Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əlillik dərəcəsi ilə bağlı rezonans: Problem gələn il aradan qalxacaq

Əlillik dərəcəsi ilə bağlı rezonans: Problem gələn il aradan qalxacaq

18.11.2021 [10:46]

Millət vəkili Siyavuş Novruzov parlamentin dünənki plenar iclasında bildirib ki, fiziki və zehni fəaliyyətlə məşğul olan insanlara eyni yaşda təqaüdə çıxmaq tələbi qoymaq olmaz. Deputatın sözlərinə görə, ağır sahələrdə fəaliyyət göstərən insanların 55 və ya daha aşağı yaşlarda pensiyaya çıxmasına şərait yaradılmalıdır:

“Hər kəsə ümumi standart tətbiq etmək olmaz. İkincisi, qeyri-qanuni verilən pensiyaların geri qaytarılması məsələsini burada dedilər. Buna amnistiya tətbiq edilməlidir. Vətəndaş onu ehtiyacdan alıb. Bunu hissə-hissə vətəndaşdan geri almaq səhv addım olardı. Bunu qanunsuz şəkildə pensiya təyinatı aparan dövlət qurumu ödəməlidir. Əlilliyi ləğv olunan şəxslər var, onlara 2 aylıq kompensasiya ödənməlidir. Əlilliyin kəsilməsi ilə bağlı onlara əvvəlcədən xəbərdarlıq edilməlidir”.

Məlumdur ki, zaman-zaman qeyri-qanuni yollarla saxta əlillik dərəcəsi alan şəxslərə rast gəlmişik. Aidiyyəti qurumlar həmin şəxslərin əlillik dərəcələrinin ləğvi istiqamətində müvafiq işlər görüb. Lakin saxta əlilliyi olmayan şəxslərin imtiyazlarını hansı zərurətdən itirməsi vətəndaşlarda müəyyən suallar yaradır. Mövcud durum, yəni bəzi vətəndaşların əlillik dərəcəsinin ləğv edilməsi cəmiyyətdə rezonans doğurub.

Bu il 46 minə yaxın şəxsə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-oktyabr ayları ərzində 45 677 şəxsə əlillik təyin edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Onlardan 14 245-i ilkin, 31 432-si təkrar əlillik təyinatıdır. Əlillik təyinatından sonra proaktiv qaydada elektron sistem üzərindən onlara əlilliyə görə sosial ödənişlər təyin edilib.

Bu ilin 10 ayında, həmçinin əlilliyi olan 7 615 şəxsə 38 670 reabilitasiya vasitəsi verilib, 6 429 şəxsə isə reabilitasiya xidmətləri göstərilib.

“Yetər ki, vətəndaşlar öz hüquqlarını bilsinlər”

Məsələ ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı əlillik dərəcəsinin müddətli və müddətsiz olduğunu bildirib. Onun sözlərinə görə, əlillik müxtəlif orqanlarını itirmiş, amputasiya olunmuş və bəzi sağalmaz xəstəliklərdən əziyyət çəkən vətəndaşlara müddətsiz, yəni ömürlük verilir:

“Onlar daim sosial ödəniş və digər imtiyazlarla təmin edilirlər. Lakin elə xəstəlik növləri var ki, bu zaman əlillik müddətli, yəni 5 illik verilir. Vətəndaş 5 ildən bir xəstəxanaya müraciət edir və həkimlər onun xəstəliyinin son durumunu araşdırır, müayinələr aparılır və bundan sonra xəstəlik davam edirsə, əlillik üçün yenidən müraciət etmək olar. Xəstəlik 5 il əvvəlki kimi davam edirsə, yenidən əlillik təyin edilir, reab?litasiya olunduqda isə həmin şəxslərə təkrar əlillik verilmir. Bu, o deməkdir ki, əlillik ləğv edilmir, sadəcə müddətli olur. Necə ki, digər sənədlərin vaxtı bitdikdə yeniləmək üçün müraciət edirik, eynilə əlillik dərəcəsi də belədir. Müddətli əlillik bitəndə vətəndaş yenidən müraciət etməklə əlilliyini qiymətləndirməlidir”.

