Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Türkiyədən sülh çağırışı...

Türkiyədən sülh çağırışı...

07.01.2023 [12:10]

Prezident Ərdoğan Rusiya-Ukrayna qarşıdurmasını bitirəcəkmi?

Artıq bir ilə yaxındır ki, davam edən Rusiya-Ukrayna hərbi qarşıdurması 2023-cü ilə qədəm qoydu. Ötən ilin fevralından başlayan və hər iki tərəf üçün on minlərlə insan tələfatı, dağıntılar və iqtisadi itkilərlə müşayiət olunan bu qarşıdurmadan nəticə hasil olmayıb. Siyasi ekspertlərin fikirləri də demək olar ki, eyni müstəvidə formalaşıb - bu kimi müharibələrdə udan tərəf olmur. Bu müharibə dünyaya iqtisadi geriləmə, qorxunc nüvə ritorikası və siyasi-hərbi qütbləşmədən başqa heç nə verə bilməyib. Maraqlıdır ki, müharibədən daha çox əziyyət çəkən tərəflər hələ də “israrlı” görünür və hərbi eskalasiyanı davam etdirmək niyyətlərini gizlətmirlər.

Türkiyə Rusiya - Ukrayna qarşıdurmasına ədalətlə “arbitor"luq edir

Hər şeyə rəğmən bu qanlı döyüşlərin dayandırılması istiqamətində cəhdlər də nəzərə çarpmaqdadır. Belə ki, qarşıdurmanın əsas “arbitor” funksiyasını müharibə başlandığı gündən Türkiyə ələ alıb. Rəsmi Ankara müharibənin dayandırılması, danışıqlar mərhələsinə keçidlə bağlı mütəmadi olaraq çağırışlar edib. Hər iki tərəfin dövlət rəsmiləri ilə dəfələrlə görüşən Türkiyə nümayəndələri ötən ilin mart ayının əvvəlində Antaliyada üçtərəfli görüşə nail ola bilmişdilər - Türkiyənin Antalya şəhərində Rusiya, Ukrayna və Türkiyə XİN rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirilmişdi. Görüş mühüm əhəmiyyət daşımaqla yanaşı, müharibə başlayan dövrdən Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasındakı ilk canlı təmas kimi tarixə düşdü. Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşünün təşkili siyasi ekspertlər tərəfindən yüksək dəyərləndirilsə də, heç bir nəticə əldə olunmadı. Sadəcə olaraq hər iki tərəf bu görüşü sülhün və sabitliyin təmin edilməsi istiqamətində atılan addım kimi təqdirəlayiq saymaqla kifayətləndilər. 

Türkiyənin bu münaqişə ilə bağlı oynadığı ən əhəmiyyətli rollardan biri isə ötən ilin iyulun 2-də taxıl dəhlizi ilə bağlı anlaşmanın imzalanmasına nail olmaq idi. Taxıl dəhlizi ilə bağlı sazişin icrasına başlanması ərzaq bazarlarına müsbət təsir göstərdi - Bir ton taxılın qiyməti 440-450 ABŞ dollarından 350-355 dollara endi. Taxıl idxalından birbaşa asılı olan ölkələrin üzləşdiyi problemlər də yavaş-yavaş aradan qalxdı.

2023-cü ilin ilk cəhdi - rəsmi Ankara sülh axtarışlarını davam etdirir...

2023-cü ilin ilk günlərindən isə Türkiyənin münaqişənin dayandırılması ilə bağlı cəhdləri yenidən müşahidə olunmaqdadır. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsi, Türkiyə-Rusiya münasibətləri, Türkiyədə təbii qaz mərkəzinin yaradılması və Suriya da daxil olmaqla regional məsələlər müzakirə edilib. Ərdoğan görüşdə Türkiyədə təbii qaz mərkəzinin yaradılması üçün infrastrukturu gücləndirməyə davam etdiklərini, yol xəritəsini ən qısa zamanda tamamlamağı və onun həyata keçirilməsi üçün konkret addımlar atmağı hədəflədiklərini bildirib.

Taxıl dəhlizi ilə bağlı danışıqların, əsir mübadiləsi və Zaporojye Atom Elektrik Stansiyası ətrafında təhlükəsiz zona təşəbbüslərinin müsbət nəticə verdiyini xatırladan Türkiyə lideri sülh və danışıqlara çağırışların birtərəfli qaydada dəstəklənməli olduğunu qeyd edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə hərbi əməliyyatları birtərəfli qaydada dayandırmağı təklif edib. Ərdoğan qeyd edib ki, danışıqlara çağırışlar döyüşlərin birtərəfli dayandırılması və fikir ayrılıqları ədalətli həlli ilə dəstəklənməlidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefonla danışıb. Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Məlumata görə, söhbət zamanı Türkiyənin Ukraynaya humanitar yardımı və enerji dəstəyi, taxıl dəhlizilə bağlı məsələlər müzakirə edilib. Prezident Ərdoğan Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün yardım və vasitəçilik vəzifəsini öz üzərinə götürməyə hazır olduqlarını bildirib. Əsir mübadiləsi ilə bağlı işlərin davam etdiyini bildirən dövlət başçısı Zaporojye Atom Elektrik Stansiyasında prosesi sürətləndirmək üçün diplomatik töhfələr verə biləcəklərini ifadə edib.

