Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Zəngəzur dəhlizinin reallaşmasına heç kəs mane ola bilməyəcək

Zəngəzur dəhlizinin reallaşmasına heç kəs mane ola bilməyəcək

01.06.2023 [10:20]

N.BAYRAMLI

Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən GLOBSEC 2023 Bratislava Forumunda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə “Enerji və iqlim təhlükəsizliyi: Çıxarılan dərslər və gələcəyə baxış” adlı tədbir (side event) təşkil olunub. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən verilən məlumata görə, forum çərçivəsində “Dinc gələcəyə doğru: “Cənubi Qafqaz üçün yeni şəfəq” (“Energy and Climate Security: Lessons Learned and Way Ahead”) adlı panel müzakirələrində iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması  və regionda sülh prosesi barədə danışıblar.

Hikmət Hacıyev bildirib ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan əraziləri uzunmüddətli işğaldan azad olunub. O qeyd edib ki, ərazi bütövlüyünə hörmət prinsipi Azərbaycan üçün çox vacibdir. Prezidentin köməkçisi həmçinin tərəflər arasında baş tutmuş görüşlərə, diqqət çəkərək əlavə edib ki, sülh danışıqlarının harada aparılması deyil, daha çox danışıqların mövzusu əhəmiyyət kəsb edir.

Armen Qriqoryan bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, “lakin Azərbaycanla Ermənistan arasında ən böyük məsələ Qarabağ məsələsidir”. O, Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı 1975-ci il xəritəsini əsas götürməyi təklif etdiyini deyib və əlavə edib ki, Ermənistan öz ərazisində dəhlizin yaradılmasına heç zaman razılıq verməyəcək. Hikmət Hacıyev isə cavabında bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, hələ də erməni hərbçilərinin olduğu Azərbaycana məxsus Qarabağ bölgəsinə silah göndərir.

Sərhədlərin delimitasiyası məsələsinə gəldikdə Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas götürülməsini dəstəkləyir: “Biz regionda sülh təşəbbüslərini öz əlimizə almalıyıq. Biz Azərbaycan-Gürcüstan-Ermənistan formatını təklif etmişik. Regiondakı nəqliyyat xətlərinin açılması məsələsinə gəldikdə isə Ermənistan ərazisindən keçən Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün hər hansı qüvvələri dəvət etmək Ermənistanın öz işidir. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli sənəddə bu barədə maddə yer alıb”.

Burada diqqətçəkən məqamlardan biri Armen Qriqoryanın Zəngəzur dəhlizi ilə bağlı dediyi fikirlərdir. Qriqoryan da Ermənistan hakimiyyətinin digər nümayəndələri kimi bu məsələdə destruktiv yanaşma ortaya qoyur. Lakin rəsmi İrəvan bu layihənin gerçəkləşməsinin qarşısını almaq iqtidarında deyil. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Nəzərə almaq lazımdır ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının 9-cu bəndində bu məsələ öz əksini tapır. Həmin bənddə qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Buradan göründüyü kimi, indiki Ermənistanın ərazisində yerləşən Zəngəzurdan hərəkət maneəsiz olmalıdır.

Ümumiyyətlə, regionda kommunikasiyaların bərpası Azərbaycan üçün strateji önəm daşıyır. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Zəngəzur dəhlizinin açılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. İlk növbədə onu vurğulayaq ki, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın 30 ildən çox davam edən blokadasına son qoyulacaq. Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək.

Azərbaycanın son illərdə Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli hava limanının yaradacağı imkanlarını da nəzərə alsaq, deyə bilərik ki, Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək. Eyni zamanda,  respublikamız perspektivdə etibarlı tranzit ölkəsi kimi bundan böyük həcmlərdə gəlirlər qazanacaq. Ekspertlər də hesab edirlər ki, Zəngəzur dəhlizinin ölkəmiz üçün iqtisadi önəmi çox böyükdür. Bu dəhlizin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi göstərir.

Bütövlükdə, Zəngəzur dəhlizinin açılması regionda sabitlik, etimad və əməkdaşlıq mühitinin möhkəmlənməsi üçün bir vəsilə olacaq. Ermənistanın özü də Zəngəzur dəhlizi vasitəsilə iqtisadi dividen?lər qazana bilər. Lakin Qriqoryanın timsalında erməni tərəfi bu imkanı dərk etmək iqtidarında deyil. Bütün hallarda isə rəsmi İrəvan gec-tez bu layihənin reallaşmasına əngəl olmaqdan əl çəkəcək.

Paylaş:
Baxılıb: 224 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Xəbər lenti

XİN Makrona cavab verib

25 Sentyabr 13:17

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30