Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 2022-ci il nələrlə yadda qaldı?

2022-ci il nələrlə yadda qaldı?

31.12.2022 [10:45]

Dünya gərginliklərlə zəngin il yaşadı

Başa çatmaqda olan 2022-ci il dünyanın siyasət arenasında da öz dinamikliyi ilə seçildi. Hələ 2021-ci ilin dekabrında ABŞ prezidentinin şəxsi səyi nəticəsində baş tutmuş və 2022-ci ilin “prioritetlərini” müəyyənləşdirmiş Demokratiya Sammiti ilin sakit keçməyəcəyini deməyə əsas verirdi. Bu mənada, geri çevrilib 2022-ci ilə nəzər saldıqda, ilk gözə çarpan da dünyada liderlik uğrunda gedən amansız mübarizədir. Bu mübarizə bütün qitələr, bütün materiklər, hətta bütün ölkələrin timsalında açıq-aydın hiss edildi...

Son illərin ən böyük hərbi qarşıdurması  - Rusiya-Ukrayna müharibəsi

Təbii ki, 2022-ci ilin ən böyük siyasi-hərbi hadisəsi fevralın 24-də Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsi sayıla bilər. Xatırladaq ki, müharibənin ilkin ştrixləri hələ aylar öncədən sezilirdi. O baxımdan ki, Rusiyanın Ukrayna sərhədinə yaxın bölgələrdə öz hərbi qüvvələrini möhkəmləndirməsi, ABŞ və digər ölkələrin isə Ukraynanı silahlandırması müharibənin ilkin anonsunu verirdi. Belə ki, ABŞ bu ilin yanvarına qədər artıq Ukrayna silahlı qüvvələrinə dəstək üçün 2.7 milyard dollarlıq yardım etmişdi. Bu arada, açıq hərbi qarşıdurmaya qədər də Rusiya ilə Ukrayna arasında lokal toqquşmalar olmuşdu. Aylar sonra isə Lend-Lizin imzalanması ilə bu yardım daha da artacaqdı. Amma hadisələri qabaqlamayaq.

Fevralın 24-də səhər saatlarından başlayan hərbi insidentin miqyası genişləndi. Artıq Ukraynanın bir neçə şəhərində partlayışlar baş verdi. Ukrayna müdafiə nazirliyi isə rəsmi olaraq bir neçə Rusiya hərbi təyyarəsinin vurulması ilə bağlı məlumat yaydı. Təbii ki, baş verənlər dünya ictimaiyyəti tərəfindən diqqətlə və həyəcanla izlənilirdi. Bir sıra beynəlxalq təşkilatlar, böyük ölkələr bu məsələ ilə bağlı bəyanatlar verdilər, baş verənləri pislədilər.

Qeyd edək ki, müharibənin ilk günlərində Rusiyaya qarşı NATO müttəfiqlərinin aqressiv davranışı qarşısında rəsmi Mos?va “nüvə ritorikasını” işə saldı. Bu günə qədər artıb-azalma dinamikası ilə davam edən bu ritorika hələ də öz aktuallığını qorumaqdadır. Eyni zamanda, bu müharibə dünyanın iki qütb ətrafında cəmləşərək mübarizə aparacağını dəqiqləşdirdi - başqa sözlə, III Dünya Müharibəsi astanasında sayıla bilərdi...

Təbii ki, hərbi aqressiyanın dayandırılması ilə bağlı vasitəçilik missiyaları da işə düşdü. Türkiyə bu işdə daha fəal rol oynadı - hər iki tərəfin dövlət rəsmiləri ilə dəfələrlə görüşən Türkiyə nümayəndələri axır ki, mart ayının əvvəlində Antaliyada üçtərəfli görüşə nail ola bildilər - Türkiyənin Antalya şəhərində Rusiya, Ukrayna və Türkiyə XİN rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirildi. Görüş mühüm əhəmiyyət daşımaqla yanaşı, müharibə başlayan dövrdən Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasındakı ilk canlı təmas kimi tarixə düşdü. Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşünün təşkili siyasi ekspertlər tərəfindən də yüksək dəyərləndirilsə də, heç bir nəticə əldə olunmadı. Sadəcə olaraq hər iki tərəf bu görüşü sülhün və sabitliyin təmin edilməsi istiqamətində atılan addım kimi təqdirəlayiq saymaqla kifayətləndilər...

Türkiyənin bu münaqişə ilə bağlı oynadığı ən əhəmiyyətli rollardan biri isə iyulun 2-də taxıl dəhlizi ilə bağlı anlaşmanın imzalanmasına nail olmaq oldu. Taxil dəhlizi” ilə bağlı sazişin icrasına başlanması ərzaq bazarlarına müsbət təsir göstərdi - Bir ton taxılın qiyməti 440-450 ABŞ dollardan 350-355 dollara endi. Taxıl idxalından birbaşa asılı olan ölkələrin üzləşdiyi problemlər də yavaş-yavaş aradan qalxdı.

