Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Min illərdir yol gələn mistika

Min illərdir yol gələn mistika

19.03.2022 [00:03]

Qan yaddaşımız, həm sovqatlı, həm ovqatlı Novruz

İlhamə HƏKİMOĞLU

Elimizə Novruz gəlir. Bu gözəl bayramın unudulan, az bilinən adət-ənənələri, tarixi, uzaq-uzaq ellərimizə xas adətləri barədə danışacağıq.

Novruz çərşənbələri başlamazdan öncə Xıdır Nəbi mərasimi başlayır. Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür. 40 günlük Böyük çillə dekabrın 21-də girir, yanvarın 31-də qurtarır və 20 günlük Kiçik çillə başlanır. Kiçik çillənin qurtardığı son gündə 25-28 fevral günlərində keçirilən Xıdır Nəbi bayramı bir növ Novruza hazırlıq xarakteri daşıyırmış. Bu, yadda daha çox çillə çıxarmaq  gecəsi kimi qalıb. Ən uzun gecə şəbi-yelda gecəsində sabaha qədər yatmaz, dilək tutub əylənərdilər. Əhd edən evin sahibəsi qadınları dəvət edər, kişiləri evdən göndərərdilər. Yuxuya getmək olmazdı. Böyük süfrə açar, çillə qarpızı kəsərdilər. İndi evdə uzun müddət qalan qonaq getmək istəyəndə “Qarpız kəsəcəydik” deyib, zarafatla yola salmaq məhz bu gecədən qalma ibarədir. Boz ayın başlaması ilə Novruza hazırlanardı insanlar.

Nə üçün məhz çərşənbə axşamları?

Tarixdə var olan bəzi mənbələrə görə, eradan əvvəl 487-ci ildə Şərq alimləri ayları, illəri göstərən dövrün böyük sistemli təqvimini çərşənbə axşamından tərtib ediblər.

Ona görə də, həftəlik təqvim çərşənbə axşamından götürülürdü.

Yeddi gündən bir təqvimin təzələnməsi isə bir çox amillərlə bağlı idi. Məsələn, Ayın ondördgünlük olduğunu bilirik. Yeddinci gündən yeni forma alır və həftə təyin edilirdi.

İnsan xəstələnəndə, təbiblər yeddi gün zaman qoyurdular, yeddinci gündən etibarən sağalma gedirdisə, dönüş yaranırdı, sağalmazsa, insanın öləcəyinin yaxınlaşdığı düşünülürdü.

Bir yara yeddi gün ərzində ağır dövrünü keçirirdi.

Torpağa qoyulan toxum yeddi günə şişməyə və torpaqla birlikdə həyata tutunmağa başlayırdı. İnsanlar yeddinci gün yuyunar və paklanardılar.

Beləliklə, qədim dövrdə hər yeddi gün yenilənmə, təzələnmə hesab olunurdu, bu da, çərşənbə axşamından götürülərdi.

Çərşənbə günü isə tanrıların qapısının açıq vaxtı hesab olunar və kim yeni bir işə başlamaq istəsə, o gün başlayardı.  

Novruzun tarixi

Yeni ilin başlanğıcı, gündüz ilə gecənin birləşməsinə təsadüf etdiyi gündür Novruz. Xalq bunu necə dəqiqliklə bilib əsrlər öncə. Bəzi tədqiqatçılar Novruzu Zərdüşt peyğəmbərin yaşadığı dövrlə əlaqələndirib, bu bayramın 3700-5000 yaşı olduğunu deyirlər. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranıb. Çin mənbələrinə görə, baharın qədəm qoyması ilə əlaqədar mərasimlər “Yengi Kun” adı ilə Hunlar və Göytürklər dövründən bayram edilirdi. Miladdan öncə II əsrdə yaşamış Çin tarixçisi Simaçen “Tarixi xatirələr”adlı əsərində Hun hökmdarlarının yeni ildə - Novruzda bayram keçirdiklərini qeyd edib. İslam xadimləri bu bayrama dini rəng verməyə çalışıblar. Halbuki bu bayram özündə İslamda qadağan olunan bir sıra ayinləri ehtiva edir. (Odu müqəddəs saymaq, qulaq falı, su falı)

