Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Brüsselə...

Azərbaycan Brüsselə...

31.08.2022 [09:58]

Sülh prosesinə sadiq dövlət kimi gəlib

Mübariz ABDULLAYEV

Bu gün nəzərlər yenidən Avropanın siyasi mərkəzi sayılan Brüsselə dikilib. Burada Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülh danışıqlarının növbəti raundu keçiriləcək. Görüşə maraq kifayət qədər böyükdür. Ehtimal olunur ki, bu dəfə Brüsseldə bölgədəki mövcud durum, tərəflərin danışıqların ötən raundlarında üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi vəziyyəti müzakirə ediləcək və gündəliyin yeni detalları müəyyənləşdiriləcək. Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan bu görüşdə tərəflər arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupu?un təşkil edilməsində razılaşmanın əldə olunacağına ümid bəsləyir. Onun sözlərinə görə, indiki halda gündəlikdə duran əsas məsələlər sülh müqaviləsi, sərhədlərin delimitasiyası, nəqliyyat məsələləri, həmçinin itkin düşmüş şəxslər və minalar problemidir.

Brüsselin artan fəallığı

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük müharibədə Azərbaycanın qazandığı parlaq Qələbə Ermənistanın üç onillik ərzində havadarlarının dəstəyi ilə davam etdirdiyi işğalçılıq siyasətini iflasa uğratdı. Məğlub Ermənistan kapitulyasiyaya məruz qaldı və Azərbaycan özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi. Yaranan yeni reallıqlar fonunda Azərbaycan müharibə səhifəsini bağlamaq, bölgədə təhlükəsizlik, sülh, əməkdaşlıq üçün etibarlı və davamlı zəmin formalaşdırmaq mövqeyindən çıxış edir. Prezident İlham Əliyev ölkəmizin bu dəyişməz mövqeyini dəfələrlə diqqətə çatdırıb. Müharibə günlərində və postmüharibə dövrü başlayanda proseslərə Moskvanın fəal yanaşması aydın şəkildə sezilirdi. Əslində bu, təbii qarşılanırdı. Çünki Cənubi Qafqaz regionu yalnız Azərbaycan və Ermənistan demək deyil. Bu coğrafiyada gedən proseslər, sülhün və təhlükəsizliyin təmin olunması bir sıra digər qonşu dövlətlər kimi, Rusiyanın da maraq dairəsindədir. Qeyd edək ki, müharibənin başa çatmasını bildirən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat məhz Rusiyanın vasitəçiliyi ilə imzalandı. Həmin sənədə Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistanın baş naziri imza atıblar. Bundan sonra şimal qonşumuzun vasitəçiliyi ilə Moskvada, Soçidə Azərbaycan və Ermənistanın nümayəndə heyətlərinin, o cümlədən də liderlərin görüşləri təşkil olundu. Konkret nəticələr əldə olunmasa da, belə təmaslar üç onillik ərzində faktiki olaraq müharibə vəziyyətində olan iki ölkənin yaxınlaşması, tərəflərin mövqelərinin aydınlaşdırılması və məsuliyyət hissinin artırılması baxımından əhəmiyyətli idi. Onu da vurğulayaq ki, Moskva özünün vasitəçilik missiyasını indi də davam etdirir.

Sonrakı mərhələdə isə Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində Brüsselin də aktiv iştirakı müşahidə edilməyə başladı. Analitiklər bunu müxtəlif amillərlə əsaslandırırlar. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması burada əsas amillərdən biri kimi dəyərləndirilir. İndiyədək Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə üç görüşü baş tutub. Liderlər arasında Brüsseldə ilk görüş 2021-ci il dekabrın 14-də keçirildi. Cari ilin əvvəlindən bəri isə aprelin 6-da və mayın 22-də olmaqla daha iki görüş baş tutub.

