5-ci görüş
16.05.2023 [10:00]
Yeni Brüssel gündəliyi...
Görüş Qafqazda sülhün bərqərar olunmasını təmin edəcəkmi?
Sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır
44 günlük Vətən müharibəsinin bitməsinin ardından başlayan sülh prosesi artıq yeni mərhələyə qədəm qoyub. Avropa İttifaqının moderatorluğu ilə keçirilən Brüssel görüşləri iki ölkə arasında münasibətlərin normallaşma prosesinə əhəmiyyətli dərəcədə təsir göstərib. Ümumiyyətlə, Brüssel sülh formatı özünün mühüm məqamları ilə göz oxşayır - məsələn, ötən ilin oktyabrında məhz bu format əsasında baş tutan görüşdən sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan etmişdi. Digər tərəfdən, ikitərəfli münasibətlərin inkişafı istiqamətində sülh gündəliyi mühüm üstünlüklərlə yadda qalmışdı. Bunun nəticəsidir ki, Brüssel sülh gündəliyi üzrə danışıqların davam etdirilməsi prosesin inkişafına töhfələr verir.
Təbii ki, qalib tərəf olaraq Azərbaycanın haqlı və beynəlxalq konvensiyalara söykənən mövqeyi regionun gələcək inkişafı üçün yeni bir yolun müəyyənləşdirilməsinə fokuslanıb. Regionda yaranan yeni geosiyasi, eləcə də iqtisadi reallıqlar isə mühüm perspektivlər vəd etməkdədir. Azərbaycanın bölgənin əsas siyasi aktoru kimi oynadığı rol nəinki Cənubi Qafqazın, bütövlükdə böyük bir coğrafiyanın yeni inkişaf mərhələsini formalaşdırır. Nəzərdə tutulan layihələrin icrası, qlobal münasibətlərin inkişafına yeni töhfələrin verilməsi üçün isə sülhün imzalanması, ölkələr arasında münasibətlərtin normallaşması əsas şərtdir. Görünən isə budur ki, prosesin gedişi sülhü daha da yaxınlaşdırır.
Azərbaycan sülhə sadiqdir...
Sülh müqaviləsi üzərində iş prosesi 2022-ci ilin martında Azərbaycanın Ermənistana 5 bəndlik sənədi təhvil verməsi ilə başlayıb. Bundan sonra İrəvan və Bakı sazişin yekun variantı ilə bağlı təkliflərini mübadilə edirlər. Ermənistan bundan öncə də dəfələrlə “sülhə sadiq” olduğunu iddia edib - amma üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaqla sülh prosesini ləngitməyə çalışdığını nümayiş etdirib. Beləliklə, Azərbaycanın humanist və sülhpərvər mövqeyinə İrəvanın “cavabı” adekvat olmayıb. Halbuki indiki halda sülhün imzalanması, kommunikasiyaların açılması, əməkdaşlıq platformalarının formalaşdırılması daha çox rəsmi İrəvanın maraqlarına xidmət edir. Bu dövlət iqtisadi cəhətdən “dizi üstədir” və hazırda yalnız ianələrlə “dolanır”. Sülhün əldə edilməsi isə onları asılılıqdan xilas edə, müstəqil ölkə kimi ortaya çıxara bilər. Bu mənada rəsmi İrəvan yaranan tarixi şansdan istifadə etməlidir.
Ümumiyyətlə, iki ilə yaxındır ki, davam edən və iki istiqamətdə aparılan Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Belə ki, 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli şeylər danışır. Bir tərəfdə sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan nəticədə üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də erməni silahlı birləşmələri mövcuddur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur. Bu qeyri-müəyyənlik isə bütövlükdə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir.
Bununla belə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlaması sülhün yaxın zamanda imzalanacağına ümidi artırır.
Danışıqların müsbət impulsu...
Şarl Mişel açıqlamasında bildirib ki, üçtərəfli fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub. Əsas diqqət Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldilib: “Liderlər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər. Mən müvafiq səyləri təqdir edirəm. Biz gündəliyimizdə olan bütün məsələləri birlikdə nəzərdən keçirdik. Bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır”.
Qeyd edək ki, Azərbaycan ilə Ermənistan XİN rəhbərləri arasında mayın 1-4 aralığında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində baş tutan görüş bir sıra məqamları ilə yadda qalmışdı. Danışıqlardan sonra bildirilmişdi ki, hazırki vəziyyətlə bağlı fiki mübadilələrinin aparılması önə çəkilib, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelər ortaya qoyulub. Hətta nazirlərin və onları müşayiət edən nümayəndə heyətinin üzvlərinin Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə etdiyi və eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul etdikləri də bəyan olunmuşdu. Ən əsası isə tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəlmişdilər.
