Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Xankəndidə nə qədər azərbaycanlı yaşayıb?

Xankəndidə nə qədər azərbaycanlı yaşayıb?

23.12.2022 [10:18]

Beynəlxalq təşkilatları onların taleyi maraqlandırmır

Mübariz FEYİZLİ

Artıq 10 gündən çoxdur ki, Xankəndi-Laçın yolunun yaxınlığında azərbaycanlı ekoloqların və vətəndaş cəmiyyətinin təmsilçilərinin keçirdikləri aksiyalar daha bir vacib məsələni gündəmə gətirib. Söhbət bölgənin azərbaycanlı əhalisinin taleyindən gedir. Aksiyaçıların tələbləri məlumdur-onlar Ermənistanın və qondarma “DQR”in cinayətkar rəhbərlərinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətə rəvac vermələrinə, ayrı-ayrı yataqlarda təbii sərvətlərimizin talanmasına etiraz edirlər. Belə qeyri-qanuni iqtisadi fəaliyyət dayandırılmalı və ekoloji fəsadlar aradan qaldırılmalıdır. Bu tələblər tam qanunidir. Rusiya sülhməramlı kontingenti Azərbaycanın müvafiq icra qurumlarının rəsmilərinə qanunsuz istismar olunan yataqlarda monitorinqlər aparmalarına şərait yaratmalıdır. Belə bir şərait yaradılmadığına görə Azərbaycan cəmiyyətinin təmsilçiləri Xankəndi-Laçın yolunun yaxınlığında dinc aksiyaları davam etdirirlər.

Ermənilərin göz yaşları

Ancaq azərbaycanlı ekoloqların və vətəndaş cəmiyyəti təmsilçilərinin dinc aksiyaları Ermənistan rəsmiləri tərəfindən beynəlxalq ictimaiyyətə, necə deyərlər, əyri güzgüdən təqdim olunur. Onlar aksiyaçıların səsləndirdikləri şüarları eşitməzdən gələrək Xankəndidə və digər yaşayış məntəqələrində erməni əhalisinin guya humanitar fəlakətlə üzləşdikləri ilə bağlı dünyaya car çəkirlər. Hansı humanitar fəlakətdən söhbət açmaq mümkündür? Ermənistan rəsmiləri iddia edirlər ki, guya aksiyaçılar yolu bağlayıblar və ermənilərin gediş-gəlişinə imkan verilmir. Ərazidən çəkilən foto və video materiallar isə ermənilərin ajiotajının heç bir əsası olmadığını təsdiqləyir. Belə ki, Xankəndi-Laçın yolu tam açıqdır, oradan təcili yardım maşınlarının və təminat yükü daşıyan avtomobillərin, mülki insanların hərəkətinə hər hansı bir maneçilik törədilmir.

Eyni zamanda müşahidə edilən odur ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti də azərbaycanlı aksiyaçıların tələblərinə biganə yanaşırlar və özlərini erməni əhalisinin havadarları kimi aparırlar. Sual yaranır: Nə üçün erməni əhalinin guya humanitar fəlakətlə üzləşməsi həddindən ziyadə narahatlıq doğurduğu halda, bölgənin aborogen sakinlərinin - azərbaycanlıların mənafeyi, hüquqlarıının təmin olunması yada düşmür?

Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibənin nəticəsi olaraq 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanatda sülhyaratma prosesi ilə bağlı müxtəlif məsələlər öz əksini tapıb. O cümlədən sənəddə regionda təhlükəsizliyin təmin edilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin çıxardılması kimi mühüm müddəalar yer alıb. Üçtərəfli Bəyanatın 7-ci bəndi isə daxili məcburi köçkünlərin və qaçqınların geri qaytarılması ilə bağlıdır. Həmin bənddə yazılıb:  “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”.