Ömər Xəyyam “Novruznamə” əsərində yazıb: “Novruzun yaranmasının birinci səbəbi odur ki, həmin gündə Günəş dövrə vurub 365 gün 6 saatdan sonra öz yerinə qayıdır. İran hökmdarı Cəmşid bu günü müəyyənləşdirdiyinə görə onu yeni gün - Novruz adlandırıb və bayram edib”.

Azərbaycanda Novruz bayramının iştirakçısı olmuş alman səyyah Adam Oleari (1599-1671) 1637-ci ildə yazırdı: “Münəccim tez-tez arxasından qalxaraq, astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlüyünü təyin edərək, gündüzlə gecənin bərabərləşdiyi anda elan etdi: “Təzə il gəldi” və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə, Bahar bayramı başlandı”.

1920-ci illərə qədər Azərbaycanda Novruz bayramı xalq tərəfindən böyük coşqu ilə qeyd olunurdu. AXC dövründə də Novruz iki dəfə təntənəli şəkildə qeyd edilib. 1928-ci ildən başlayaraq dini və milli bayramlara qarşı açıq hücumlar başladı. 1937-ci il SSRİ Konstitusiyasının qəbulundan sonra isə Novruz ümumiyyətlə qadağan edildi. 

1966-cı il mart ayının 6-da “Maslenitsa” rus milli bayramı “Rus qışının yola salınması” adı altında, martın 20-də isə Novruz bayramını “baharın gəlişi” adı altında qeyd etmək qərara alındı.  “Rus qışının yola salınması” həmin il Leninqrad vilayətində keçirildi. Ancaq nədənsə həmin il Novruzun keçirilməsi təxirə salındı və nəhayət ki, 1967-ci ildə bu bayramın Bakıda “Bahar bayramı” adı altında qeyd olunmasına icazə verildi. İlk dəfə “bahar qızı” obrazı ortaya çıxdı və bu obrazı aktrisa Səfurə İbrahimova canlandırdı.

“Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.

Novruzda səməni taxılın, bərəkətin ifadəsidir. Paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal - günəşi, şəkərbura - ayı, rənglənmiş yumurta - həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 8 məhsul olmalıdır- səbzi, sumaq, sirkə, səməni, süd, su, sünbül və süzmə.

 Bayramda kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kənd yerlərində at yarışları - çovqan oyunu keçirilir.

Bayram idi gecəquşu oxurdu.

Adaxlı qız bəy corabı toxurdu,

Hərə şalın bir bacadan soxurdu,

Ay nə gözəl qaydadır şal sallamaq

Bəy şalına bayramlığın bağlamaq.

Şəhriyarın söz açdığı bu adətə Təbriz və Qazax tərəflərdə qurşaqsallama, şalsallama, baca-baca, yaxud nünnünü də deyilir. Bunu, adətən, sevdiyi qızların evinə papaq, qurşaq atan oğlanlar edirdilər. Atılan papaq, qurşaq tanınmalı idi. Oğlanlar verilən paydan qızın anasının, özünün, yaxud bu sevgidən xəbəri olan digər kimsələrin bu sevgiyə münasibətini öyrənirdilər.

Laçında İlaxır çərşənbə daha təntənəli keçirilərdi. Gənclər yağlı bez parçalarını top kimi hazırlayıb yandırır, fişəng əvəzi havaya atardılar. Buna lopax deyərdilər.

Qax tərəflərdə səməni nəziri adəti də var idi. Qəlbində bir niyyəti olan adam böyük tabaqlara buğda töküb göyərdirdi. Sonra cücərtiləri əzib şirəsini çıxarır, şirəyə bir az su əlavə edib, iki-üç gün qaynadırdılar. Ona qoz-fındıq ləpəsi qatır, sonra xonça sinilərinə töküb yayırdılar. Gecə yatmayıb niyyətin qəbul olması haqqında dua edirdilər. Səhər bişmişin dadına baxırdılar. Əgər bişmiş şirin çıxırdısa, demək, nəzir-niyyət qəbul olunub.

