Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Meliorativ tədbirlər və müasir suvarma sistemləri sayəsində aqrar sektorda istehsal imkanları artır

Meliorativ tədbirlər və müasir suvarma sistemləri sayəsində aqrar sektorda istehsal imkanları artır

02.05.2017 [10:01]

Son 13 ildə ölkə miqyasında 170 min hektardan çox sahənin su təminatı yaxşılaşıb, cari ilin sonunadək isə daha 150 min hektar əraziyə su verilməsi nəzərdə tutulub
Azərbaycan aqrar sektorda geniş potensiala malik olan ölkədir. Münbit torpaqlar, gözəl iqlim xüsusiyyətləri, ölkənin əlverişli coğrafi mövqedə yerləşməsi, son illərdə regionlarda yaradılan müasir infrastruktur, nəqliyyat-loqistika imkanlarının genişləndirilməsi respublikamızda kənd təsərrüfatının inkişafı qarşısında geniş perspektivlər açır. Ölkə əhalisinin 40 faizdən çoxunun bölgələrdə yaşadığını nəzərə alsaq, deyə bilərik ki, kənd təsərrüfatında iqtisadi aktivliyin artırılması sosial baxımdan - regionlarda əhalinin gəlirlərinin artması, məşğulluğunun təmin olunması nöqteyi-nəzərindən də böyük önəm daşıyır.
Yeri gəlmişkən, beynəlxalq qurumlar da öz hesabatlarında Azərbaycanda aqrar sektorun geniş inkişaf perspektivinə malik olduğunu nəzərə çatdırırlar. Məsələn, Dünya Bankının verdiyi proqnozlara görə, ölkəmizdə 2017-ci və 2018-ci illərdə hər il 4 faiz olmaqla artım gözlənilir. Dünya Bankının məlumatında Azərbaycanın hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunub.
O da əlamətdar haldır ki, respublikamızda aqrar sektorun ayrı-ayrı istiqamətləri üzrə artım dinamikası ümumi inkişaf göstəricilərini daha da üstələyir. Bu yaxınlarda Prezident İlham Əliyevin Sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində bildirildiyi kimi, 2017-ci ilin birinci rübündə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəricilərindən biri 3,5 faiz olmaqla məhz aqrar sektorda qeydə alınıb. Ötən üç ayda ölkəmizdən kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz artıb.
Aqrar sektorun inkişafının bu kimi iqtisadi və sosial əhəmiyyətini nəzərə alan Azərbaycan dövləti yeni şəraitdə kənd təsərrüfatının geniş potensialından daha səmərəli istifadə olunmasına güclü siyasi iradə nümayiş etdirir. Respublikamızda aqrar sektorun inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Ölkəmiz aqrar sektorda istehsal imkanlarını genişləndirməklə həm daxili tələbatı tam şəkildə yerli istehsal hesabına ödəmək, həm də ixracın həcmini artırmaq niyyətindədir.
Müəyyənləşdirilən 9 hədəf aqrar sektorun hərtərəfli inkişafını təmin etməyə hesablanıb
Ölkəmizdə aqrar sektorda istehsal imkanlarının genişləndirilməsi üçün praktiki müstəvidə məqsədyönlü addımlar atılır və hüquqi baza möhkəmləndirilir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı müvafiq Fərmanla Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin təsdiqlənməsi respublikamızda postneft dövründə aqrar sektorun inkişafına ən yüksək səviyyədə siyasi iradə nümayiş etdirildiyini bir daha təsdiqləyir. Sənəddə vurğulandığı kimi, Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub ki, bu da kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olmasını ifadə edir.
