Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Hamı üçün uduşlu vəziyyət

Hamı üçün uduşlu vəziyyət

20.12.2022 [09:47]

İlham Əliyev: Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir

Cari ilin iyul ayında Bakıda Prezident İlham Əliyev və ölkəmizdə səfərdə olan Avropa Komissiyasının rəhbəri xanım Fon der Lyayen Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzaladılar.

Bundan sonra respublikamızla bir sıra Avropa ölkələri arasında enerji əməkdaşlığına dair oxşar sənədlərin imzalanması mərasimləri keçirilib. Dekabrın 17-də isə Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər. Yeni belə sənədlərin imzalanması perspektivi də tam realdır.

Avropanın ənənəvi enerji təchizatında Azərbaycanın artan rolu

Mövcud geosiyasi gərginliklər fonunda Avropa İttifaqı (Aİ) məkanında enerji təhlükəsizliyinin aktuallığı tarixdə heç vaxt olmadığı qədər artıb. Enerji daşıyıcılarının ənənəvi təchizat zəncirinin qırılması qoca qitəni yeni çağırışlarla üz-üzə qoyub. Bu çağırışlardan ən mühümü enerji daşıyıcılarının yeni, daha etibarlı mənbələrinin tapılması ilə bağlıdır. Həm mənbələr, həm də nəql marşrutları şaxələndirilməlidir. Belə bir məqamda qoca qitənin üz tutduğu enerji mənbələrindən biri də Azərbaycandır ki, bu da təsadüfi deyildir. Azərbaycan Avropa üçün sınanmış tərəfdaşdır. Son illərədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və müqavilə öhdəliklərini heç vaxt pozmayıb. Bunun sayəsində qoca qitədə ölkəmizə böyük inam yaranıb.

2021-ci ildən etibarən isə respublikamız qoca qitə üçün həm də alternativ mavi yanacaq mənbəyi qismində çıxış edir. Azərbaycan çox böyük səylər göstərməklə, qətiyyətli siyasi iradə nümayiş etdirməklə Xəzərdən,  Türkiyədən keçməklə Avropayadək uzanan Cənub Qaz Dəhlizinin inşasının tamamlanmasına nail oldu. Bir vaxtlar qoca qitənin özündə müəyyən skeptik yanaşmalarla qarşılanan bu layihə indi bir növ xilaskarlıq rəmzinə çevrilib. Dörd mühüm seqmentdən ibarət olan yeni nəql marşrutunun inşası 2020-ci ilin sonlarında tamamlandı. Həmin vaxtdan etibarən Azərbaycan Avropaya mavi yanacaq nəqlinə start verib. 2021-ci ildə respublikamızın  Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edib. Cari ildə bu rəqəmin 11,3 milyard kubmetrə çatacağı gözlənilir. Növbəti ildə ölkəmizdən Avropaya qaz ixracının həcmi ən azı 11,6 milyard kubmetrə qədər artacaq. 2027-ci ilədək isə respublikamızdan qoca qitəyə mavi yanacaq ixracının hazırkı səviyyəsinin iki dəfə artırılması hədəflənib. 2023-cü ildə Azərbaycandan mavi yanacaq ixracının həcmini təxminən 24 milyard kubmetrə çatdırmaq nəzərdə tutulub. Müqayisə üçün bildirək ki, 2021-ci ildə ölkəmizin qaz ixracı 19 milyard kubmetr həcmində olub. Respublikamız Aİ məkanına daxil olan ayrı-ayrı ölkələrlə yanaşı, qonşu Gürcüstana və Türkiyəyə də mavi yanacaq ixracını həyata keçirir. Prezident İlham Əliyev deka­brın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən  plenar iclasdakı çıxışında ölkəmizin ixrac çoğrafiyasını genişləndirməsindən məmnunluğunu ifadə edərək vurğulayıb: “Dünən Dövlət Neft Şirkəti və Romqaz 2023-cü il yanvarın

1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə müqavilə imzaladılar. Beləliklə, Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir, çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var”.

Hazırda Azərbaycan və Aİ Xəzər sahillərindən Avropaya daha böyük həcmlərdə mavi yanacaq daşınmasını təmin etmək üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı intensiv müzakirələr aparırlar. O cümlədən təxminən 3500 kilometr uzunluğa malik bu kəmərin TANAP və TAP seqmentlərinin ötürücülük imkanlarının artırılması hədəflənib. TANAP-ın indiki ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. TAP-ın illik ötürmə imkanları isə 10 milyard kubmetrə bərabərdir. Bu göstəricilər müvafiq olaraq 32 və 20 milyard kubmetrə çatdırılacaq.

