Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bakı Enerji Həftəsi: Ənənəvi enerji resursları ilə yaşıl enerjini birləşdirən platforma

Bakı Enerji Həftəsi: Ənənəvi enerji resursları ilə yaşıl enerjini birləşdirən platforma

06.06.2024 [13:32]

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycanın həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bütün müstəvilərdə nailiyyətlərlə müşayiət olunur. Ölkəmiz dünyada mövqelərini və nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirməkdədir. Dünyada və yaxın regionumuzda baş verən proseslər fonunda Avropanın enerji təhlükəsizliyi qlobal çağırışa çevrilib. Belə bir dönəmdə Azərbaycan yenə də dünyanın diqqət mərkəzinə çevrilib.

Məlumdur ki, bugünlər paytaxtımız mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. 4-6 iyun tarixlərində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, həmin tədbirlərə bir çox ölkələri təmsil edən şirkətlərin qatılması müstəqil Azərbaycan dövlətinin dünya üçün önəmini bir daha təsdiqlədi.

Enerji problemi ilə üzləşən Avropa ölkələri problemin aradan qaldırılması üçün müxtəlif yollar axtarır, bu istiqamətdə Azərbaycanla geniş müzakirələr aparırlar. Dünyada bu gün Azərbaycanın təbii qazına olan ehtiyac artmaqdadır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin, regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır. Cənub Qaz Dəhlizi bu baxımdan nəhəng bir layihədir. Paytaxtımızda  Bakı Enerji Həftəsinin keçirilməsi də bütün bunlara sübutdur.

Bakı Enerji Həftəsi  çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı keçirilib. Bu mötəbər tədbririn  açılış mərasimində  Prezidentimiz cənab İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər, sadaladığı faktlar neft-qaz siyasətinin uğurla həyata keçirildiyini göstərir. Dövlətimizin başçısı bildirib ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir: “İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik”.

Ümumiyyətlə, “Caspian Oil&Gas” və “Caspian Power” sərgilərini özündə birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycana cəmləşdirir. Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir tədbirə qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, bu mühüm tədbirin daimi iştirakçılarına məxsusdur.

Onu da qeyd etmək lazımdır ki, bu il Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf edir. Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. “Əsrin müqaviləsi” görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas istiqamətini müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən təməl hesab edilir. Məhz “Əsrin müqaviləsi” ilə müstəqil Azərbaycanın neft strategiyasının əsası qoyulub.

Eyni zamanda, bu il Beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil&Gas”) sərgisinin təsis edilməsindən 30 il ötür. Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən irəli sürülüb. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib və həmin dövrdən etibarən “Caspian Oil&Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib.

Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan yaşıl enerji istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Belə ki, 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında yer alıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və genişmiqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha təsdiqləyir.

Paylaş:
Baxılıb: 149 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30