Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilib

Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilib

06.11.2015 [09:58]

Prezident İlham Əliyev: Son parlament seçkiləri bir daha onu göstərir ki, Azərbaycan demokratiya yolu ilə inamla, uğurla gedir
Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Söz, fikir və özünüifadə, eləcə də internet azadlığının təmin olunması, medianın müstəqil inkişafına xüsusi diqqət yetirilməsi, korrupsiya, rüşvətxorluq kimi neqativ hallara qarşı qətiyyətli mübarizə aparılması, ictimai-siyasi institutların legitim fəaliyyətinə əlverişli şəraitin yaradılması Azərbaycanın dinamik inkişafının, əsaslı ictimai-siyasi sabitliyin davamlı olacağına əminlik yaradır.
Azərbaycan demokratik ölkə kimi pozitiv beynəlxalq imicə malikdir
Sadalananlarla yanaşı, Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına, milli maraqlara xidmət edir. Bütün bunlar, eyni zamanda, ölkədəki əsaslı ictimai-siyasi sabitliyin sarsılmazlığını təmin edir. Başqa sözlə, həyata keçirilən rasional daxili və xarici siyasət kursunun nəticəsi kimi, bu gün fundamental azadlıqların təmin olunduğu Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca amil hakimiyyətin həyata keçirdiyi siyasi kursun, reallaşdırılan islahatların milli maraqlara tam cavab verməsidir. O da qeyd edilməlidir ki, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlik Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biridir.
Eyni zamanda, siyasi-hüquqi islahatların mütəmadi qaydada və prinsipiallıqla davam etdirilməsi milli təhlükəsizliyin təmin olunmasına önəmli töhfələr verməklə yanaşı, demokratik inkişafı da sürətləndirməkdədir. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları son 12 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Bunun nəticəsidir ki, beynəlxalq aləmin Azərbaycana diqqəti kifayət qədər artıb. Ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə və Azərbaycanın inkişafı olduqca yüksək qiymətləndirilməkdədir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində bu məsələyə toxunaraq qeyd edib ki, bu gün Azərbaycan o ölkələrdəndir ki, burada gedən proseslər xalq tərəfindən müəyyən edilir: “Xalq da öz sözünü seçkilər vasitəsilə ifadə edir. Xalq-iqtidar birliyi, gözəl ictimai iqlim və demokratik proseslər ölkəmizi gücləndirir. Məhz buna görə Azərbaycanda sabitlik maksimum dərəcədə təmin edilir, ölkəmizin inkişafı ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Çünki bizim apardığımız siyasət xalqın maraqlarını tam ehtiva edir. Bizim siyasətimiz xalqın maraqları üzərində qurulubdur. Təhlükəsizlik, daxili sabitlik, iqtisadi inkişaf, sosial ədalət, demokratiya, azadlıqlar, müstəqil xarici siyasət - bizim əsas prinsiplərimiz bunlardan ibarətdir və hər istiqamət üzrə biz çox uğurlu mənzərənin uğurlu nəticələrini görürük”.
Bununla yanaşı, hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində aidiyyəti strukturlar tərəfindən müvafiq tədbirlər görülür. Buna paralel olaraq ölkəmizdə keçirilən bütün seçkilər demokratik standartlara cavab verərək qanunun tələblərini özündə əks etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində böyük işlər görülüb, böyük nailiyyətlər var: “Məhkəmə sistemində şəffaflıq və ədalətin tam bərqərar olması ümumi demokratik inkişafımıza müsbət təsir göstərir. Azərbaycan demokratiya yolu ilə gedir. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan, din azadlığı, siyasi fəaliyyət azadlığı təmin edilir, heç bir məhdudiyyət yoxdur. Azərbaycanda yaşayan vətəndaşlar bunu gündəlik həyatda görürlər.
Azərbaycanda yüzlərlə mətbu orqan, azad internet mövcuddur. Əhalinin 75 faizi internet istifadəçisidir. Sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. O, başqa məsələdir ki, bəzi siyasi qrupların mitinqlərinə 200-300 adam yığışır. Ancaq fakt budur ki, heç bir məhdudiyyət yoxdur”.
