burada 35 metrlik qüllə üzərində Azərbaycanın dövlət bayrağı dalğalanır.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev Lerik şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını  hərarətlə qarşılayıblar. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib, mərkəzlə tanış olub.
Heydər Əliyev meydanında inşa edilmiş mərkəzdə dahi rəhbərin büstü qoyulub.
Məlumat verilib ki, ümumi sahəsi 420 kvadratmetr olan Heydər Əliyev Mərkəzində ümummilli liderin həyatını əks etdirən eksponatlar, Ulu öndərin şəxsi arxivindən götürülmüş sənədlər və fotoşəkillər yerləşdirilib. Mərkəz görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyevin siyasi irsinin təbliği, gənc nəslin bu irsdən yararlanması məqsədi ilə yaradılıb. Mərkəzin kitabxanasında Ulu öndər haqqında maraqlı kitablar toplanıb. Burada internetə qoşulmuş müasir kompyuterlər, monitor quraşdırılıb, ümummilli liderin həyatına dair sənədli filmlər toplanıb.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev xatirə kitabına ürək sözlərini yazıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev rayon sakinlərini təbrik edərək deyib: “Biz bu gün Heydər Əliyev Mərkəzinin açılışını qeyd etdik. çox gözəl, yaraşıqlı mərkəzdir. Həm xarici görünüşü çox gözəldir, həm daxili tərtibatı. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər çox böyük təsir bağışlayır. Bu, Azərbaycanın tarixidir. Həm 1970-ci illərdə, həm 1980-ci illərin əvvəllərində, həm də müstəqillik dövründə Heydər Əliyevin fəaliyyəti Azərbaycanın inkişafına xidmət edibdir. Onun zəhməti və fəaliyyəti nəticəsində ölkəmiz o illərdə böyük və uğurlu yol keçmişdir. Bu siyasət bu gün də davam edir. Heydər Əliyev siyasəti bütün sahələrdə davam etdirilir. Lerikin bugünkü siması o siyasətin nəticəsidir. Mən çox şadam ki, Lerikdə inkişaf çox sürətlə gedir. Mən artıq üçüncü dəfədir ki, Lerikdəyəm. Hər dəfə gələndə yeni müəssisələr, yeni obyektlər açılır, abadlıq işləri aparılır. Bunları görürəm və çox sevinirəm. Rayonun, sözün əsl mənasında, inkişafı həm yerli sakinlər, həm də bütün ölkə üçün çox vacibdir. çünki Lerik paytaxtdan uzaqda yerləşən dağ rayonudur. Dağ rayonlarına, paytaxtdan, mərkəzdən uzaqda yerləşən bölgələrə xüsusi diqqət göstərilməlidir və bu diqqət göstərilir. Bax bu gün həm Heydər Əliyev Mərkəzinin, həm də əsaslı təmirdən sonra fəaliyyətə başlayan mərkəzi xəstəxananın açılışını qeyd edirik. Mənə verilən məlumata görə, mədəniyyət evi də təmir olunubdur, ora da baxacağam. Uzunömürlülər muzeyi yaradılıb. Bu da çox gözəl təşəbbüsdür. çünki Lerik uzunömürlülər diyarıdır. Yəni, biz  bir gündə rayonun inkişafını əks etdirən bir neçə obyektin açılışını bərabər qeyd edəcəyik. Bu, onu göstərir ki, hər bir bölgədə, hər bir rayonda inkişaf üçün imkanlar vardır. Əsas odur ki, iradə olsun, iradə də vardır. Azərbaycanın hərtərəfli və uğurlu inkişafı bölgələrin inkişafından asılıdır. Bir neçə il bundan əvvəl biz Lənkəran-Lerik yolunun açılışını bərabər qeyd edirdik. Lerik sakinləri yaxşı xatırlayır ki, o yol hansı vəziyyətdə idi. Bərbad vəziyyətdə idi. çox böyük çətinliklər yaradırdı. Gənclər isə yəqin ki, indi onu xatırlamırlar. Yəni, bu yeni yola öyrəşiblər və bu da təbiidir. Hər bir yenilik, hər bir gözəl təşəbbüs, irəliləyiş gözəl bir şərait yaradır. Yolun ardınca Lerik rayon mərkəzinə qaz xətti də çəkildi. Heç sovet vaxtında bu zona qazlaşdırılmamışdı. O layihə böyük maliyyə vəsaiti tələb edirdi. Ancaq biz bunu