Gəncədən gəlirəm, yüküm xəbərdir
18.01.2022 [10:19]
İlhamə Rəsulova
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) mediatura dəvət aldım. ADAU Nizami Gəncəvinin yurdunda, 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı seçilmiş qədim Gəncə şəhərində yerləşir. 26 media nümayəndəsi və KTN-nin nümayəndələrinin qoşulduğu böyük bir qrupla yola çıxdıq. Bəri başdan deyim ki, yolçuluq çox maraqlı keçdi. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovyol boyu yorulmadan, usanmadan jurnalistlərin bütün suallarını cavablandırdı, verdiyi ətraflı cavablar, maraqlı məlumatlarla xeyli bilgiləndirdi. Amma bütün bunları rəsmi şəklə salmadan, yolçuları yormadan edirdi. Ara-sıra söhbətin gözünə zarafat qatılırdı. Yolboyu çox mehriban gənc bir fotoqraf şəkillər çəkir, qonaqların bir istəyi olub-olmadığını soruşurdu. Vüqar müəllim onu bizimlə tanış edir: “Bu cavan oğlanın adı Elxandır, böyük ev təsərrüfatı var, qarışqa bəsləyir”.
Bunun zarafat olduğunu düşünüb gülürük. Amma sonra Elxanın özüylə söhbət zamanı məlum olur ki, o həqiqətən də evində xüsusi növ qarışqalar bəsləyir. Dediyinə görə, ilk qarışqanı 35 manata xaricdən sifariş verib gətirdib, indi bu qarışqaların sayı minlərlədir. Evdə onlar üçün xüsusi mühit yaradıb. Həyat tərzlərini müşahidə etməyi sevir və barələrində bir bioloq qədər məlumatlıdır. Söhbət zamanı məlum olur ki, Elxan nazirliyin bütün foto və video çəkilişlərini həyata keçirir, dronla çəkilişlər edir. Dronları o qədər gözəl idarə edir ki, bu sahə üzrə Avropada üçüncü, Azərbaycanda birinci yeri tutub.
Məhzun Kür
Yolüstü Yevlaxda Kür çayının üstündə dayanırıq. Yanvar ayında Kürü belə görmək heç ürəkaçan deyil. Kür çayının suyu o qədər azalıb ki, dibi görünür. Geniş çay yatağında səviyyəsi düşmüş suların içərisində adacıqlar yaranıb. Bu vəziyyət həyəcan siqnalı deməkdir. Dünya ölkələrini bürüyən su problemləri bizim də qapımızı döyməkdədir. Vüqar Hüseynovun verdiyi məlumata görə, Beynəlxalq Təbii Resurslar İnstitutu 2040-cı ildə quraqlıqla üzləşəcək ölkələrin siyahısını tərtib edib. 33 ölkənin adı keçən siyahıda Azərbaycan 18-ci yerdədir. “Azərbaycanın yerüstü su ehtiyatlarının 30 faizi ölkə ərazisində, 70 faizi isə qonşu ölkələrin ərazisində formalaşır. Yerüstü su ehtiyatlarımızın həcmi 36 milyard kubmetr olsa da, quraqlıq illərində bu rəqəm 22-24 milyard kubmetrə qədər azalır.
KTN çıxış yolu olaraq müasir suvarma sistemlərindən istifadənin vacibliyini vurğulayır və dövlət artıq stimullaşdırma proqramlarına başlayıb. Təsərrüfatlarda quraşdırılan damcı sulama və digər müasir suvarma sistemlərinin dəyərinin 40 faizi dövlət tərəfindən ödənilir”.
Hər bir halda Kürdə gördüyümüz mənzərə onu deməyə əsas verir ki, bu çayın can verdiyi yüzlərlə kəndi güclü quraqlıq, tədbirlər görülməsə hətta boşalma, məhvolma taleyi gözləyir. Bir zaman daşqınları, selləri ilə yerə-yurda sığmayan,”dəli” Kür yatağında məhzun-məhzun, kövrək- kövrək axır, quraq torpaqlara can verən Kür özü can verir.
ADAU
Yolda Vüqar müəllim respublikada yeganə ali aqrar təhsil müəssisəsi olan ADAU-nun ölkəmizdə analoqu olmadığını deyəndə bunu sadəcə bir fikir kimi qəbul etsəm də, gözümlə görüncə haqq qazandırdım. ADAU-nun 11 müasir korpusu var. Amma əsas binası Gəncənin məşhur Xan bağının yanında yerləşən qədim tikilidir. O bina ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılışına şahidlik edib, şərəfli bir tarixin daşıyıcısıdır. Xalq arasında “Cümhuriyyət evi”, “Cümhuriyyət binası” kimi tanınan bu binada 1918-ci il iyunun 16-dan sentyabrın 16-dək Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və milli hökumət yerləşib.