İndiki halda, Şarl Mişelin ABŞ-da keçirilən danışıqlardakı müsbət impulsun saxlanıldığını önə çəkməsi də bir sıra məqamlara diqqət çəkir. Vurğulanmalıdır ki, Azərbaycan qalib ölkə olsa da, hər zaman sülhün tərəfdarı kimi çıxış edib,
2023-cü ilin sülh ili olmasını arzuladığını önə çəkib. Bunun üçün isə real şərtlər ortadadır - Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin regionda davamlı sülhün formalaşdırılması üçün ortaya qoyduğu səylərinə adekvat cavab verməlidir. Eyni zamanda, Ermənistan təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdən imtina etməklə Cənubi Qafqazda sülhün və əməkdaşlığın inkişafına şərait yaradacaq.
“Alma-Ata Bəyannaməsi” - Respublikaların mövcud dövlət sərhədləri dəyişdirilməyəcək...
Şarl Mişel bildirib ki, sərhəd məsələlərində biz irəliləyişi və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları müzakirə etdik: “Həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldilər. Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq”.
Azərbaycan tərəfindən irəli sürülən və dayanıqlı sülhün söykənəcəyi baza prinsipləri arasında bu məqam xüsusi qeyd edilir. Məhz nəzərədə tutulan ilk prinsip dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımasıdır. Bu məsələ həm BMT-nin təməl prinisiplərinə, həm də digər beynəxalq qanunvericiliyə əsaslanır. Ermənistan Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanıyır və bunu artıq bir neçə dəfə bəyan edib.
Qeyd edilən “Alma-Ata Bəyannaməsi” isə 1991-ci ilin dekabrın 21-də imzalanıb. Bəyannamədə sənədi imzalayan dövlətlərin (Azərbaycan və Ermənistan bu bəyannaməni imzalayıb) beynəlxalq sülhün müdafiəsi məsuliyyətini öz üzərinə götürməsi və üzv respublikaların bir-birlərinin ərazi bütövlüklərinə hörmətlə yanaşacaqları, respublikaların mövcud dövlət sərhədlərinin dəyişdirilməyəcəyi vurğulanır. Beləliklə, Ermənistan Brüssel görüşündə “Alma-Ata Bəyannaməsinə” istinad etməklə növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü tanımış oldu.
Aİ-nin yolunu azan və qarşı tərəfə keçən əsgərlərlə bağlı mövqeyi...
Danışıqlar prosesində humanitsar məsələlər də müzakirə predmeti olub. Bununla bağlı açıqlamasında məlumat verən Aİ Şurasının prezidenti bildirib ki, humanitar məsələlərə gəldikdə, qarşıdakı həftələr ərzində saxlanılan daha çox şəxslər azad ediləcəkdir: “Öz tərəfimdən onu vurğuladım ki, sadəcə, yolunu azan və qarşı tərəfə keçən əsgərlərin sürətli prosedur vasitəsilə azad olunmalarına dair qarşılıqlı anlaşmanın təmin olunması davam etdirilməlidir. Biz, həmçinin itkin düşmüş şəxslərin taleyi ilə bağlı və minaların təmizlənməsi işinin sürətləndirilməsinin vacibliyinə dair müzakirələr apardıq”.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən aprelin 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan ərazisinə keçiblər və orada saxlanılıblar. Axundov Hüseyn Əhliman oğlunun Ermənistanda şiddətli şəkildə döyülməsi, işgəncələrə məruz qalmasını əks etdirən görüntülər yayılıb. Yayılan görüntülərdə Azərbycan əsgəri ilə davranış qeyri-insani xarakter daşıyıb. Eyni zamanda, Ermənistan məhkəməsi əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib. A.Bəbirov “sərhədi qanunsuz keçmək, silah və sursat daşımaqda” ittiham olunub. Məlumata görə, Ermənistanda əsir saxlanılan digər azərbaycanlı əsgər Hüseyn Axundovun “cinayət işi üzrə istintaq” isə davam edir.
Ümumiyyətlə, işğalçı Ermənistan bu hadisəyə qədər də dəfələrlə 1949-cu il Cenevrə Konvensiyasının tələblərinə məhəl qoymayaraq öz torpağında girov götürdükləri mülki vətəndaşlara qarşı qəddar və amansız davranıb, onlara işgəncə verərək sağlamlıqlarına ciddi xətər yetiriblər. Hətta bəzi məqamlarda Ermənistan hakimiyyəti mülki vətəndaşların belə “hərbi əsir” kimi cəzalandırılmasına “şifarişli qondarma məhkəmə şousu” ilə nail olub. Lakin hələ də beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti və digər çoxsaylı insan haqları insitutları Xocalıda, Malıbəylidə, Qaradağlıda, Quşçularda Azərbaycan vətəndaşlarına qarşı tətbiq edilən soyqırımı faktlarına, ümumilikdə ermənilərin azərbaycanlı girovlara qarşı qeyri-insani münasibət göstərməyinə hələ də konkret mövqe nümayiş etdirməyib. Bu isə Ermənistan hakimiyyətinin indiki kimi qeyri-insani davranışına yol açıb. Bunun əksinə isə Azərbaycan dövləti hər zaman hərbi əsirlərə qarşı insani və beynəlxalq hüquqa söykənən davranış nümayiş etdirib. Bu fakt 44 günlük müharibə dövründə fakt və dəlillərlə sübut edilib.