Hər kəs bu yaxınlaşmaların müsbət nəticəsini gözləyərkən, sentyabr ayında siyasi mühit yenidən qarışdı - sentyabrın 23-də Ukraynanın Rusiyanın nəzarətində olan 4 vilayətində Rusiyaya birləşməklə bağlı “referendum” keçirildi. Səsvermənin keçirildiyi Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətləri Ukraynanın ərazisinin 15%-ni əhatə edirdi. “Referendum”dan bir neçə gün sonra isə həmin ərazilərin rusiyaya birləşdirilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putin müvafiq sənədi imzaladı. Beləliklə, müharibənn hələ uzun müddət davam edəcəyi bəlli oldu...

Bu günə qədər davam edən hərbi qarşıdurmada Rusiyanın itkiləri 100 minə yaxınlaşır. Ukraynanın itkiləri də az deyil. Bu rəqəmin də yüz minə yaxın olduğu bildirilsə də, Ukrayna rəsmiləri bunu təkzib edirlər - Ukrayna prezident ofisinin rəsmisi Mixail Podolyak bu rəqəmin 13 civarında olduğunu bildirib.

Hər bir halda münaqişə artıq 2023-cü ilə qədəm qoyur. Hərbi qarşıdurmaların gələcək taleyi ilə bağlı isə proqnoz vermək siyasi mütəxəssislər üçün də çətindir - üfiqdə qarşılıqlı razılaşmanın və ya daha geniş miqyaslı müharibənin gözlənildiyini indidən söyləmək çətindir..

TDT yeni inkişaf mərhələsinə qədəm qoydu...

Bu il üçün ən mühüm regional proseslərdən biri də Türkdilli ölkələrin yer aldığı regionda müşahidə olundu. Belə ki, ötən ilin noyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı kimi adlandırılması, münasibətlərin yaxınlaşmasında yeni mərhələyə qədəm qoyulması 2022-ci ili bu region üçün də dinamikləşdirirdi. Qeyd edilməlidir ki, bu ilin yanvarında Qazaxıstanda baş verən hadisələr bir məsələni dəqiqləşdirdi - artıq Orta Asiya ölkələri xalqları öz yollarını fərqli istiqamətdə inkişaf etdirmək niyyətində idilər. Dünyaya açılım, yeni iqtisadi münasibətlər, yeni dünya nizamında tutulacaq yer müəyyənləşdirilmiş mövqenin əsas komponentləri idilər. İl ərzində TDT üzvü olan ölkələrin rəhbərlərinin qarşılıqlı səfərləri, imzalanan anlaşmalar, memorandumlar isə dövlətlərarası münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qədəm qoymasını şərtləndirdi. Artıq bütün dünya bir faktı dəqiqləşdirmişdi - Azərbaycanın və Türkiyənin rəhbərliyi, müəyyənləşdirdiyi yol xəritəsinə əsasən Türk Dövlətləri Təşkilatı üzvü olan ölkələr arasıda inteqrasiya daha da güclənəcəkdir.

Bu ilin noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Zirvə görüşü isə bu məsələdə əsaslı əhəmiyyət daşıdı - “Türk sivilizasiyasının yeni dövrü: Birgə inkişaf və tərəqqiyə doğru”“ mövzusu ilə keçirilən toplantı TDT-nin gündəmini və gələcək planlarını müəyyənələşdirdi. İqtisadi, ticarət, nəqliyyat və gömrük sahələrindəki TDT layihələrilə bağlı razılaşmaların və rəsmi sənədlərin imzalandığı bu platforma quruma üzv və müşahidəçi statusda olan dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın əsas prioritetlərini müəyyənləşdirdi. İmzalanan Səmərqənd Bəyannaməsi təşkilatın inkişafında yeni bir mərhələni formalaşdıran qərarlar toplusuna çevrildi...

Şərq sularında raket səsləri susmadı...

Qeyd edilməlidir ki, 2022-ci il Uzaq şərq regionu üçün də sakit keçmədi. Uzun illərdir davam edən Tayvan problemi, Çin-ABŞ qarşıdurması, eyni zamanda, KXDR ilə Cənubi Koreya arasındakı çəkişmə bu il də davam etdi.

