Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın beynəlxalq nüfuzu artır və mövqeyi ildən-ilə möhkəmlənir

Azərbaycanın beynəlxalq nüfuzu artır və mövqeyi ildən-ilə möhkəmlənir

03.12.2015 [10:26]

Ölkəmiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur və xalqımızın maraqları ən yüksək səviyyədə qorunur
Müasir beynəlxalq münasibətlər sisteminin suveren aktoru olan Azərbaycan Respublikası son illərdə çox mühüm və güclü regional amilə çevrilib. Burada ən önəmli faktorlardan biri ölkəmizdə hökm sürən sabitlik və vətəndaş həmrəyliyi amilidir. Güclü dayaqlara malik sabitliyin bərqərar olması isə, əlbəttə ki, ölkənin iqtisadi inkişafını şərtləndirir və son illərin göstəriciləri Azərbaycanın yüksək iqtisadi inkişafının konturlarını müəyyən edir. İnkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi də ildən-ilə möhkəmlənir, Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur. Bu da nəticə etibarilə ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini də şərtləndirir. Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbir keçirilir. Müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də inkişafın, sosial sabitliyin şahidi olurlar. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Məlum olduğu kimi, hazırda dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşması nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə bu proseslərin tamamilə əksini müşahidə etmək mümkündür. Azərbaycan multikulturalizmin, dini və mədəni tolerantlığın güclü dayaqlara malik olduğu, bütün ölkə vətəndaşlarının birgə və həmrəylik şəraitində yaşadığı unikal ölkələrdən biridir.
Təbii ki, ölkənin daxili siyasətində əldə olunan bu nailiyyətlər Azərbaycana uğurlu xarici siyasət kursu həyata keçirməyə imkan verir. Məlum olduğu kimi, 1991-ci ildə Sovet imperiyasının süqutundan sonra müstəqilliyini elan edən Azərbaycan daxildəki problemlərlə yanaşı, beynəlxalq güc mərkəzlərinin bölgədəki rəqabəti fonunda da mürəkkəb vəziyyətə düşmüşdü. Ölkəmizdə bütün istiqamətlərdə müşahidə olunan geriləmə, xaos və böhran xarici siyasətdə də özünü göstərirdi. Lakin 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün istiqamətlərdə olduğu kimi, xarici siyasətdə də Azərbaycan üçün sözün həqiqi mənasında yeni mərhələ başladı. Ulu öndər Heydər Əliyev qısa müddətdə Azərbaycanda vətəndaş müharibəsini dayandırdı, beynəlxalq güclərin təzyiqlərinin qarşısını aldı, heç kəsdən asılı olmayan, sözün həqiqi mənasında müstəqil xarici siyasət kursunun əsasını qoydu. Ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə isə Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirdi, iqtisadi imkanlarını, dünyadakı çəkisini artırdı.
Azərbaycanın xarici dövlətlərlə əlaqələrinin möhkəmləndirilməsi, bərabərhüquqlu münasibətlərin formalaşması, yaranmış münbit zəmin üzərində bu əlaqələrin inkişafı, dünyanın əsas güc mərkəzləri ilə əlaqələrində milli maraqlarının və ölkə mənafeyinin rəhbər tutulması, beynəlxalq təşkilatlarda və dünyada baş verən siyasi proseslərdə rolunun artırılması, sülhmeyilli addımların dəstəklənməsi və problemli məsələlərin diplomatik yolla həllinə töhfə verilməsi ölkəmizin xarici siyasət doktrinasında ən önəmli istiqamətləri təşkil edir. Uzun illər ərzində formalaşdırılmış bu münasibətlər artıq konkret, praktik nəticələrə gətirib çıxarır. Azərbaycan dünyanın siyasi taleyini həll edən və bu kontekstdə çox vacib paya sahib olan nəhəng güc mərkəzləri, dünyanın böyük dövlətləri ilə strateji əhəmiyyət daşıyan münasibətlər qura bilib. Bu mənada ölkəmizin beynəlxalq təşkilatlarda təmsilçiliyinin gücləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı Azərbaycanın xarici siyasət strategiyasında mühüm istiqamətlərdən birini təşkil edir. Beynəlxalq təşkilatlarla əməkdaşlıqdan danışarkən isə, ilk növbədə, ölkəmizin dünyanın ən böyük təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı ilə (BMT) əlaqələrini vurğulamaq yerinə düşər.
BMT-yə üzv olduğu 1992-ci ildən indiyədək Azərbaycan qurumun tədbirlərində fəal iştirak edib, təşkilat çərçivəsində ikitərəfli əlaqələrini genişləndirib. Ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına üzv olduğu 2012-2013-cü illərdəki uğurlu fəaliyyəti isə Azərbaycanın bu təşkilatla əməkdaşlığını daha da yüksək səviyyəyə qaldırıb. 2012-ci ilin may ayının əvvəllərində BMT Təhlükəsizlik Şurasında Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən iclasda müzakirə olunan “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusu məhz Azərbaycanın təşəbbüsü ilə gündəliyə daxil edilmişdi. İclasda çıxış edən dövlət başçısı qlobal miqyasda əməkdaşlıq və birgə səy tələb edən terrorçuluqla mübarizənin önəmini qeyd edərək Cənubi Qafqaz regionunda bu problemin başlıca mənbəyi olan Ermənistanın dövlət siyasətinin mahiyyətini də ifşa etmişdi. Beləliklə də, Azərbaycan Prezidenti Ermənistan hakimiyyətinin işğalçı və terrorçu siyasətini ən yüksək kürsüdən aparıcı dünya dövlətlərinin liderlərinin diqqətinə çatdırmışdı.