Azərbaycan qarşılıqlı etimadın güclənməsində maraqlıdır...
Şarl Mişel onu da qeyd edib ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə əlaqədar müzakirələr davam edib: “Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində həmin əhalinin hüquq və təhlükəsizliyinin təmin olunması ilə bağlı müsbət gündəliyin formalaşdırılmasına dəvət etdim. Mən, həmçinin Bakının bu əhali ilə şəffaf və konstruktiv dialoq aparması zərurəti məsələsini qaldırdım. İnanıram ki, düşmənçilik ritorikasından çəkinmək, qarşılıqlı məqbul həll yollarına nail olmaq üçün xoş niyyət və liderliyin nümayiş etdirilməsi vacibdir”.
Bəli, Azərbaycanın sülhlə bağlı mövqeyi nə qədər humanist olsa da, “qırmızı xəttimiz” bəllidir - imzalanacaq sənəddə Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı bir şərt ola bilməz. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, sülh müqaviləsinin hər hansı bir müddəası kimi əks olunmamalıdır. Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər. Digər tərəfdən, Ermənistanın qondarma separatçı qurumla bağlı sülh müqaviləsində hər hansı bir qeydin edilməsi ilə bağlı cəhdləri də fiaskoya məhkumdur. Azərbaycanın bununla bağlı mövqeyi qəti və dəyişməzdir.
Azərbaycan dövlətinin Qarabağda yaşayan ermənilərə görüş təklifi, xüsusilə bu görüşün Bakıda təşkili isə mühüm arqumentlərə əsaslanır. Bu, həm də qarşılıqlı etimadın yüksəlməsində əsaslı rol oynayacaq. Bu danışıqlar Qarabağda yaşayan erməni vətəndaşlarımızın ötən dövr ərzində Azərbaycanın əldə etdiyi uğurlu inkişafın, əsaslı yeniliklərin şahidi olmasına şərait yaradacaq. Eyni zamanda, qarşılıqlı etimadın möhkəmlənməsi üçün əsas şərt sayılan tolerantlığın, multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu bir daha görəcəklər. Prosesin uğurla davam etməsi ölkəmizin gələcək inkişafı üçün də yeni mərhələ yaradacaq. Beləliklə, Azərbaycanın təşəbbüsü və çağırışı ilə, dövlətimizin müəyyənləşdirdiyi bölgədə Qarabağda yaşayan erməni vətəndaşlarla təmasların baş tutması problemin qısa zamanda həllinə şərait yaratmaqla yanaşı, sülh prosesinin də sürətlənməsinə yol açacaq.
Azərbaycan görüşü faydalı və nəticəyönümlü hesab edir...
Ermənistan ilə Azərbaycan arasında davam edən Brüssel sülh gündəliyi mühüm üstünlüklərə malikdir. Bir sıra məsələlər məhz bu gündəlik əsasında öz uğurlu həllinə yaxınlaşıb. Bu sülh gündəliyi digər ölkələr və təşkilatlar tərəfindən də açıq şəkildə dəstəklənir. Aİ Şurasının prezidenti Şarl Mişel də açıqlamasında qeyd edib ki, Avropa İttifaqının gizli gündəliyi yoxdur: “Bizim yeganə məqsədimiz Azərbaycana və Ermənistana əhatəli və ədalətli sülhə nail olmaqda kömək etməkdir. Biz onların birgə səylərinə dəstək verməyə hazırıq”.
Eyni zamanda, Azərbaycan dövləti də Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında bu formatda 14 may tarixli sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəliləməsi baxımından faydalı və nəticəyönümlü hesab edib. Bu barədə Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilmiş növbəti görüşə dair Azərbaycan XİN-in şərhində bildirilib. “İlk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir.
Görüş zamanı, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edir.
Görüş həmçinin münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət təşkil edib. Bu kontekstdə, xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırma sahələrində addımlar atılmasının sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb.
Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunu bəyan edirik.
Bu istiqamətdə münasibətlərin normallaşması üçün tərəqqi əldə edilməsinə dəstək verən səyləri alqışlayır, bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik”, - məlumatda deyilir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06

