Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ümummilli Lider ömrünün sonunadək əqidəsinə sadiq qaldı

Ümummilli Lider ömrünün sonunadək əqidəsinə sadiq qaldı

20.11.2021 [10:01]

Rizvan Vahabov: Ulu Öndərimizin əbədiyaşar ideyaları ömür boyu mənim həyat amalım, siyasi əqidəm və şəxsi prinsipial mövqeyimin əsas qayəsini təşkil edib

“Bu partiyaya hansısa mənfəət əldə etmək üçün deyil, Ümummilli Lider Heydər Əliyevin siyasətini ürəkdən dəstəklədiyim üçün gəlmişəm”

“Mənə görkəmli dövlət xadimi, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevi şəxsən tanımaq və müstəqil Azərbaycan tarixinin ən taleyüklü məqamlarında uzaqgörən rəhbərimizlə birgə işləmək xoşbəxtliyi nəsib olub. Mən hazırda 29 yaşını qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının yaranmasında yaxından iştirak etmişəm. Partiya biletimin nömrəsi 51-dir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının veteran üzvü Rizvan Vahabov bizimlə söhbətində deyib.

Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasına uzun illərdir sədaqətlə və şərəflə xidmət göstərdiyini deyən Rizvan Vahabov ən çətin dövrlərdə partiyanın idealları uğrunda mübarizə apardığını söyləyib: “Bu partiyaya hansısa mənfəət əldə etmək üçün deyil, Ümummilli Lider Heydər Əliyevin siyasətini ürəkdən dəstəklədiyim üçün gəlmişəm. Partiyanın yarandığı dövr, o dövrdə baş verən proseslər mənim xatirimdədir. 1990-cı illərin əvvəllərində ölkədə anarxiya, xaos hökm sürürdü. Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. O zamankı hakimiyyət xalqı uçuruma aparırdı. Belə bir şəraitdə sağlam düşüncəli insanlar, ziyalılar vəziyyətdən çıxış yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Xalqın nicatı yalnız Heydər Əliyev idi. 1992-ci ilin oktyabrında 91 ziyalı Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Həmin müraciətdə ölkədə ağır vəziyyətin olduğu bildirilir, ölkənin gələcəyinin Heydər Əliyevin hakimiyyətə gəlməsinə bağlı olduğu vurğulanırdı. Müraciətdə Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının zəruriliyi vurğulanırdı. Ulu Öndər Heydər Əliyev “91-lər”in müraciətinə cavabında partiyanın yaradılmasına razılıq verdi. Bundan sonra Yeni Azərbaycan Partiyasının təsis konfransına hazırlıq işləri başladı. 21 noyabr 1992-ci ildə Naxçıvanda partiyanın təsis konfransı keçirildi. Yadımdadır ki, Bakıdan gələn nümayəndələr partiyanın Nizamnaməsini hazırlayıb gətirmişdilər. Amma Heydər Əliyev şəxsən özü Nizamnamə yazmışdı və Onun yazdığı bu sənəd partiyanın ilk Nizamnaməsi kimi qəbul olundu”.

Həmsöhbətimiz Ümummilli Liderin tarixi xidmətlərindən danışıb və deyib  ki, 1987-ci ildə Onun SSRİ rəhbərliyindən istefasından sonra ermənilər Azərbaycana qarşı ərazi iddialarına başladılar, həmçinin Heydər  Əliyevə qarşı kampaniyaya start verildi: “Onun himayə etdiyi insanların çoxu Ulu Öndərin istefa verməsindən sonra təzyiqlərdən qorxaraq dahi şəxsiyyəti mübarizə meydanında tək qoydular. Amma Ulu Öndər xalqın ən çətin günlərində həmişə yanında oldu. Heydər Əliyevin 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı xalqa başsağlığı müraciəti vardı, həmin vaxt “Azərnəşr”in direktoru Əjdər Xanbabayev və mən  müraciətin oxunması üçün “Azadlıq” meydanına getmişdik, müraciəti mitinqin təşkilatçılarına təqdim etdik və başsağlığının oxunmasını gözlədik, amma müraciəti oxumadılar. Əjdər Xanbabayev deyirdi ki, Heydər Əliyevin başsağlığı müraciətinə də qısqanclıqla yanaşırlar. Həmin vaxt Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı, Heydər Əliyevin müraciətinin nə televiziya, nə də senzuranın olması səbəbindən mətbuat vasitəsilə xalqa çatdırılması mümkün olmadı. Bütün təzyiqlərə rəğmən, Heydər Əliyev Moskvadan Bakıya qayıtmağa qərarlı idi və Onu hava limanında  Əjdər Xanbabayev qarşılayacaqdı. Amma Əjdər Xanbabayev  1990-cı il mayın 30-da öldürüldü. Ona görə də nəzərdə tutulan  vaxtda  Heydər Əliyev Bakıya gələ bilmədi. Onun qayıdışı bir müddət sonra baş verdi. Heydər Əliyev 1990-cı il iyun ayının 20-də Bakıya qayıdaraq qardaşı Cəlal Əliyevin evinə getdi. Amma o vaxtkı hakimiyyət Onun Bakıda qalmasına imkan vermədi. 14 il Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev cəmi bir gün sonra Naxçıvana getməyə məcbur oldu. Naxçıvan əhalisi Onu böyük coş?u ilə qarşıladı.  1991-ci ilin sentyabrında  isə Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri vəzifəsinə seçildi”.

