Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İcbari tibbi sığortanın tətbiqi əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq

İcbari tibbi sığortanın tətbiqi əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq

06.01.2017 [09:41]

Zaur Əliyev: Baza xidmətlər zərfinə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətlər daxildir
Son illər Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biridir. Mühüm Dövlət proqramlarının həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, vətəndaşların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu sahədə dövlət siyasətinin prioritetlərini təşkil edir. O cümlədən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi də ciddi sosial təşəbbüs kimi vətəndaşların məmnuniyyəti ilə qarşılanır.
Xüsusi olaraq qeyd edilməlidir ki, səhiyyə islahatlarının davamı olaraq ölkədə icbari tibbi sığorta sisteminə keçid məqsədilə hökumət tərəfindən ciddi tədbirlər görülür. Artıq bir sıra bölgələrdə pilot layihələrin icrasına başlanılıb.
Məsələ ilə bağlı Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev bildirib ki, sosial sahənin inkişafı və əhalinin sosial rifah halının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindəndir. Onun sözlərinə görə, səhiyyə sahəsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı artırılması istiqamətində ciddi quruculuq işləri və islahatlar aparılıb: “Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşmə sisteminin təkmilləşdirilməsi bu islahatların məntiqi davamıdır. İcbari tibbi sığortanın pilot olaraq sınaqdan keçirilməsinin təşkili, müvafiq araşdırma və təhlillərin yerində aparılması, pilot layihənin gedişatına bilavasitə nəzarət edilməsi və bununla bağlı digər işlərin bir mərkəzdən idarə edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalanıb. Hazırda iki pilot ərazidə - Mingəçevir şəhərində və Yevlax rayonunda icbari tibbi sığortanın tətbiqi üzrə hazırlıqlar dövlət başçısının müvafiq Fərmanına uyğun olaraq davam etdirilir. Sözügedən ərazilərin tibb müəssisələri şəbəkəsinin və mövcud resurslarının optimallaşdırılması, əhalinin icbari tibbi sığorta ilə əhatə olunması, tibb müəssisələrinin idarəçiliyinin icbari tibbi sığortanın tələblərinə uyğunlaşdırılması sahəsində ciddi islahatlar aparılır. Pilot layihə dövründə həyata keçirilən islahatlar və qazanılan təcrübə icbari tibbi sığortanın gələcəkdə bütün ölkə üzrə uğurla tətbiqinə imkan verəcək”.
Z.Əliyev qeyd edib ki, icbari tibbi sığortanın məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir. “Hökumətin sosial siyasətinin yeni istiqaməti və səhiyyə sahəsində aparılan islahatların davamı olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarda qurulmasını təmin edəcək. Həmçinin əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq və səhiyyənin maliyyə potensialını gücləndirəcək. Agentlik səhiyyə sahəsinə ayrılan vəsaitlərin daha səmərəli şəkildə əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəldilməsinə xidmət edəcək. Buna necə nail olacağımıza gəlincə, icbari tibbi sığorta səhiyyə sahəsinə ayrılan bütün vəsaitlərin vahid bir mənbədə cəmləşdirilməsini və əhalinin tibbi xidmətlərdən istifadə üçün çəkilən xərclərin bir mənbədən maliyyələşdirilməsini təmin edəcək. İcbari tibbi sığorta sosial həmrəylik, səmərəlilik, şəffaflıq və keyfiyyət prinsipləri əsasında fəaliyyət göstərəcək” - deyən agentliyin direktoru əlavə edib ki, səhiyyə sahəsinə ayrılan vəsaitlər dövlət ayırmaları və icbari tibbi sığorta haqqı şəklində vahid bir mənbədə cəmlənəcək.
Z.Əliyev qeyd edib ki, sosial həmrəylik prinsipi əsasında fəaliyyət göstərəcək yeni maliyyələşmə sistemində dövlət vəsaitləri və icbari tibbi sığorta ödənişləri səhiyyənin maliyyələşməsinin başlıca mənbəyi olacaq. Onun sözlərinə görə, aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr və bu kimi əhali qrupları icbari tibbi sığorta ödənişlərindən azad edilməklə dövlətin sosial dəstəyi ilə təmin olunacaq: “Mövcud resurslardan səmərəli və şəffaf şəkildə istifadə icbari tibbi sığortanın digər rəhbər prinsipləridir. Burada məqsəd yeni maliyyələşmə metodlarının tətbiqi ilə tibbi xidmətin keyfiyyətinin daha da stimullaşdırılması, ayrılan dövlət vəsaitlərinin daha ünvanlı və səmərəli istifadəsinin təmin edilməsidir. Aparılmış araşdırmalar nəticəsində əhalinin tibbi xidmət ehtiyacları qiymətləndirilib və icbari tibbi sığortanın tətbiqi üçün baza xidmətlər zərfi hazırlanıb. Baza zərfi dövlət təminatlı və sığorta təminatlı hissələrdən ibarət olacaq. İcbari tibbi sığorta bütün əhaliyə dövlət təminatlı xidmətləri, o cümlədən ilkin səhiyyə xidmətləri, təcili və təxirəsalınmaz tibbi yardım xidmətləri, sığorta olunanlara isə sığorta təminatlı hissə üzrə tibbi xidmətlərin həyata keçirilməsini maliyyələşdirəcək. Baza xidmətlər zərfinə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Bir sıra laboratoriya müayinələri, MRT, KT, rentgen kimi müayinələr də tibbi sığorta təminatına daxil ediləcək. Terapevtik müalicələrin çox hissəsi icbari tibbi sığorta tərəfindən qarşılanacaq. Onu da qeyd edim ki, tibbi sığorta zərfinə cərrahiyyə əməliyyatları, o cümlədən müəyyən bahalı əməliyyatlar da daxil edilib”.
Agentliyin direktoru deyib ki, icbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsində informasiya texnologiyalarının tətbiqinə və tibbi xidmətlərlə bağlı məlumatların elekton mübadiləsinə geniş imkanlar yaradacaq. Səhiyyə sahəsində informasiya texnologiyalarının geniş tətbiqi öz növbəsində tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə, səhiyyənin maliyyələşməsi sahəsində davamlı təhlillərin aparılmasına, vəsaitlərin daha səmərəli istifadəsinə və tibbi xidmətlərin keyfiyyətinin artırılmasına şərait yaradacaq.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 691 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31