Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 6-cı səfər...

6-cı səfər...

26.12.2023 [10:00]

Qafqazın Xirosiması” yenidən dirçəlir

Postmüharibə dövründə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə gələn xarici jurnalistlər Ağdamda şahidi olduqları dəhşətli mənzərədən - hər şeyin viran qoyulmasından, bütün tikililərin vəhşicəsinə dağıdılmasından heyrətə gələrək buranı “Qafqazın Xirosiması” adlandırıblar. İndi isə “Qafqazın Xirosiması” şəxsən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dirçəlir. Dövlətimizin başçısı bu günlərdə müharibənin başa çatmasından sonra Ağdama sayca altıncı səfərini reallaşdırıb. Hər səfər bu bölgədə yeni təməlqoyma və açılış mərasimləri ilə yadda qalıb. Altıncı səfər çərçivəsində də Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə yeni açılış və təməlqoyma tədbirlərinə qatılıb.

Dayanıqlı enerji təminatı

Aydın məsələdir ki, dayanıqlı enerji təminatı olmadan işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılmasını və burada iqtisadiyyatın dinamik inkişafını təmin etmək mümkün deyil. Müharibə başa çatandan sonrakı ötən dövrdə bu istiqamətdə çoxsaylı layihələrin icrası təmin edilib, yeni belə layihələr də icra mərhələsindədir. Dövlətimizin başçısı Ağdama son səfəri çərçivəsində “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışında iştirak edib. Bəhs olunan infrastruktur obyekti “AzərEnerji” tərəfindənAğdam rayonunun Xocalı rayonu ilə sərhədində yerləşən Şelli kəndi ərazisində inşa olunub. “Ağdam” qovşaq yarımstansiyasına “Ağdam-1” yarımstansiyasından 10 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq ötürmə xətti və bu xəttin üstündəki ildırımötürücü trosun içində 24 damarlı fiberoptik kabel xətti çəkilib.

Açılış mərasimində bildirildiyi kimi, bu yarımstansiyanın Ağdamın Xocalı ilə sərhədində tikilməsinin xüsusi əhəmiyyəti vardır. Yəni, “Ağdam” qovşaq yarımstansiyası rayonun bəzi kəndləri ilə yanaşı, əsasən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Xankəndini ölkə enerjisisteminə qoşmaqla bərabər, həmçinin ehtiyat qida mənbəyi kimi regionun enerji təchizatında etibarlılığı təmin edir. Bunun üçün yarımstansiyada ehtiyat yuvalar da quraşdırılmışdı. Regionda suverenliyimiz bərpa olunduğundan yaxın vaxtlarda “Ağdam” qovşaq yarımstansiyasından Xankəndiyə 110 kilovoltluq ötürmə xətti çəkilərək 110/35/10 kilovoltluq “Şuşa” və “Füzuli” yarımstansiyaları ilə əlaqələndiriləcək. Bununla da ikitərəfli elektrik təchizatına nail olunacaq. Eyni zamanda, Xocalı, Əsgəran və digər kənd və qəsəbələrin 35 kV-luq elektrik təchizatı da “Ağdam” qovşaq yarımstansiyasından təmin ediləcək.

Ağdam şəhərində salınacaq yaşayış kompleksləri

23 iyul 1993-cü il tarixində Ağdam süqut edib və rayonun ərazisinin təxminən 70 faizi ermənilərin nəzarətinə keçib. Artıq Ağdamın xoşbəxt çağları geri qayıdır. 2021-ci il mayın 28-də Azərbaycanda dövlət bayramı kimi qeyd olunan Müstəqillik Günündə Ağdam tarixi anlara şahidlik etmişdi. Belə ki, həmin tarixi gündə Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş planı təqdim olunub.

Bu günlərdə baş tutan altıncı səfər çərçivəsində isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq beşinci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Tədbirdə bildirilib ki, ümumi sahəsi 12 hektar olan yaşayış kompleksinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Kompleks şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumilikdə 1115 mənzil olacaq. Mənzillərdən 25-i birotaqlı, 314-ü ikiotaqlı, 552-si üçotaqlı, 224-ü isə dördotaqlı olacaq.

