Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ayrı-ayrı regional və beynəlxalq təşkilatlarda uğurla təmsil olunur

Azərbaycan ayrı-ayrı regional və beynəlxalq təşkilatlarda uğurla təmsil olunur

07.12.2016 [09:43]

Xarici ölkələr və beynəlxalq qurumlar respublikamızla çoxşaxəli əməkdaşlığa xüsusi önəm verirlər
Məlum olduğu kimi, həyata keçirilən islahatlar, həmçinin uğurlu daxili siyasət kursu sabitlik adası kimi səciyyələndirilən Azərbaycanda bütün sahələrin inkişafını şərtləndirib, ölkəmizi regionun güc mərkəzinə çevirib. Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq mövqeyi daha da möhkəmlənir ki, bunun əsasında da güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Təbii ki, bu gün Azərbaycanın beynəlxalq münasibətlər sisteminin müstəqil, Cənubi Qafqaz regionunun isə ən güclü aktoruna çevrilməsinin əsasında məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə də ölkəmizin ikitərəfli və çoxtərəfli əlaqələrinin möhkəmlənməsi də həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir. Bundan başqa, Azərbaycan qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir. Bu məqamda ölkəmizin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına, o cümlədən Avropa Şurası Nazirlər Komitəsinə uğurla sədrlik etməsini xüsusi qeyd etmək lazımdır. Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Ölkəmizin səmərəli xarici siyasət kursundan bəhs edərkən Azərbaycanın ayrı-ayrı regional və beynəlxalq təşkilatlarda uğurla təmsil olunmasını xüsusilə qeyd etmək yerinə düşər. Belə ki, gənc Azərbaycan dövləti dünyanın əksər ölkələri ilə sıx əlaqələr qurmağa müvəffəq olub, həmçinin əksər beynəlxalq təşkilatların, o cümlədən BMT-nin, Qoşulmama Hərəkatının və digər nüfuzlu qurumların üzvüdür. Ölkəmiz 2001-ci ildən Avropa Şurasında təmsil olunur. Hazırda Azərbaycan-Avropa İttifaqı əlaqələri yüksələn xətlə inkişaf edir. Əksər Avropa qurumlarında təmsil olunan ölkəmiz, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında (İƏT) fəal rol oynayaraq qurum ölkələri arasında əməkdaşlığın dərinləşməsinə özünün sanballı töhfələrini verir.
Ölkəmiz İƏT-in tədbirlərində fəal şəkildə iştirak edir. Xatırladaq ki, 2017-ci ildə Bakı İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Azərbaycanın İƏT üzvü olan ölkələrlə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verməsi isə heç də təsadüfi deyil. Əvvəla, ilk növbədə, İƏT ölkələri ilə Azərbaycanı sıx mənəvi, tarixi əlaqələr bağlayır. Azərbaycan qurumda təmsil olunan çoxlu sayda dövlətlə eyni coğrafiyanı paylaşır. Bundan başqa, İƏT ölkələri beynəlxalq arenada Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına ciddi dəstək nümayiş etdirirlər. Elə İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilən son Zirvə görüşündə qəbul edilən qətnamədə də Azərbaycana dəstək ifadə olunub, Ermənistanın təcavüzkarlıq siyasəti, aprel ayında qoşunların təmas xəttində törətdiyi təxribatlar qətiyyətlə pislənilib.
Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional əməkdaşlıq məsələlərinə də xüsusi diqqət yetirir. Bu sırada region dövlətləri ilə qarşılıqlı-faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Yəni Azərbaycan öz xarici siyasət kursunda işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu kontekstdə region ölkələri ilə münasibətlərin qeyd olunan amillər əsasında inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Prezident İlham Əliyev bu məqamlara toxunaraq qeyd edib: “Bizim qonşularla əlaqələrimiz gündən-günə artır, güclənir və bu həm təhlükəsizlik, həm sabitlik, iqtisadi inkişaf, əməkdaşlıq üçün əsas şərtdir. Bir daha demək istəyirəm ki, Azərbaycanın bu sahədə oynadığı rol yüksək qiymətləndirilir və artıq gözəl nəticələr var”.