etdik. çünki Azərbaycanın bütün rayonları qazla təmin edilməlidir. Növbəti mərhələlərdə kəndlərdə qaz təchizatı genişlənməlidir, yeni xətlər çəkilməlidir. Elektrik enerjisi ilə təchizat yaxşılaşır. Düzdür, bəzi hallarda Lerikin hava şəraitinə görə - hava pisləşəndə işıq dirəkləri sıradan çıxır. Ancaq əsas odur ki, bizdə indi kifayət qədər imkanlar var ki, ilk növbədə təmir işlərini sürətlə aparaq. Digər tərəfdən, yeni enerji gücləri yaranır. Astarada elektrik stansiyasının tikintisi bütün zona üçün enerji təminatını böyük dərəcədə yaxşılaşdırıb. Hər halda biz Lerikin timsalında Azərbaycanın sürətli inkişafını çox əyani şəkildə görürük. Biz əldə edilmiş uğurlarla növbəti illərdə kifayətlənməməliyik, irəliyə baxmalıyıq, əlavə hansı tədbirlər görülməlidir. Rayonun potensialı maksimum dərəcədə işə salınmalıdır. Xüsusilə kənd təsərrüfatı, emal və sənaye müəssisələri, turizm imkanları çox genişdir. Bildiyimə görə artıq rayon ərazisində bir neçə turizm mərkəzi yaradılmışdır və Azərbaycanın müxtəlif bölgələrindən istirahət üçün buraya gələnlərin sayı artır. Lerikin çox gözəl təbiəti, təbii sərvətləri, gözəl havası vardır. Yəni, bu, böyük sərvətdir və əlbəttə ki, biz bu imkanlardan - turizm imkanlarından  səmərəli şəkildə istifadə etməliyik. ümumiyyətlə, ölkəmizdə işlər yaxşı gedir. İslahatlar aparılır. Azərbaycan uğurla inkişaf edir. Bölgələr inkişaf edir. Regional inkişaf proqramı icra edilir və bütün zonaları əhatə edir. Biz bu proqramın növbəti illərdə icrası nəticəsində elə etməliyik ki, ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər həll olunsun. Belə imkanlar vardır və bu günə qədərki işlər, onların uğurla icrası belə deməyə əsas verir. 2004-cü ildə regionların inkişafına böyük təkan verən proqram qəbul edildi və icra olundu. Əsas odur ki, proqramda nəzərdə tutulmuş bütün məsələlər son 6 ildə öz həllini tapdı, o cümlədən Lerik rayonunda. Bax burada görülən işlər, həm infrastruktur, yollar, ondan sonra qaz xətləri, səhiyyə ocaqları, məktəblər - onların hamısı regional inkişaf proqramında nəzərdə tutulmuş məsələlər idi. Biz növbəti illərdə fəaliyyətimizi plan üzrə davam etdirəcəyik və kifayət qədər vəsait də nəzərdə tutulub. Azərbaycanın iqtisadi imkanları yaxşıdır. Mən dəfələrlə demişəm ki, biz öz hesabımıza yaşayırıq. Azərbaycan xalqının zəhməti hesabına yaradılan bu şəraitdən vətəndaşlarımız istifadə edirlər. ölkəmizin iqtisadi potensialı artacaq, buna şübhə yoxdur. Görülən bütün işlər bu məqsədi güdür. Maliyyə imkanlarımız genişlənəcək və belə olan halda insanlar daha da yaxşı yaşayacaqlar. Pensiyalar, əmək haqları, sosial müavinətlər vaxtında ödənilir və onların həcmi artmalıdır. Bax belə, mən gəlmişəm ki, sizinlə yenidən görüşüm, bu gözəl tədbirdə bərabər iştirak edək. Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm. Arzu edirəm ki, sizin həyatınızda hər şey yaxşı olsun”.
Lerik rayon sakini, əməkdar müəllim Gültəkin Şıxəliyeva rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edib.
Prezident İlham Əliyev Lerikə səfəri çərçivəsində rayon mərkəzi xəstəxanasında aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğını əks etdirən fotostend var. Məlumat verilib ki, 4 mərtəbəli binanın ümumi sahəsi 2100 kvadratmetrdir. 90 çarpayılıq xəstəxana hər cür müasir tibbi avadanlıqla, mərkəzləşdirilmiş havalandırma və istilik sistemləri ilə təchiz olunub. Burada 200-ə yaxın həkim və tibb personalı əhaliyə xidmət göstərəcək.