Strateji Yol Xəritəsinə əsasən respublikada rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşdırılması məqsədilə əlverişli mühitin yaradılması üçün 9 strateji hədəf müəyyənləşdirilib. Sənəddə qeyd edildiyi kimi, bu strateji hədəflər ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zəncirinin halqaları üzrə artırılması, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və müvafiq resurslara, o cümlədən maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatı sahəsində elmi təminatın və təhsilin keyfiyyətinin yüksəldilməsi və məsləhət-informasiya xidmətləri sisteminin inkişaf etdirilməsi, bazar infrastrukturunun inkişafı və istehsalçıların bazara çıxışının asanlaşdırılması, təbii resurslardan dayanıqlı istifadə mexanizmlərinin formalaşdırılması, aqrar sahə üzrə biznes mühitinin təkmilləşdirilməsi və kənd yerlərində rifahın yüksəldilməsi məsələlərini əhatə edir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda həyata keçiriləcək prioritetlərin 2020-ci ildə real ÜDM-i birbaşa 575 milyon manat, dolayı şəkildə isə 660 milyon manat olmaqla, ümumilikdə 1235 milyon manat artıracağı proqnozlaşdırılır.
Yeni yanaşmaların tətbiqi aqrar sektorda istehsalın artmasına müsbət təsir göstərir
Son illərdə Azərbaycanda qabaqcıl dünya təcrübəsi əsas götürülməklə aqrar sektorda istehsal potensialının artmasına müsbət təsir göstərən intensiv təsərrüfatçılıq metodlarının tətbiqinə geniş meydan verilir. Deyə bilərik ki, intensiv metodlardan geniş istifadə olunması, yeni təsərrüfatçılıq üsullarının tətbiqi, müasir emal müəssisələrinin yaradılması sayəsində regionlarda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir.
İri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq məqsədi daşıyır. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarda iri fermer təsərrüfatları yaradılır. Artıq respublikanın 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib. İri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektardan arpa və buğda üzrə 58-60, qarğıdalı üzrə isə təxminən 120 sentner təşkil edir.
Ölkəmizdə aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsindən söhbət açarkən regionlarda aqroparkların yaradılmasının önəmini də ayrıca qeyd etmək lazımdır. Son vaxtlar Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib. Məhsul istehsalının bütün mərhələlərini özündə birləşdirən aqroparkların istifadəyə verilməsi sayəsində aqrar sektorda istehsal və ixrac imkanlarının daha da artacağı proqnozlaşdırılır. Belə aqroparklardan biri Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılıb. Növbəti aqropark isə Şəmkir rayonunda istifadəyə veriləcək. Bundan başqa, Şabran rayonunda 1740 hektar ərazidə “Şabran Aqropark”ın təşkili işləri davam etdirilir. Yaxın gələcəkdə regionlarda müasir təsərrüfatların sayı daha da artacaq. Yuxarıda bəhs olunan müşavirədəki nitqində ölkədə yaradılan aqroparkların önəminə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Hazırda 24 rayonda 33 aqropark yaradılır. Bu aqroparkların yaradılmasına 1,1 milyard manat dəyərində sərmayə qoyulur. Bu aqroparkların yerləşdiyi ərazi, istifadə etdiyi torpaq sahəsi 142 min hektardır. Əminəm ki, bu aqroparkların fəaliyyətə başlaması nəticəsində biz daxili tələbatı 100 faiz ödəyəcəyik və çox böyük ixrac potensialımız yaranacaqdır”.
Kənd təsərrüfatının inkişafına böyük təkan verəcək növbəti layihələr suvarma ilə bağlıdır
Aqrar sektorda istehsal imkanlarının artmasına böyük təkan verəcək növbəti layihələr suvarma ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycanın əkinəyararlı torpaq ehtiyatları məhduddur. Bu baxımdan Prezident İlham Əliyevin torpaqlardan səmərəli istifadə edilməsi, həmçinin dövriyyəyə yeni torpaq sahələrinin cəlb olunması məsələlərini gündəmə gətirməsi böyük aktuallıq daşıyır.
