Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə - regional təhlükəsizliyin əsas təminatçısı

Türkiyə - regional təhlükəsizliyin əsas təminatçısı

25.05.2022 [10:34]

Ərdoğan növbəti dəfə qətiyyətli mövqe sərgilədi

Pərviz SADAYOĞLU

Son illərdə mühüm siyasi-iqtisadi, hərbi inkişaf yolu qət etmiş, artıq Yaxın Orta Şərqin və Avropanın aparıcı güc mərkəzinə çevrilən Türkiyə regional təhlükəsizliyin əsas təminatçısı kimi çıxış etməkdədir. Rusiya-Ukrayna müharibəsi ilə başlanan yeni siyasi düzəndə əhəmiyyətli yer tutan Türkiyə bir sıra həyati məsələlərin həllində vahid ünvana çevrilib. BMT Baş katibi Antonio Quterreşin Türkiyəni Rusiya-Ukrayna münaqişəsinin sülh yolu tənzimlənməsi istiqamətində əsas tənzimləyici elan etməsi təsadüfi sayıla bilməz. Rəsmi Ankara tutduğu mövqe, nümayiş etdirdiyi qətiyyətlə bütün tərəflərin etimadını qazanıb.

Rusiya ilə Ukrayna arasındakı müharibənin miqyası genişlənməyəcəyi təqdirdə belə post-müharibə dövrünun olduqca fərqli mənzərə yaradacığı hər kəsə bəllidir. Bu “tabloda” mühüm yerlərdən biri isə məhz Türkiyənin qərarlaşacağı mövqedir. Qısa zamanda milli müdafiə sənayesində inqilabi dəyişikliklərə imza atan dövlət yeni formatda qlobal siyasətin əsas oyunçularından birinə çevrilib. Ortaya qoyulan mövqe, nümayiş etdirilən qətiyyət də məhz bundan xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 23-də Nazirlər Kabinetinin iclasının ardından verdiyi açıqlamalar istər regional, istərsə də qlobal siyasətə mühüm yön dəyişiklikləri vəd etməkdədir. Türkiyə liderinin səsləndirdiyi fikirlər növbəti dəfə gündəmin mühüm müzakirə obyektinə çevrilir...

Türkiyə anti-terror əməliyyatlarında israrlıdır - cənub sərhədi möhkəmləndirilir

Çıxışında Prezident Ərdoğan ilkin növbədə ölkəsinin təhlükəsizliyinin təminatı ilə bağlı məsələyə aydınlıq gətirib. O bildirib ki, Türkiyə Silahlı Qüvvələri ölkə sərhədlərində antiterror əməliyyatlarına başlayacaq və bu məsələ ilə bağlı yaxın vaxtlarda qərar veriləcək. Türkiyə lideri bildirib ki, davam edən hücumlar fonunda sərhədlərimizdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəzifələrimizi davam etdirəcəyik. Tezliklə sərhədlərimizdə yeni əməliyyatlara başlanacaq. Bundan başqa, Türkiyə, eyni zamanda, cənub sərhədləri boyunca 30 km dərinlikdə təhlükəsizlik zonasının yaradılması prosesini başa çatdırmaq niyyətindədir. “Türkiyəyə təhdid yaradan terror təşkilatlarına hər cür dəstək verərək onları qoruyanlar təkəbbürlü davranışlarından əl çəksinlər”, - dövlət başçısı əlavə edib.

Qeyd olunmalıdır ki, R.T.Ərdoğanın bu fikirlərinin arxasında əməli fəaliyyət dayanır. Türkiyə mətbuatının yaydığı xəbərə görə, MİT Şimali İraqın Mahmur şəhərində keçirdiyi nöqtə əməliyyatı ilə PKK liderlərindən “Ahmet Rubar” kod adlı Mehmet Ərdoğanı avtomobilində zərərsizləşdirib. Bu addım həm də Türkiyənin növbəti “mesajı” kimi dəyərləndirilməlidir. Cənub sərhədləri boyunca 30 km dərinlikdə təhlükəsizlik zonasının yaradılması bəzi dünya güclərinin Türkiyəyə qarşı apara biləcəyi və ya planlaşdırdığı “oyunların” qarşısını almaq üçün mühüm addımdır. Son dövrlərdə Türkiyənin qəti şəkildə milli maraqlarına uyğun siyasətdə israrlı olması, hətta NATO ilə bağlı bir sıra məsələlərdə də milli mənafedən çıxış etməsi mühüm gözlə görüləcək “narahatlıqlar” yaradır. Bu mənada, Ərdoğanın bu bəyanatı həm də əzələ nümayişidir. Türkiyənin cənub sərhədinin hansı nüfuz dairələrinə mənsub olması heç kimə sirr deyil. Bu bəyanat həmin ölkələrin verəcəkləri qərarların iki dəfə düşünülməsi üçün “verilən müddət” və ya şansdır.