Səhiyyə ocağında poliklinika, qəbul, infeksion, terapiya, doğuş-ginekologiya, cərrahiyyə, reanimasiya və intensiv terapiya, uşaq xəstəlikləri şöbələri fəaliyyət göstərir. Burada ultrasəslə müayinə, pediatr, oftalmoloq, endoskopiya, travmatoloq və əməliyyat otaqları, ümumi və biokimyəvi laboratoriya var. Reanimasiya və cərrahiyyə şöbələrində 20 çarpayılıq 12 palata var. Xəstəxananın yenidənqurmadan sonra istifadəyə verilməsi rayon sakinlərini müalicə və müayinə üçün başqa yerlərə getməkdən azad edir. Burada yaradılan lazımi şərait qonşu rayonların sakinlərinə də tibbi xidmət göstərməyə imkan verir. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev Lerik rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olub. Məlumat verilib ki, 1973-cü ildə inşa edilmiş binada aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra Mədəniyyət evi müasirliyi ilə seçilir. Mədəniyyət evinin 300 nəfərlik zalı müasir avadanlıqla və işıq effektləri ilə təmin edilib. Prezident İlham Əliyev rayonda aparılan abadlıq-quruculuq işlərini və turizm potensialını əks etdirən fotostendlərə baxıb. Bildirilib ki, rayonun coğrafi baxımdan əlverişli yerdə yerləşməsi və yüksək turizm potensialına malik olması ilə əlaqədər son illər onlarla yeni istirahət mərkəzləri, turizm obyektləri istifadəyə verilib. Prezident İlham Əliyev məktəblilərin əl işləri, dekorativ sənət əsərləri və rəsmlərdən ibarət sərgiyə baxıb. Dövlətimizin başçısı rayonda istehsal olunan kənd təsərrüfatı malları və istehsal müəssisələrinin məhsullarının sərgisi ilə də tanış olub. Sərgidə mineral sular, arıçılıq təsərrüfatlarının məhsulları, musiqi alətləri, taxtadan hazırlanan müxtəlif məişət əşyaları, mebel, Lerikin tarixini əks etdirən və rayon ərazisində aşkarlanan qədim əşyalar, xalq sənətkarlıq nümunələri, habelə qum-çınqıl və kərpic zavodlarının məhsulları nümayiş olunur.
Rayonda təbii üsullarla hazırlanmış bitki mənşəli dərmanlar sərgidə maraqla qarşılanıb.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev Lerikdə Uzunömürlülər muzeyinin açılışında iştirak edib. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib, muzeylə yaxından tanış olub. Məlumat verilib ki, bu muzeyin məhz Lerikdə yaradılması təsadüfi deyildir. Bu rayon dünyada uzunömürlülər diyari kimi şöhrət qazanıb. Dağlar qoynunda yerləşən Lerik rayonunda vaxtilə 500 nəfərdən çox uzunömürlü insan yaşayıb. Hazırda rayonun yaşı 100-ü keçmiş 20-dən çox sakini var. Dünyada yeganə olan bu muzeyin binası müasir memarlıq elementlərindən istifadə edilməklə inşa olunub. İki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan  50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer alıb. Muzeydəki 40-dək fotoşəklin müəllifi olan fransız fotoqrafı Fredrik Laşop bu əsərlərini Parisdə təşkil etdiyi “Uzunömürlülər diyarına səyahət” sərgisində nümayiş etdirib. Muzeydə planetin ən uzunömürlü sakini adını qazanmış Şirəli Müslümova, Mahmud Eyvazova  və Məcid Ağayevə aid guşələr yaradılıb. Muzey böyük turizm potensialına malik Lerikə əlavə səyahət həvəskarlarının gəlməsinə səbəb olacaq.
Prezident İlham Əliyev Lerikə səfəri çərçivəsində “Şəhidlər” abidə kompleksini ziyarət edib. Dövlətimizin başçısı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ucaldımış “Əbədi məşəl”in önünə gül dəstəsi qoyub. Abidə kompleksi ilə tanışlıq zamanı bildirilib ki, Qarabağ müharibəsində Lerik rayonu 130-dan çox şəhid verib. Onların 5-i şücaətlərinə görə Milli qəhrəman adına layiq görülüblər. Hazırda rayonda 80 nəfər Qarabağ müharibəsi əlili vardır. Şəhid ailələrinə və əlillərə daim dövlət qayğısı göstərilir. Diqqətə çatdırılıb ki, kompleksin ümumi ərazisi 650 kvadratmetrdir. Burada fəvvarə quraşdırılıb, yaşıllıq zolaqları salınıb.
Prezident İlham Əliyev buradan Lerikin ümumi mənzərəsini seyr edib.
Dünən Lənkəran və Lerik rayonlarına səfərini başa vuran Prezident İlham Əliyev Bakıya qayıdıb.

Paylaş:
Baxılıb: 1072 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31