Son illərdə ölkəmizdə müasir infrastruktur qurulmasından söhbət açarkən regionlarda kənd təsərrüfatının inkişafının stimullaşdırılması məqsədilə həyata keçirilən meliorativ tədbirlərin, yeni su layihələrinin önəmini xüsusi qeyd etmək lazımdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə uyğun olaraq ölkə miqyasında su-drenaj layihələrinə, digər meliorativ tədbirlərə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, sahənin maddi-texniki bazası xeyli gücləndirilib, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilib. Belə ki, son 13 ildə ölkə miqyasında 170 min hektardan çox sahənin su təminatı və təxminən bu qədər də ərazinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, 20 min hektardan artıq yeni suvarılan sahə dövriyyəyə cəlb edilib. Eyni zamanda, respublikada sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi işləri yerinə yetirilib. Regionlarda su-drenaj layihələrinin icrasına üçüncü Dövlət Proqramında da geniş yer verilib. Bəhs olunan Dövlət Proqramında respublikanın 50 rayon və 3 şəhərində çoxsaylı su layihələrinin, meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Ötən üç ildə müvafiq Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 milyon kubmetr su verilməsi layihəsi çərçivəsində böyük iş həcmi yerinə yetirilib. Dünya Bankının krediti hesabına respublikanın 10 rayonunda 36 min hektar sahədə suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri başa çatdırılıb.
Ümumiyyətlə, son illərdə respublikamızda kənd təsərrüfatının inkişafının stimullaşdırılması, dövriyyəyə yeni əkin sahələrinin cəlb edilməsi məqsədilə reallaşdırılan meliorativ tədbirlərin, yeni su layihələrinin miqyası kifayət qədər genişdir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı tədbirlərdən söhbət açaraq deyib: “Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülmüşdür. Yüz minlərlə hektar torpağın meliorativ vəziyyəti yaxşılaşdırılmış və ya yeni suvarılan sahələr dövriyyəyə buraxılmışdır”.
Respublikanın aqrar sektorunda istehsal və ixrac imkanlarının genişləndirilməsi məqsədilə cari ilin sonunadək daha 150 min hektar əraziyə su verilməsi nəzərdə tutulub. Bu, böyük inkişafa təkan verəcək bir layihədir. Layihə çərçivəsində yeni torpaqları dövriyyəyə cəlb etmək, burada yüksək məhsuldarlığa nail olmaq məqsədilə suvarma suyu və elektrik enerjisi ilə təminat layihələrinə 250 milyon manatdan çox dövlət vəsaiti yönəldilib.
Yeni su anbarlarının inşası bölgələrin suvarma suyu ilə təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb
Respublikamızda Taxtakörpü, Şəmkirçay, Tovuzçay su anbarları kimi böyük investisiya tutumuna malik infrastruktur layihələrinin yerinə yetirilməsi Azərbaycan dövlətinin gücünü təsdiqləyir. Hazırda Taxtakörpü su anbarı şimal, Şəmkirçay və Tovuzçay su anbarları isə qərb bölgələrinin suvarma suyu ilə təminatında mühüm rol oynayırlar.
Yuxarıda bəhs olunan su anbarlarının və digər su layihələrinin, eləcə də genişmiqyaslı meliorativ tədbirlərin sayəsində respublikanın müxtəlif bölgələrində dövriyyəyə yeni torpaqların cəlb olunması davamlı prosesə çevrilib. İcra edilən su layihələri bölgələrdə yeni torpaqlara həyat verir. Artıq “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Siyəzən rayonunda yeni suvarılacaq torpaqlara Taxtakörpü-Ceyranbatan kanalından suyun verilməsinə başlanılıb. Layihə zonasındakı torpaqlar əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Layihə çərçivəsində torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkəsinin tikintisi həyata keçirilib və hektarlarla mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılıb, döviyyəyə yeni torpaqlar cəlb edilib.
Taxtakörpü-Ceyranbatan kanalından həmçinin Xızı rayonunda dövriyyəyə yeni cəlb olunan əkinə yararlı torpaqlara suvarma suyunun verilməsi təmin edilib.
Xızı rayonunda müvafiq meliorativ tədbirlər “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan “Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi çərçivəsində reallaşdırılıb. Layihə üzrə Xızı rayonunda 30 min hektar torpağın su təminatının yaxşılaşdırılması nəzərdə tutulub. Bütün ərazi üzrə ümumi layihə hazırlanıb. Bundan başqa, torpaqların münbitliyindən asılı olaraq, harada nə əkiləcəyini özündə əks etdirən xüsusi layihələr də hazırlanıb. Yeni suvarılacaq sahələrdə taxılçılıq, heyvandarlıq, bağçılığın inkişaf etdirilməsi, həmçinin istixanaların yaradılması üçün yaxşı imkanlar var.
