Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qanlı Yanvar hadisələrinin coğrafiyası...

Qanlı Yanvar hadisələrinin coğrafiyası...

20.01.2022 [01:09]

Təkcə Bakı şəhəri ilə məhdudlaşmadı

Müşfiqə BAYRAMLI

Otuz iki il öncə yanvarın 19-dan 20-ə keçən gecə Bakının üstünü alan qara buludlar Azərbaycan paytaxtının yüzdən çox sakinini ölüm yağmuruna tutdu. Qanlı yanvar hadisələrinin coğrafiyası təkcə Bakı şəhəri ilə məhdudlaşmadı. Dinc əhaliyə divan tutmaq üçün Bakıya yeridilmiş qoşun hissələri bir neçə gün sonra cənub istiqamətinə - Neftçala, Cəlilabad və Lənkərana doğru səmt götürdü.

“4 hərbi yük maşınına mindirib yaralılarla birlikdə üst-üstə qalaqladılar”

Neftçalada təxribat planını həyata keçirən sovet hərbçiləri etiraz dalğasının önündə gedənləri “danışıqlar aparmaq” adı altında Qarabağı Müdafiə Komitəsinin binasına toplayaraq hədə-qorxu gəlməyə, hansısa silahları təhvil verməyi tələb etməyə başlamışdılar. Adamlar binanın içinə toplandıqdan sonra çöldə partlayış səsləri eşidilməyə başladı. Binadan çölə qaçanlar da atəşə tutuldular. Ələ keçən fəallar qolları bağlı vəziyyətdə Bankə qəsəbəsinə aparıldı. Onlara olmazın işgəncələr verildi. Xıllı qəsəbəsində isə tank və PDM-ləri şübhələndikləri adamların qapısına sürür, həyətlərdəki ot tayalarını yandırırdılar.

Yazıçı  İbrahim Nurlu “Neftçalada yanvar qırğını” adlı kitabında yazır ki, şəhərin küçələrində tanklar gəzir, sovet əsgərləri vəziyyətə nəzarət edirdilər.  Guya əhalidə pulemyot, avtomat, tapança və qumbara varmış: “Əbülfəz Cəfərovla Novruz Dadaşov qapı ağzında vurulmuşdular. Ələkbər Talıbov da yaralanmışdı. Məhbusların paltarları cırılmış, qan və sudan islanmışdı. Onları 4 hərbi yük maşınına mindirib yaralılarla birlikdə üst-üstə qalaqladılar. Altda qalanların bağırtısı, üstdəkilərə endirilən zərbələr dəhşət yaradırdı. Onları Xəzərin üstü ilə aparıb hərbi vertolyota mindirdilər”.

30 nəfər həbs olundu

İşgəncəyə məruz qalanlardan biri də Abdulla Ağayev idi. O, vertolyotdakı anları bir an belə unuda bilmədiyini deyir: “Vertolyotda Ələkbər Talıbov, Ramiz Hüseynov yaxınımda uzanmışdılar. Əbülfəzin cəsədi də yanımızda idi. Əbülfəz Bankə qəsəbəsində yaşayırdı, nişanlı idi. Mənfur düşmənlər onun nişan üzüyünü əlindən çıxara bilməyib barmağını kəsmiş, saatını, şərfini götürmüşdülər. Aylarca çəkən məhbusluq həyatı, heç vaxt unudulmayacaq ağır işgəncələr, şikəstlik, əlillik... Ümumiyyətlə, qanlı Yanvar hadisələri zamanı Neftçalada 30 nəfər həbs olundu”.

Məlumat üçün bildirək ki, Neftçalanın Bankə qəsəbəsində Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin xatirəsinə abidə kompleksi qurulub, park salınıb. Bankədəki 1 nömrəli orta məktəb isə şəhid Əbülfəz Cəfərovun adını daşıyır.

Lənkəran niyə hədəf seçildi?

Sovet ordusu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qırğınları beş gün sonra Lənkəranda, Hafton meşələrində təkrarladı, dinc sakinlər qanına qəltan edildilər. Bundan öncə isə Lənkəran torpağının vətənpərvər övladları Telman Bağırov, Mircamal Əbülfətov, Asif Əsədullayev, Əflatun Kazımov və Azad Mirzəyev yanvarın 19-dan 20-nə keçən gecə Bakı küçələrində sovet ordusunun silahlı təcavüzünün qurbanı oldular.

