Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Macarıstan razı deyil...

Macarıstan razı deyil...

18.05.2022 [10:18]

Neft embarqosunun taleyi necə olacaq?

Taleh AĞAVERDİEV

Ukraynada müharibə başlayandan bəri Avropa İttifaqı Moskvanı ən yüksək səslə ittiham edib və onu sarsıdıcı sanksiyalarla hədələyib. Lakin qəbul edilmiş beş anti-Rusiya sanksiyaları paketi istənilən effekti vermədi. Buna görə də Brüssel Qərbin ehtiyatda saxladığı iqtisadi məcburiyyətin ən radikal tədbirinə - neft embarqosuna əl atmaq qərarına gəldi. Neft-qaz sektoru Rusiyaya büdcə gəlirlərinin təxmini yarısını (keçən il - 45%) və ixracın yarıdan çoxunu təşkil edir və qazın 70%,  neft və neft məhsullarının 60%-ni isə məhz Avropaya satır (müharibə başlayandan Aİ Rusiyaya neftə görə 20 milyard avrodan, qaza görə isə 30 milyard avrodan çox pul ödəyib). Lakin söhbət Rusiya enerji daşıyıcılarına qadağa qoyulmasına çatanda Avropa ictimaiyyətinin birliyi çatlamağa başladı.

Belə ki, Aİ diplomatiyasının rəhbəri Cozep Borrell bildirib ki, 27 Aİ ölkəsinin xarici işlər nazirləri martın 16-da Rusiyaya qarşı hələ mayın 4-də təqdim olunan altıncı sanksiyalar paketi ilə bağlı növbəti dəfə razılığa gələ bilməyiblər. Macarıstan hələ də Rusiya neftinin alınmasına embarqonu dəstəkləməkdən imtina edir, sanksiyalar paketinin qəbulu üçün isə onun bütün Aİ ölkələri tərəfindən təsdiqlənməsi lazımdır. Borrell altıncı paketin razılaşdırılmasının nə qədər vaxt alacağını bilmədiyini söylədi, lakin bunun daha bir və ya iki həftə çəkəcəyini ehtimal etdi.

Qeyd edək ki, mövcud ziddiyyətlərə görə Avropa Komissiyası artıq bu sanksiyalar paketini yumşaltmağa məcbur olub. Belə ki, mayın 10-da Rusiya neftinin üçüncü ölkələrə dəniz daşınmasına qoyulan qadağanın paketdən çıxarıldığı açıqlanıb. “Financial Times”ın məlumatına görə, bu, Yunanıstan və Maltanın sərt mövqeyi ilə bağlı olub.

Bu iki ölkə Aİ-nin tanker donanmasının yarıdan çoxunu təşkil edir. Avropa İttifaqı həm də Rusiya qazının alınması üçün sanksiyaların pozulmasına yol verməyən və eyni zamanda Rusiyanın tələblərini ödəyən yeni plan hazırlayıb.

Lakin gəlin altıncı sanksiyalar paketinə qayıdaq. Bundan əvvəl Avropa Komissiyası istisna qaydasında Macarıstana neft embarqosunun 2024-cü ilin sonuna qədər təxirə salınmasını təklif etmişdi. Bununla belə, ölkənin baş naziri Viktor Orban bildirib ki, neft infrastrukturunun yenidən qurulması üçün beş il vaxt lazımdır. Ölkə rəhbərliyinin dediyi kimi, embarqo təklifi iqtisadi atom bombasına bərabərdir. Qeyd olunub ki, Rusiya neftinin idxalına qoyulan qadağa Macarıstanın sabit enerji təchizatına ciddi təsir göstərəcək: yanacağın qiyməti 55-60% artacaq ki, bu da bütün malların qiymətlərinin artmasına gətirib çıxaracaq və ölkə buna tab gətirə bilməyəcək. Bu baxımdan ölkə rəhbərliyinin mövqeyini başa düşmək olar. Macarıstan Avropanın mərkəzində, ən yaxın karbohidrogen mənbələrindən minlərlə kilometr aralıda yerləşir, dənizə çıxışı yoxdur. Rəsmi məlumatlara görə, qazın 85 faizi, neftin 65 faizi Macarıstana Rusiyadan gəlir.

Lakin bəzi faktlar göstərir ki, Macarıstan rəhbərliyinin mövqeyi məcburi tədbir olmaqla yanaşı, həm də müəyyən mənfəət güdür.

Belə ki, baş nazir Viktor Orban uzun müddətdir ki, Vladimir Putinin əsas avropalı dostlarından biri adlandırılır və o, Rusiyanın maraqlarına xidmət etməkdə ittiham olunur. Qeyd olunur ki, məhz onun sayəsində 2011-ci ildən sonra Macarıstanın Rusiyanın enerji resurslarından asılılığı kəskin şəkildə artıb. Üstəlik, mayın əvvəlində Orbanın Qərbdə Putinin Ukrayna ilə bağlı planlarını qabaqcadan bilən yeganə şəxs ola biləcəyi barədə məlumatlar ortaya çıxdı (Macarıstan hökuməti bu məlumatı feyk adlandırıb). Maraqlıdır ki, Macarıstan tarixən Qərbə yönəlib və yalnız iki dünya müharibəsinin qurbanları və 1956-cı ildə silahlı üsyanın yatırılması onu Rusiya ilə “bağlayıb”. Üstəlik, Orbanın özü də siyasi karyerasının əvvəlində sərt anti-Rusiya mövqeyi ilə seçilirdi. Bir çox ekspertlər qeyd edirlər ki, 1988-2009-cu illər arasında o, yəqin ki, Mərkəzi Avropada ən anti-Rusiya siyasətçisi olub. Ancaq sonra vəziyyət kəskin şəkildə dəyişməyə başladı. Orbanın Putinə gözlənilməz simpatiyasının mümkün səbəblərindən biri kimi onun ölkəsi üçün ucuz enerji mənbəyi əldə etmək istəyi göstərilir. Bu, Orbanın hökumətin kommunal şirkətlərə qiymətləri endirmək üçün diktə etməyə imkan verən “Rezsicsökkentes” proqramına bağlılığı ilə əlaqədardır. Hesab olunur ki, bu proqram baş nazirin siyasi uzunömürlülüyünün sirlərindən biridir.