Şabran rayonunda isə mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi üzrə hazırlanan layihədə 28 min 497 hektar torpaq sahəsinin 14 min 38 hektarında meliorativ tədbirlər aparmaqla yeni suvarılan torpaqların istifadəyə verilməsi və 14 min 459 hektar mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Yeni suvarılacaq 14 min 38 hektar torpaq sahəsinin 1709 hektarı dövlət, 8089 hektarı bələdiyyə və 4240 hektar torpaq sahəsi xüsusi mülkiyyətə məxsusdur.
Əsas hədəflərdən biri bütün əkin sahələrinin pivot suvarma sistemləri ilə təmin edilməsidir
Yuxarıda vurğuladığımız kimi, son illərdə Azərbaycanda kənd təsərrüfatı müasir metodlar əsasında inkişaf etdirilir. Ayrı-ayrı bölgələrdə pivot suvarma sistemlərinin tətbiqinə başlanılması bunu bir daha təsdiqləyir. Hazırda dünyanın qabaqcıl ölkələrində pivot suvarma sistemlərindən geniş istifadə olunur. Bu suvarma sisteminin bir sıra üstünlükləri var. Belə ki, bu üsulun tətbiq edildiyi sahələrdə həm məhsuldarlıq yüksək olur, həm də sudan qənaətlə istifadə edilir. Prezident İlham Əliyev Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində ölkəmizdə pivot suvarma sistemlərinin geniş tətbiq olunmasının zəruriliyinə diqqət çəkərək deyib: “Pivot sistemləri dünyada ən müasir və ən səmərəli suvarma sistemləridir. Pivot sistemləri məhsuldarlığı bir neçə dəfə artıra bilər. Bu sistemlərdən Azərbaycanda əlbəttə ki, təkcə pambıqçılıqda yox, başqa sahələrdə də istifadə olunur və olunacaq. Bu sistemlər böyük dönüş yaradacaq”.
Dövlətimizin başçısı qeyd edib ki, ölkəmizdə bəzi rayonlarda bu sistemlərdən özəl qurumlar istifadə edirlər. Ancaq əlbəttə ki, onların sayı qaneedici səviyyədə deyil. Ona görə dövlət bu sahəyə öz dəstəyini göstərməyə başlayıb. Nəzərə alsaq ki, kənd təsərrüfatının inkişafı, xüsusilə suvarma, meliorasiya ilə bağlı bundan sonra da böyük planlar olacaq, pivot suvarma sistemləri Azərbaycanda istehsal olunmalıdır.
Mütəxəssislər pivot suvarma sistemlərinin iri təsərrüfatlarda tətbiqinin xüsusilə yaxşı nəticələrə gətirib çıxardığını bildirirlər. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov mətbuata müsahibəsində pivot suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda yaxşı nəticə əldə edildiyini vurğulayıb. “Əgər respublikada taxılda orta məhsuldarlıq 30 sentnerdirsə, pivot suvarma sistemi tətbiq olunan təsərrüfatlarda 50-60 sentnerə bərabərdir. Dövlətimizin başçısının pivot sistemlərinin ölkəmizdə istehsalının həyata keçirilməsi ilə bağlı verdiyi göstəriş bu sahədə bir dönüş yaradacaq. Belə ki, bu sistemlər respublikada istehsal olunarsa, əlbəttə onun qiyməti də aşağı olacaq, bu da sahibkarlar üçün əlverişlidir”, - deyə İ.Cümşüdov qeyd edib.