Həmsöhbətimizin sözlərinə görə, belə bir dövrdə respublikada vəziyyət getdikcə ağırlaşırdı: “Həmin illərdə respublikamızın uzaqgörən ictimai xadimləri, ziyalıları hakimiyyətə Heydər Əliyevin gəlməsi ilə ölkəni fəlakətdən qurtarmağın mümkün olacağını deyirdilər. Onlar Heydər Əliyevin mütləq Azərbaycana qayıdacağını gözləyirdilər. Həmin vaxt ölkənin rəhbəri olan Əbülfəz Elçibəy çətin vəziyyətdə olan respublikanı xilas etmək üçün Heydər Əliyevin arxasınca təyyarə göndərdi. Ulu Öndər qardaş qırğınının, vətəndaş müharibəsinin baş verməsinin qarşısını almaq üçün ölkəyə rəhbərliyi qəbul etdi. Heydər Əliyev, təbii ki, xalqın çətin günündə heç vaxt kənarda qala bilməzdi”.

R.Vahabov qeyd edib ki, Ulu Öndərimizin və Prezident İlham Əliyevin  rəhbərliyi ilə bütün ictimai-siyasi, sosial-iqtisadi istiqamətlər üzrə əldə olunmuş nailiyyətlərdə siyasi elitamızın cəmləşdiyi YAP-ın misilsiz xidmətləri və danılmaz töhfələri olub: “YAP fəaliyyət göstərdiyi 29 il ərzində şərəfli inkişaf yolu keçib, ildən-ilə istər kəmiyyət, istərsə də keyfiyyət göstəricilərinə görə öz sıralarını əqidəli partiya üzvləri hesabına genişləndirib və nəticə etibarilə bu gün mübaliğəsiz olaraq Cənubi Qafqazın ən mütəşəkkil siyasi qüvvəsinə çevrilib. Bu gün ölkə ictimaiyyəti, ziyalılarımız, aparıcı elm-mədəniyyət xadimləri və gənclərimiz arasında partiyamıza olan inam və etimad çox yüksək səviyyədədir. YAP-ın 29 il ərzindəki bu uğurlu fəaliyyəti dahi rəhbərimiz Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” müdrik kəlamının bütün dövrlər üçün aktuallığını qoruduğunu bir daha sübut edir.

Ulu Öndərimiz, müasir Azərbaycanın qurucusu və partiyamızın yaradıcısı Heydər Əliyev Azərbaycanı dünyaya təqdim etdi. Prezident İlham Əliyev isə dahi Heydər Əliyevin layiqli siyasi davamçısı kimi doğma Azərbaycanımızı bütün dünyaya tanıtdı, 30 il düşmən tapdağında olan torpaqları azad edərək ATA vəsiyyətinə əməl etdi. Bu gün Azərbaycanın gücü və qüdrəti hər bir vətəndaşda qürur doğurur. Azərbaycan xalqı, partiyamızın sıralarında cəmləşmiş 760 mindən çox insan Prezident, partiyamızın Sədri İlham Əliyevin ətrafında sıx birləşib. Biz, dövlət başçısının son dərəcə cəsarətli, müstəqil, praqmatik, Azərbaycanın parlaq gələcəyinə hədəflənmiş və milli mənafelərimizə xidmət edən siyasətini bundan sonra da qəlbən dəstəkləyəcək və dövlətimizə, Ulu Öndərimiz Heydər Əliyevin əbədiyaşar ideyalarına sədaqətlə, ləyaqətlə və şərəflə xidmət edəcəyik”.

Nardar BAYRAMLI

 

Paylaş
Baxılıb: 172 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30