Belə bir nəzəriyyənin lehinə bu cür bir faktı misal göstərmək olar ki, bu ilin fevral ayının əvvəlində Orban Rusiyada qaz alışını ildə 1 milyard kubmetr artırmaq istəyini bəyan edib. Bundan əlavə, Macarıstan əvvəlki sanksiyalar paketlərini həvəssiz dəstəkləyirdi, Ukraynaya hərbi yardım göstərməkdən imtina etdi, həmçinin onun ərazisindən silah tranzitinə qəti şəkildə qarşı çıxdı.

Eləcə də güman etmək olar ki, Macarıstan Rusiya əleyhinə sanksiyaları dəstəkləmək razılığına görə Avropa İttifaqından mümkün olan maksimum güzəştləri əldə etmək qərarına gəlib və buna görə də hər dəfə yeni şərtlər diktə edir. Əgər əvvəlcə Macarıstan yeni infrastrukturun, o cümlədən başqa ölkələrdən neft kəmərlərinin tikintisini 700-750 milyon avro qiymətləndirirdisə, indi ölkə 15-18 milyard avro məbləğində kompensasiyaya hədəflənib.

Eyni zamanda, Brüssellə şantaj yolu ilə danışmağa cəhdlə bağlı ittihamlar Orbanı qətiyyən narahat etmir. Təsadüfi deyil ki, Macarıstan parlamenti baş nazirin namizədliyi ilə bağlı səsverməni məhz Aİ xarici işlər nazirlərinin iclası gününə - mayın 16-na təyin etdi və onun “Fides” partiyasının rəhbərlik etdiyi koalisiya hökumət başçısını beşinci müddətə təsdiqlədi. Üstəlik, Orban Aİ və NATO-ya qarşı bir sıra sərt bəyanatlar verib. Belə ki, baş nazir “NATO Budapeştin etibarlı dayağıdır, lakin alyans Macarıstanı müdafiə etməyəcək” deyib və onun üçün ən aktual vəzifənin Macarıstan ordusunu gücləndirmək olduğunu qeyd edib. O, həmçinin Brüsseli səlahiyyətlərindən sui-istifadə etməkdə, Aİ-yə üzv dövlətlərin səlahiyyətlərini məhdudlaşdırmaqda və yad ideologiyanı məcburi tətbiq etməkdə ittiham edib.

Macarıstanın təzyiq və təcrid vəziyyətinə düşəcəyi ilə bağlı gözləntilərin əksinə olaraq, bütün əlamətlər Aİ-nin Avropa Birliyini şübhə altına almamaq üçün növbəti dəfə güzəştə gedəcəyindən xəbər verir. Belə ki, “El Pais” öz mənbələrinə istinadən xəbər verir ki, Avropa Komissiyası Macarıstanda yeni neft kəmərlərinin tikintisinə pul ayırmağa hazırdır ki, neft embarqosunun tətbiqi ilə bağlı vetosunu geri götürsün. Bu məqsədlə, REPowerEU planında (Aİ-nin karbohidrogenlərdən asılılığının sürətlə azaldılması planı) nəzərdə tutulan maliyyələşdirmənin çərşənbə gününə kimi yenidən bölüşdürülməsi planlaşdırılır. Nəşrin mənbələri iddia edir ki, bu plan neft embarqosunu gələn həftədən gec olmayaraq təsdiq etməyə imkan verəcək. Brüssel əmindir ki, Avropanın çoxmilyonlu sərmayəsi Orbanın sanksiyalara dəstəyini təmin edəcək.

Buna baxmayaraq, Aİ üçün hər yeni sanksiyalar paketini bu quruma daxil olan bütün ölkələrlə razılaşdırmaq və birliyi qorumaq daha çətin olacağı göz qabağındadır. Belə ki, Avropa İttifaqındakı diplomatik mənbə “Euractiv” internet portalı ilə Aİ-nin anti-Rusiya sanksiyalarının tətbiqi məsələsində limitə yaxınlaşması ilə bağlı fikirləri bölüşüb: “Moskvaya qarşı yeddinci sanksiyalar paketi inanılmaz dərəcədə çətinləşəcək. Əgər Rusiya neftinə embarqo qoyulması qərarı müttəfiqlər arasında belə qarışıqlıq yaratdısa, o zaman Rusiya qazının idxalına qadağa qoyulması təklifinə reaksiyanın daha da pis olacağını gözləmək olar”.

Paylaş:
Baxılıb: 218 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Xarici siyasət

MEDİA

Üzü Qarabağa...

24 İyun 10:13

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

24 İyun 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30