Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şıltaq, kövrək, pak qızlar...

Şıltaq, kövrək, pak qızlar...

11.10.2022 [11:07]

Bu gün Beynəlxalq Qızlar Günüdür

Saldı qara gözlərin neçə aşiqi bəndə,

Qız, xaliqin öləydi səni xəlq eləyəndə...

Deyirlər, oğlan düşmən çəpəridirsə, qız evin yaraşığıdır, yaxud qız övladı valideynə xüsusi hədiyyədir...

Bu gün qızlardan yazaq. Həyatımıza, evimizə, könlümüzə rəng qatan qızlarımızdan yazaq. Yazaq ki, sətirlərimiz də qızlarımız təki məsum gözəlliyə qərq olsun. Elə günlər var ki, onları təqvimin yalnız bir tarixinə aid etmək düzgün sayılmır - Qızlar Günü kimi. Yaşadığımız hər gün qızlarımızın pak siması və şıltaq təbəssümü ilə müşayiət olunmurmu?

...Qızlarımızın təhsilə gəlməsinin Şərqin ilk mesenatı Hacı Zeynalabdin Tağıyevin böyük rolunun olduğunu hamı bilir. Belə ki, ötən əsrin əvvəllərində qızlarımızın savadsızlığı ucbatından ailələrin dayaqları zəifləyir, qızlar cəmiyyətdə mövqe tuta bilmirdilər. Həmin dövrlərdə xarici ölkələrdə oxumağa üz tutan azərbaycanlı oğlanlar bizim qızları bəyənməyib əcnəbi qadınlarla ailə qururdular ki, bunun da millət üçün faydası olmurdu. Belə bir cəmiyyətdə qızlara məktəb açmağın nə demək olduğunu yaxşı bilən Hacı bu barədə müdrikcəsinə düşünürdü. “Bunu mən etməsəm, kim edəcək, bu biçarə millətin gələcəyin mən düşünməyim, o düşünməsin, kim düşünsün? Alacağım zərbə nə qədər ağır olsa da, mən bu işə başlamalıyam” - deyib məqsədinə doğru gedirdi.

Şərq dünyasının ilk mesenatı Tağıyev millətin tərəqqisində qadının rolunu düzgün qiymətləndirərək xalqa müraciət etdi: “Cəmaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir, gözləri açılar, külfətlə rəftarları xoş olar. İngiltərəyə, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın hərəsi oralardan qollarına bir arvad keçirib gətirirlər. Çünki öz qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar da, öz-özünə olurlar, mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İş belə getsə ata-baba ocağı qalacaq Quransız, namazsız, şəriətsiz”. Məhz bu müraciətdən sonra Azərbaycanda ilk qızlar məktəbi yaradıldı və qızlarımız savad almaqla yanaşı, həm də ailə işlərinin düzgün məcraya yönəldilməsi ilə biliklərə yiyələnməyə başladılar.

2011-ci ilin dekabr ayında BMT Baş Assambleyası Türkiyənin təklifi ilə 11 oktyabrın “Beynəlxalq Qızlar Günü” elan edilməsi ilə bağlı qərar qəbul etdi. Bu qərar Türkiyə, Kanada və Peru tərəfindən hazırlanan qətnamə əsasında verilib. İlk dəfə 2012-ci il oktyabrın 11-də qeyd olunmağa başlayan “Beynəlxalq Qızlar Günü”nün bu gün 10-cu ildönümüdür.

Bu günün keçirilməsinin əsas məqsədi diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən əziyyət çəkən qızlara yönəltməkdir. Qız uşaqlarının üzləşdikləri ayrı-seçkilik və zorakılıq hallarının qarşısının alınması, haqlarının müdafiə edilməsi və onlara səlahiyyət verilməsi bəşəriyyətin inkişafı üçün vacibdir.