Ölkəmizin 2013-cü ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasına ikinci sədrliyi dövründə isə BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə 28 oktyabrda “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası keçirilib. Həmçinin Azərbaycanın sədrliyi dövründə Afrikanın Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası, Suriyada kimyəvi silahlar məsələsi və humanitar vəziyyət, Mali, Konqo Demokratik Respublikası, Qərbi Səhra bölgəsi, Livan və Fil Dişi Sahili üzrə çoxsaylı müzakirələr keçirilib, qətnamələr və bəyanatlar qəbul olunub.
Azərbaycanın BMT-dən sonra üzvlərinin sayına görə ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatında da mövqeyi kifayət qədər möhkəmdir. Məlum olduğu kimi, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olub. 120 ölkənin təmsil olunduğu qurumda Azərbaycan öz fəallığı ilə seçilir, təşkilat daxilindəki siyasi məsləhətləşmələrdə fəal iştirak edir, Hərəkatın məqsəd və prinsiplərinin irəlilədilməsi, həmçinin “Cənub-Cənub” istiqamətində siyasi həmrəylik və praktiki əməkdaşlığın gücləndirilməsi üçün təkliflər irəli sürür. Azərbaycanın Qoşulmama Hərəkatına daxil olmasından qısa müddət sonra hərəkatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qərarlar qurum üzvlərinin təşkilatın məqsəd və prinsiplərinə bağlılığını, həmçinin ölkəmizin diplomatik uğurunu göstərən əlamətdar haldır.
Bundan başqa, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatında (İƏT) da fəal rol oynayır. Qurumun Bakıda tədbirləri, nazirlər səviyyəsində toplantıları keçirilir. Azərbaycan təşkilatın daha effektiv fəaliyyətinin həyata keçirilməsinə mühüm töfhələr verir.
Təbii ki, Azərbaycan, eyni zamanda, Avroatlantik məkana inteqrasiyasını, Avropa təşkilatlarında fəal iştirakını da davam etdirir. Məlum olduğu kimi, 2013-cü ilin mayın 6-da Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında bu təşkilata sədrlik Azərbaycana keçib. 14 may tarixindən başlayan sədrlik müddəti altı ay davam edib. Bu məqamda qeyd edək ki, 2001-ci ilin yanvarından Avropa Şurasının üzvü olan Azərbaycan bu qurumun Nazirlər Komitəsinə növbəlilik prinsipi əsasında sədrlik edib. Ötən müddətdə ölkəmiz Avropa Şurasının təməl prinsipləri olan insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verib, Avropada təhlükəsizlik və sabitlik sahəsindəki mövcud problemlərə, korrupsiya ilə mübarizədə səmərəli əməkdaşlığa, cəmiyyətlərin həssas təbəqəsi olan qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsinə ciddi diqqət yetirib, mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada diskriminasiya və dözümsüzlüklə mübarizəyə yardım edib, təhsilli və məsuliyyətli gənclər nəslinin tərbiyəsinə xüsusi əhəmiyyət verib, siyasi islahatların həyata keçirilməsi hədəfini yekdilliklə və güclü şəkildə dəstəkləyib.
Azərbaycan üzvü olduğu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT və digər qurumlarda da fəal rol oynayır. Ölkəmiz həmçinin Avropa İttifaqı, NATO kimi təşkilatlarla siyasi, iqtisadi, təhlükəsizlik kimi sahələrdə sıx əməkdaşlıq edir.
Bütün bunlar onu göstərir ki, ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, ölkəmizə olan etimadı artırır. Həyata keçirilən çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, eləcə də ölkəmizin beynəlxalq arenadakı mövqeyi möhkəmlənib. Mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, regional və beynəlxalq təhlükəsizliyə əhəmiyyətli töhfələr verməsi, ölkəmizin bilavasitə iştirakı ilə strateji əhəmiyyətli layihələrin gerçəkləşdirilməsi beynəlxalq arenada mühüm nailiyyətlərin əldə olunmasını şərtləndirib. Və Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan beynəlxalq təşkilatlardakı fəallığını bundan sonra da davam etdirəcək: “Əlbəttə ki, müxtəlif beynəlxalq təşkilatlarda üzvlüyümüz bizim siyasi maraqlarımıza xidmət göstərir. Biz bütün bu təşkilatlarda fəaliyyətimizi uğurla davam etdirəcəyik, prinsipial mövqeyimizi həmişə ifadə edəcəyik”.
Aqşin ŞAHİNOĞLU
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 639 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31