Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Böyük Qayıdış davam edir

Böyük Qayıdış davam edir

17.10.2023 [10:03]

1052 nəfərin daimi məskunlaşması təmin edilib

Laçına daha 26 ailə köçdü

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işləri sistemli və planlı şəkildə aparıldığı üçün nəzərdə tutulandan daha da sürətli gedir və bu o deməkdir ki, Böyük Qayıdış uğurla davam edir. Atılan addımlar, daha dəqiq desək, işğaldan azad edilən ərazilərdə şəhər və kəndlərin baş planlarının tərtib edilməsi, onların sürətlə dirçəldilməsi, əhalinin dayanıqlı şəkildə məskunlaşması, eləcə də iqtisadi aktivliyin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası, bu prosesin uğurla davam etdiyini bir daha təsdiqləyir.

Müharibədən cəmi il yarım sonra - 2022-ci il iyulun 19-dan başlayaraq Laçın və Füzuli şəhərlərinə, Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndlərinə ümumilikdə 679 ailə olmaqla, 2715 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub. İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı həyata keçirilən bütün tədbirlər Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən reallaşdırılır. Artıq proqramda nəzərdə tutulmuş 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli qəbul edilib, dövlət başçısı tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyulub. Ümumilikdə 2021-2023-cü illərdə dövlət başçısı tərəfindən 105 layihənin təməli qoyulub, onlardan 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı baş tutub.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Oktyabrın 16-da Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Laçına daha 26 ailə (96 nəfər) köçürülüb.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

30 illik həsrət sona yetdi, arzular reallaşdı

Doğma yurduna qayıdan Laçın sakini Rauf Abbasov söyləyib ki, bu gün 56 yaşında öz doğma yurduna qayıdır. Laçına köçən sakin ana, ata yurduna qayıtdığı üçün çox həyəcanlı olduğunu bildirərək deyib: “Yaxınlarımın qəbri Laçında olduğundan ora qayıtmaq həm də mənəvi cəhətdən əhəmiyyətlidir”.

Laçın sakini Qənirə Kazımova söyləyib ki, onların bu hisslərini yalnız torpaq həsrəti çəkənlər anlaya bilər: “Mən Laçından məcburi köçkün düşəndə 43 yaşım var idi. Bu gün 74 yaşımda doğulub boya-başa çatdığım yerlərə qayıdıram”,- deyə o bildirib.

Q.Kazımova ağrılı-acılı məcburi köçkünlük illəri yaşadığını vurğulayıb: “Dövlətimizin başçısının rəhbərliyi ilə bu gün bizim üçün Laçında yaşamaq üçün yaxşı şərait yaradılıb. Prezidentimizə, dövlətimizə təşəkkür edirik”.

Doğma yurduna qayıdan Laçın sakini İbrahim Məmmədov şəhidlərimizin, yaralılarımızın sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayıb: “Laçından ayrılanda 25 yaşım var idi, bu gün 56 yaşımda qürurla öz yurduma geri dönürəm. Aradan keçən bu illər ərzində çox əziyyətlər çəksək də, torpaqlarımızın işğaldan azad edilməsi yaralarımıza məlhəm oldu”,- deyə İ. Məmmədov əlavə edib.

Qeyd edək ki, beləliklə, Laçın şəhərində 272 ailə, yəni 1052 nəfərin daimi məskunlaşması təmin edilib.

Günel ABBAS

Paylaş:
Baxılıb: 593 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31