İlk olaraq Tayvanla bağlı məsələyə toxunaq - il ərzində Tayvan uğrunda müharibə aktuallığını itirmədi. Təbii ki, Çinin apardığı siyasət “hər an müharibə” təməlinə söykənirdi ki, bu da ada üçün bir sıra təhlükələrə yol açırdı:

- İl ərzində Çin dəfələrlə havadan və sudan Tayvan ətrafında hərbi manevrlər reallaşdırdı;

- ?ir neçə dəfə yüksək səviyyəli eskadrilyaların iştirakı ilə Tayvanın tanınmamış “hava sərhədini” keçdi;

- ABŞ-ın verdiyi bəyanatlara baxmayaraq, “Vahid Çin” siyasətindən geri çəkilməyəcəyini bəyan etdi...

Təbii ki, ən maraqlı hadisələrdən biri də, ABŞ-ın Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Tayvana səfəri oldu. Hadisələrin ən qızğın dövründə Tayvana səfər edən Pelosi ABŞ-ın regiondakı maraqlarını açıq şəkildə ortaya qoydu - bu səfər Çin-ABŞ münasibətlərinin Tayvan “bəndi” üçün mühüm mesaja çevrildi.

Yaşanan gərginliklər isə bütünlükdə region üçün spesifiklik daşıyırdı - KXDR-in dəfələrlə həm Yaponiya, həm də Cənubi Koreya istiqamətində ballistik raket “təlimləri” aparması, hətta ABŞ prezidentinin Yaponiya səfəri zamanı belə “atəşfəşanlıq” etməsi gözdən yayınmadı. “Nüvə təlimləri”ni belə istisna etməyən KXDR açıq şəkildə yarada biləcəyi təhlükələri və təhdidi nümayiş etdirməyə başladı. Bu dövlət Şərq sularında formlaşdırılmış

AUKUS hərbi ittifaqına qarşı açıq demarşla da yadda qaldı - ABŞ-ın Cənubi Koreya ilə birgə hərbi təlimlərinə qarşı tarixdə görünməyən “raket təlimləri”nə start verildi.

Qeyd olunmalıdır ki, regiondakı gərginliklər hələ də davam etməkdədir. Bu mənada, 2023-cü ilin də “sakit keçəcəyini” proqnozlaşdırmaq olmaz. Çünki bir sıra hərbi-siyasi ekspertlərin də iddia etdikləri kimi III Dünya Müharibəsi “Şərq sularında başlaya bilər”...

Yaxın Orta Şərq - İsrail ilə Türkiyə arasında yaxınlaşma...

Arxada qoymağa hazırlaşdığımız il Yaxın Orta Şərq və Ərəb dünyası üçün də spesifikliyi ilə seçildi. Düzdür, tarixdə ilk dəfə futbol üzrə dünya çempionatının ərəb dövlətində - Qətərdə keçirilməsini nəzərə almasaq, region üçün ilin ən böyük hadisəsi İsrail ilə Türkiyə arasında münasibətlərin yenidən normallaşması sayıla bilər. İsrail Prezidenti İsaak Hersoq martın 9-da Türkiyəyə səfər etdi. Bu, İsrail Prezidentinin son 15 ildə Türkiyəyə ilk gəlişi idi. Bundan əvvəlki səfər 2007-ci ildə Prezident Şimon Peresin vaxtında baş tutmuşdu. Sonradan ölkələrarası münasibətlərdə yaranan gərginliklər qarşılıqlı səfərlərin dayandırılması ilə nəticələnmişdi. İsaak Hersoqun bu səfəri iki dövlət arasındakı əlaqlərdə yeni çalarlar yaratmaqla yanaşı, bölgənin inkişafına da əsaslı təsir göstərəcəyini ilk baxışdan deyirdi. Bu amil hər iki prezidentin görüşdən sonra mətbuata açıqlamalarında da öz əksini tapdı.

Ərəb dünyasında isə ən yaddaqalan məsələ bu ilin noyabrında baş tutmuş Ərəb Dövlətləri Liüasının növbəti sammiti oldu. Əlcəzairdə baş tutan bu görüş dövlətlər arasında münasibətlərin könüllülüyü, suverenlik və müstəqilliyə qarşılıqlı hörmət, dövlətlərin bərabərliyi, münaqişələrin həll edilməsi üçün güc tətbiq edilməsinə qadağa kimi prinsiplərin növbəti nümayişinə çevrildi. Eyni zamanda, bu dövr “Ərəb baharı”nda qəti qələbə qazanan “inqilabçı mərkəzlər”in sakitləşmə dövrü kimi də xarakterizə oluna bilər - radikal çevrilişlər dövrü sona çatdı, siyasi aktivlik yumşaldı və ölkələrin daxilində həll edilməsi olduqca çətin problemlərin həlli ilə bağlı addımların atılmasına başlanıldı. Tramp hakimiyyəti dövründən bəri əldə olunan bu ölü sükut onu göstərdi ki, “Yaxın Orta Şərq” layihəsi müəyyən epizodik (Suriyanın timsalında) məqamlar istisna olmaqla durğunluq dövrünə qədəm qoyub.