1933-cü ildə Gəncədə vahid Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılıb.
Hazırda universitetdə 6000-dən çox tələbəyə azərbaycan, rus və ingilis dillərində təhsil verilir. 1040 yerlik yataqxanasında tələbələr üçün hər cür şərait yaradılıb. Universitetin yaxınlığında yerləşən bu müasir binanın içərisində market, stomatoloq, kitabxana, yeməkxana, idman zalı, camaşırxana, asudə vaxt keçirmək üçün guşə, hətta valideynlərlə görüşmək üçün ayrıca səliqəli otaq belə var.
Günorta olduğu üçün, ilk növbədə, yolumuzu yeməkxanadan salırıq. Təmiz və geniş yeməkxanada 30-a qədər tələbə nahar edirdi. Yeməklərin keyfiyyətli və ucuz olub-olmadığını soruşuram. Qıvırcıqsaçlı bir qız qarşısındakı kotlet, mərci şorbası, kartof püresi və qazlı içkiyə ümumilikdə 1 manat 50 qəpik ödədiyini dedi. Ucuzdur, dadına baxıram, bütün gəncəlilər kimi aşpaz xanımın da əlinin duzuna söz ola bilməz. Qonşu masada oturan gənclər Türkiyədən gəliblər. Əczaçılıq ixtisası üzrə təhsil alırlar. Onlardan nə üçün məhz ADAU-nu seçdiklərini soruşuram. Deyirlər ki, Azərbaycanda təhsil həm ucuzdur, həm də keyfiyyətli. Tələbələrdən biri, Erkan deyir ki, bu onun ikinci ali təhsilidir. “Azərbaycanlı hocalarımızın tədris sistemi mükəmməldir. Bunu əminliklə deyirəm. Oxumaq üçün hər şərait yaradılıb. Gəncəni o qədər sevmişəm ki, ola bilər ömrümü bu şəhərə bağlayım”.
Həyətdə qaradərili bir gənc diqqətimizi çəkir. Nofis Zebali Konqodan gəlib. Azərbaycan dilini qismən öyrənib. Dediyinə görə, yaxşı anlasa da, yaxşı danışa bilmir, yavaş-yavaş öyrənir. Pandemiyadan öncə ölkəmizə gələn gənc sərhədlər bağlanınca burada qalmalı olub. Onun və onun kimi bir neçə xarici tələbənin xatirinə tələbə yataqxanası fəaliyyətini dayandırmayıb. Xarici tələbələrə çətin olsa da, universitetin rəhbərliyi onlara hər cür kömək göstərib ki, sərt karantin günlərində əziyyət çəkməsinlər. Açığını deyim ki, tələbələr üçün yaradılmış bu gözəl şəraiti gördükcə yaxşı mənada həsəd apardım. ADAU-nun tələbə yataqxanası II Qarabağ müharibəsində “iştirak edib”. Şəhərə düşmən tərəfindən raket zərbələri endirilərkən evsiz-eşiksiz qalmış 50 ailəni tələbə yataqxanasına yerləşdiriblər və ADAU onların bütün qayğılarını öz üzərinə götürüb. Həmin ailələr evlə təmin edildikdən sonra köçürülüblər. Universitet rektorunun dediyinə görə, raket zərbələrindən biri də ADAU korpuslarından birini zədələyib, xeyli maddi ziyan vurub. Müharibə günlərində yaxınlıqda yaşayan gəncəlilərin bir çoxu gecələrini ADAU-nun zirzəmilərində keçiriblər.
Bizim İbrahim müəllim
Bizi ADAU-nun rektoru, professor İbrahim Cəfərov qarşıladı. Düzünü desəm, onu görməzdən öncə, adət etdiyimiz məmur tiplərindən biri ilə qarşılaşacağımızı düşünmüşdüm. Sərt üzlü, quru, şablon termin və ədalardan kənara çıxmayan birini görəcəyimizi təsəvvür edirdim. İbrahim müəllim isə çox sadə, çox mehriban, çox zarafatcıl bir insan imiş. Universitetin əməkdaşlarını təqdim edərkən, tələbələrlə, işçilərlə danışarkən bunun şahidi oluruq. İki gün ərzində bizi müşayiət elədi və bu müddət ərzində biz onun şəxsində gənclərin dostu olan əsl müəllimi tanıdıq. İbrahim müəllim bizi iki gənclə tanış edir. Kənardan baxınca tələbələrlə həmyaşıd kimi görünən bu iki müəllim ADAU-nun dekanlarıdırlar. İbrahim müəllim zarafat edir. “Gəncləri işə götürürəm, bəzi media orqanları yazırlar ki, çox gəncdirlər, yaşlı kadrları saxlayıram, deyirlər gənclərə yer vermir. Bəs nə təhər edək? Haqqımızda olan-olmaz şeylər yazırlar. Gəlib gözləri ilə görsünlər, sonra danışsınlar. Ədalətsiz davransam, nəyisə əyri görsələr, etirazım yoxdur, buyurub onu yazsınlar”.