Bütövlükdə Brüssel görüşlərini məhsuldar kimi dəyərləndirmək mümkündür. İlk görüşdə regionda kommunikasiyaların açılması məsələsi ətraflı müzakirə edilib. Ötən ilin dekabrınadək Zəngəzur dəhlizi ilə bağlı konkret mövqe ortaya qoymayan Ermənistan Brüsseldə öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı öhdəliyi təsdiqlədi. Görüşdə, eyni zamanda, dəhliz üzərində gömrük  və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunacağı barədə razılıq əldə olundu. Liderlər arasında Brüsseldə baş tutan ikinci görüşdən sonra Şarl Mişel yaydığı bəyanatda atıq konkret məsələlər üzrə razılıq əldə olunduğunu bildirib. Avropa İttifaqı Şurasının prezidenti liderlərin ikinci görüşünün nəticəsi olaraq sərhəd komissiyasının yaradılması ilə bağlı razılığa gəlindiyini diqqətə çatdırıb. Birgə sərhəd komissiyasının mandatına iki ölkə arasında sərhədlərin delimitasiyası, sərhəd xətti boyunca  və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi daxil idi. Cari ilin may ayında baş tutan üçüncü görüşün ən mühüm nəticələrindən biri kimi, tərəflərin mövqelərinin konkretləşdirilməsi və uzlaşdırılması istiqamətində səylər göstərildiyi və bir sıra məsələlər üzrə razılığa gəlindiyi bildirilir. Ən mühüm məqam isə ondan ibarətdir ki, görüşdə tərəflər gələcək sülh müqaviləsi üzrə danışıqları davam etdirməyi razılaşıblar. Sülh sazişi Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətləri tənzimləyən əsas sənəd olacaq.

Görüşlərdə vasitəçilik missiyasından çıxış edən Avropa İttifaqı Şurasının Azərbaycan və Ermənistan arasında sülh, etimad yaratma proseslərini irəlilətmək səyləri hiss olunur. Bəyan edildiyi kimi, Cənubi Qafqazda etibarlı sülhün və təhlükəsizliyin təmin olunması Avropa İttifaqının da maraq dairəsindədir. Vurğulamaq yerinə düşər ki, Avropa İttifaqı Şurasının prezidenti yaydığı bəyanatda “Dağlıq Qarabaq”, “münaqişə” kimi ifadələri işlətməyib. Bu, o deməkdir ki, qurumda qalib Azərbaycanın diktə etdiyi şərtlərə xüsusi önəm verilir. Dağlıq Qarabağın bir subyekt kimi mövcud olmadığı, münaqişənin isə artıq keçmişdə qaldığı kimi tezislər məhz Prezident İlham Əliyevə məxsusdur. Avropa İttifaqı Şurasının vasitəçilik missiyasının müsbət rolu Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı Bəyanatda da öz əksini tapıb.  Bildirilib ki, Şarl Mişel Avropa İttifaqının gərginliyin aradan qaldırılmasında yaxından işləmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazı təşviq etmək üçün Ermənistan və Azərbaycan ilə əməkdaşlığı dərinləşdirməyə sadiqliyini bir daha vurğulayıb. Şarl Mişel həm Prezident İlham Əliyevin, həm də baş nazir Nikol Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyini qeyd edib.

Azərbaycanın sülh prosesinə sadiqliyi

Azərbaycan üç onillik ərzində müharibə vəziyyətindən ən çox əziyyət və ziyan çəkən ölkə kimi regionda davamlı sülhə nail olunmasını hamıdan çox istəyir. Buna görə də respublikamız sülhə və təhlükəsizliyə hesablanan bütün təşəbbüsləri dəstəkləyir. Prezident İlham Əliyev Azərbaycanın Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli Bəyanatın bütün müddəalarına sadiqliyini dəfələrlə diqqətə çatdırıb. Ölkəmiz sülh proseslərini irəlilətmək üçün həm də yalnız siyasi bəyanatlarla kifayətlənmir. Respublikamızda sözügedən sənədin müddəalarının həyata keçirilməsi üçün praktiki müstəvidə fəal iş aparır. Postmüharibə dövründə Zəngəzur dəhlizinin respublikamızın ərazisinə düşən hissəsinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri üzrə intensiv tikinti işləri həyata keçirilir. Azərbaycan bütün region dövlətlərinin maraqlarına cavab verən bu nəqliyyat bağlantısının mümkün qədər tez açılmasına çalışır. İndiyədək respublikamız Ermənistanla sülh sazişinin bağlanmasına nail olmaq üçün qarşı tərəfə 5 mühüm bənddən ibarət paket təqdim edib. Həmin sənəddə aşağıdakı müddəlar yer alıb: 

1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Azərbaycan qeyd olunan prinsiplər əsasında iki ölkə arasında sülh sazişinin mümkün qədər tez hazırlanmasının və imzalanmasının tərəfdarıdır. O cümlədən respublikamız indiyə qədər Brüsseldə keçirilən görüşlərdə əldə olunan bütün razılaşmalara sadiqlik nümayiş etdirir. Brüssel danışıqlarının ruhuna uyğun olaraq ölkənin müvafiq qurumlarına gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığı verilib və bu istiqamətdə zəruri tədbirlər görülür.

