Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın güclənən mövqeyinin fonunda...

Azərbaycanın güclənən mövqeyinin fonunda...

30.11.2021 [12:47]

Təcrid vəziyyətində olan Ermənistanın ətrafında geosiyasi halqa daralır

Artıq regionda geosiyasi tarix Azərbaycanın təqvimi, saatlar isə Bakı vaxtı ilə müəyyən olunur

Son günlər regionda maraqlı proseslər cərəyan edir. Xüsusilə də,  bölgə dövlətlərinin rəsmilərinin müxtəlif görüşlər və toplantılar zamanı səsləndirdikləri fikirlər, verilən bəyanatlar regionda yeni situasiyanın geostrateji şifrələrini açır. Görünən odur ki, mövcud vəziyyət Azərbaycanın postkonflikt mərhələsində strateji diplomatiya siyasətinin uğurlu nəticələrini əks etdirir. Nəticə isə ondan ibarətdir ki, regional supergücə çevrilən Azərbaycanın mövqeyi daha da güclənir, həmçinin  Ermənistanın ətrafında geosiyasi halqa daralır. Bu səpkidə bir neçə məqama nəzər salmaq məqsədəuyğun olar.

Rəsmi Bakının mövqeyi əsas və həlledicidir

Noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüş çərçivəsində səsləndirilən fikirlər Azərbaycanın siyasi-diplomatik mövqeyinin üstünlük təşkil etdiyini, ölkəmizin irəli sürdüyü ideya, təklif və təşəbbüslərin yüksək qiymətləndirildiyini göstərdi. Elə Rusiya Prezidenti Vladimir Putinin sözügedən görüşdə ifadə etdiyi fikirlər etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığa böyük önəm verildiyini, rəsmi Bakının fəaliyyətinin Cənubi Qafqazın yeni geostrateji dizaynında  həlledici rol oynadığını və əsas götürüldüyünü bir daha təsdiqlədi.

Bununla yanaşı, noyabrın 28-də Aşqabadda müşahidə olunan iki mühüm məqam bəhs olunan reallığı əks etdirir. Birincisi, Prezident İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü zamanı toxunulan məqamlar təsdiqlədi ki, Azərbaycan regionda sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığın təmin olunması istiqamətində daim haqlı mövqedə olub, ölkəmizin çağırışları və təşəbbüsləri qarşıdurmaya deyil, əməkdaşlığa, uzlaşmaya xidmət edib, bu gün də belədir. İkincisi, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Görüşünün yekun  Bəyannaməsində “Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinin Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanırıq”,- deyə qeyd olundu. Həmçinin Zirvə Görüşündə ölkəmizi təbrik edən ölkələr sırasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan 3 ölkə - Qazaxıstan, Belarus və Qırğızıstan yer aldı. Aşqabadda baş tutmuş toplantıda qeydə alınan bu iki məqam deməyə əsas verir: regional proseslərin hazırkı inkişafında və gələcəklə bağlı planların reallaşdırılmasında məhz şərtləri diktə edən Azərbaycanın geosiyasi iradəsi əsas rol oynayır, xüsusi nəzərə alınır.

Azərbaycanın müttəfiqlik münasibətləri güclənir, Ermənistan isə ənənəvi dəstəkdən məhrum olur

Digər tərəfdən, bir müddət öncə Ermənistana bu və ya digər səviyyədə dəstək verən bəzi qüvvələr indi Azərbaycanın haqlı və aparıcı mövqeyinin əhəmiyyətini xüsusi vurğulayır, ölkəmizin yanaşmasını yeni regional təhlükəsizlik və əməkdaşlıq şəraitində əsas götürür. Bütün bunlar isə artıq müttəfiqlərindən əvvəlki - ənənəvi dəstəyi ala bilməyən, şərtlərin diktə olunduğu Ermənistanın qarşısında vahid seçim zərurəti qoyur: reallıqları nəzərə alaraq ağıllı hərəkət etmək, istər üçtərəfli Bəyanatın icrası, istərsə də digər məsələlərlə əlaqədar öz üzərinə düşən öhdəlikləri yerinə yetirmək.

Azərbaycan isə güclənən müttəfiqlik münasibətləri, artan təsir imkanları və möhkəmlənən həm regional, həm də beynəlxalq mövqeyi ilə strateji hədəflərini addım-addım gerçəkləşdirir. Artıq regionda geosiyasi tarix Azərbaycanın təqvimi, saatlar isə Bakı vaxtı ilə müəyyən olunur...

Nurlan QƏLƏNDƏRLİ

 

 

Paylaş
Baxılıb: 223 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Sosial

Xəbər lenti

Yeni texnologiyalar

Xəbər lenti

Siyasət

Müsahibə

Xarici siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31