Avropaya yeni enerji körpüsü

Azərbaycanın enerji strategiyasının daha bir istiqaməti ölkənin zəngin bərpa olunan enerji potensialından istifadə olunmasını özündə ehtiva edir. Müasir dövrdə dünya üzrə meydana çıxan əsas çağırışlardan biri enerji keçidinin təmin edilməsi ilə bağlıdır. Yeni geosiyasi reallıqlar fonunda Avropa İttifaqı ölkələrində enerji transformasiyasının sürətləndirilməsinə və bunun üçün bir sıra zəruri tədbirlərin görülməsinə başlanılıb. Avropa Komissiyasının hazırladığı və hazırda reallaşdırılmaqda olan xilas planında enerji keçidi ilə bağlı mühüm müddəalar yer alıb. Müasir dövlət kimi inkişaf edən Azərbaycan da özünün bərpa olunan enerji potensialından səmərəli şəkildə istifadə etməyi planlaşdırır. O cümlədən perspektivdə Azərbaycanla Avropanın enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edəcək. Respublikamızın bərpa olunan enerji potensialı kifayət qədər böyükdür. Bu sahədə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensial kifayət qədər böyükdür.

Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər də bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. İlkin dəyərləndirmələrə əsasən, bəhs olunan ərazilərdə külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu zəngin potensialın reallaşdırılması mərhələsindədir. Müharibə başa çatandan sonra sözügedən ərazilərdə bir neçə bərpa olunan enerji stansiyasının istismarına başlanılıb, çayların üzərində yeni enerji infrastrukturunun yaradılması da intensiv şəkildə davam etdirilir. Əlamətdar haldır ki, ayrı-ayrı xarici şirkətlər də respublikamızda bərpa olunan enerji sektoruna böyük həcmlərdə investisiyalar yönəltməyə başlayıblar. Bu sırada Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliyinin şirkətlərinin, eləcə də BP şirkətinin  fəallığını xüsusi qeyd edə bilərik. İnvestorlar yeni bərpa olunan enerji layihələrini həm Xəzər sahillərində, həm də Vətən müharibəsində işğaldan azad olunan ərazilərdə həyata keçirirlər. Dövlətimizin başçısı məlumat verərək bildirib ki, təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. Bir neçə gün əvvəl isə Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaq. “Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Qlobal əhəmiyyətli regional əməkdaşlıq formatı

Son vaxtlarda enerji dialoqunun intensivləşməsinə istinadən deyə bilərik ki, regionda qlobal əhəmiyyətli əməkdaşlıq formatının konturları getdikcə daha aydın sezilir. Belə görünür ki, bu əməkdaşlıq formatında da Ermənistana yer olmayacaq. Zamanında Azərbaycan Ermənistanı ölkəmizə qarşı işğalçılıq siyasətindən əl çəkməyə çağırırdı. Əgər bu baş versə idi, Ermənistan da ölkəmizin enerji layihələrində yer ala bilərdi. Təəssüf ki, Ermənistanda başqa yol tutuldu, işğal siyasətindən geri dönüş edilmədi. Buna görə də Azərbaycan bu ölkəni bütün enerji və nəqliyyat layihələrindən kənarda saxladı. Postmüharibə dövründə məğlub ölkədə yenə də vəziyyət düzgün dəyərləndirilmir. Bu isə Ermənistanın yeni layihələrdən də kənarda qalması anlamına gəlir.

Öz növbəsində Avropa ölkələri Azərbaycanın qoca qitənin enerji təhlükəsizliyinə verdiyi sanballı töhfələri yüksək dəyərləndirirlər. Məsələn, Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycanın yanaşmasını təqdir etdiyini bildirib və buna görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. “Avropa Komissiyasının müdrikliyinə görə biz Azərbaycana çox diqqət yetirdik, onunla əməkdaşlığımızı inkişaf etdirdik. Azərbaycanın və Prezident Əliyevin Avropa İttifaqı ilə əməkdaşlığa həmişə açıq olması təqdirəlayiqdir. Mən özüm də bir il ərzində Avropa İttifaqının həmişə Azərbaycana etibarlı tərəfdaş kimi etibar edə biləcəyinin şahidi olmuşam”. Bu fikirləri isə plenar iclasda çıxış edən Macarıstanın Baş naziri Viktor Orban dilə gətirib.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 429 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31