Ermənistan gah nala, gah da mıxa vurur

Qalib Azərbaycanın postmüharibə mərhələsində sülh prosesinə sadiq qalmasına rəğmən, məğlub Ermənistan sürüşkən mövqe sərgiləyir və necə deyərlər, gah nala vurur, gah da mıxa. Bu ölkədə üçtərəli Bəyanatın, Brüssel və Soçi razılaşmalarının şərtlərinin pozulmasına yönəlik cəhdlər həm hakimiyyət dairələrindən, həm də müxalifət qüvvələrindən gəlir. Belə cəhdlər isə sülh prosesinə mənfi təsir göstərir.  Baş nazir Nikol Paşinyan hökumətin iclasında dolayısı ilə də olsa Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu dilə gətirib, kommunikasiyaların açılmasının ölkəsi üçün də böyük əhəmiyyət daşıdığına diqqət çəkib. Bu kimi açıqlamalarla N.Paşinyan, əslində Ermənistan cəmiyyətini reallıqla barışmağa, başqa çıxış yolu olmadığına inandırmağa çalışır. Əslində, forpost ölkə üçün doğru olan da elə budur. Ancaq məğlub ölkənin lideri siyasətində qətiyyətsizdir. O, müxalifətin təpkiləri qarşısında tez geri çəkilir və əvvəl dedikləri sözləri bir növ geri götürür. Baş nazirin belə qeyri-ardıcıllığı Brüssel görüşlərində əldə olunan razılaşmalara da aiddir. Biz müşahidə edirik ki, o, əsasən Brüssel görüşləri ərəfəsində Azərbaycanın prinsiplərinə uyğun görünən səslənmələr dilə gətirir, elə görüntü yaratmağa çalışır ki, ölkəsi də sülh proseslərində aktivlik nümayiş etdirir. Ancaq hər dəfə Brüssel görüşləri başa çatdıqdan sonra N.Paşinyanın mövqeyi əks istiqamətə dəyişir və o, daxili auditoriyanın, əsasən də müxalifətin diktəsi ilə oturub durmağa başlayır. Bir neçə xatırlatma edək. Şarl Mişelin bəyanatlarında da vurğuladığı kimi, Brüssel görüşlərində kommunikasiyaların açılması ilə bağlı razılaşmalar əldə olunub. Ancaq Ermənistan bu istiqamətdə indiyədək hansısa bir əməli addım atmayıb. Azərbaycan üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Laçın dəhlizinə alternativ marşrutun yaradılmasını cəmi bir il yarıma tamamladı. Ermənistan isə bəhs olunan marşrutun onun ərazisindən keçən kiçik bir hissəsinin inşasına yalnız son günlərdə Azərbaycanın qəti xəbərdarlığından sonra başlayıb. Brüssel görüşlərində humanitar məsələlər də müzakirə mövzusu olub. Baş nazir N.Paşinyan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı məlumatları, mina xəritələrini Azərbaycan tərəfinə təqdim ediləcəyinə razılığını bildirib. Azərbaycan əldə olunan razılaşmalara əsasən müharibədən sonra əsir götürdüyü Ermənistana məxsus hərbi birləşmələrin çoxlu sayda üzvünü qarşı tərəfə təhvil verib. Ermənistan isə Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəxslərlə bağlı məlumatları hələ də gizlədir. Bundan başqa, məğlub ölkə Brüssel razılaşmalarına xilaf çıxaraq, Azərbaycana minalanmış ərazilərin saxta xəritələrini verib. Araşdırmalar zamanı məlum olub ki, bu xəritələrin etibarlılığı 25 faizdən də aşağıdır.

Ermənistan revanşist fikirlər səsləndirməklə və Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində vaxtaşırı təxribatlar, silahlı insidentlər törətməklə, əslində üçtərəfli Bəyanata, eləcə də Brüssel danışıqlarına kölgə salır. Bu yaxınlarda törədilən belə təxribatlardan biri Azərbaycan əsgərinin həlak olması ilə nəticələndi. Azərbaycan Ordusu qarşı tərəfin son təxribatına “Qisas” əməliyyatı ilə cavab verdi. Cəmi bir neçə saat davam edən bu əməliyyat Ermənistana “Dəmir yumruq”un yerində olduğunu bir daha xatırlatdı. Məhz “Qisas” əməliyyatından sonra Ermənistan Laçın dəhlizinə alternativ marşrutun bu ölkənin ərazisindən keçən hissəsinin inşasına başlanıldığını bəyan etdi.