Şəffaf və ədalətli seçkilər Azərbaycanda demokratik siyasi sistemin başlıca göstəricisidir
Bu kontekstdə digər bir nüansa da toxunmaq vacibdir. Belə ki, Azərbaycan demokratik dövlət olaraq seçki sisteminin də beynəlxalq standartlara uyğun olaraq formalaşdırılmasını daim diqqət mərkəzində saxlayıb. Bu fakt bir daha Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunu, eləcə də siyasi sistemin demokratiklik səviyyəsinin yüksək şəkildə təminatını göstərir. Bu isə ölkədə seçkilərin tam şəffaf və ədalətli şəkildə baş tutmasını mümkün edir.
Noyabrın 1-də Azərbaycanda keçirilən növbəti parlament seçkiləri də öz demokratikliyi ilə yadda qaldı. Bu, ölkəmizin demokratik prinsiplərin, ənənələrin bərqərar olması yönündə böyük uğurlar əldə etdiyini bir daha təsdiqlədi. Bu amil beynəlxalq müşahidəçilərin də hesabatlarında xüsusi olaraq vurğulandı.
Ümumiyyətlə, seçkilərin keçirildiyi şərait, nəticələrin obyektivliyi hər bir ölkədə demokratiyanın hansı səviyyədə inkişaf etdiyini göstərən mühüm faktorlardandır. Gənc müstəqil dövlət olan Azərbaycanda baş tutan növbəti seçki isə ölkəmizin demokratik prinsiplərin, ənənələrin bərqərar olması yönündə böyük uğurlar əldə etdiyini bir daha təsdiqlədi. Belə ki, noyabrın 1-də Milli Məclisə keçirilən seçkilər şəffaflığı və rəqabətliliyi ilə beynəlxalq müşahidəçilərin diqqətini cəlb edib. Əslində, seçkilərin ədalətli keçiriləcəyi qabaqcadan heç kimdə şübhə doğurmurdu. Çünki dövlət bütün namizədlərin seçkiqabağı kampaniyanı sərbəst və aktiv şəkildə həyata keçirməsi üçün hər bir şəraiti yaratmışdı.
Fərqli siyasi dünyagörüşünə malik qüvvələrin, siyasi partiyaların prosesdə iştirak etməsi, siyasi mövqeyindən asılı olmayaraq bütün namizədlərə bərabər şəraitin yaradılması və digər çoxsaylı amillər seçkinin obyektiv keçirilməsi üçün lazım olan ilkin şəraiti yaratmışdı. Seçkiöncəsi mühiti müşahidə edən müxtəlif beynəlxalq təşkilatlar da yaradılmış şəraitdən razı qaldıqlarını bildirmişdilər.
Beləliklə, gözlənildiyi kimi, seçkilər yüksək səviyyədə keçirildi. Öz növbəsində, müxtəlif beynəlxalq təşkilatlar öz bəyanatlarında ölkəmizdə şəffaf və ədalətli seçkinin keçirildiyini, nəticələrin legitim olduğunu təsdiq etdilər. Azərbaycan Prezidenti İlham Əliyev bəhs olunan çıxışı zamanı vurğulayıb ki, son parlament seçkiləri bir daha onu göstərir ki, Azərbaycan demokratiya yolu ilə inamla, uğurla gedir: “Son parlament seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə ifadə edibdir”.
Beynəlxalq təşkilatlar öz bəyanatlarında Azərbaycanda şəffaf və ədalətli seçkinin keçirildiyini, nəticələrin legitim olduğunu təsdiq etdilər
Bəlli olduğu kimi, Azərbaycanda parlament seçkilərinin gedişini 40 beynəlxalq təşkilatı təmsil edən 500-dən çox müşahidəçi və onların 66 mindən çox yerli həmkarı izləyib. Ümumilikdə, beynəlxalq müşahidəçilər seçkilərin ədalətli və şəffaf keçirildiyini, qanunlara və beynəlxalq standartlara uyğun olduğunu bəyan ediblər.