“İpə un sərmək siyasəti”ndən imtina edilməlidir - Türkiyə yazılı razılaşma istəyir

Prezident Ərdoğan gündəmin əsas mövzularından olan İsveçin və Finlandiyanın NATO üzvlüyünə qəbulu məsələsinə də toxunub. Bəlli olduğu kimi, Türkiyə bu məsələdə alyansın digər üzvlərindən fərqli mövqe nümayiş etdirir və adıçəkilən dövlətlərin terror təşkilatlarına münasibətdə mövqelərinə aydınlıq gətirməsini istəyir. Türkiyə lideri bildirib ki, NATO, o cümlədən üzv olduqları digər beynəlxalq təşkilatlarda oynadıqları həyati rol hər kəsə aydın olsa da, hələ də bəzi müttəfiqlərlə sanksiyaların ləğvi müzakirələri aparılır: “İsveçin bizə qarşı indiki sanksiyalarını kənara qoya bilmərik. Onlar üçün ağlabatan izahat yoxdur. Müttəfiqlik həmrəyliyinin ən yüksək səviyyədə saxlanmalı olduğu bir zamanda “ipə un sərmək siyasəti”ndən imtina edilməli, terrorla mübarizədə Türkiyənin haqlı gözləntiləri, xüsusilə dəstək və sanksiyaların ləğvi həll edilməlidir. Biz əməlimizlə NATO-nun haqqını verən ölkə olaraq milli təhlükəsizliyimizlə bağlı ucu açıq diplomatik bəyanatlar deyil, konkret addımlar görmək istəyirik. İnanırıq ki, əsas təhlükəsizlik həssaslıqlarını nəzərə almayan genişlənmə siyasəti nə bizə, nə də NATO-ya heç nə etmir”“.

Bu fikirlər növbəti dəfə Türkiyənin öz mövqeyində qəti olduğunun göstəricisidir. Təsadüfi deyil ki, Fələstində rəsmi səfərdə olan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu da İsveçin və Finlandiyanın NATO-ya üzvlüyü məsələsinə toxunub. O bildirib ki, həmin dövlətlər Türkiyənin tələbləri ilə bağlı konkret addımlar ata biləcəklərini desələr də, rəsmi Ankara yazılı razılaşma istəyir.

Davos Dünya İqtisadi Forumunda çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq isə Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyünə dair narahatlığı ilə bağlı həll yolunun tapılacağına əmindir. O bildirib ki, NATO Türkiyənin narahatlıqlarını həll etməlidir. NATO baş katibi Türkiyənin terror hücumlarından ən çox zərər çəkən NATO üzvü olduğunu diqqətə çatdırıb.

Stoltenberqin bu açıqlaması isə Türkiyənin hazırkı qlobal siyasətdə oynadığı rolu daha aydın göstərir. NATO baş katibi anlayır ki, Rusiya ilə müharibə lokal çərçivədən NATO müstəvisinə transfer olunarsa, İsveç və Finlandiyanın bu qarşıdurmada oynayacağı rol Türkiyə ilə nisbətdə qat-qat zəif ola bilər. NATO üçün Türkiyə istər ordusunun gücü, istərsə də regional güc mərkəzi olaraq həyati anlam daşımaqdadır.

Ərdoğan Ağ Evə səsləndi

Rəcəb Tayyib Ərdoğan açıqlamalarında Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin ABŞ səfərinə də toxunub. Xatırladaq ki, yunanıstanlı baş nazir ABŞ səfəri çərçivəsində Konqresdə çıxış edib. F-16-ların Türkiyəyə satışı məsələsini gündəmə gətirən Mitsotakis Amerika Konqresi üzvlərindən bu mövzuda Şərqi Aralıq dənizində baş verənləri nəzərə almalarını istəyib. “Kiprdə iki dövlət həllini heç vaxt qəbul etməyəcəyik”, deyən Mitsotakis dolayısı ilə ABŞ-dan təyyarələrin Türkiyəyə verilməməsini istəyib.

Bunun qarşılığında isə R.T.Ərdoğan daha sərt ifadələri ilə yadda qalıb. O, “mənim üçün artıq Mitsotakis adlı şəxs yoxdur. Sözünün üstündə duracaq hörmətli siyasətçilərlə yol gedərik”, deyib. “Qoy Mitsotakis özü haqqında düşünsün. Bizə yetər. Mən də hesab edirəm ki, ABŞ F-16-larla bağlı Mitsotakisin ağzına baxıb qərar verməyəcək”, - Türkiyə lideri bildirib. Ərdoğan bu il Yunanıstanla keçirilməsi nəzərdə tutulan Strateji Şura Toplantısının ləğv edildiyini də vurğulayıb və Mitsotakislə belə bir görüşə heç vaxt razı olmayacağını dilə gətirib.

Yunanıstan hökumətinin sözçüsü Yannis İkonomu Ərdoğanla qarşılıqlı polemikaya girməyəcəklərini açıqlayıb. Baş nazir Kiryakos Mitsotakis isə Yunanıstan televiziyasına müsahibəsində Türkiyə lideri ilə görüşüb müzakirə aparmaq niyyətini dilə gətirib.

Görünən budur ki, artıq Türkiyənin bölgədə oynadığı əsaslı rol dünya miqyasında qəbul edilməkdədir. Azərbaycanın strateji müttəfiqi olan rəsmi Ankara yeni mərhələdə ortaq maraqlar çərçivəsində formalaşacaq siyasi-iqtisadi, hərbi proseslərin əsas yönvericisi rolunda çıxış edəcək.

Paylaş:
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Xarici siyasət

MEDİA

Üzü Qarabağa...

24 İyun 10:13

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

24 İyun 10:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30