“Qarabağ taxıl” MMC-nin təcrübəsi bütün ölkə boyu yayılmalıdır
“Qarabağ taxıl” MMC respublikamızda müasir yanaşmalar əsasında fəaliyyət göstərən təsərrüfatlara yaxşı nümunədir. Ölkədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ Taxıl” MMC 2012-ci ildə Prezident İlham Əliyevin iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırıqların icrasının təmin edilməsi məqsədi ilə Ağcabədi və Beyləqan rayonlarının ərazilərində dövlət torpaq fondu hesabına 4800 hektar sahədə yaradılıb. Layihənin həyata keçirilməsinə 10 milyon manat dövlət güzəştli krediti verilib. Təsərrüfatda tutumu 20 min ton olan taxıl anbarı kompleksi, gücü saatda 100 ton olan qurutma sistemi və tutumu 6 min ton olan logistik mərkəz yaradılıb. Dövlət investisiyaları hesabına “Yuxarı Mil kanalının tikintisi” layihəsi çərçivəsində ümumi uzunluğu 10,7 kilometr, suötürücülük qabiliyyəti saniyədə 16-18 kubmetr olan beton örtüklü kanal, yığılmış suların ərazidən kənarlaşdırılması üçün iki yeraltı suötürücü hidrotexniki qurğu və 7 kilometr uzunluğunda əsas suaxıdıcı kollektor tikilib. Bundan əlavə, Beyləqan rayonu ərazisində 1500 hektar sahədə qrunt sularının təmizlənməsi üçün kompleks meliorativ tədbirlər aparılıb, 35/10 kilovoltluq “Dostluq” yarımstansiyasından Beyləqan-Xaçınabad yolunun kənarı ilə 7 kilometr uzunluğunda köhnə elektrik xətti tamamilə yenilənib, 35/10 kilovoltluq “Xocavənd” yarımstansiyasından yüksəkgərginlikli ikidövrəli elektrik xətti çəkilib. Həmçinin, ərazidən keçən, uzunluğu 23 kilometr olan Daşburun-Beyləqan-Xaçınabad avtomobil yoluna asfalt örtük döşənib.
“Qarabağ Taxıl” MMC fəaliyyətə başladığı müddətin üçüncü ilindən mənfəət əldə etməyə başlayıb. Belə ki, 2015-ci ildə MMC-də ümumi dəyəri 11 milyon manatdan artıq olan 60,5 min ton məhsul, o cümlədən 26 min ton qarğıdalı, 25 min tona yaxın silosluq qarğıdalı, 6 min tondan artıq buğda, 3 min tona yaxın saman, 690 ton arpa, min tona yaxın soya istehsal olunub.
Növbəli əkin dövriyyəsi ilə fəaliyyət göstərən “Qarabağ Taxıl” 2016-cı ildə qiymətli strateji bitki olan soyanı Azərbaycanda geniş sahədə becərməklə bir ilkə imza atıb. 2013-cü ildə 1 hektar, 2014-cü ildə 50 hektar, 2015-ci ildə 500 hektar sahədə eksperiment aparılıb, 2016-cı ildə isə 1600 hektar sahədə soya becərilib. Emal zamanı soya paxlasının 85-90 faizi yem və bitki yağına çevrilir. Yem tamamilə heyvan qidası üçün istifadə edilir. Quşçuluqda qidalanmada soyanın xüsusi çəkisi 32-35, dəyər çəkisi isə 48-53 faizdir. Heyvandarlıqda isə bu göstəricilər müvafiq olaraq 18-20 və 53-58 faiz təşkil edir.
Mütəxəssislərin qənaətinə görə, təsərrüfatın ildən-ilə uğurlarını artırmasına müsbət təsir göstərən faktorlardan biri də burada pivot suvarma sistemlərinin tətbiqidir. Təsərrüfat üzrə əkin sahələrində 64 ədəd müasir suvarma sistemi - pivot quraşdırılıb. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İ.Cümşüdov bildirib ki, “Qarabağ taxıl” MMC-nin əkin sahələrində pivot suvarma sistemlərinin tətbiqi məhsuldarlığı xeyli artırıb. İ.Cümşüdov həmçinin respublikada pivot suvarma sistemlərinin əhatə dairəsinin genişləndirilməsinin zəruriliyinə də diqqət çəkib. O deyib: “Gələcəkdə bütün əkin sahələrini pivot suvarma sistemləri ilə təmin etmək qarşımızda duran əsas hədəflərdəndir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1158 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31