Ağdam şəhərində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə burada  salınacaq dördüncü yaşayış kompleksinin də təməli qoyulub. Ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumi sahəsi 137 min kvadratmetr təşkil edən 1080, o cümlədən 36 birotaqlı, 363 ikiotaqlı, 484 üçotaqlı, 197 dördotaqlı mənzil olacaq.

Kənd yaşayış məntəqələrinin bərpası

Ağdam şəhəri ilə paralel şəkildə, rayonun kənd yaşayış məntəqələrinin bərpası istiqamətində də layihələr icra olunur. Sərər çərçivəsində Prezident İlham Əliyev Ağdam rayonunun Qiyaslı kəndinin təməlini qoyub. Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 400 hektara yaxındır. Qiyaslı kəndində 4972 nəfərin məskunlaşması planlaşdırılıb. Kənddə ümumilikdə 1323 fərdi evin tikilməsi nəzərdə tutulub.

Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 145 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2546 nəfərin köçürülməsi üçün 656 fərdi ev tikiləcək. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq.

Səfər çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə Ağdam rayonunun Salahlı Kəngərli kəndinin də təməli qoyulub. Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 178 hektara yaxındır. Salahlı Kəngərli kəndində 1376 nəfərin məskunlaşması nəzərdə tutulub. Layihə üzrə kənddə ümumilikdə 418 fərdi ev tikiləcək.

İlkin mərhələdə Ağdam rayonunun Baş Qərvənd kəndinin inşası da layihələndirlib. Prezidenti İlham Əliyev kəndin təməlqoyma mərasimində iştirak edib. Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 476 hektardır. Kənddə 6057 nəfərin məskunlaşması və ümumilikdə 1495 fərdi evin tikilməsi nəzərdə tutulub.

Yol infrastrukturunun yenilənməsi

Ağdamda müxtəlif təyinatlı infrastruktur obyektlərinin bərpası və yenilərinin yaradılmasını əhatə edən layihələr də intensiv şəkildə həyata keçirilir. Prezident İlham Əliyev Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə tanış olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir. Bu yolların birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissəsi müsbət ekspertiza rəyi alıb.

Magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yol 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılacaq.

Yenidənqurmadan sonra Bərdə-Ağdam avtomobil yolu artıq istifadəyə hazırdır. Prezidenti İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Başlanğıcını Bərdə şəhərindən götürən avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilib.

Xaçınçay su anbarı bərpadan sonra istifadəyə hazırdır

Ağdama altıncı səfəri çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər. Xaçınçay su anbarının 7 kilometr uzunluğunda kanalla birlikdə təmiri və bərpası aparılıb.

Qeyd edək ki, Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı 1964-cü ildə istismara verilib. Anbarın ümumi su tutumu 23 milyon kubmetr, bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metr, su səthinin güzgü sahəsi isə 176 hektar təşkil edir. Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan bu mənbədən ümumilikdə suvarılan 7 min hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı.

Texniki sxemlə Xaçınçay su anbarına daxil olan sular tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalın başlanğıc 6,64 kilometr hissəsi də bəndlə bərabər təmir və bərpa olunub. Su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib.

İmarət” Kompleksində aparılan təmir-bərpa işləri

İşğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Ağdamın bərpası planında tarixi mədəni-dini abidələrin bərpasına da xüsusi həssaslıqla yanaşılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb. İşğal altında olmuş ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də işğalçılar tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.

Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” Kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb. Kompleksin bərpası ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlətimizin başçısına təqdim olunub və işlərə başlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Kompleks ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək. Tarixi abidənin tam bərpası üçün vəsaitin Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılması nəzərdə tutulur.

Sakinlərin mənalı istirahəti üçün şərait yaradılır

Ağdamın bərpa planına uyğun olaraq burada əhalinin mənalı istirahəti üçün də zəruri şərait yaradılır. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhər Mərkəzi parkının təməlinin qoyulması mərasimində iştirak ediblər.

Ağdam şəhərinin yeni Baş planına əsasən salınacaq park 5 hektar ərazini əhatə edəcək. Parkın layihəsi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Mərkəzi parkın ümumi ərazisi dörd zonaya ayrılacaq. Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Burada, həmçinin su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət göstərəcək.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31