Əlilliyi ləğv edilmiş şəxslərə 2 aylıq kompensasiya ödənilməsi məsələsinə gəlincə, F.Talıblı qeyd edib ki, təkrar əlillik 6 ay ərzində müəyyən edilirsə, həmin 6 ayın ödənişi vətəndaşa yeni qanunvericiliyə uyğun olaraq ödənilir. Bu durum təkrar əlillik təyin edildikdə baş verir:

“Əlillik yenidən təyin edilmədiyi halda, yəni vətəndaş reab?litasiya olunub sağalıbsa, durumu əlillik təyinatına uyğun deyilsə, onun məşğulluğu ilə bağlı müraciəti varsa, yalnız bu məsələyə baxılır. Məşğulluqdan sonra isə ünvanlı dövlət sosial yardım üçün müraciət edərsə, vətəndaşın hüququna baxılır. Bu zaman həmin şəxs müxtəlif məşğulluq və sosial dəstək tədbirlərindən istifadə edə bilər. Tam rahat və əminliklə deyə bilərəm ki, aztəminatlı şəxslərin sosial müdafiəsi, onların sosial dəstək tədbirləri ilə əhatə olunması əlçatanlığı yüksək səviyyədə təmin edilib. Yetər ki, vətəndaş öz hüquqlarını bilsin, mövcud mexanizmin şəffaf işləməsindən əmin olsun və müraciətini edib hüquqlarından yararlansın.

Vətəndaşın əlillik müddəti bitibsə, o, yenidən yoxlamalardan keçməlidir. Sağlıq durumu əlilliyə uyğundursa, ona yenidən əlillik təyin edilir. Sosial ödəniş almadığı ayların vəsaitini isə dövlət vətəndaşa ödəyir”.

Gələn ildən ekspertiza ilə bağlı yeni tibbi meyarların tətbiqinə başlanacaq

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev vurğulayıb ki, 2015-ci ildə qəbul edilən qərara görə, əlillik müddəti 5 il təyin edildi. Ona qədər isə 1 il müddətinə verilirdi və 1 ildən sonra təkrar ekspertiza təyin olunurdu:

“Görünür, nəzarətsizlik və digər neqativ hallar olduğundan saxta əlillik sənədlərinin sayı çoxalmışdı. Bu il 90 minə yaxın insan əlillik ekspertizasından keçmək üçün müraciət etməli idi. Onların böyük əksəriyyəti ekspertizaya gəlmədi, çünki bilirdilər ki, əlillik dərəcələri saxtadır. Həmin şəxslərin narazılığı yoxdur, özləri öz işlərini bildilər. Lakin bu il təxminən 90 mindən çox insanın ekspertizadan keçməsi böyük gərginlik yaratdı. Çünki iki ildir koronavirus pandemiyası davam edir, bir çox klinika pandemiya üçün fəaliyyət göstərir. Həmin klinikalar digər vətəndaşları qəbul edə bilmədi və müəyyən növbələr yarandı. Bu baxımdan vətəndaşların narazılığının bir qismi bu durumla bağlı idi. Vətəndaş əlillik ekspertizasından qabaq xəstəxanada müalicə almalı və diaqnoz yenidən dəqiqləşməlidir. Bundan sonra həkim rəyi Dövlət Tibbi-Sosial Ekspertiza komissiyasına getməlidir. Burada da növbələr olduğu üçün vaxt uzandı. Ona görə də cəmiyyətdə bəzi rezonanslar yarandı”.

Millət vəkilinin fikrincə, vətəndaşları narahat edən digər səbəb TƏBİB-lə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza komissiyasının elektron bazaları arasında uyğunluğunun olmaması ilə bağlıdır. Çünki bu qurumlardan birində olan məlumat digərində yoxdur:

“Bu zaman anlaşılmazlıq halları və sənədlərin səhv doldurulması baş verirdi. Təbii ki, bu durum da vətəndaşları narazı salırdı. Bir qrup narazılıq da bu idi ki, vətəndaşların əyani iştirakı olmadan, qiyabi doldurulan sənədlər əsasında ekspertiza aparılırdı. Vətəndaş da bu zaman öz iddiasında haqlıdır. Yəni əyani müayinə olmadan diaqnozun ağırlıq dərəcəsi qeyd olunmayıb. Milli Məclis bütün bunlardan xəbərdardır və ƏƏSMN yanında məsələni qaldırıb. Şikayətləri olan vətəndaşlar əyani qaydada Bakıda Dövlət Tibbi-Sosial Ekspertiza mərkəzlərində və regional olaraq əyani ekspertiza aparan mərkəzlərdə müayinə olunur. Həmin vətəndaşların da əlillik dərəcəsinin müəyyən edilməsinə dair qərarlar dəqiqləşəcək. Milli Məclisin qəbul etdiyi qanun əsasında ƏƏSMN gələn il iyunun 1-dən ekspertiza ilə bağlı yeni tibbi meyarların tətbiqinə başlayacaq. Bundan sonra cəmiyyətdəki narazılıq aradan qalxacaq. Əlbəttə, hesab etmirik ki, hər hansı bir səbəbdən vətəndaşın əlillik dərəcəsinin düzgün verilməməsi yaxşı haldır”.

Yeganə Bayramova

 

 

 

 

 

 

 

 

Paylaş
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30