Azərbaycan artıq bir neçə üçtərəfli formatın da təşəbbüskarı və fəal iştirakçısıdır. Elə region dövlətləri də Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduqlarını bildirirlər. Bütövlükdə, qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri Azərbaycanın iştirakı ilə yeni regional əməkdaşlıq formatlarının yaranmasını şərtləndirir. Məhz Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə formatları həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin inkişafında müstəsna rol oynayır, bölgədə təhlükəsizlik və işbirliyinə əhəmiyyətli töhfələr verir.
Öz növbəsində bu məqama toxunan millət vəkili, politoloq Elman Nəsirov deyib ki, sözün həqiqi mənasında, ölkəmiz bu gün beynəlxalq aləmdə ciddi bir aktora çevrilməkdədir. Son hadisələr də təsdiqləyir ki, hazırda dünya Azərbaycanla razılaşır və bizi çox etibarlı tərəfdaş kimi qəbul edir. Onun sözlərinə görə, Azərbaycan-İran-Rusiya üçtərəfli Zirvə görüşü də deyilənləri bir daha təsdiqləyir. Millət vəkili bildirib ki, hər üç dövlətin başçılarının bir araya gəlməsi və tarixdə ilk dəfə olaraq belə bir formatın, yəni Azərbaycan, Rusiya və İran Prezidentlərinin üçtərəfli formatının təşkili tarixi hadisədir.
Bir sözlə, Azərbaycan hazırda mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Daha dəqiq desək, aparıcı dövlətlər Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir.
Onu da qeyd edək ki, sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verən ölkəmiz həmçinin mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Təkcə son üç ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, Beynəlxalq Humanitar forumların, Mədəniyyətlərarası Dialoq forumlarının, Davos Dünya İqtisadi Forumunun, I Avropa Oyunlarının, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin ölkəmizdə keçirilməsi bunu bir daha təsdiq edir. Sözügedən məsələyə münasibət bildirən politoloq Elşad Mirbəşir deyib ki, bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Onun sözlərinə görə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır.
Onu da qeyd edək ki, həyata keçirilən uğurlu xarici siyasət kursunun fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi beynəlxalq gündəmin aktual məsələlərindən birinə çevrilib. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Ümumiyyətlə, danışıqların hazırkı mənzərəsi Azərbaycanın aşkar üstünlüyünü, Ermənistanın isə çətin vəziyyətdə olduğunu göstərir. O da qeyd edilməlidir ki, 2016-cı ilin aprelində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində müşahidə olunan gərginlik və Azərbaycan Ordusunun mühüm uğuru Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni vəziyyətin yaranmasını şərtləndirib. Daha da dəqiqləşdirsək, son hadisələrin fonunda ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan ediblər. Bu isə onu deməyə əsas verir ki, dünya ictimaiyyəti Ermənistanın qeyri-konstruktiv mövqeyini kəskin qınayır. Bütövlükdə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yeni situasiyanın yaranması pozitiv amil kimi qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlər. Münaqişə ilə bağlı mövcud olan status-kvo qəbuledilməzdir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Münaqişənin həll olunması üçün ilk növbədə Azərbaycan əraziləri işğaldan azad edilməlidir”.
Beləliklə, Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq uğurla davam və inkişaf etdirilən praqmatik xarici siyasət kursu Azərbaycan Respublikasının müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran amildir. Bunun nəticəsidir ki, aparıcı dövlətlər regional və beynəlxalq təhlükəsizliyin təmin və mühafizə olunması, eləcə də səmərəli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində Azərbaycanla çoxşaxəli əməkdaşlığa müstəsna önəm verirlər.
Nadir AZƏRİ
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 546 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30