“Beynəlxalq Qızlar Günü”nün qeyd olunduğu bu son 10 ildə hökumətlər, siyasətçilər və geniş ictimaiyyət arasında qızlar üçün vacib olan məsələlərə diqqət artıb. Hazırda qızların qlobal səhnədə səslərini eşitdirmələri üçün daha çox imkanları var. Bununla belə, qızların üzləşdiyi çoxsaylı problemlər bitmək bilmir. Beynəlxalq ekspertlər deyirlər ki, dünyada gedən bir sıra proseslər qızların həyatında silinməz izlər qoyur: qızlar məktəbdən yayındırılır, erkən yaşda ərə verilir, insan alverinə məruz qalırlar. Onlar dünyanın bir çox yerlərində hər gün diskriminasiyaya və ayrı-seçkiliyə məruz qalırlar.

Qadın və qızların hüquqlarına çağırış ilk dəfə 1995-ci ildə Pekində keçirilən Qadınlar üzrə Ümumdünya Konfransında Pekin Bəyannaməsi ilə əldə edilmişdir. Bu, dünya tarixində yeniyetmə qızların üzləşdiyi problemlərin həllinə ehtiyacı müəyyən edən ilk plan idi.

Artıq 10 ildir qeyd olunan “Beynəlxalq Qızlar Günü”nü hər il müəyyən bir mövzuya həsr olunur. Builki mövzu “Rəqəmsal nəsil”dir. 25 yaşdan aşağı 2,2 milyard insanın internetə çıxışı yoxdur və bunun da əksəriyyəti qızlardır. Dünya üzrə statistik göstəricilərə əsasən, hər 10 oğlandan biri ilə müqayisədə hər 4 qızdan biri işsiz və təhsilsizdir. Builki mövzu da məhz bu problemlərin aradan qaldırılmasına yönəlib.

Azərbaycanda uşaqlar, xüsusilə də qızlarla bağlı məsələlərə dövlət tərəfindən həmişə diqqət yetirilir. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, uşaqların yüksək təlim-tərbiyə alması üçün ölkədə hər şərait mövcuddur. Bu gün Prezidentimiz cənab İlham Əliyevin sayəsində Azərbaycanda ailələrin rifahının yüksəldilməsi, qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması və uşaq hüquqlarının təmin edilməsi üçün zəruri şəraitin yaradılmasına əsaslanan ciddi işlər görülür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il bu günün əsas devizi və çağırışlarına uyğun olaraq müxtəlif layihələr reallaşdırır. Ölkəmizdə erkən nikahların, təhsildən yayınma, qızlara qarşı ayrı-seçkilik hallarının qarşısının alınması məqsədi ilə bir sıra sistemli işlər həyata keçirilir.

Hər il olduğu kimi, bu il də ölkəmizdə “Beynəlxalq Qızlar Günü”nə özəl tədbirlər həyata keçirilir. Oktya­brın 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 11 oktyabr - Beynəlxalq Qızlar Gününə həsr olunmuş kampaniya çərçivəsində fəal qızlarla görüşüb.

Bundan əlavə, Beynəlxalq Qızlar Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əsasən həssas qruplara (şəhid övladları, əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum gənclər, internat məktəblərində təhsil alanlar) aid bir qrup fəal gənc qızın iştirakı ilə gender mövzusunda müzakirə aparılıb. Görüşdə məşğul əhali tərkibində qadınların xüsusi çəkisinin ildən-ilə artaraq 48,3 faizə çatdığı, ölkəmizdə gender bərabərliyinə təminat verən milli qanunvericilik bazasının yaradıldığı və qadınların aktiv məşğulluq proqramlarında iştirakına geniş şəraitin yaradılması üçün görülən işlər xüsusilə qeyd olunub.

Qızlarımızı geridə qoymayaq, onlara dəyər verək. “Tək əldən səs çıxmaz?!” deyib ətrafımızda olan haqsızlıqlara susmayaq. Unutmayın, hər kəs istədiyi hər şeyi dəyişdirə bilər. İstəsək, tək bir əldən də səs çıxara bilərik.

Bu gün bir daha anlayaq ki, qadınların cəmiyyətimizdə dəyəri əvəzolunmazdır. Gələcək nəsillərimizin taleyini müəyyənləşdirən qadınları güclü yetişdirək ki, güclü gələcəyimiz olsun!

Səidə RƏHİMLİ

Paylaş:
Baxılıb: 779 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31