Sözügedən Bəyanatın imzalanmasından iki ildən çox vaxt ötüb. Bununla belə, sənəddə əksini tapan müddəaların bir çoxu hələ də kağız üzərində qalmaqda davam edir ki, bunun da məsuliyyəti məğlub Ermənistanın üzərinə düşür. Ermənistan indiyədək özünün hərbi birləşmələrini Azərbaycan ərazilərindən geri çəkməyib. Laçın dəhlizi vasitəsilə yaşayış məntəqələrimizə minalar daşınaraq müxtəlif ünvanlarda basdırılır. Müharibə başa çatandan sonra ötən müddətdə onlarca mülki şəxs mina partlamaları səbəbindən həyatlarını itirib. Aydın olub ki, həmin minalar Ermənistanda müharibə başa çatandan sonrakı mərhələdə - 2021-ci ildə istehsal edilib. Bəs erməni əhalisinin “humanitar fəlakətlə” üzləşməsni həyasızcasına aləmə car çəkən Ermənistan rəsmiləri nə üçün azərbaycanlıların həyatına son qoyan mina terroru barədə danışmırlar? Erməni riyakarlığına züy tutan beynəlxalq təşkilatlara nə deyək? Məgər onlar belə naşıdırlar ki, həqiqi və saxta humanitar fəlakəti bir-birindən fərqləndirə bilməsinlər? İnsan haqları anlayışının, necə deyərlər, milli mənsubiyyəti yoxdur. Beynəlxalq hüquq və prinsiplər hamıya - bütün xalqların nümayəndələrinə eyni qaydada tətbiq olunmalıdır.

Əhali “pripiskası”

Ermənistanın və “DQR”in cinayətkar təmsilçilərinin digər bir yalanı əhali “pripiskası” ilə bağlıdır. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti qaydada nəzarət etdiyi Azərbaycan ərazilərində yaşayan ermənilərin sayını faktiki olduğundan daha artıq göstərməyə çalışırlar. Əlbəttə, burada ermənilər həm də korporativ məqsədlər güdürlər. Daha çox sayda əhali xaricdən daha böyük məbləğdə yardımların cəlb olunması deməkdir. Buna görə də Ermənistanın özündə ciddi demoqrafik problemlərin yaşanmasına, əhalinin sürətlə ölkəni tərk etməsinə rəğmən, Azərbaycan ərazilərində yaşayan ermənilərin sayı həndəsi silsilə ilə artırılır.

Yenə də zamanında burada yaşamış azərbaycanlılar unudulur. Soydaşlarımız ermənilərin işğalçılıq siyasətinə görə öz doğma ev-eşiklərini tərk etmək məcburiyyətində qalmışdılar. Azərbaycanlılar yurd yerlərini, qurulu ev-eşiklərini tərk etmək məcburiyyətində qalanda humanitar məqamlar heç kimin yadına düşmürdü. Minlərlə insan-qocalar, qadınlar, uşaqlar silahlı dəstələrlə üz-üzə qalmışdılar, onlar başıacıq, ayağıyalın halda meşələrdən keçərək canlarını qurtara bilmişdilər. Təbii ki, əsir götürülənlərin, həyatla vidalaşanların da sayı çox idi. Burada statistik rəqəmləri təqdim etmək istərdik. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sonuncu dəfə Xankəndi əhalisini rəsmən 1979-cu ildəki siyahıyaalma zamanı saya bilib. 1979-cu il məlumatına əsasən, Xankəndi şəhərində 38948 nəfər əhali yaşayıb ki, onlardan 4303 nəfərini azərbaycanlılar, 33898 nəfərini ermənilər, 747 nəfərini isə rus və digər millətlərdən olanlar təşkil edirdi.

1989, 1999, 2009 və 2019-cu illərdə aparılan şəhər və rayonlar üzrə əhalinin siyahıyaalınmaları zamanı Xankəndi əhalisinin sayı təxmin edilərək götürülüb.

Statistika Komitəsinin siyahıyaalmaları zamanı Xankəndidə yaşayan daimi əhali sayı 1979-cu ildə 38,9 min nəfər, 1989-cu ildə 57, 8 min nəfər, 1999-cu ildə 54,5 min nəfər, 2009-cu ildə 55,1 min nəfər olub.

Təxminlərə görə, 1988-ci ildə 15 min azərbaycanlı Xankəndidən didərgin düşüb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə Xankəndi əhalisi 55,2 min nəfər, 2012-ci ildə 55,3 min nəfər, 2013-cü ildə 55,4 min nəfər, 2014-cü ildə 55,5 min nəfər, 2015-ci ildə 55,5 min nəfər, 2016-cı ildə 55,6 min nəfər, 2017-ci ildə 55,7 min nəfər, 2018-ci ildə 55,8 min nəfər, 2019-cu ildə 55,8 min nəfər, 2020-ci ildə 55,9 min nəfər təxmin edilib.

İndi hərəkətə keçmək növbəsi ermənilərin “humanitar fəlakət” yalanlarına göz yaşları axıdan BMT-yə çatıb. Azərbaycanlı məcburi köçkünlər və qaçqınlar Xankəndinə və digər yaşayış məntəqələrinə məhz bu qurumun himayəsi ilə qaytarılmalıdırlar.

Paylaş:
Baxılıb: 116 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31