İbrahim müəllimi onun xəbəri olmadan yataqxanadakı tələbələrdən də soruşuram. Deyirlər ki, demək olar hər axşam yataqxananın həyətinə gəlir, hal- əhval tutur, ehtiyaclarımızı soruşur. Haqqında sevgiylə danışırlar. Ondan “bizim İbrahim müəllim” deyə bəhs edirlər. Bu çox önəmlidir. Kiminsə haqqında məcbur olub hörmətlə danışa bilərsən, amma saxta sevgi yarada bilməzsən.
ADAU-da II Qarabağ müharibəsində iştirak etmiş 6 nəfər çalışır. Onlar döyüşdən gəldikdən sonra hər birinin maaşına 200 manat artım edilib.
11 mərtəbəli möhtəşəm yeni bina ilə bizi tanış edən İbrahim müəllim deyir ki, bu bina Prezidentin xüsusi göstərişi ilə tikilib. “Cənab Prezident İlham Əliyev ziyarətə gəlmişdi. Soruşdu ki, nə ehtiyacınız var? Mən də bildirdim ki, tələbələrin sayı artıb, bina darısqaldır. Dərhal göstəriş verdi. Az müddətdən sonra bu müasir bina tikilib, tələbələrin ixtiyarına verildi”, - deyə o qeyd edir.
ADAU spesifik təhsil müəssisəsidir. Burada təhsil qədər, təcrübə də önəmlidir. Buna görə, universitetin tədris təsərrüfatına xüsusi önəm verilir. Gülüstan qəsəbəsində yerləşən tədris təsərrüfatının ərazisində gözəl bağ kompleksi, ferma, anbarlar, heyvan kəsim mərkəzi fəaliyyətdədir. Təsərrüfatdan alınan məhsullar elə universitetin özündə tələbələrin ehtiyacları üçün istifadə olunur. Tədris kompleksinin ərazisində bir neçə dilboz at saxlanılır. Əməkdaşlar qeyd edirlər ki, bu atların sayının çoxaldılması və ərazinin turizm məqsədilə istifadəsi də gələcək planlara daxildir.
Kəpəz dağının gözəl mənzrəsi fonunda yerləşən bu geniş ərazidə təcrübə toplamaq əslində, elə təbiətdən zövq almaqdır. Genişlik, səssizlik, təmiz hava, gözəl mənzərə, yaradılmış şərait. Bir tələbənin özünü yetişdirməsi üçün daha nə lazımdır? Mənim fikrimcə, ADAU təhsil almaq üçün həqiqətən böyük imkanlar yaradan təhsil ocağıdır. Üstəlik, kənd təsərrüfatı üzrə mütəxəssislərə böyük ehtiyac var. Bundan əlavə, ADAU-nun özündə pedaqoji personla da iş tapmaq imkanları böyükdür.
“Bu gün baytarlıq təbabəti ixtisası ölkədə bir Aqrar Universitetdə, bir də Baytarlıq Elmi Tədqiqat İnstitutundadır. Biz tələbələri 3-cü kursdan izləyirik, elm sahəsində davam etmək istəyənlərə xüsusi dəstək veririk. Bir nəfərin magistraturaya qəbul olunub, dərəcə alması ən az 7 il müddət alır. Bu sahədə peşəkarların azlığı sahəyə marağın olmamasından deyil, prosesin çox uzun olmasından irəli gəlir”, - deyə İbrahim müəllim bildirir.
Qısası, ADAU-nun yaratdığı fürsətlərdən yararlanıb özünü alim kimi yetişdirməyən tələbənin günah yalnız özündədir.
ADAU-dan gözəl təəssüratlarla ayrılırıq. Gəncədə oxumağa, işləməyə dəyər. Bu şəhər gözəlliyi ilə Bakı ilə yarışa girib. Öz üstünlükləri var. Şəhər çox təmizdir. Burada tıxaclara düşüb əsəbiləşməyəcək, saatlarınız yollarda keçməyəcəksiniz. Havası çox təmiz, nemətləri ucuzdur. İnsanları çox mehribandır. Bu şəhərdə bir neçə il yaşamaq unudulmaz xatirələr və ömürlük dostlar qazanmaq deməkdir. Bura Vətəndir.
Xəbər lenti
Hamısına bax
Gündəm
22 May 15:12