Türkiyənin uğurlu vasitəçiliyi tərəflərin etimadına söykənir

Göründüyü kimi, Türkiyənin regional proseslərdə sabitləşdirici faktor kimi rolu Ukrayna ilə Rusiya arasındakı hərbi münaqişənin tənzimlənməsi prosesində daha qabarıq hiss edilir. Eyni zamanda, Türkiyənin statusu münaqişənin həlli ilə bağlı mühüm siyasi zəmin formalaşdırır. Belə ki, NATO-nun əsas güclərindən sayılan, Avropa İttifaqına üzvlüklə bağlı isə illərdir ki, “növbə” gözləyən Ankara Rusiyaya qarşı hərbi koalisiyada yer almayaraq, tam əksinə, sabitləşdirici vasitəçilik missiyasını seçdi. Bu, rəsmi Ankaranın problemin həllində iştirak metodunu da müəyyənləşdirmiş oldu. Xronoloji ardıcıllığa nəzər yetirdikdə seçilən bu yolun düzgünlüyü və hazırki siyasi nizama müsbət təsiri ortaya çıxır:

- Türkiyənin problemin həllinə tənzimləyici yanaşması regionda qüvvələr balansını qorudu - Rusiyanın Türkiyəyə olan etimadı “nüvə ritorikası”nın yumşaq leksikonla ifadəsini təmin etdi.

- Humanitar danışıqlar siyasi anlaşmanın ilkin mərhələsinə çevrildi. Bu mənada Türkiyənin vasitəçiliyi hər iki tərəf üçün sərfəli sayıla bilər.

- BMT Baş katibi Antonio Quterreş belə prosesdə Türkiyənin rolunu əvəzsiz kimi qiymətləndirdi - BMT rəsmisi tənzimlənmənin Türkiyəsiz təsəvvür edilməyəcəyini öncədən irəli sürdü;

- Qlobal ərzaq böhranının qarşısının alınmasında Türkiyənin rolu danılmazdır. Taxıl sazişinin imzalanması birbaşa rəsmi Ankaranın, Prezident Ərdoğanın səyi və nüfuzu sayəsində reallaşdı;

- Türkiyə sabitləşdirici faktor olmaqla regionun yeni güc mərkəzi funksiyasını əldə etmiş oldu.

Beləliklə, son illərin ən böyük hərbi qarşıdurmasının sülh tənzimləyicisi kimi çıxış edən Türkiyə eyni zamanda, regional və qlobal miqyasda “xilaskara” çevrilib. Nəzərə alsaq ki, bir sıra Qərbi və Şərqi Avropa ölkələri heç də Rusiyaya qarşı hərbi koalisiyaya “ürəklə” daxil olmayıb (bəziləri ümumiyyətlə daxil olmayıb) və özünün iqtisadi gələcəyini düşünməkdədir, onlar Türkiyənin prosesi dayandırmaq, hətta döyüş meydanından sülh masasına daşımaq səylərini yüksək qiymətləndirir. Bu isə özlüyündə Ankaranın Qərbdəki dayaqlarını möhkəmləndirir, onun sıradan bir tərəfdaş olmadığını, beynəlxalq münasibətlər sistemində qlobal güc mərkəzi kimi rolunu və yerini müəyyənləşdirir.

Türkiyə Cənubi Qafqazda da sülh nizamlayıcısı ola bilər

Əslində Türkiyənin regional münaqişələrin sülh yolu ilə həllini təşviq etməsi, bu istiqamətdə mühüm uğurlar qazanması Cənubi Qafqaz üçün də mühüm üstünlüklər vəd edə bilər. O baxımdan ki, Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesində məhz Türkiyə kimi moderatora ehtiyac duyulur. Çünki Türkiyə məsələlərə ədalətli yanaşması ilə seçilir - Ermənistan isə Azərbaycanla yanaşı, həm də Türkiyə ilə münasibətlərini normallaşdırmağa çalışır. Türkiyənin prosesdə nizamlayıcı faktora çevrilməsi Ermənistan üçün də mühüm dividendlər vəd edir - başqa sözlə, Türkiyənin sülh təminatı digər ölkə və qurumların təminatından daha üstündür.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28