Sülh təklifləri daimi olaraq masa üzərində qala bilməz

Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, Azərbaycan sülh danışıqlarının Brüsseldə baş tutan dördüncü raunduna əlidolu və başıuca gəlib. Azərbaycanın indiyədək üçtərəfli Bəyanatın şərtlərinə və Brüssel danışıqlarının razılaşmalarına bütünlüklə əməl etməsi ölkəmizin nüfuzunu artırır və mövqeyini gücləndirir. Postmüharibə mərhələsində işğaldan azad olunmuş ərazilərdə görülən işlər, Zəngəzur dəhlizi üzrə önəmli layihələrin reallaşdırılması, uğurlu “Qisas” əməliyyatı, avqustun 26-da Ordumuzun Laçın şəhərində, Zabux və Sus kəndlərində yerləşməsi Azərbaycanın güclü və məsuliyyətli dövlət olduğunu təsdiqləyir. Bütün bunlar Azərbaycan Prezidentinin hər şəraiti düzgün qiymətləndirməsinin, Özünün dediyi kimi, nəyi, necə və nə vaxt etməyi hamıdan yaxşı bilməsinin məntiqi nəticəsidir.

Ermənistan isə gücü az, iradəsi zəif olan asılı dövlət təəssüratı yaradır. Yeri gəlmişkən, Brüssel görüşü ərəfəsində İrəvan Moskva ilə təmasları intensivləşdirib. Səbəb nədir? Burada görünən dağa bələdçi axtarmağa lüzum yoxdur. Forpost ölkə Avropa qapılarını açmazdan öncə yenə də təlimatlarını almaq istəyir. Ekspertlər o qənaəti ifadə edirlər ki, N.Paşinyanın növbəti Brüssel görüşündə səslənmələri bu təlimatların çərçivələrindən kənara çıxmayacaq. Ancaq məğlub Ermənistan  manipulyasiyalarla uzağa gedə bilməyəcək. Qeyd etdiyimiz kimi, Ermənistan elə bu günlərdə Azərbaycanın gücünü növbəti dəfə öz üzərində hiss etdi. Bu ölkənin təxribatları, danışıqları, Brüssel və Moskva razılaşmalarını pozmaq cəhdləri sonsuzluğa qədər davam edə bilməz. Belə olacağı təqdirdə Azərbaycan yenidən sülhə məcburetmə tədbirlərinə əl ata bilər. Brüssel görüşünün gündəliyindən bəhs edən Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın qəti və sülhpərvər mövqeyini nəzərə çatdıraraq vurğulayıb. “Ermənistan tərəfinin yenə də müxtəlif bəhanələrlə mövzudan qaçmaq kimi siyasət yürütdüyünə dair müəyyən işarələr var. Hər bir halda, biz gözləyək və nəticələrə baxaq. Azərbaycanın əsas niyyəti xüsusilə sülh müqaviləsinin təfərrüatları və ümumi mətni üzrə danışıqlar prosesinin olmasıdır. Təbii ki, Azərbaycan sülh, sülh müqaviləsinin tezliklə imzalanmasını istəyir. Azərbaycan istəyir ki, beynəlxalq hüququn norma prinsipləri əsasında iki dövlət arasındakı münasibətlər təsbit olunsun və regionda bunun əsnasında davamlı sülh təmin edilmiş olsun. Amma Azərbaycanın bu sülhpərvər niyyəti də həmişə və əbədi olaraq masa üzərində olmayacaq. Burada ana prinsip ondan ibarətdir ki, dövlətlər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanımalıdırlar. Xüsusilə də beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sərhədlərin tanınması şərtdir. Azərbaycan beynəlxalq hüquqa məsuliyyətli formada yanaşaraq bu şərtlərə əməl etməyə hazırdır. Prezident Basqaldakı müsahibəsində də dedi ki, əgər Ermənistan tərəfindən əks fikirlər olacaqsa, Azərbaycan bu xüsusda hüquqlarını özündə saxlayır”.

Paylaş:
Baxılıb: 531 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31