NATO şimala doğru genişlənəcəkmi?

2022-ci il daha bir siyasi proseslə seçildi - Rusiya-Ukrayna qarşıdurmasının fonunda yeni regional hərbi şəkilləndirməyə start verildi. Başqa sözlə, Rusiyanın Ukraynaya müdaxiləsinə səbəb kimi göstərilən faktorlardan biri - NATO-nun genişləndirilməsi açıq kontekstdə davam etdirildi. Düzdür, bu istiqamətdə hələ ki, real nəticələr əldə olunmayıb, amma proseslərin gedişi NATO-nun şərqə doğru deyil, şimala doğru böyüyəcəyini deməyə əsas verir.

Bu ilin mayında İsveç və Finlandiyanın NATO-ya qoşulmaq istəyini dilə gətirməsi beynəlxalq siyasi gündəmin əsas mövzularından birinə çevrildi. Rəsmi Helsinki ilə Stok?olmun uzun illərdən sonra neytrallıq sükutunu pozaraq şimal alyansına üzv olmaq niyyətinə düşməsi siyasi mütəxəssislər tərəfindən birmənalı qarşılanmadı. Bunu, mövcud Rusiya təhlükəsi ilə əlaqələndirənlər çoxluq təşkil etsə də, ABŞ-ın dünya liderliyi uğrunda mübarizəsinin növbəti mərhələsi kimi dəyərləndirənlər də tapıldı. Amma Türkiyənin bu məsələdə tutduğu mövqe ABŞ-ın arzularına adekvat olmadı. Rəsmi Ankaranın irəli sürdüyü arqumentlər bu ölkələrin şimal alyansına qoşulmaq üçün “yarasız” olduğunu sübut etdi - bu dövlətlərin açıq şəkildə Türkiyəyə qarşı terror təhdidi yaradan şəxsləri himayə etməsi NATO dəyərlərinə uyğun gəlmirdi.

İyunun 28-də İspaniyanın paytaxtı Madriddə keçirilən NATO-nun sammiti bu məsələdə həlledici rolu oynadı. Madrid sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüş keçirildi. Baş tutan danışıqlardan sonra Türkiyə, İsveç və Finlandiya üçtərəfli Memorandum imzaladı. Rəsmi Ankara iki Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına daxil olması üçün irəli sürdüyü tələblərin yerinə yetirilməsinə nail oldu - imzalanan Memoranduma əsasən rəsmi Ankaranın tələblərinə qarşı Skandinav ölkələri PKK və onun uzantıları ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlığa, terrorun bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirilməsinə, PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyinə razılaşdı. İsveç və Finlandiya PKK, onun qolları və cəbhə təşkilatlarının pul toplama və işə götürmə fəaliyyətlərinin qadağan edilməsi, onların araşdırılması, Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması, hər iki ölkənin Aİ təhlükəsizlik mexanizmlərində, o cümlədən PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) ən geniş iştirakının dəstəklənməsi ilə bağlı da öhdəlik götürdü.

Artıq ilin sonunda, dekabr ayında İsveç bu məsələdə real addımlar atmağa başlayır - Türkiyənin tələblərinin yerinə yetirilməsi üçün bu ölkədə konstitusiya dəyişikliyi istisna edilmir...

Dünya yeniləşməyə hazır olmalıdır

Nəticə etibarı ilə, 2022-ci il yeni siyasi-iqtisadi dünya düzənini formalaşdırdı. Qarşıdan gələcək mərhələ isə bunun müstəvisini müəyyənləşdirəcək. Belə ki:

- Rusiya-Ukrayna müharibəsinin hansı nəticələrlə yekunlaşması;

- Şərqdəki lokal toqquşmaların miqyasının böyümə ehtimalı;

- Yaxın Orta Şərq siyasətinin eyni tempdə davam etdirilməsi;

- Ən əsası isə 2023-cü ildə nəzərdə tutulan II Demokratiya Sammiti proseslərin gedişinə əsaslı təsir göstərə bilər. Hər bir halda, dünya yeniləşməyə, dəyişməyə hazır olmalıdır...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 149 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

04 Fevral 12:34

Xəbər lenti

Fevralın 15-dən...

04 Fevral 11:30

Xəbər lenti

MEDİA

Sosial

Ödənişli olacaq

04 Fevral 10:44

Analitik

Siyasət

Gündəm

Siyasət

Səkkiz gün keçdi...

04 Fevral 10:17

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28