Yanvarın 22-də isə Sovet ordusunun bəzi hissələri Lənkəran şəhərini mühasirəyə aldılar. Lənkərana yeridilən rus hərbçiləri guya insanlarda olan silahları qeyd-şərtsiz təhvil verməyi tələb edir, dinc əhaliyə divan tutmaqla hədə-qorxu gəlirdilər. Əslində, imperiya qoşunlarının Lənkəranı hədəfə alması təsadüfi deyildi. 1990-cı il yanvarın 11-də Lənkəranda Qarabağı ermənilərdən qorumaq üçün müdafiə qərargahı yaradılmışdı. Bütün xalq ayağa qalxmışdı. Şəhərin mərkəzi meydanında keçirilən mitinqlərdə hökumət ermənipərəst mövqe tutmaqda günahlandırılırdı. Kommunist Partiyasının üzvləri biletlərindən imtina edirdilər. Yanvarın 20-də Bakıda törədilən qanlı faciə vəziyyəti daha kəskin həddə çatdırdı.

5 nəfər öldürüldü, 1 nəfər isə...

Qanlı hadisələrin iştirakçısı Rahim Nuriyev deyirdi: “Şəhərdə camaatın başı üzərində, ağacların üstündən vertolyotların dövrə vurub vahimə yaratması və şəhərə salınmış BTR-lərlə əhalinin qorxudulması - bütün bunlar təxribat idi. Sonda da Haftoni meşələrinə çəkilmiş könüllü dəstəyə qarşı qoşun yeridilməsi nəticəsində 5 nəfər öldürüldü, 1 nəfəri isə vertolyotda apararkən boğub qətlə yetirdilər. Haftoni meşəliyində qüvvələrin qeyri-bərabərliyi şəraitində keçən döyüş zamanı Lənkəran rayon sakinləri Vaqif Məmmədov, Salman Baxşıyev, Şahin Məmmədov, Rahim Məmmədov və Rövşən Bədəlov həlak oldular”.

30 gün həbsxanada saxladılar

Hadisələrin iştirakçısı Rafiq Rüstəmlinin sözlərinə görə, sonrakı mərhələdə imperiya qoşunlarının silahlıları 16 nəfər lənkəranlı gənci Rusiyanın Ulyanovsk, 30 nəfəri isə Bakı yaxınlığındakı Şüvəlan qəsəbəsinə apararaq 30 gün həbsxanada saxladılar: “Yanvarın 25-də eşitmişdik ki, xüsusi təyinatlı qoşunlar Lənkərana gəlirlər. Biz fikirləşdik ki, şəhərdə qırğın olmasın deyə dağlara çəkilək. Yanvarın 26-da səhər saat 9:00 radələrində atışma başladı. Bizdən 5 nəfəri öldürdülər. Həlak olanları öz çiyinlərimizdə gətirib dəfn etdik. Digər bir yoldaşımızın - Tariyel Abdullayevin boynuna isə vertolyotda telefon məftili dolayaraq boğdular”.

Heç vaxt unudulmayacaq

O günlərin hadisələri hər birimizin yaddaşında kədərli notlar kimi bu gün də səslənir və heç vaxt unudulmayacaq. 20 Yanvar şəhidləri ilə bərabər, 26 yanvar hadisələri zamanı həlak olmuş 6 nəfərin də adı Lənkəran şəhərinin girişindəki Şəhidlər Xiyabanında əbədiləşdirilib. 32 ildir ki, yerli sakinlər bu müqəddəs məkanı ziyarət etməklə Vətən uğrunda şəhid olan həmyerlilərinin xatirəsini daim əziz tuturlar. Qəribədir, hər il yanvarın 20-də və daha sonra şəhidlərin anım günü Lənkəranda hava çiskinli, yağıntılı olur. Buna baxmayaraq, adamlar axın-axın əbədi məşəl önündən keçir, şəhidlərin ruhuna dualar oxuyurlar.

Paylaş:
Baxılıb: 233 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

16 May 10:15

Xəbər lenti

Xəbər lenti

Gündəm

Gündəm

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31