Xəbər lenti
22 May 14:22

Xəbər lenti
22 May 14:20

Xəbər lenti
22 May 13:00

Xəbər lenti
22 May 12:52

Xəbər lenti
22 May 12:13

Xəbər lenti
22 May 11:06

Dünya
22 May 10:05

Xəbər lenti
22 May 10:02

Xəbər lenti
21 May 19:57

Xəbər lenti
21 May 19:23

Xəbər lenti
21 May 18:57

Xəbər lenti
21 May 18:53

Xəbər lenti
21 May 18:15

Xəbər lenti
21 May 17:24

Dünya
21 May 15:21

Xəbər lenti
21 May 14:52

Xəbər lenti
21 May 14:00

Gündəm
21 May 13:52

Sosial
21 May 13:27

Ədəbiyyat
21 May 13:20

Sosial
21 May 13:11

Siyasət
21 May 13:06

Xəbər lenti
21 May 12:24

Xəbər lenti
21 May 12:22

Sosial
21 May 12:21

Siyasət
21 May 12:19

Xəbər lenti
21 May 11:53

İqtisadiyyat
21 May 11:50

Analitik
21 May 11:26

MEDİA
21 May 11:04

Siyasət
21 May 10:30

Siyasət
21 May 10:18

İqtisadiyyat
21 May 09:56

Gündəm
21 May 09:46

Siyasət
21 May 09:34

Prezident bu gün
21 May 09:31

Xəbər lenti
20 May 22:33

Gündəm
20 May 22:11

Gündəm
20 May 20:39

Xəbər lenti
20 May 20:26

Xəbər lenti
20 May 17:38

Xəbər lenti
20 May 17:36

Xəbər lenti
20 May 17:29

Xəbər lenti
20 May 17:19

Xəbər lenti
20 May 17:04

Xəbər lenti
20 May 17:02

Xəbər lenti
20 May 16:56

Xəbər lenti
20 May 16:24

Xəbər lenti
20 May 16:19

İdman
20 May 16:15

Xəbər lenti
20 May 16:14

Xəbər lenti
20 May 15:27

Dünya
20 May 15:25

Daxili siyasət
20 May 14:59

Gündəm
20 May 14:55

Xəbər lenti
20 May 14:24

Xəbər lenti
20 May 14:20

Xəbər lenti
20 May 14:19

Xəbər lenti
20 May 14:16

Xəbər lenti
20 May 14:14

Xəbər lenti
20 May 13:42

Xəbər lenti
20 May 13:33

Xəbər lenti
20 May 13:10

Xəbər lenti
20 May 12:54

Xəbər lenti
20 May 12:47

Xəbər lenti
20 May 12:15

Xəbər lenti
20 May 12:11

Xəbər lenti
20 May 12:03

Xəbər lenti
20 May 12:01
