Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda koronavirus infeksiyası ilə bağlı geniş maarifləndirmə işi aparılır

Azərbaycanda koronavirus infeksiyası ilə bağlı geniş maarifləndirmə işi aparılır

07.03.2020 [11:41]

Bu infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə ölkə miqyasında ciddi tədbirlər görülür, Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq həyata keçirilir
Ötən ilin sonundan qlobal problemə çevrilmiş koronavirus infeksiyası ilə bağlı xəbərlər gündəmin əsas müzakirə mövzusu olaraq qalır. Qeyd etmək yerinə düşər ki, 2019-cu ilin dekabr ayının son günlərində Çin Xalq Respublikasının Uxan şəhərində qeydə alınan koronavirusa yoluxma hallarına qısa zamanda dünyanın bir sıra ölkələrində də rast gəlindi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata əsasən, artıq dünyada virusa yoluxan xəstələrin qeydə alındığı ölkələrin sayı 70-dən artıqdır. Hazırda 80 mindən çox insan epidemiyanın daşıyıcısıdır və koronavirus səbəbindən dünyasını dəyişənlərin sayı təxminən 3 min nəfər civarındadır ki, onların da əsas hissəsi Çində qeydə alınıb.
Vurğulandığı kimi, dünyada bu virusun yayılmasına qarşı mühüm tədbirlər həyata keçirilməkdədir. Öz növbəsində Azərbaycanın aidiyyəti orqanları da koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı şəffaf, açıq və effektiv fəaliyyət göstərirlər. Belə ki, Azərbaycan hökuməti ölkədə koronavirusa ilk yoluxma halı müəyyənləşən kimi Ümumdünya Səhiyyə Təşkilatına müvafiq məlumat verdi. Bununla yanaşı, ilk yoluxma halı müəyyən olunduqdan bir gün sonra mətbuat konfransı keçirildi, bir saata yaxın müddətdə mətbuat nümayəndələrinin bütün sualları cavablandırıldı, bütün informasiyalar paylaşıldı. Qeyd edilməlidir ki, Azərbaycan hökuməti bu mövzuya çox açıq yanaşdı və məlumat azlığının əhali arasında təşviş yarada biləcəyini nəzərə alaraq ÜST ilə yanaşı, əhali də məlumatlandırıldı. Eyni zamanda, artıq bir müddətdir ki, sərhəd bölgələrinə müxtəlif rəsmi orqanların heyətləri göndərilib, orada mobil laboratoriyalar qurulub, tibb işçiləri prosesə cəlb olunublar. Ən əsası isə, koronavirusun daha çox yayıldığı bildirilən İranla olan sərhəd bölgəsində ciddi nəzarət tədbirləri həyata keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə miqyasında həyata keçirilən tədbirləri şəxsi nəzarəti altında saxlayır. Dövlətimizin başçısı martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışından sonra kollektivlə görüşdə respublikamızda bu istiqamətdə görülən işləri bir daha xatırladaraq bildirib: “Hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar ki, bütün ölkələrdə bu məsələ müzakirə olunur. Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Eyni zamanda, göstəriş vermişəm, əlavə 10 milyon manat vəsait ayrılsın ki, lazımi tədbirlərin görülməsi daha sürətlə aparılsın. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın”.
Qeyd olunduğu kimi, hazırda Azərbaycanda karantin və xəstəlik aşkar olunan insanların müalicəsi üçün 6 xəstəxana ayrılıb. Ümumdünya Səhiyyə Təşkilatı testlərlə bağlı Avropanın ən yaxşı nəticələri olan iki laboratoriyadan ilkin testləri alıb və bütün ölkələrə göndərib. Azərbaycana artıq 1000 ədəd test göndərilib və ikinci partiyada yenə testlər veriləcək. O da vurğulanmalıdır ki, Azərbaycan hökuməti başqa yerlərdə test edilməsinin qarşısını almaq üçün artıq keyfiyyət standartı yaradır və daha keyfiyyətli testlər etmək istəyir.
O cümlədən, ölkəmizdə koronavirus infeksiyasının simptomları, o cümlədən bu xəstəlik ilə bağlı yüksək səviyyəli maarifləndirmə işi aparılır. Belə ki, indiyə kimi ölkəmizdə infeksiyanın aşkarlandığı insanlarda hərarət, öskürək kimi hər hansı bir simptom olmayıb. Ümumiyyətlə, dünyada koronavirusa yoluxmuş şəxslərin 81 faizi bu xəstəliyi çox yüngül keçirir. Hətta bu xəstəlikdən bəzən həkimə belə getmədən sağalmaq mümkündür. Cəmi 4-5 faiz xəstələrdə ağırlaşma halı olur və onların xəstəxana şəraitində müalicə almasına ehtiyac yaranır. Ona görə də, koronavirusla bağlı təşvişə səbəb yoxdur, ehtiyatlı davranmağa ehtiyac var.
Bu məqamda onu da bildirmək yerinə düşər ki, Çin hökumətinin 11 milyonluq Uxan şəhərini karantinə alması yoluxma sayının azalmasına səbəb olub. Bu mənada, ölkələrin karantin və qabaqlayıcı tədbirlər görməsi, sərhədləri, məktəbləri bağlaması, kütləvi tədbirlərin təxirə salınması bu təcrübədən qaynaqlanır. Sadəcə olaraq, insanlar ümumi gigiyena qaydalarına ciddi riayət etməlidirlər. Mütəxəssislər bildirirlər ki, qapalı məkanlarda koronavirusa yoluxma ehtimalı daha çoxdur. Çünki xəstəlik bir çox hallarda öskürən və ya asqıran insanlar vasitəsilə yayılır. Açıq havada insanların 1 metrdən aralı məsafədə dayandıqları hallarda yoluxma riski çox azdır. Digər tərəfdən, xəstə olan insanlar səyahətə çıxmamalı, başqa yerlərə, ölkələrə xəstəliyi aparmaqdan çəkinməlidirlər.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 588 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31