Bu kontekstdə bir neçə nümunəyə nəzər yetirmək lazımdır. Əvvəla qeyd edək ki, AŞ PA müşahidə missiyası seçkilərin şəffaf və demokratik keçirilməsini təqdirəlayiq hal kimi səciyyələndirib. “Seçkilər ölkənin bütün ərazisində sakit və sülh şəraitində keçib. Missiyanın üzvləri səsvermə prosesinin adekvat və ümumilikdə beynəlxalq standartlara uyğun olduğunu müşahidə ediblər. Seçicilərin seçki məntəqələrinə tam və maneəsiz giriş imkanları təmin edilib və müşahidəçilər tərəfindən heç bir hadisə qeydə alınmayıb. Müşahidə missiyası Azərbaycan xalqını seçki prosesi zamanı göstərdiyi mütəşəkkilliyə görə təbrik edir. Seçki məntəqələrinin ətrafında heç bir polis əməkdaşına və ya hər hansı bir kampaniyaya rast gəlinməyib. Əldə olunan uğur, xüsusilə seçki məntəqələrində veb-kameraların quraşdırılması təqdirəlayiq haldır”, - deyə müşahidə missiyasının bəyanatında bildirilib.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin müşahidə missiyasının da rəyi müsbət olub. Azərbaycanda keçirilən parlament seçkilərini izləyən Almaniya ictimai-siyasi xadimlərindən ibarət qrupun üzvlərinin açıqlamasında da seçkilərin demokratik, şəffaf və ədalətli keçdiyi bildirilib. TürkPA isə seçkilərin keçirilməsi üçün mükəmməl hüquqi-texniki bazanın yaradılmasını mütərəqqi addım olaraq xarakterizə edib. Avropa Seçkilərin Müşahidəsi Akademiyası missiyasının üzvləri də Azərbaycanda parlament seçkilərinin demokratikliyini xüsusi qeyd ediblər. GUAM müşahidə missiyasının bəyanatında isə bildirilib ki, seçkilərin sakit şəraitdə keçməsi ölkə vətəndaşlarının öz iradələrini sərbəst ifadə etmələri üçün tam təminat oldu. Rusiyalı müşahidəçilər isə diqqətə çatdırıblar ki, Azərbaycan dövlətinin qanunvericilik bazası və seçki təcrübəsi başqalarına nümunə ola bilər. Azərbaycandakı parlament seçkilərini müşahidə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) və Mərkəzçi Asiya-Sakit okean Beynəlxalq Demokratları Təşkilatının (CAPDI) nümayəndələri də seçki prosesindən razılıqlarını ifadə ediblər. ICAPP-ın həmsədri Jose de Venesia seçkilərin şəffaf şəkildə keçirildiyini bildirib. Qeyd edilib ki, builki parlament seçkiləri Azərbaycanda demokratiyanın əsaslarını daha da möhkəmləndirəcək. Azərbaycan Milli Məclisinə seçkilərdə müşahidəçi qismində iştirak edən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müşahidə missiyasının rəhbəri Habib Kaabaçi isə Azərbaycanda seçkilərin dinc və sakit ab-havada keçdiyini söyləyib. O, seçkilərdə bütün müşahidəçilər üçün bərabər şərait yaradıldığını, hər şeyin qanunlara uyğun olduğunu qeyd edib.
Göründüyü kimi, beynəlxalq müşahidəçilərin - müxtəlif müşahidə missiyalarının yekun qənaəti vahid bir reallığı nümayiş etdirir: Azərbaycanda keçirilən seçkilər beynəlxalq və demokratik standartlara cavab verib. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Yüzlərlə xarici müşahidəçi seçkilərə çox müsbət qiymət verib. MDB-nin, Avropa Şurası Parlament Assambleyasının müşahidəçi missiyaları seçkilərin demokratik, ədalətli, şəffaf keçirilməsi ilə bağlı öz rəsmi rəylərini açıqladılar. Digər beynəlxalq qurumların nümayəndələri də seçkiləri yüksək qiymətləndirdilər. Bu, dövlətimizin, xalqımızın növbəti böyük qələbəsidir və bir daha onu göstərir ki, Azərbaycanda demokratik inkişaf sürətlə gedir”.
Nəticə etibarilə, 1 noyabr seçkiləri ilə Azərbaycan demokratik dövlətçilik yolunda inamla irəlilədiyini bir daha sübut edib və bu seçki ölkəmizdə demokratiyanın növbəti qələbəsi kimi dəyərləndirilməlidir. Bir sözlə, seçkiləri yüksək səviyyədə keçirməklə Azərbaycan dövləti demokratik seçkilərin keçirilməsi ilə bağlı beynəlxalq öhdəliklərə riayət etdiyini, eləcə də seçki prosesində bütün iştirakçıların seçki hüquq və azadlıqlarının təmin olunduğunu bir daha təsdiq etdi.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 695 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31