Qazaxda uşağı olmayan qadınlardan ötrü səməni ovsunu icra olunurdu. Ayinin qaydası beləydi: oğul-qız böyütmüş qadın göyərdilmiş səmənini ilaxır çərşənbə günü uşağı olmayan və bununla da çilləyə düşmüş sayılan qadının başı üstə saxlayır. O, bulaqdan, çaydan gətirilmiş “çərşənbə suyu”ndan bu səməninin üstündən çilləli qadının üstünə axıdır. Yenə də oğul-uşaq böyütmüş başqa bir qadın çilləlinin üstünə axıdılan bu suyu əlinə aldığı qayçı ilə doğraya-doğraya: “Ay səmənini göyərdən, bu gəlini də göyərt”, - deyir və yaxud:

Naxçıvanda Novruz bayramına on-on beş gün qalmış qız-gəlinlər ev-eşiyi tökər, xalı-xalçanı günə verər, təmizlik işləri ilə məşğul olar, həyət-bacanı əhənglə ağardar, bağ-bağçanı çör-çöpdən təmizləyər, yaşlılara da kömək edərdilər. Gənclər meşəyə gedib xüsusi kol qırardılar. Onun adına “İtdəyməz” deyərdilər. Novruz bayramında yalnız o koldan tonqal qalayardılar. Həm gec sönərdi, həm də gur yanardı, hisi olmazdı. Uşaqlar o kolları hamının qapısına gətirərdilər.

Zəngəzurda Novruza özəl hazırlığın biri də itburnudan düzəldilmiş turşu olardı. Kənddə bunu beş-on ailə birlikdə hazırlayardı. Böyük qazanlarda bişirilən bu dadlı təamdan hamıya pay verilərdi. Adı turşu olsa da, əslində, şirin idi. Çünki içinə müxtəlif ədvalar, düyü və şəkər tozu vurulurdu.

Ucarda Novruzda analar doşab halvası hazırlayardılar. Bayramdan qabaq hamı rəhmətə gedən doğmalarını yad edərdi, halva oradaca uşaqlara paylanardı. Qoğalı xüsusi tiyanlarda bol yağda qızardıb, üzərinə şəkər səpər, buna da teştçörəyi deyərdilər. Teştçörəyindən bütün qohum-əqrəbalara pay düşərdi. Bir adət də maraqlı idi. Bayram axşamı çoxdan gözaltı edilmiş qızların evinə elçi gedərdilər. Bunun da səbəbi var idi. Bayramda heç kim acıdil, sərt olmaz, qapıya gələni peşman qaytarmazdı. Hansı ailədən qız almaq müşkül məsələ idi, işi elə qurub düzərdilər ki, bayram axşamında o ailəyə elçi getsinlər. Aranda ilaxır çərşənbələr həftənin ikinci yox, üçüncü günləri qeyd edilərdi, ilaxır çərşənbədə mütləq bir deyil, yeddi tonqal qalanardı.

Lənkəranda nişanlı qızlar da öz istəklilərinə sovqat göndərərdilər. Oğlan evində həmin hədiyyəyə baxar, qızın əl qabiliyyətinə qiymət verərdilər.

Yazın qəribə qüdrəti var. Həm təbiət qaynayır, həm də insan. Doğulduğun od-ocaq səni maqnit gücü ilə özünə çağırır, könüllərdə yatan sevgilər baş qaldırır. Bayramın qutlu olsun elim-obam. Xeyrin şəri üstələsin, günəşin buludu. Bərəkətiniz bol olsun. “Nə edim, necə edim?” deməyəsiniz. Ağaclarınızda çiçək, könüllərinizdə sevgi tumurcuqlansın.

Paylaş:
Baxılıb: 1012 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31